Qəşəm Vəliyev



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə2/32
tarix07.07.2018
ölçüsü0,82 Mb.
#53656
1   2   3   4   5   6   7   8   9   ...   32

yaşayıb  yaratdığı  dövrün  rus  işğalının  təsadüf  etməsi,  işğalçılara  qarşı  yazdığı  şeirlərin  dillər 

əzbəri  olması,  qoçaqlamalarının  əsgərlər  arasında  marş  kimi  oxunması  Aşıq  Şenliyi  Şərqi 

Anadolu  və  Azərbaycan  aşıq  mühitlərində  ötkəm  bir  sənətkar  kimi  tanıtmışdı.  Digər  tərəfdən 

azəri ləhcəsində dürlü-dürlü qoşma və gəraylılar, təcnis və divanilər düzüb qoşan aşığın Türkiyə 

və Azərbaycan aşıq sənətinin qarşılıqlı əlaqəsində və inkişafında böyük rolu olmuşdur. Onu da 

qeyd  etmək  lazımdır  ki,  Aşıq  Şenliyin  qızı  Gülxanım  Ağbaba  mahalının  Xozu  kəndinə  gəlin 

köçmüş  və  ömrünün  sonunadək  orada  yaşamışdır.  Sözsüz  ki,  Aşıq  Şenliyin  Ağbabada  çox 

məclislər  keçirməsinin  bir  səbəbi  tez-tez  Gülxanımı  yoluxması  ilə  bağlı  olmuşdur.  Hətta 

deyilənlərə  görə,  “Lətif  şah”  dastanının  mövzusunu  Aşıq  Şenlik  Ağbabadan  Çıldıra  pənah 

gətirən  kimsəsiz  bir  uşağın  acı  taleyindən  götürmüşdür.  Onu  demək  istəyirik  ki,  Aşıq  Şenlik 

yalnız    sənəti  və  yaradıcılığı  ilə  deyil,  həm  də  şəxsi  həyatı  ilə  Ağbaba  mahalına  sıx  bağlı  bir 

sənətkar olmuşdur. Bu da bir həqiqətdir ki,  Aşıq Şenlik irsinin Azərbaycanda ən kamil  bilicisi 

Ağbabalı Aşıq İsgəndər idi.  Sənət şəcərəsi etibarı ilə Aşıq İsgəndər Aşıq Nəsibin, Aşıq Nəsib isə 

Aşıq  Şenliyin  şagird  olmuşdu.  Bu  baxımdan  Aşıq  İsgəndərin  Çıldırlı  Şenliyin  irsinə  və 

repertuarına yaxından bələd olması tamamilə təbii idi. Bir sıra faktların dəqiqləşməsində, ədəbi 

hadisələrin,  tarixi  şəxsiyyətlərin  kimliyinin  müəyyənləşməsində  Aşıq  İsgəndər  ən  etibarlı  və 

mötəbər informator olmuşdur. Qazaxıstanın və Orta Asiyanın müxtəlif vilayətlərinə səpələnmiş 

müdrik Axıska türkləri, xüsusilə Xəstə Hasan və Aşıq Nurinin nəslindən olan adamlar da Aşıq 

Şenlik  irsinə  yaxından  bələd  olan  informatorlar  idi.  Hələ  aspiranturada  oxuyarkən  Qəşəm 

Vəliyev dəfələrlə həmin yerlərə səfərlər etmiş, Aşıq Şenlik irsindən əlavə digər folklor örnəkləri 

də toplamışdı. Həmin materialların bir qismini biz bu kitabda “Alimin arxivindən” başlığı altında 

verməyi məqsədəuyğuhn  saydıq. 

“Çıldırlı  Aşıq  Şenlik”  kitabı  üç  fəsildən    ibarətdir.  Birinci  fəsil  Çıldırlı  Aşıq  Şenliyin 

mühiti, dövrü və həyatı haqqındadır. Müəllif burada Aşıq Şenliyin yaşayıb yaratdığı tarixi dövrü 

səciyyələndirmiş,  Şərqi  Anadolunun  Çar  Rusiyasının  işğalı  altında  olmasının  ədəbi-mədəni  

mühitə,  o  cümlədən  Anadolu  folkloruna  təsiri  məsələsini  ətraflı  şərh  etmişdir.  Aşıq  Şenliyin 

oğuzların  Qarapapaqlar  boyundan olması,  yaxuda buta alması,  ustad sorağı  ilə Axıskaya  gedib 

Aşıq  Xəstə  Hasanın  şagirdi  Aşıq  Nuri  ilə  deyişməsi  və  ondan  ozan-aşıq  sənətinin  sirlərini 

öyrənməsi,  müstəqil  şəkildə  aşıqlığa  başlaması,  Aşıq  Zulali,  Aşıq  Summani,  Faxralı  şair  Nəbi 

kimi  saz-söz  sənətkarları  ilə  görüşüb  deyişməsi  tarixi-xronoloji  ardıcıllıqla  nəzərdən 

keçirilmişdir.  Aşıq  Şenlik  ədəbi  irsinin  Azərbaycanda  tədqiqi  tarixindən  bəhs  edərkən  müəllif 

yazır:  “Aşıq  Şenlik  haqqında  ilk  məlumat  verən  M.Şəmsilcədid  olmuşdur.  O,  aşığın  Borçalı 

səfərləri  ilə  bağlı    “Qoruqçular,  allahı  sevərsiz”,  “Həsrətin  çəkdiyim.Tiflis  şəhrinin”  adlı 

qoşmalarını  oxuculara  təqdim  etmişdir.  Bu  şeirlər  aşığın  Borçalı  aşıq  mühitinə  bağlı  sənətkar 

olmasını göstərən ilk faktlar kimi diqqətə layiqdir”. Onu da qeyd edək ki, monoqrafiyada Aşıq 

Şenlik Ağbaba-Çıldır aşıq mühitinin  yetirməsi  kimi deyil,  Borçalı aşıq  mühitinin nümayəndəsi 

kimi təqdim olunur ki, bu da 80-cı illər Azəbaycan folklorşünaslığının elmi nailiyyətləri ilə bağlı 

bir məsələdir. 

Aşıq Şenliyin Ağbaba mahalının Qaranamaz (Yeniyol 1935-Ağvorik-1991) kəndində Aşıq 

Ələsgərlə  görüşüb  deyişməsi  hər  iki  sənətkarın  yüksək  ustalıq  və  ədəb-ehtiram  nümayiş 

etdirməsi  Aşıq  Şenliyin  həyatını,  qarşılıqlı  sənət  əlaqələrini  öyrənmək  baxımından  maraq 

doğuran  məqamlardır.  Təqdirəlayiq  haldır  ki,  bütün  bu  məsələlər  Azərbaycan  və  Türkiyə 

folklorşünaslığı kontekstində araşdırlımış, faktik materiallar əsasında bir sıra mübahisəli fikir və 

mülahizələrə  aydınlıq  gətirilmiş,  elmi  təməli  olmayan  bəzi  müddəalar  təkzib  olunmuşdur. 

Əlbəttə,  bu  və  bu  kimi  cəhətlər  yalnız  həmin  fəslin  deyil,  monoqrafiyanın  üstün  elmi 

dəyərlərindən sayılmalıdır. 




Əsərin  ikinci  fəsli  Aşıq  Şenliyin  lirik  yaradıcılığına  həsr  olunmuşdur.  Q.Vəliyev  ustad 

aşığın  lirik poeziyasını üç aspektdən araşdırmışdır: a) məhəbbət lirikası b) ictimai-siyasi şeirlər 

c) təbiət gözəlliklərinin tərənnümünə həsr olunmuş  peyzaj lirikası. O da maraqlıdır ki, müəllif 

Aşıq  Şenliyin  lirikasını  və  ümumiyyətlə,  onun  həyat  və  yaradıcılığını  yalnız  Türkiyədə, 

Azərbaycan  və  Gürcüstanda  nəşr  olunmuş  kitab,  qəzet  və  jurnal    materialları  əsasında 

öyrənməmişdir.  Yeri  gəldikcə  o,  informatorların  məlumatlarına  əsaslanmış,  topladığı  

materiallarla müqayisələr aparmış və bütün bunlardan sonra elmi qənaətlərini açıqlamışdır. 

Aşıq  Şenliyin  poetik  irsini  qeyd  edilən  istiqamətlərdən  araşdıran  alim  aşığın  təriqət 

şeirlərini, bu şeirlərin dini-ürfani mahiyyətini, sufi simfolikasının bəzi məqamlarını incələməyə 

də diqqət yetirmişdir.  

 Bəllidir  ki,  Aşıq  Şenlik  yaradıcılığının  mühüm  bir  qolunu  onun  dastanları  təşkil  edir. 

Azərbaycan folklorşünaslığında da ustad sənətkarın bədii irsindən söhbət düşərkən ən çox onun 

dastan  yaradıclığından,  xüsusilə  “Lətif  şah”  dastanından  bəhs  edilmişdir.  Əski  türk  epik 

ənənəsinin  dini-mifoloji,  tarixi-genetik,  ədəbi-mədəni  köklərindən  ustalıqla  yararlanan  Aşıq 

Şenlik  yaşadığı  dövrün  məşhur  dastançılarından  biri  olmuşdur.  Ümumiyyətlə,  Ağbaba-Çıldır 

saz-söz sənətkarlarının dastan  yaradıcılığı  o qədər geniş  və əhatəlidir ki,  bu, ayrıca bir təqdiqat 

mövzusu ola bilər.  

Qəşəm Vəliyevin Aşıq Şenliyi müasirlərindən fərqləndirən səciyyəvi cəhətlərdən biri kimi 

onun  dastan  yaradıclığını  ayrıca  bir  fəsildə  incələyib  araşdırması  həmin  problemlərlə  bağlıdır.  

Mərhum  folklorşünas,  aşığın  “Lətif  şah”,  “Sövdəgar  şah  və  Gülənaz  Soltan”,  “Salman  bəy  və 

Durnatel  xanım”,  “Məhəmməd  və  Güldənə”,  “Əhməd  və  Gözəl  ”  kimi  məhəbbətdən  və  el 

qəhrəmanlarının  fəaliyyətindən  bəhs  edən  “Səməd  bəy”  dastanları  (əslində  son  üçü  dastan-

rəvayətdir-A.A) mövcuddur” elmi qənaətinə gəlmişdir. Müəllif dastanların yaranma tarixi, süjet 

və kompozisiyası, obrazların tipologiyası, sənətkarlıq xüsusiyyətləri kimi məsələlərin dolğun və 

əhatəli  elmi  təhlilini  aparmış,  polemik  düşüncələrini  faktiki  materiallara  əsaslanaraq 

gerçəkləşdirmişdir.  Ümumiyyətlə,  monoqrafiyanın  hər  üç  fəsli  faktiki  folklor  örnəklərinin 

zənginliyi  ilə  diqqəti  çəkir.  Bir  daha  qeyd  etmək    yerinə  düşər  ki,  bütün  bu  zəngin  folklor 

materialları  Q.Vəliyevin  şəxsi  ekspedisiyaları  sayəsində  toplanıb  elmi-nəzəri  araşdırmaya  cəlb 

olunmuşdur. 

Yaşasaydı  Qəşəm  Vəliyevin-bu  zəhmətkeş  və  istedadlı  folklorşünasın  50  yaşı  tamam 

olardı. Çox hayıf ki, əcəl macal vermədi. Q.Vəliyev 50 yaşa yetişmədi. Ulularımız “yaşın oldu 

əlli, adın oldu bəlli”-demişlər. Qəşəm Vəliyevin adı əlli yaşından çox əvvəl elm aləmində bəlli 

oldu, tanındı və sevildi.  

Azərbaycan  aşıq  ədəbiyyatına,  ozan-aşıq  sənətinə  maraq  ildən  ilə  böyüyür.  Azərbaycan 

aşıq  sənətinin  YUNESKO-nun  mənəvi  irs  siyahısına  daxil  edilməsi  bu  marağın  beynəlxalq 

çevrəsinin nə qədər geniş olduğunu göstərir. Eyni zamanda yeni-yeni tədqiqatların aparılmasının 

zəruriliyini də ortaya çıxarır. “Çıldırlı Aşıq Şenlik” kitabı  aşıq ədəbiyyatımızda bu cür mövcud 

problemlərin  həllinə  bir  töhfə,  Qəşəm  Vəliyevin  nakam  ömrünə  özünün  bağışladığı  bir 

ərməğandır. 

 

 



 

Avtandil Ağbaba 

 

 



Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə