Sakit Oqayyanın meşələri və bataqlıqları arasından keçən furqonda, faytonçunun düz arxasında on dörd



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə121/151
tarix29.09.2017
ölçüsü4,8 Kb.
#2325
1   ...   117   118   119   120   121   122   123   124   ...   151

XXXII FƏSİL 
 

 
Qotlibin qəmli ürəyində, ola bilsin ki, bəşəriyyətin iztirabına qarşı iblisanə bir laqeydlik, ilahi mərhəmətə 
nifrət hissi yuva salmışdı. Ola bilsin ki, bu ürəkdə onun elmini ancaq və ancaq reklam kimi dəyərləndirən 
həkimlərə qarşı kin də gizlənmişdi. Amma o da bəlli idi ki, bu ürəkdə dahinin dumanlı, ehtiraslı və heç nə 
qarşısında dayanmaq bilməyən yalqız qalmaq tələbatı da vardı. Bir şey şübhəsizdir: bütün ömrünü 
insanlığın xəstəliklərə qarşı immunizasiya edilməsi metodlarının öyrənilməsinə sərf edən Qotlib bu 
metodların təcrübədə reallaşdırılması ilə az maraqlanırdı. O, nağıldangəlmə rəssama bənzəyirdi. Elə bir 
rəssama ki, cəmiyyətin zövqlərinə nifrət etdiyi üçün ölməmişdən əvvəl bütün yaradıcılıq nümunələrini 
məhv edib – təki qara camaat onları öz bayağı, istehzalı baxışları ilə  murdarlamasın. 
Taunun Sent-Hubertdə addımlamasını, sabah Barbadosa, Virginya adalarına… Nyu-Yorka atıla biləcəyi ilə 
bağlı məlumatı Qotlib təkcə Stoksun məktubundan öyrənməmişdi. Ross Mak-Qerk yeni eranın 
imperatoru idi və bu imperatora keçmiş zamanların guşənişin hakimindən daha yaxşı xidmət 
göstərirdilər. Onun gəmilərinin kapitanları yüzlərlə limana baş çəkirdi, dəmiryolları cəngəlliklərə qədər 
gedib çıxır, müxbirləri gizlincə Kolumbiyada seçki kampaniyasının necə getdiyini, Kubada şəkər qamışı 
necə boy atdığını, öz bunqalosunun eyvanında cənab Robert Ferlemb doktor R.E.İnçkep Consa nə 
dediyini ona xəbər verdilər. Ross Mak-Qerk, onun ardınca isə Maks Qotlib  "Buz Ev"in daimi 
sakinlərindən daha yaxşı bilirdilər ki, Sent-Hubertdə taun başlayıb. 
Bununla belə, anticismlərin naməlum kimyəvi strukturları haqqında düşüncələrə qərq olmuş, Perl 
Robinsdə karandaşların kifayət qədər olub-olmaması ilə bağlı qayğılarla yüklənmiş, yaxud doktor 
Holaberdə bu gün səhər Latviya elmi nümayəndə heyətini qəbul etməyi tapşıracağını düşünən Qotlib 
yerindən tərpənmədi.  
Onu suallarla təngə gətirirdilər: səhiyyə müəssisəsində xidmət edən şəxslər, Konqresin üzvü olan hansısa 
doktor Almus Pikkerbo, guya, Vaşinqtonlu mötəbər Sima olan Qustav Sandelius və hansısa Martin 
Erousmit… Onlar Qotlibin daşlaşmış laqeydliyini tam mənada yerindən tərpədə bilmirdilər.  
Söz-söhbət gəzirdi ki, Mak-Qerk İnstitutundan Erousmit taunun kökünü kəsə biləcək vasitə tapıb. Qotlib 
bəlağətli məktublar alırdı. "Doğrudanmı, əlinizdə xilasedici vasitəni tutaraq kənarda dayana və minlərlə 
zavallının Sent-Hubertdə ölməsini laqeydliklə seyr edə bilirsiniz? Doğrudanmı, qorxulu taunun qərb 
yarımkürəsində özünə yer eləməsinə imkan verəcəksiniz? Bu ki daha dəhşətlidir! Sevimli alim, bizim elmi 
arzularımızı bir kənara qoyaraq hərəkətə keçməyin zamanı yetişib!" 
Nəhayət, Ross Mak-Qerk ləzzətli bifşteksdən sonra kifayət qədər açıq şəkildə dedi ki, institutun dünyəvi 
şöhrət qazanmaq imkanı var və mütləq bu imkandan istifadə edilməlidir. 


Məlum olmadı, cəmiyyətin xeyrinə canyandıranların tələbi altında məğlub olan Mak-Qerkin təkidi iləmi, 
yoxsa Qotlibin təxəyyülü ona uzaq şəkər plantasiyalarındakı zəncilərin əzablarını təsvir etməyə yetdiyi 
üçünmü, hər halda, Martini yanına çağırdı və dedi: 
– Deyilənlərə görə, Mancuriyada ciyər taunu və Sent-Hubertdə – Qərbi Hindistanda bubon taunu 
meydan sulayır. Əgər, Martin, arxayın ola bilsəydim ki, siz faqı yalnız xəstələrin yarısına tətbiq 
edəcəksiniz, qalan yarısını isə normal  qulluq şəraitində,  amma faqsız saxlayacaqsınız… Yalnız bu zaman 
faqın dəyəri haqqında tamamilə sınanılmış məlumatlar əldə edə bilərsiniz. Necə ki biz sarı qızdırmanın 
ağcaqanadlar vasitəsilə yayıldığı haqda məlumatı əldə etdik… Buna söz versəydiniz, sizi Sent-Hubertə 
yollayardım. Nə deyirsiniz? 
Martin Jak Lyobun adına and içdi ki, təcrübənin şərtlərinə əməl edəcək. Peyvənd edilmiş pasientlərlə 
peyvənd edilməmiş pasientləri müqayisə edərək faqın dəyərini müəyyənləşdirəcək; və bəlkə də, tauna 
həmişəlik son qoyacaq. O, Qotlibi əmin etdi ki, istənilən şəraitdə sərt olacaq və  güzəştə getməyəcək. 
– Biz Sandeliusu da cəlb edərik, – Qotlib dedi, – o, qəzetlərdə səs-küy qaldıracaq və bizə şöhrət gətirəcək. 
Mənə söyləyiblər ki, direktor belə şeylərin də qayğısına qalmalıdır. 
Sandelius nəinki razılaşdı, hətta tələb etdi. 
Martin hələ heç vaxt yad ölkələrdə olmamışdı. Bir zamanlar ofisiant işləyərək tətilini keçirdiyi Kanadanı 
çıxmaq şərtilə… Ora da ona yad görünməmişdi. Təsəvvür edə bilmirdi ki, həqiqətən də, palmaların, 
qəhvə rəngli insanların və bürkülü milad axşamlarının vətəninə yola düşür. Sandelius kətan kostyumlar 
sifariş verib, yeni probka papaq axtara-axtara bütün şəhəri alt-üst etdiyi vaxt Martin səylə taun əleyhinə 
faq ehtiyatı hazırlayırdı: balaca ampulalarda yüz litr faq! Özünü adi Martin Erousmit kimi hiss edirdi, 
amma dərk edirdi ki, hakimiyyət dairələri onunla hesablaşırlar. 
Qəyyumlar Şurası Martinlə və Sandeliusla birlikdə iş planını müzakirə etmək üçün məxsusi olaraq yığışdı. 
Bu iclasın xətrinə Uilminqton Universitetinin rektoru Uilminqtonun keçmiş tələbəsi olan bir milyonçuyla 
çox şey vəd edən görüşdən imtina etdi, Ross Mak-Qerk qolfdan vaz keçdi, üç professordan biri isə 
təyyarə ilə gəldi. Martin çağırışa birbaşa laboratoriyadan getdi. Əzik-üzük, yumşaq yaxalıqlı, hələ gənc 
olan bu adam (beynində erlenmeyer kolbaları, infuzor  torpaq, steril filtrlər uğum-uğum uğuldayırdı) 
məmur əyləncələrinin adamları ilə üzbəüz dayandı və əmin oldu ki, artıq sıraviliyin böyük kölgəsi  
üzərində deyil. Onun timsalında rəhbər adam görürlər və ondan təkcə möcüzə gözləmirlər. Martin 
bundan sonra necə mühüm və yetişkən olduğunu, möcüzə yaratmağı necə yaxşı bacardığını 
göstərməlidir.  
Əvvəlcə Ali Məhkəmədə əyləşibmiş kimi "Səma imperiya"sının estradasında, stol arxasında oturmuş beş 
qəyyumun eynəkli ciddiliyi önündə özünü itirdi. Qotlib bir qədər uzaqda oturmuşdu, o, da vüqarlı və 
zəhmli görünməyə çalışırdı. Amma sevincli və səsli-küylü Sandelius zala daxil olanda Martin öz 
cəsarətsizliyini unutdu, hətta ictimai səhiyyə sahəsində keçmiş müəllimini heç saymadı da.  


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə