212
Bunu gözləmirdi. İndi əlac ona qalırdı ki, dayanıb Haakenin nə edəcəyini gözləsin,
ona uyğun da hərəkət etsin... Qəzeti götürüb başlıqlara baxdı, sonra qatlayıb stolun
üstünə qoydu. Haake ona baxırdı...
– Gözəl gecədir,–bunu Haake almanca dedi. Ravik başını tərpətdi. Haake
gülümsədi:
– Gözlərimə söz ola bilməz, düzdür?
– Deyəsən...
– Sizi əvvəlcə içəridə gördüm.
Ravik diqqətini toplayıb, biganəliklə başını tərpətdi. Sinirləri tarımlanmışdı,
Haakenin niyyətini heç cür başa düşə bilmirdi. Ravikin gizlincə Fransaya keçdiyini
bilməzdi. Ancaq, ola bilsin, gestapo bunu da bilirdi... Eybi yox, hələ vaxt var...
– O dəqiqə tanıdım, – Haake dilləndi.
Ravik döyükə-döyükə onun üzünə baxırdı...
– Çapıqdan tanıdım! – Haake Ravikin alnına işarə etdi. – Bildim ki, tələbə
cəmiyyətinin üzvü olmusunuz. Deməli, almansınız. Ya da Almaniyada
oxumusunuz.
Bunu deyib, Haake güldü. Ravikin gözü hələ də onun üzündə idi. Ola bilməzdi!
Lap gülünc idi! Gərginlik o dəqiqə yoxa çıxdı, dərindən nəfəs aldı, yüngülləşdi.
Haake onu tanımamışdı. Elə bilmişdi ki, alnındakı çapıq tələbə duelində olub.
Ravik də güldü. Haakeyə qoşulub güldü. Gülməyini saxlamaq üçün də
yumruqlarını elə sıxdı ki, dırnaqları ətinə yeridi...
– Düz tapdım?–Haake məmnun halda soruşdu.
– Bəli, düz tapmısınız.
Alnındakı çapığın tarixi yadına düşdü. Onu gestaponun zirzəmisində, Haakenin
gözləri qabağında eləmişdilər. Qan gözlərinə, ağzına dolurdu. Haake isə indi
deyirdi ki, tələbə duelində olub və bunu tapması ilə də öyünürdü...
Xidmətçi Haakenin konyakını gətirdi. O, ləzzətlə qədəhi iylədi.
– Konyaklarına söz ola bilməz, – dedi, – əntiqə olur! Qalan şeylərdə...–Ravikə göz
basdı – ölkə batır. Borc içində boğulur. Bunlarınkı dinc və yüngül həyatdır.
Bizimlə bacarmayacaq!
Ravikə elə gəlirdi ki, danışa bilməyəcək. Elə bilirdi ki, danışsa, əlindəki qədəhi
stola çırpacaq, şüşə qırıqlarının hamısını onun gözünə soxacaq... Ehtiyatla daş kimi
ağır qədəhi götürdü, axıracan içdi, sakitcə qaytarıb yerinə qoydu.
– Bu, nədir? – Haake soruşdu.
– «Perno». «Absent» əvəzidir.
– «Absent» barədə eşitmişəm. Fransızları kişilikdən salan o deyil? – Haake irişdi. –
Bağışlayın, sizi nəzərdə tutmuram.
– «Absent» qadağandır. Bu da onun əvəzinədir, ziyansızdır. «Absent» adamı
kişilikdən salmır, ancaq nəsil artırmağa qoymur, ona görə də qadağan olunub. Mən
içdiyim anis almasından çəkilmiş araqdır, biyan dadı verir.
Yox, danışa bilirmiş! Hətta heç həyəcanlanmır da! Suallara da sakitcə, sərrast
cavab verirdi. Tufan haradasa daxilində idi, hay salırdı, uğuldayırdı, ancaq üzdən
sakit idi...
– Burada yaşayırsınız? – Haake soruşdu.
– Bəli.
213
– Çoxdan?
– Anadan olandan.
– Aydındır! Xarici ölkədə yaşayan alman! Burada anadan olmusunuz?
Ravik başını tərpətdi. Haake konyakını içdi:
– Xalqımızın ən yaxşı oğullarından bir neçəsi də xaricdə yaşayan almanlardır, –
dedi. – Fürerin müavini Misirdə anadan olub. Rozenberq Rusiyada, Darre isə
Argentinada doğulub. Hər şey dünyagörüşündən asılıdır, düz demirəm?
– Tamamilə düzdür.
– Sizin də belə fikirləşəcəyinizi bilirdim! – Haakenin üz-gözündən razılıq yağırdı.
O, bir az stola tərəf əyildi və deyəsən, stolun altında dabanlarını da cütlədi. –Yeri
gəlmişkən, özümü təqdim edim: fon Haake!
Ravik də eyni əda ilə cavab verdi:
– Horn!
Əvvəlki ləqəblərindən biri idi...
– Fon (21) Horn?–Haake soruşdu.
– Bəli.
Haake başını tərpətdi, tam arxayınlaşdı. Öz zümrəsindən olan adama tuş gəlmişdi.
– Parisi yaxşı tanıyırsınız, elə deyilmi?
– Bir balaca...
– Muzeyləri nəzərdə tutmuram,–Haake bic-bic güldü.
– Nəyi nəzərdə tutduğunuzu başa düşürəm.
«Arilər nəslindən olan bu ali adam, deyəsən, özü bataqlığa düşmək istəyir, ancaq
yaxşı yer tapa bilmir...–Ravik ürəyindən keçirdi.–Kaş başını tovlayıb onu dalda
yerə, ya gözdən iraq bir meyxanaya, ya da ucqar bir fahişəxanaya çəkə biləydim!–
Bu fikir onun beynindən ildırım sürəti ilə keçdi.–Elə yerə ki, qabağıma duran,
əlimdən alan olmasın!»
– Burada yaxşı yerlər çoxdur, eləmi?
– Təzəlikcə Parisdəsiniz?
– İki həftədən bir iki-üç günlüyə gəlirəm. Bu da bir növ nəzarətdir. Çox vacib işdir.
Son ildə işlərimizi burada yaxşı qurmuşuq, əla gedir! Nə iş olduğunu deyə
bilmərəm, ancaq...–Haake güldü.–Burada hər şeyi pulla almaq olar. Satqın
millətdir. Az qala istədiklərimizin hamısını öyrənmişik. Çox əziyyət çəkmirik,
özləri gəlib deyirlər. Vətəni satmaq da bunlarda vətənpərvərliyin bir növünə
çevrilib. Çoxpartiyalılıq belədir. Qalib gəlmək üçün partiyalar bir-birini, beləliklə
də, vətəni satırlar. Bu, bizim xeyrimizədir. Çoxlu həmfikir tapmışıq, hamısı da
təsirli dairələrdəndir...–O, qədəhini qaldırıb içinə baxdı, boş olduğunu görüb, yerə
qoydu. – Heç silahlanmır da... Elə bilir, silahlanmasa, onlarla işimiz olmayacaq.
Təyyarələrinin, tanklarının sayını bilsəniz, özünə qəbir qazan bu xalqa gülməkdən
ölərsiniz...
Ravik onun dediklərinə qulaq asırdı. Bütün diqqətini cəmləmişdi, ancaq buna
baxmayaraq, hər şey – stollar da, xidmətçilər də, axşam sərinliyində qaynayan
həyat da, küçələrdə şütüyən maşınlar da, evlərin başına dolanan ay da, küçələrdə
sayrışan al-əlvan reklamlar da, hətta bir vaxt onun həyatını məhv eləmiş, indisə
üzbəüz oturub boşboğazlıq eləyən qatillər qatili də ona yuxu kimi gəlirdi...
214
İki şıq geyinmiş qız onların yanından keçəndə Ravikə baxıb gülümsədi. «Oziris»də
işləyən İvetta ilə Marta idi. Bu gün istirahət edirdilər...
– Lənət şeytana, əntiqə şeylərdir! – deyə Haake onların dalınca baxdı.
«Kaş dalda bir küçədə əlimə düşəydi! Dar, bomboş küçə olaydı.. Ya da Bulon
meşəsində...» – Ravik ürəyindən keçirdi.
– Bu xanımların çörək pulu məhəbbətdən çıxır, – dedi.
Haake onların arxasınca baxdı:
– Pis deyillər. Zənnimcə, sizin başınız belə şeylərdən yaxşı çıxmalıdır,–deyib
Haake yenə konyak sifariş verdi. – İcazə verin, sizi də qonaq eləyim.
– Təşəkkür edirəm. «Perno» içəcəyəm.
– Deyilənə görə, burada yaxşı yerlər var, adam görəndə ağlı başından çıxır. –
Haakenin gözləri parıldadı. O vaxt gestaponun zirzəmisindəki gur işıqda da beləcə
parıldamışdı...
«İndi onları yada salmaq lazım deyil, – Ravik ürəyindən keçirdi. – İndi olmaz!»
– Heç birində olmamısınız?
– Bir neçəsində olmuşam. Əlbəttə, tanışlıq məqsədilə getmişəm. Bu xalq hara
yuvarlanır? Çox güman ki, mən hələ yaxşılarında olmamışam. Əlbəttə, ehtiyat
elədim, adam elə yerlərdə tez ilişər.
Ravik başını tərpətdi:
– O sarıdan narahat olmağa dəyməz. Burada elə yerlər var ki, ora turist ayağı
dəymir.
– Eləsini tanıyırsınız?
– Əlbəttə, lap ürəyiniz istəyən kimi.
Haake ikinci konyakı da içdi. Lap arxayınlaşdı. Almaniyadakı əngəllər burada yox
idi. Ravik gördü ki, o heç nədən şübhələnmir və dedi:
– Elə mən özüm də bu gün bir az əylənmək istəyirdim.
– Doğrudan?
– Bəli. Hərdən eləyirəm... Adam bacardığı qədər çox görüb-götürməlidir.
– Düzdür! Çox düzdür!
Haake onu bircə anlığa donuq nəzərlərlə süzdü. «Sərxoş eləmək lazımdır,–deyə
Ravik ürəyindən keçirdi.–Başqa cür alınmasa, sərxoş eləyib qaranlıq yerə çəkmək
lazımdır!»
Haakenin üzündəki ifadə dəyişdi. Sərxoş deyil, sadəcə olaraq, fikrə gedibmiş...
– Heyif!–nəhayət dilləndi.–Mən də gedərdim!
Ravik dinmədi. Onu hürkütmək olmazdı.
– Bu gün Berlinə qayıtmalıyam, – deyə Haake saatına baxdı.–Saat yarım vaxtım
qalıb.
Ravik halını pozmadı. «Mən də gedərəm, – ürəyindən keçirdi.–Yəqin, hansı
mehmanxanayasa düşüb... Evdə qalmaz... Onunla otağına gedərəm, içəridəcə işini
bitirərəm...»
– İki tanış gələsidir, onları gözləyirəm. – Haake sözünə davam etdi.–İndi gəlirlər.
Onlar da mənimlə gedirlər. Çamandanları vağzala qoymuşam. Buradan birbaş ora
gedəcəyik.
Dostları ilə paylaş: |