Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə73/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   69   70   71   72   73   74   75   76   ...   145

 
163
Güllü arvad bu «Hıy?»dan açıq-aşkar narazılıqla təkrar elədi: 
– Humanitar yardım gətiriblər... Düş aşağı... 
Gülzar arvad birdən-birə alışıb: 
– Humanitar yardım onların dədəsinin təpəsinə  dəysin! – dedi. – Şuşanı 
qaytarsınlar mənə!  
Gülzar arvadın bu gözlənilməz kin-küdurətindən Güllü arvad, elə bil, bir az 
duruxdu, sonra: 
– Gözlə! – dedi. – Şuşanı torbaya qoyub gətirif sənə verəjəklər!.. – Və hirslə 
çönüb pilləkənə tərəf getdi. 
On il bundan əvvəl bu arvadlardan soruşsaydılar ki, «humanitar» nə deməkdir, 
çiyinlərini çəkərdilər, amma indi «humanitar» (yardım) sözü onların dilinə elə 
yatmışdı ki, elə bil, bu dünyada gözlərini açıb «ana» sözü ilə, «ata» sözü ilə bir 
yerdə «humanitar» (yardım) sözünü də demişdilər.  
Gülzar arvad, bağlananda, elə bil, daha da artıq cırıldayan qapını hikkə ilə örtüb 
açıq pəncərənin qabağına gəldi – otağa ağcaqanad girməsin deyə  pəncərənin 
çərçivəsinə cuna vurmuşdular – və  nə  qədər yuyursan, yu, Abşeron küləyinin üç 
dəqiqənin içində toza basıb bozartdığı cunanın arxasından eşiyə baxdı: bayır da o 
cuna kimi həmişəki bozluq içində idi. 
Cümü (Qızıl Diş Cümşüd) səhər tezdən tırtırına minib cəhənnəm olub, getmişdi, 
Cəmilə dərsdə idi – bu il onuncu sinifə keçirdi, Səyyarə Buzovna bazarına göyərti 
almağa getmişdi (günortalar göyərti səhərə nisbətən ucuz olurdu) – bir sözlə, Gülzar 
arvad otaqda tək idi və eləcə, o bomboz eşiyə baxırdı və birdən, heç özü də bilmədi, 
necə oldu, arvadın dodağı qaçdı və öz-özünə: 
– Get, köpəy qızı, – dedi. – Canın çıxsın, get, humanitar yardımını al! – Çənəsi 
əsə-əsə pəncərənin qabağından çəkilib otağın küncündə, Cəmilənin dəftər-kitabının 
yanında yerə atılmış torbanı götürdü və  cırıltıyla qapını açıb: – Get, sülən orda, it 
kimi, vermişelini versinlər... – deyə-deyə pilləkənləri aşağı düşdü. 
Qapı cırıldaya-cırıldaya öz-özünə bağlandı.  
X
 
Əhməd Ağayeviçin Bilgəhdəki bağını Abşeronun yaxşı bağlarından biri hesab 
eləmək olardı, düzdü, onun binasında son zamanlar Abşeronda tikilən villaların 
xarici təmtəraqı yox idi, amma əsaslı, böyük (iki mərtəbə, hər mərtəbədə vanna, 
səkkiz otaq, mətbəx, sauna) bina idi və o bina ilə üzbəüz qarovulçu üçün tikilmiş 
birotaqlı dam var idi, Vasili Kuzmiç də o otaqda yaşayırdı.  
Vasili Kuzmiç otağın divarına vaxtilə hansı bir jurnaldansa kəsdiyi Stalinin 
generalissimus formasında rəngli şəklini yapışdırmışdı və Vasili Kuzmiç qəti 
surətdə bu fikirdə idi ki, Stalin əsl rəhbər və əsl rus mujiki idi (Qorbaçov isə – Iuda 
idi). Vasili Kuzmiçin gəncliyi Stalinin zamanına düşmüşdü və o, Stalinə sevgi və 
ehtiramını bu günə kimi ürəyində saxlamışdı. 
Vasili Kuzmiç o bağı da sevirdi, daha doğrusu, həyətdəki o əncir, tut, üzüm, 
ərik, şəftəli, armud, zoğal, əzgil – bir sözlə, o ağacların hamısı, illər keçdikcə, 
Kuzmiç üçün əziz bir məxluqa çevrilmişdi, Kuzmiç onların hamısını – az qala, 
budaqlarının sayınacan – bir-bir tanıyırdı və əsas məsələ burasında idi ki, ona elə 
gəlirdi, elə bil, o ağaclar da onu tanıyır, onun üçün darıxır və ağacların belə bir 


 
164
vəfadarlığı Kuzmiçə bəzən elə təsir edirdi ki, – xüsusən bir az araq içəndən sonra – 
kişi qəhərlənirdi, burnunu çəkib bir siqaret yandırırdı. 
Kuzmiç bəzən ağacların arasında dolaşanda, özündən asılı olmayaraq, hansı 
ağacınsa yanında dayanırdı, əlini onun gövdəsinə sürtüb: 
– Necəsən?– soruşurdu və onun o sualının ağac üçün xoş olduğunu, az qala, 
cismən hiss edirdi. 
Vasili Kuzmiçin heç bir güzəran iddiası yox idi, gününü bir kömbə çörək və bir 
şüşə araqla keçirə bilərdi və bunu özünə  dərd eləmirdi – həyat idi və  həyatın öz 
qanunları var idi. Əhməd Ağayeviçin verdiyi pul azlıq edirdi, amma Vasili Kuzmiç 
bir dəfə də olsun, bu barədə bir söz demirdi və əsas məsələ burasında idi ki, Vasili 
Kuzmiç o ağaclara Əhməd Ağayeviçin verdiyi pula görə qulluq etmirdi, o ağacları 
sevdiyinə görə onlara o cür sidq-ürəkdən qulluq edirdi – dibini boşaldırdı, sulayırdı, 
budayırdı, gövdəsinə  əhəng çəkirdi, vaxtlı-vaxtında dərman püsgürdürdü, dibinə 
peyin tökürdü və s. – Vera Arxipovna xəstələnib yatağa düşəndə, arvadına necə 
xidmət etmişdisə, indi Əhməd Ağayeviçin bağındakı o ağaclara da eləcə cani-dildən 
xidmət edirdi, intəhası, Veranın o bəd xəstəliyinə görə, Kuzmiçin ürəyi kədərli 
olurdu, indi isə, əksinə, ağaclara xidmət edəndə ürəyi tamam açılırdı. 
Bağdakı o ağaclardan sonra Vasili Kuzmiçin ünsiyyətdə olduğu ikinci məxluq 
isə ağac yox, insan idi – üzbəüz bağa baxan Ələmdar – və Ələmdar hərdən arvadının 
qorxusundan xəlvət-xəlvət Vasili Kuzmiçin yanına gəlib onun arağına şərik çıxırdı. 
Ələmdar Ermənistandan qaçqın düşmüşdü və ailəsi – arvadı, dörd uşağı – ilə 
birlikdə Əhməd Ağayeviçin bağının qarşısındakı bağda, Vasili Kuzmiçin damı kimi 
birotaqlı damda yaşayırdı  və onun bağ sahibindən aldığı pul araq almağa imkan 
vermirdi, imkan olanda da, arvadı o saat duyuq düşürdü və Ələmdarı növbəti dəfə 
qovub bağa buraxmırdı.  
Bir dəfə, axşam Ələmdar yenə arvadından gizlin Vasili Kuzmiçin yanına gəldi 
və böyük heyva ağacının altında, Əhməd Ağayeviçin Lənkərandan gətirtdiyi, üzünə 
lak çəkilmiş kötüklərin üstündə oturub, Kuzmiçin günorta aldığı, yarısı hələ qalmış 
araq şüşəsini iki stəkana boşaltdılar.  
Ələmdar: 
– Zakuskaya bir şey net?– soruşdu. 
Vasili Kuzmiç: 
– Net, – dedi. – Quyu suyu yest. 
Ələmdar: 
– Olmadı ki... – dedi və arağı içdi, sonra quyu suyu doldurulmuş bardaqdan bir-
iki qurtum aldı, sonra da ağzını su ilə doldurub cidd-cəhdlə qarqara eləməyə başladı 
– bəzən arvadı ondan şübhələnəndə ağzını iyləyirdi – axırı ki, ağzındakı suyu yerə 
tüpürüb: – Sabah, – dedi, – səni bir əntiqə yerə qonaq aparacam... 
Ələmdar araq içəndə çox şey deyirdi, səhərisi də dediklərini yadından çıxarırdı, 
amma o günün sabahı, doğrudan da, Vasili Kuzmiçi çağırdı: 
– Adevaysa, paydyom. 
Vasili Kuzmiç: 
– Hara paydyom?– soruşdu. 
Ələmdar: 
– Ə, dünən ne skazal tebe?– dedi. – Qonaq vazmu tebya. Adevaysa. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə