Qanaxma zamanı ilk tibbi yardım


Güclü arterial və qarışıq tipli qanaxma



Yüklə 221,76 Kb.
səhifə3/7
tarix30.03.2023
ölçüsü221,76 Kb.
#103731
1   2   3   4   5   6   7
Qanaxma zamanı ilk tibbi yardım

Güclü arterial və qarışıq tipli qanaxma zamanı (eyni zamanda arteriya və venadan qanaxma olduqda) tez bir zamanda yaradan təxminən 5 sm yuxarıda olmaqla ətrafa qanaxmanı saxlayan jqut qoymaq tələb olunur. Jqutu ətrafa (əl, ayaq) yalnız güclü arterial qanaxma olduqda, qanaxmanı digər üsullarla saxlamaq mümkün olmadıqda qoymaq lazımdır!
Ətrafa jqut qoyulması çox ağrılı proseduradır. Hətta zərərçəkən jqutu boşaltmağa çalışacaq – buna hazır olmaq lazımdır.
Bazuönü sahəyə və baldıra jqut qoymaq olmaz. Çünki bu, sinirin sümüyə sıxılması nəticəsində onun zədələnməsinə, nəticədə isə ətrafın iflic olmasına səbəb ola bilər. Burada qanaxmanı dayandırmaq üçün yara nahiyyəsindən yuxarıda olan oynağı sıx şəkildə büküb, bint və ya digər bir vasitə ilə (kəmər, dəsmal və s.) sıx bağlayırlar (bax şəkil N 3).
Bəs jqut necə qoyulmalıdır? Bunun üçün əvvəlcə arteriyanı sıxmaq lazımdır ki, qanaxma dayansın. Əlbəttə ki, bu yolla siz qanaxmanı uzun müddət ərzində saxlaya bilməzsiniz. Qan “fontanı” dayanan kimi, ətrafa jqut qoymaq lazımdır.
Dərini sıxmamaq üçün jqut nazik parça altlığın üstündən (dəsmal, parça və s.) və ya 1 paltar qatının üstündən (şalvar, köynək) qoyulur. Bilavasitə lüt bədənə jqut qoymaq olmaz! Jqutun altına qoyulan parça büküşlərsiz - hamar olmalıdır! Zədələnmiş ətrafı bir qədər qaldıraraq, altdan qoyulan parça üzərindən, qabaqcadan dartılmış jqutu bir neçə dəfə sıx şəkildə ətrafa dolayırlar. Jqut düzgün qoyularsa, ətraf tez bir zamanda avazıyır və soyuyur, yaradan axan qan isə dayanır. Eyni zamanda qoyulan jqutdan aşağı hissədə ətraf damarlarında pulsasiya (nəbz) da yox olur. Sonda jqutun kənarlarını bir-birinə bağlayırlar.
Əgər jqut damarları kifayət qədər sıxmazsa, qanaxma davam edəcəkdir. Bu halda jqutu çıxararaq yenidən qoymaq lazımdır. Əgər qanaxma dayanarsa, ancaq jqutdan aşağıda damar üzərində pulsasiya hiss edilərsə, bu halda da jqutu çıxarıb yenidən qoymaq tələb olunur! Yadda saxlayın ki, düzgün qoyulmayan jqut toxuma və sinirlərin geriyədönməz şəkildə zədələnməsinə səbəb ola bilər! Ona görə də jqutu yalnız qan güclü “fontanla” axdığı halda qoymaq lazımdır!
Əgər lazım olduğu anda əlinizin altında jqut olmazsa, bu məqsədlə kəndir, kəmər, şərf, dəsmal, əsgi parçasından da istifadə etmək olar. Bu halda həmin parcanı həlqə şəklində bağlayıb, zədələnmiş yerdən bir qədər yuxarı olmaqla ətrafa keçirir, sonra parçanın həlqəsinə taxta parçası, qələm, karandaş və s. yerləşdirərək, qanayan damar tam sıxılana qədər burmağa başlayırlar (bax, şəkil N 4). Sonda taxta parçasının geriyə burulmaqla açılmaması üçün onu digər əsgi parçası ilə ətrafa (ayağa və ya qola) bağlayırlar.
Toxumaların, xüsusən də sinirlərin əlavə zədələnməsi təhlükəsi olduğu üçün jqutu əvəz etmək məqsədi ilə məftil, şnur, ip və s. bu kimi nazik əşyalardan istifadə edilməsi məsləhət görülmür!
Ətrafa qoyulmuş jqutu yay aylarında 1 saat ərzində, qış aylarında isə 30 dəqiqədən artıq (uşaqlarda bu müddət daha qısa olur) saxlamaq olmaz. Bu qaydaya əməl edilməzsə, bədənin jqutdan aşağıda yerləşən hissəsindəki toxumalar tam şəkildə məhv ola bilərlər.
İlin soyuq aylarında jqutun zədələnən ətrafda uzun müddət ərzində qalması, zədələnən hissədə qan ilə təchizat dayandığı üçün donvurma təhlükəsi çox yüksək olur. Əgər jqutun qoyulması vaxtı bitərsə, zədələnən damarı jqut olan yerdən bir qədər yuxarıda barmaqlarla sıxaraq, jqutu çıxarmaq, 2-3 dəqiqə gözlədikdən sonra isə onu əvvəlki yerindən bir qədər aşağı və ya yuxarı olmaqla yenidən qoymaq lazımdır. Yadda saxlamaq lazımdır ki, jqutu təkrar qoyduqdan sonra onun ətrafda qalma müddəti əvvəlki icazə verilən müddətin yarısına bərabər olur!
Jqut cəld hərəkətlərlə qoyulur. Jqutu çıxardıqda isə bunu asta-asta etmək lazımdır.
Bu məqsədlə səthi riflənmiş (kələ-kötür) olan və zədələnən sahədə qan dövranını minimal şəkildə saxlayan müasir jqutlardan istifadə etmək daha yaxşıdır (belə jqut apteklərdə və ya ilkin tibbi yardım üçün olan xüsusi aptek qutusunda olur).

Yüklə 221,76 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə