Ön söz 5 GiriĢ


III. 17. Yer təkinin və ətraf mühitin mühafizəsi



Yüklə 4,05 Mb.
səhifə81/101
tarix19.12.2023
ölçüsü4,05 Mb.
#150859
1   ...   77   78   79   80   81   82   83   84   ...   101
Bağırov Bagır-Neft-qaz mədən geologiyası

III. 17. Yer təkinin və ətraf mühitin mühafizəsi


Neft və qaz yataqlarında quyuların qazılması və işlənilmə proseslərinin aparılması yer təkinə və ətraf mühitə müxtəlif təsirlər göstərir. Yataqların yerləşdiyi rayondan (quru ərazisi və ya dəniz akvatoriyası), onun geoloji quruluşundan, qazıma və işlənilmə texnologiyalarının xarakterindən və digər amillərdən asılı olaraq bu təsirlər özünü müxtəlif cür büruzə verir. Lakin bütün texnogen proseslər strukturların quruluşunda və ətraf mühitdə olan ilkin tarazlığı pozmaqla onlara mənfi təsir göstərir. Odur ki, texnogen təsirlərin baş vermə səbəbləri əvvəlcədən öyrənilməli, onların aradan qaldırılması və ya intensivliyinin
azaldılması istiqamətində tədbirlər həyata keçirilməlidir. Bu tədbirlər xarakterinə görə iki yerə bölünür: yer təkinin və ətraf mühitin mühafizəsi.
Yer təkinin mühafizəsi. Strukturlarda hələ ilk quyular qazıldıqda onların kəsilişində yerləşən layların təbii tarazlığında müəyyən dəyişmələr baş verir. Belə ki, dərinliklər boyunca növbələşən layların bütövlüyü pozulur. Bu zaman onlar arasında əlaqə də yarana bilir. Qazıma məhlullarının ayrı-ayrı laylara müxtəlif intensivliklə nüfuz etməsi onların geoloji mühitində də müxtəlif dəyişikliklər əmələ gətirir. Belə dəyişikliklər xüsusi ilə quyu ətrafı süxurların məsaməli mühitində özünü daha çox göstərir.
Məlumdur ki, qazıma prosesinin məqsədi müxtəlif dərinlikdə yatan laylarla yer səthi arasında əlaqə yaratmaqdır. Bu zaman bəzən tənzimlənə bilməyən proseslər də baş verir ki, bu da açıq neft-qaz fontanına səbəb olur. Bundan əlavə qazıma ilə kəsilişdəki müxtəlif təzyiqli layları keçdikdə onların arasında maye axımı da baş verə bilir. Məhz bu səbəbdən də bəzən sulu laydan neftli laya və ya əksinə axım qeyd olunur ki, bu da neftli layın sulaşmasına və ya sulu layın karbohidrogenlərlə çirklənməsinə səbəb olur. Odur ki, qazıma işlərinin layihələri tərtib olunanda belə proseslərə qarşı müvafiq tədbirlər hazırlanıb, elmi cəhətdən əsaslandırılmalıdır.
Layların təbii-ilkin geoloji xassələrini mürəkkəbləşdirən amillərdən biri də qazıma prosesində qazıma məhlulunun laylara axımı nəticəsində onlara müxtəlif dərəcədə nüfuz etməsidir. Bu proseslər nəticəsində, yuxarıda qeyd edildiyi kimi, layların kollektorluq qabiliyyəti zəifləyir. Barit, kaustik soda və digər reagentlərin qazıma məhlulunda istifadə edilməsi isə prosesi daha da kəskinləşdirir.
Quyuların qazılmasında baş verə biləcək zərərli təsirlərin xarakteri kəsiliş üzrə bütün laylar üçün proqnozlaşdırılmalı, nəticələri quyunun geoloji-texniki tapşırığında öz əksini tapmalıdır. Layihə sənədində kəsilişdə açılacaq layların proqnoz qiymətləri: onların yatım dərinlikləri, qalınlıqları, çöküntülərin litoloji- kollektor xüsusiyyətləri, lay təzyiqi və digər məlumatlar göstərilməlidir. Bu məlumatlara istinadən texnoloji hissədə qazıma prosesinin aparılma göstəriciləri verilir (intervallar üzrə qazıma məhlulun xüsusi çəkisi, qazıma sürəti, texniki
kəmərlərin buraxılma dərinliyi və diametrləri və sair). Qazıma prosesində hər hansı bir gözlənilməz hal baş verərsə, bu dərhal tədqiq olunmalı, yaranma səbəbləri öyrənilməli və qazıma prosesinin yenidən dinamik xarakterə qaytarılması üçün tədbirlər həyata keçirilməlidir.
İşlənmədə olan yataqlarda quyu şəbəkəsini bərpa etmək üçün quyular qazılan zaman gil məhlulunun laylara nüfuz etmə imkanı daha çox olur. Belə ki, istismar olunan quyuların quyudibi zonası ətraf sahələrə nisbətən xeyli enmiş ümumi təzyiqlər qıfı ilə səciyyələnirlər. Bu xüsusiyyət qazıma məhlulunun aşağı təzyiqli sahələrə doğru daha çox irəliləməsinə səbəb olur. Odur ki, belə yataqların sahələrində quyu qazan zaman ətrafda istismar edilən quyular əvvəlcədən saxlanılmalıdır ki, bu da onların drenaj zonalarında dinamik təzyiqin qalxmasına imkan verir. Bu tədbir nəticəsində laya gil məhlulunun axımının qarşısı alına bilər. Qazıma prosesi tam başa çatdıqdan sonra onların işə salınması tədricən həyata keçirilməlidir. Əgər kəsilişdə olan sulu laylarda sürətli neftçıxarma prosesi tətbiq olunubsa, belə yataqlarda da istismar quyuları qazmadan öncə saxlanılmalıdır. Qazıma prosesi başa çatdıqdan sonra onlarda maye hasilatının artımı tədricən aparılmalıdır. Yalnız bu tədbir nəticəsində quyuların drenaj zonalarına qazıma məhlulu axımının qarşısı alına bilər.
Qeyd etmək lazımdır ki, qazıma texnologiyasının ən vacib elementlərindən biri kəsilişdəki layların bir-birindən təcrid edilməsidir. Bu tələbatı yerinə yetirmək üçün kəmər arxası sahə müvafiq sement məhlulu ilə bərkidilməlidir. Həyata keçirilən proseslərin nəticəsi quyuların hermetikliyinin sınanması ilə yoxlanılır. Hər hansı bir səbəbdən quyunun hermetikliyi təmin olunmadıqda onun səbəbləri müəyyən olunmalı və aradan qaldırılması üçün tədbirlər planı həyata keçirilməlidir. Yalnız bundan sonra quyuda perforasiya işləri aparıla bilər.
Yataqların iĢlənilmə prosesində yer təkinin mühafizəsinin özünəməxsus xüsusiyyətləri vardır. Bu da işlənilmədə olan əsas tələbatı olan yataqların ehtiyatlarının rasional yollarla maksimum realizəsini təmin etməklə əlaqədardır. Burada işlənilən mədənin ilkin geoloji şəraitinin mühafizəsi; konkret yatağın işlənilməsinin digər yataqlara (qonşu tektonik və ya stratiqrafik kəsiliş üzrə) təsir
etməməsi; işlənilmə texnologiyasının lay rejiminə uyğun seçilməsi; quyularda texniki nasazlıq olduqda onlarda istismarın dayandırılması; hasil edilmiş lay sularının müvafiq hidrokimyəvi xassələrə malik az təzyiqli laylara vurulması; neftlə və qazla hasil edilən faydalı komponentlərin (yod, brom və sair) istifadə edilməsi; neftverməni artıran üsulların yer təkinə təsir nəticələri və s. nəzərdə tutulur. İşlənmə prosesində lay təzyiqinin aşağı düşməsinin qarşısının alınması üçün yatağa su ilə təsir etdikdə onun layın hidrogeoloji xüsusiyyətinə nə dərəcədə müvafiq olduğu əvvəlcədən təyin olunmalıdır. Vurulan su duzlu olduqda layda duzəmələgəlmə prosesi gedə bilər. Aşağı temperatur rejimli laylara soyuq suyun vurulması isə onun temperaturunu endirdiyindən termodinamik xassəsinə mənfi təsir edir.
Yataqların işlənilmə prosesində layların neftverimini artıran üsulların tətbiqi məsaməli mühitə böyük miqyaslarda təsir edə bilər. Məsələn: yüksək özlülüyə malik neftlərlə səciyyələnən yataqlarda termik üsullardan olan laydaxili yanmanın neftvermənin artırılması ilə yanaşı yatağın quruluşuna əks təsirini də nəzərə almaq lazımdır. Belə ki, bu prosesin təsiri nəticəsində layların bəzi zonalarında karbohidrogen yığımları tamamilə yanaraq məhv ola bilər. Belə hal Balaxanı- Sabunçu-Ramana yatağının Xorasanı sahəsində özünü göstərmişdir. Burada laydaxili yanma prosesinin təsirindən sonra yatağa qazılmış bir sıra quyularda neft əlaməti belə olmayan koksa bənzər süxurlara rast gəlinmişdir.
İşlənmə prosesində mədəndə ayrılmış istismar obyektlərinin sərbəstlik dərəcəsi qorunmalıdır: laylar və ya tektonik bloklar arasında hidrodinamik əlaqənin yaranması yer təkində qarşısı alınmaz prosesə səbəb olur. Odur ki, işlənilmə prosesi bütövlükdə daimi nəzarətdə saxlanılmalıdır. Alınan məlumatlar ətraflı öyrənilməli, yer təkində gedən hər hansı dəyişmələr müəyyən olunmalıdır. Burada əsas informasiya mənbəyi kimi yataqlara qazılmış müşahidə quyularından da istifadə edilməlidir. Bu quyularda mütəmadi aparılmış ölçü işləri yatağın hidrodinamik şəraitində baş verən proseslər haqqında məlumatlar almağa imkan verir.
Ətraf mühitin mühafizəsi. Neft və qaz yataqlarının işlənilməsi prosesində ətraf mühitdə müxtəlif təsirlər baş verir. Odur ki, atmosferə bu təsirlərin mahiyyəti (fiziki, kimyəvi, bioloji) müəyyən olunmalı və onlara qarşı müvafiq tədbirlər həyata keçirilməlidir. Nəzərə almaq lazımdır ki, neft və qaz yataqlarının işlənilməsi ilə əlaqədar aparılan işlərdə ətraf mühitə zərərli təsir göstərən əsas amillər aşağıdakılardır:

    • neftin müxtəlif səbəblər üzündən quyulardan, kəmərlərdən və ya çənlərdən yer səthinə axımı və torpağa fiziki, kimyəvi, bioloji təsiri;

    • neft laylarından hasil edilmiş müxtəlif fiziki-kimyəvi xarakterli suların yer səthinə axımı və mədən ətrafı zonaların çirkləndirilməsi;

    • yataqdan hasil edilmiş qazların atmosferə atılması və ya yandırılması;

    • quyuların qazılması üçün müvafiq sahələrin təbii formasının (landşaftın) dəyişdirilməsi və bitki örtüyünün məhv edilməsi;

    • quyuların qazıma prosesində qazıma məhlullarının tullantısı ilə ətraf zonaların ilkin şəraitinin dəyişilməsi;

    • dəniz şəraitində yataqların işlənilmə prosesində neftin və suyun müxtəlif səbəblər üzündən su səthinə axımı, qaz hasilinin isə atmosferə buraxılması.

Yuxarıda qeyd olunan zərərli amillərə qarşı müvafiq işlər həyata keçirilməlidir ki, bu da neft və qaz yataqlarının işlənilməsində “ekoloji tədbirlər” planında öz əksini tapmalıdır.

Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə