Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə144/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   137   138   139   140   141   142   143   144   145

 
359
 
Nöyüt lampası yanan yarıqaranlıq otaqda qollarını  çırmalamış iki nəfər knyaz 
Sisianovun mundirinin paqonlarından yapışıb, onun, yoğun və uzun taxta 
parçalarından düzəldilmiş taxtın üstündə uzadılmış meyitini irəli çəkdi, çənəsini 
yuxarı qaldırdı, mundirinin yaxasını aşağı dartdı. 
Knyaz Sisianovun boynu tamam açıq idi. 
Və o taxtın başında dayanmış  cəllad Ibadulla iki əli ilə  dəstəyindən yapışdığı 
böyük, enli dəhrəni yuxarı qaldırdı və var gücü ilə zərbə endirdi. 
 
33. 
 
Ay işığında uzaqdan Şuşa qalasının qaraltısı görünürdü.  
Və Şuşa qalasına qalxan yolda üç atlı gedirdi. 
Əmiraslan bəy yoldan çıxıb atı kənara sürdü və çevrilib, arxadan gələn iki nəfərə: 
– Buradan sürün…– dedi.– O tərəfdə ruslar durur…  
… Və  Əmiraslan bəy beləcə  bələdçilik edə-edə ay işığında o iki atlını  Şuşa 
qalasına tərəf aparırdı. 
 
34. 
 
Otaqdakı  şam işığında dörd nəfər  əyləşmişdi: Ibrahim xan, Əmiraslan bəy və 
Şuşa qalasına qalxan o iki atlı. 
 Ibrahim xan o iki nəfərə baxa-baxa deyirdi: 
– Naibüssəltənə ismarıc göndərəndə ki, mənimlə danışmaq istəyir, çox məmnun 
oldum. Qibleyi-aləm mənim kürəkənim deyil, oğlumdur!.. Naibüssəltənəyə də mən 
həmişə qardaşım kimi baxmışam. Mənim ruslara olan iltifatımın yeganə  səbəbi 
məcburiyyət və köməksizliyim olmuşdur. Əmiraslan bəyə də mən tapşırdım ki, siz 
elçilərə şəxsən  bələdçilik edib qalaya qaldırsın. 
Elçilərdən biri: 
– Təşəkkürümüzü bildiririk, ağayi-Ibrahim xan,– dedi.– Abbas Mirzə 
Naibüssəltənə bizə belə bir buyruq verib ki, vəziyyətdən siz cənablarını agah edək 
və kafirlərin əleyhinə bəradərliyimizi bərpa edək. 
Ibrahim xan: 
– Buyurun, ağalar,– dedi. 
– Naibüssəltənənin rəşadətli qoşunları, bu yerlərdəki müsəlman qardaşlarımıza 
cani-dildən yardım göstərə bilmək üçün, bildiyiniz kimi, indi aran Qarabağın və 
Şirvanın torpaqlarında yerləşib. Gürcü şahzadəsi Aleksandr bəradərimiz 14 minlik 
ordusu ilə Gəncənin 65 verstliyində düşərgə salıb və Allah qoysa, Naibüssəltənənin 
qoşunları ilə bahəm kafirləri həm Gürcüstandan, həm də  Şəkidən, Qarabağdan, 
Şirvandan, Bakıdan tutmuş ta Dərbəndəcən, inşaallah, qovub, dədələrimizin, 
babalarımızın yurdundan bir dəfəlik çıxarmaq  əzmindədir. Firəngistanın padşahı 
Napoleon qibleyi-aləmə rusların əleyhinə yardım vəd edib və deyirlər ki, Napoleon 
padşah vədinə  əməl edən  şəxsdir. Naibüssəltənənin fikri və istəyi belədir ki, xan 
cənabınız bir həmlə ilə  Şuşanı ruslardan təmizləsin və atlıları ilə arana enib 
Naibüssəltənənin rəşadətli qoşunlarına birləşsin və müştərək kafirlərin axırına çıxaq. 
Əmiraslan bəy özünü saxlaya bilməyib: 


 
360
– Sisianovun qətlindən sonra mayorun əsgərləri lap quduzlaşıb,– dedi.– Yoldan 
ötəni saxlayıb, yoxlayırlar, elə bil, dədələrinin obasıdı.   
Elçilərdən ikincisi: 
– Bilirik, baba,– dedi.– Bunları burda saxlayırsız, xanlığı var-yoxdan çıxarır, bir 
az yerlərini möhkəmlədəndən sonra gör nə olacaq də!.. Ağayi-Ibrahim xan, biz geri 
qayıtmalıyıq. Naibüssəltənə cənabınızın cavabını gözləyir. 
– Naibüssəltənəyə  mənim salam və ehtiramlarımı yetirməyinizi rica edirəm, 
ağayi-elçilər.  Əmin olsun ki, mən  əlimdən gələni  əsirgəməyəcəyəm. Ancaq 
özümüzü səfərbər etmək üçün bir müddət rüsxət versin. Naibüssəltənə bizim 
arxalandığımız dağdır. Bir müddət rüsxət, ağalar, rüsxət!.. Rüsxət istəyirəm… 
Sonra, Allah qoysa, əlimizdən gələni edəcəyik! Naibüssəltənənin buna heç şübhəsi 
olmasın!.. Ruslar tək sizin üçün kafir deyillər ki, ağalar, bizim üçün də kafirdirlər 
də!.. Indi isə yola çıxmazdan əvvəl bir az dincəlin, nahar edin. Yenə Əmiraslan bəy 
özü sizi yola  salacaq. 
Ibrahim xan ayağa qalxdı. Elçilər də ayağa qalxdı və baş əyib otaqdan çıxdılar. 
Əmiraslan bəy də dişarı çıxmaq istəyəndə xan onu əylədi: 
– Sən qal. 
Əmiraslan bəy ayaq saxladı. Xan ona baxıb: 
– Sən nə fikirləşirsən?– soruşdu. 
Əmiraslan bəy: 
–  Əlahəzrət,– dedi.– Mən siyasətə müdaxilə edən adam deyiləm. Mənimki 
qılıncdır və sizin əmrinizdir. Ancaq elçilər çox pərt qalxdılar, xan sağ olsun. 
Soldatlar da həddini aşıb, qudurublar. Sisianovun qətlindən sonra heç kimlə 
hesablaşmırlar, azğınlaşıblar. Ermənilər də bir tərəfdən yavaş-yavaş onlarla dilbir 
olmağa başlayıb... Vanya yüzbaşı günün günorta çağı heç nədən çəkinmir, gedib, 
girir rusların qərargahına…  
Ibrahim xan gülümsədi: 
– Vanya yüzbaşı  nədi ki, nə  də eləyə bilsin? Indi biz bu həngamədə Vanya 
yüzbaşının dərdini çəkəcəyik? 
– Bilmirəm, xan sağ olsun! Ancaq əmr versəniz, mən elə bu gecə hücum çəkib, 
onları didərgin salaram! 
– Qulaq as, qoşunbaşı, qızışma! Saday bəy bədbəxt oğlu, qızışdı, axırını gördük!.. 
Elçilər hər  şeyi demədilər axı! Ruslar Ağdamda 4000 sərbazı darmadağın elədi. 
Abbas Mirzə qorxur və bizim əlimizlə öz mövqeyini  möhkəmlətmək istəyir. Mən 
rusları buradan qovum, ruslar da Iran qoşununa qalib gəlsin, onda Qarabağın günü 
nə olacaq? Gözləmək lazımdı… 500 əsgərin öhdəsindən gəlmək asandı, amma biz 
rus əjdahası ilə kəllə-kəlləyə gələ bilmərik!.. Gözləyək, görək, divlərin boğuşması nə 
ilə qurtaracaq, onda da qərarımızı verərik. 
Əmiraslan bəy: 
– Üzr istəyirəm, xan həzrətləri,– dedi.– Onda gec olmayacaq ki?.. 
Ibrahim xan yüngülcə gülümsəyib: 
– Islanmışın yağışdan nə qorxusu?– dedi. – Sonra da əlavə etdi: – Səhər tezdən 
üç-dörd günlük Xankəndinə gedib dincələrəm, görək sonrası nə olur. Sən də bizimlə 
gedəcəksən. Bu elçiləri isə ehtiyatla yola sal ki, rusların xəbəri olmasın! 
 
35. 


 
361
 
Elə həmin gecə Vanya yüzbaşının pəncərəsi həyəcanla döyüldü. 
Vanya yüzbaşı yatağında qurcalanıb: 
– Ara, kimdi yenə bu gecə vaxtı?– soruşdu və qalxıb çarpayıda oturdu. 
Kimsə yavaş və həyəcanlı səslə pəncərədən onu səslədi: 
– Vanya dayı!.. Vanya dayı!.. 
Vanya yüzbaşı: 
– Zəhrimar, Vanya dayı! Çor, Vanya dayı!– deyib çarpayıdan düşdü. 
Əri ilə eyni çarpayıda yatmış Haykanuş arvad da oyanıb çarpayıda dikəldi: 
– Vallah,– dedi,– bunlar sənin axırına çıxacaqlar! Əyninə bir şey sal, soyuq olar 
sənə! Qov onları, qayıt, gəl, gir yerinə! 
Vanya yüzbaşı: 
– Hara qovum o yetimləri, ay arvad, hara? Yerləri-yurdları var ki, bu 
bədbəxtlərin?.. Eh, ay Haykanuş, deyirsən də…– deyə deyinə-deyinə  pəncərənin 
qabağına gəldi və şüşənin bir tayını açıb, əvvəlcə: – Ara, soyuğa bax, e!..– dedi. – 
Sonra pəncərədən boylandı.– Hə? 
Pəncərəni döyən adam yüzbaşının qulağına tələm-tələsik nəsə  pıçıldamağa 
başladı. 
Haykanuş arvad çarpayıdan düşüb ərinin çiyninə adyal saldı. 
Vanya yüzbaşı çiynindəki adyalı özünə bürüyə-bürüyə adama: 
– Yaxşı, matağını,–dedi.– Get, soyuqdu, sətəlcam olarsan!– Və pəncərənin tayını 
bağladı. 
Haykanuş arvad: 
– A kişi, vallah, sən özün özünə  qəsd edirsən!– dedi.– Hamını fikirləşirsən, 
özündən başqa! Gəl, gəl, gir yerinə! 
– Yox, mən daha yata bilmərəm. Gedirəm çay dəmləyim. Sənə də gətirim? 
– Yenə nə bəd xəbər verdilər sənə, hə?– Haykanuş arvad da çiyninə adyal salıb, 
otağın küncündə  zəif işıqla yanan şamı  əlinə aldı  və  ərinin ardınca o biri otağa 
keçdi.– Bunlar nə vaxt əl çəkəcəklər səndən? 
Vanya yüzbaşı gülümsədi: 
– Onlar məndən yox, mən onlardan əl çəkə bilmirəm e, ay arvad, mən!..– Maşanı 
götürüb  əyildi və samovarın közünü qurdaladı.– Mən öz millətimə arxa çevirə 
bilmərəm, Haykanuş!.. 
– Bilmirəm, vallah, nə deyim?.. Səndən çox nigaran qalıram… Sənin indi daha o 
cavan vaxtların deyil! 
Vanya yüzbaşı gülümsədi: 
– Nədi, deyirsən day qocalmışam? 
Deyirəm ki, özünə yazığın gəlmir, heç olmasa, mənə yazığın gəlsin!.. 
Neynəyəcəyəm sənsiz mən?.. Gecə bilmirsən, gündüz bilmirsən… Belə olmaz axı… 
Elə bilirsən sənin qədrini biləcəklər?.. 
– Kim kimin qədrini bilir ki?.. Bu axmaq dünyada insanın bir qəpiklik qiyməti 
var ki?!. Eh, deyirsən də… – Vanya yüzbaşı soyuqdan bədənini silkələyib adyalın 
içində büzüşdü.– Nə isə… Təki millətə bir gün ağlayaq… 
Haykanuş ərinin qoluna qısıldı: 
– Vallah, özünü məhv edəcəksən…– deyə pıçıldadı. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə