İbrahim ağladı. Heç gözlənilmədən ağladı və gözünün yaşını axıda-axıda
mızıldandı:
– Məni məhkəməyə
verəcəklər! Məhkəməyə! Heç nə yoxdur, heç nə tapılmır. Camaat beş günlüyə
sahmançılığa da gəlmək istəmir. Allahınız var, vurun öldürün məni, daha
məndən heç bir kömək olmayacaq. Məndən heç nə gözləməyin. Bu işi mən nahaq
yerə boynuma çəkdim, lap nahaq yerə...
İbrahim getdi, sadəlövh Tanabayı
əməllicə çaşdırıb getdi və bir daha buralarda görsənmədi.
Hələlik, beş yüz qoyunun ancaq yüzü doğmuşdu. Yuxarıda, Eşimlə Bektayın
sürüsündə isə hələ
doğum başlanmamışdı. Ancaq fəlakət uzaqda deyildi; bunu Tanabay hər gün hiss
eləyirdi. Çoxdan bəri qoyuna gedən qoca sahmançı qadından başqa, hamı
eyni işi görürdü, hətta Tanabayın altı yaşlı böyük qızı da işə qoşulmuşdu.
Onlar doğan qoyunları zorla yerbəyer eləyirdilər. Quzuları tuturdular,
ayırırdılar, anaların altına qoyurdular. Bir yandan peyin daşıyırdılar, bir
yandan şuburtu yığıb qoyun-quzunun altına döşəyirdilər. İşdən baş açmaq
olmurdu. Bu yandan da ac quzular fasiləsiz mələşirdilər – süd çatışmırdı, ot
yox idi, aclıq qoyunları əldən salmışdı. İrəlidə bundan da pis günlər
gözlənilirdi.
Doğan qoyunların sayı günbəgün artırdı. Çobanın nə gecəsi, nə gündüzü vardı.
İş əlindən nəfəs almaq mümkün deyildi.
Birdən-birə hava da
soyudu. Bulud göyün üzünü aldı, narın qar yardı. Duman gəldi, zülmət çökdü.
Ancaq, yaxşı ki, bütün bunlar çox çəkmədi. Buludlar dağılışıb getdi, hava
isindi. Yerdən nəm iyi qalxdı, baharın nəfəsi duyuldu. Tanabay sevindi: “Kaş
ki, yaz tez gələydi. Özü də qaydalı gələydi. Gah isti, gah soyuq
olmayaydı. Doğum vaxtı bundan pis şey yoxdur”.
Bahar gəldi, lap vaxtında gəldi, ancaq Tanabayın gözlədiyi kimi gəlmədi.
Gecələrin birində xəlvətcə
təşrif gətirdi, dumanla, yağışla, qarla gəldi. O, hər yerdə özünü göstərdi –
tövlədə də, ağılda da, alaçıqda da. Dörd bir yanda gölməçələr yarandı,
su axdıqca zığlı soyuq torpağın üzü cadar-cadar oldu. Yağış suyu tövlənin
çürük damından içəri axdı, ağılın divarlarını yudu, soyuqdan qoyun-quzu
mələşdi, tövlələrdə palçıq dizə çıxdı. Öz gəlişi ilə bahar hamını ayağa
qaldırdı. Quzular büzüşüb bir-birinə qısıldı, analar ayaq üstdə mələşdilər,
yağışsa aman vermək istəmədi. Öz soyuq gölməçələrində bahar yeni doğulan
quzuları xaç suyuna saldı.
Adamlar çaxnaşmaya düşdü – əllərdə fənər,
əyinlərdə plaş. Tanabay sürünün dövrəsində fırfıra kimi fırlandı. Qaçdı və
qaçdıqca onun iri çəkmələri, təşvişə düşmüş bir cüt vəhşi heyvan kimi, gah
suya atıldı, gah peyinə girdi. Plaşının ətəkləri güllə dəymiş quş kimi
çırpındı. Tanabayın nəfəsi xırıldadı. O qışqırdı, özünün də, başqalarının da
üstünə bağırdı:
– Lingi verin! Beli! Peyini bura tökün! Suyun qabağını kəsin!
Heç olmasa tövləyə axan suyun qabağını kəsmək lazım idi. Tanabay donmuş
torpağı deşdi, arx qazdı.
– İşığı tut! Bura tut! Gözlərini döymə!
Ancaq duman get-gedə sıxlaşırdı. Sulu qar yağırdı. Onu saxlamaqda insan
gücsüz idi.
Tanabay özünü evə saldı. Çırağı yandırdı. Ev də hər tərəfdən damırdı. Ancaq
tövləyə baxanda yenə bura yaxşı idi. Uşaqlar yatırdılar, onların yorğanı
da islanmışdı. Tanabay uşaqları yorğan-döşəkli qucağına aldı, onları qırağa
çəkib, alaçıqda bir qədər yer düzəltdi. Yorğanlar islanmasın deyə,
keçələri də uşaqların üstünə tökdü, bayıra çıxıb tövlədəki arvadları çağırdı:
– Quzuları evə gətirin! – dedi və özü də tövləyə qaçdı.
Ancaq bir alaçığa
nə qədər quzu yığmaq olardı? Nə qədər mümkün idi yığdılar. Bəs qalanlar? Uf,
kaş heç olmasa bunları ölümdən qurtarmaq olaydı...
Nəhayət, səhər də
açıldı. Ancaq göyün çən-dumanı çəkilib getmədi. Bir az ara verdi, yenə
başladı – gah qar, gah yağış, gah qar, gah yağış...
Alaçıq ağzınacan quzu ilə
dolu idi. Mələşirdilər, çığırışırdılar. Qoxu, üfunət. Şeyləri bir küncə
qalayıb, brezentlə örtmüşdülər, özləri çadırlara, sahmançıların yanına
köçmüşdülər, uşaqlar ağlayırdılar, soyuqdan əsirdilər.
Çobanın məşəqqətli günləri idi. O özünü də söyürdü, başqalarını da. Dünyada
hamını və hər şeyi
yamanlayırdı. Nə yuxusu vardı, nə yeməyi; islanıb suyu axan qoyunların, donub
ağaca dönmüş quzuların içində çapalayırdı. Ölümsə yaş tövlədə sürünü
bir ucdan doğrayıb tökürdü. Burada onun üçün yol açıq idi. Dəlinmiş damdan da
girə bilərdi, şüşəsiz pəncərələrdən də, qapısız darvazalardan da içəri
soxula bilərdi. O gəlirdi. Balaları və üzülmüş anaları eninə-uzununa kəsib
tökürdü. Çoban bir dəfədə tövlədən neçə-neçə göyərmiş cəmdək çıxarırdı,
çöldə cəmdək üst-üstə qalanırdı.
Bayırda, ağılda isə bu gün-sabah doğası yüz-yüz qoyun qarın-yağışın altında
qalmışdı. Tezliklə ölüm onlara da yol
tapacaqdı. Soyuqdan çənələri titrəyirdi. İslanmış tükləri yumaq-yumaq
sallanırdı, koma-koma...
Daha sürü örüşə də çıxmaq istəmirdi. Bu nəmdə, bu
yağışda örüşəmi çıxmaq olardı?! Sahmançı qadın çuvalı başına salıb qoyunları
qovurdu, qoyunlarsa getmək istəmirdi, qayıdıb qaçırdılar, sanki burada
onlar üçün cənnət guşəsi hazırlamışdılar. Qadın hirsindən ağlayırdı, sürünü
təzədən qovmağa başlayırdı, ancaq davar yerindən tərpənmək istəmirdi.
Tanabay dəli kimi sürünün üstünə cumurdu. Hamısını çomaqla qırıb tökmək
istəyirdi, ancaq boğaz qoyuna çomaqmı qaldırmaq olardı? Tanabay camaatı
haraylayırdı. Hamılıqla onlar sürünü birtəhər örüşə çıxarırdılar.
Bu fəlakət başlayan gündən Tanabay büsbütün başını itirmişdi. Nə ötən
günlərin
sayını bilirdi, nə ölən quzunun hesabını bilirdi. Qoyunların əksəriyyəti əkiz
doğurdu, hətta üçəm doğan qoyunlar da vardı. Var-dövlət batıb gedirdi.
Tanabayın bütün zəhməti hədər olurdu. Quzular bir ucdan doğulurdular və elə
həmin gün də onlar peyinin-palçığın içində dalbadal murdar olurdular. Sağ
qalanlar öskürürdülər, xır-xır xırıldayırdılar, qarın işləməsindən bir-
birinin üstünü batırırdılar. Balasız qalmış qoyunlar zar-zar zarıyırdılar,
ortalıqda çaxnaşırdılar, dolanıb doğmaqda olan qoyunları ayaqlayırdılar.
Bütün bunlar nəsə sövq-təbii bir dəhşət idi, ağla sığışmayan möcüzə idi. Ah,
kaş ki, bu doğum bir az gec başlanaydı!
Ancaq qoyunlar elə bil bir-biri ilə şərtləşmişdilər. Doğum dalınca doğum,
doğum dalınca doğum!..
Və bütün bu
mənzərənin qarşısında insan ürəyi tab gətirə bilmirdi. Ürəkdə qəzəb baş
qaldırırdı və bu qəzəb insanın gözünə bir qara pərdə çəkib hər şeyə nifrət
oyadırdı: bu xaraba tövləyə də, oradakı qoyunlara da, özünə də, öz həyatına
da, ümidə, inama, arzuya – ürəkdə hər şeyə nifrət baş qaldırırdı.
Elə bil
Tanabayın beyni kütləşmişdi. Özü öz fikirlərindən dəhşətə gəlirdi. Bu qorxunc
fikirləri Tanabay qovmağa çalışırdı, ancaq fikirlər ondan əl çəkmirdi,
ürəyinə dolurdu, beyninə dolurdu: “Axı, bütün bunlar nə üçündür? Kimə
lazımdır? Madam ki, saxlaya bilməyəcəkdik, biz bu qoyunları nə üçün
bəsləyirdik? Burada müqəssir kimdir? Kim? De görüm, kim müqəssirdir? Sən və
sənin kimi boşboğazlar! Yüksəliş belə gəldi, inkişaf belə getdi,
çatağayıq, ötüb keçəcəyik, yüksəldəcəyik, qaldıracağıq. Hamımız söz
pəhləvanıyıq. İndi qaldır bu ölü quzuları, apar çöldə cəmdək qala. O doğar
qoyunu
da palçığın içindən quru, çıxart. Daşı, göstər kişiliyini...”
Xüsusən gecələr tövlədə palçığın, sidiyin içində eşələnəndə bu dəhşətli
fikirlər
Tanabayı rahat buraxmırdı. Ah, gecələr, amansız gecələr! Ayaq altda turşumuş
peyin bataqlığı, üst damır, ara vermədən damır. Külək tövlənin içində
Dostları ilə paylaş: |