Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə74/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   70   71   72   73   74   75   76   77   ...   145

 
165
Vasili Kuzmiç daha bir söz deməyib dama girdi. Otaqda dolab yox idi və Vasili 
Kuzmiç divarın bir küncünə  qəzet yapışdırıb mismar vurmuşdu və sovet vaxtı 
bayramlarda geydiyi o yeganə kastyumu da Nuh-Nəbidən qalma bir asılqana keçirib 
o mismardan asmışdı – onu götürüb geyindi. Burada yaşadığı beş il müddətində 
kastyumu bir dəfə də olsun əyninə geymədiyi üçün, Vasili Kuzmiçə elə gəldi ki, elə 
bil, onu qəfəsə salıblar və o, damdan çıxanda  Ələmdar mat-mat onun pencəyinin 
döşündəki orden-medallara baxdı: 
– Eta vsyo tvoy? 
Vasili Kuzmiç açıq-aşkar bir qürurla: 
– A kak je?.. – dedi. 
Ələmdar bir müddət də o orden və medallara baxıb:  
– Net, – dedi. – Eta vsyo snimat! 
Vasili Kuzmiçin içində bir etiraz dalğası yarandı, amma Kuzmiç o dalğanın 
qarşısını aldı, çox atılıb-düşmək lazım deyildi, dünya dəyişmişdi, həyat idi və 
həyatın öz qanunları var idi. 
Vasili Kuzmiç iyirmi beş il bundan qabaq o kastyumu alıb döşünə orden və 
medalları taxdığı gündən sonra, ilk dəfə onları açıb çıxartdı. 
Ələmdar: 
– Tak xaraşo. Getdik. 
– Kuda getdik? 
– Maştağa! Ehsan tam. 
– Çto? 
– Ehsan! Znayeş ehsan şto? 
– Net. 
Və həmin gün Ələmdar ehsanın nə olduğunu Vasili Kuzmiçə başa saldı və elə 
həmin gündən də ehsan Vasili Kuzmiçin güzəranının gözəl bir hissəsinə çevrildi. 
Məsələ burasında idi ki, Ələmdar son üç ildə  təkcə Bilgəhdə yox, yaxın 
kəndlərdə  də tanıyıb-tanımamağından asılı olmayaraq – əksəriyyətini tanımırdı – 
hansı  mərhumlar üçün ehsan məclisi düzəlirdisə, çayxanada, bazarda, məsciddə, 
bundan xəbər tuturdu, ünvanı öyrənirdi və gedib ədəb-ərkanla orada ehsan – adətən, 
plov – yeyirdi və tanımadığı o mərhuma da Allahdan rəhmət diləyirdi.  Əlbəttə, 
ehsan sahibləri  Ələmdarı tanımırdılar, amma bunun fərqi yox idi, elə bilirdilər ki, 
Ələmdar mərhumun, ya da onun hansısa qohumunun tanışıdı, bir də ki, 
müsəlmançılıqda ehsan savab idi və heç kim Ələmdarı yas yerindən qova bilməzdi 
ki, niyə gəlib burda ehsan yeyirsən. 
Ələmdarla birlikdə Maştağaya gedib həyatında ilk dəfə  həqiqi plov, halva 
yeyən, zəfəranlı  şərbət içən və bütün bunlardan vəcdə  gələn Vasili Kuzmiç həmin 
gündən sonra bir müddət  Ələmdarla birlikdə öyrəndikləri yas məclislərinə gedib 
ehsan yedi. Bəzən elə olurdu ki, kəndlərdəki o yas məclislərində təəccüb və maraqla 
Vasili Kuzmiçə baxırdılar və günlərin birində Ələmdar dedi: 
– Znayeş şto? Tı addelna, mən də addelna. A to, vmeste, patom ploxo budet! 
Və Vasili Kuzmiç həftədə iki dəfə, üç dəfə, elə həftə olurdu ki, lap beş dəfə 
kimlərinsə yas məclislərinə gedib ehsan yeyirdi və onun sidq-ürəkdən təəssüf elədiyi 
bircə şey var idi ki, bu da ehsan süfrələrində arağın olmaması idi.  
Vasili Kuzmiç müsəlmanlığı elə həmin vaxtlarda qəbul etdi – məscidə getmədi, 
heç bir mollaya müraciət etmədi, sadəcə, bir gecə tut ağacının altındakı o laklı 


 
166
kötüklərdən birinin üstündə oturub siqaret çəkə-çəkə fikirləşdi ki, düz eləmir və bu, 
Allahın xoşuna gələn iş deyil, özü xaçpərəst ola-ola müsəlmanların yas məclisində 
iştirak edir və elə həmin gecə də Vasili Kuzmiç özü-özünə qərar verdi ki, müsəlman 
olub. 
Ələmdar ona deyirdi: 
– Sən necə müsəlmansan ki, araq içirsən? 
Vasili Kuzmiç ondan soruşmurdu ki, bəs, sən niyə müsəlman ola-ola araq 
içirsən – bu, həyat idi və həyatın öz qanunları var idi, ona görə də deyirdi:  
– Mən musalman olanda dedim ki, bunun yedinstvenni, vodkaya daxli yoxdu. 
– Sünnət oldun? 
– Sunnat olsa da, olmasa da, o, heç neyə ne qodidsya.  
Ələmdar araqdan sonra quyu suyu ilə ağzını qarğara eləyəndən sonra soruşurdu: 
– Bəs, sən necə müsəlmansan? 
– Ya musalman olanda dedim ki, ya müsəlmanam, i vsyo! Uje elə Vasili 
Kuzmiç deyiləm, kak ranşe... 
Ələmdar: 
– Heç olmasa, adını dəyiş də... – deyirdi. – Vasili Kuzmiçdən müsəlman olar? 
Vasili Kuzmiç: 
– Allax urakdadi, adda yox. Man Vasili Kuzmiçam, i vsyo! 
XI
 
Kolxoz kişinin yaşı altmışı hələ keçməmişdi, saç-saqqalı isə ağappaq idi, amma 
məsələ saç-saqqalın ağlığında deyildi, onda idi ki, Kolxoz kişi cavan vaxtlarından 
özünü ağsaqqal kimi aparırdı, duruşunda, oturuşunda, danışığında elə o vaxtlardan 
ağsaqqallıq  ədası var idi və elə ki, üzünə-başına dən düşməyə başladı,  şəstlə özü 
özünə  ağsaqqal dedi, az qala, özündən böyük kişilərə: «– Ə, a bala!..»– deyə 
müraciət etdi və Azərbaycanda, o cümlədən, gözəl  Şuşada müstəqillik və  ərazi 
bütövlüyü uğrunda xalq hərəkatı başlayanda, bu hərəkatın fəal üzvlərindən biri oldu, 
Kommunist partiyasının əleyhinə hansı sənəd yazılırdısa, Mixail Qorbaçovun Dağlıq 
Qarabağı Ermənistana vermək istəyinə hansı etiraz bəyanatı qəbul edilirdisə, özü öz 
adını çəkib: 
– Kolxoz kişinin adını birinci yaz! – deyirdi, boylanıb öz adını kağızda birinci 
görməyəndə də narazılıq edirdi: – Ə, adam ağsaqqalın sözünə baxar! 
Surxay Kolxoz kişinin adını heç cürə üçrəngli bayrağın dalğalanmasına 
yaraşdıra bilmirdi və bir dəfə Kolxoz kişiyə dedi: 
– Bura bax, Kolxoz kişi, sənə bir sözüm var... 
Kolxoz kişi: 
– Nədi, a bala?– soruşdu. 
Surxay dedi: 
– Sən dədəyin goru, Kolxoz kişi, adını dəyişdir. Bizi biyabır eləmə... 
Kolxoz kişi at gözü kimi iri və qara gözləriylə zəndlə Surxayın gözlərinin içinə 
baxıb: 
– Kişinin bir adı olar! – dedi, sonra dediyi sözdən özünün də açıq-aşkar xoşu 
gələ-gələ əlavə etdi: – Kişi odu ki, adı Kolxoz ola-ola kolxoza qarşı mübarizə apara! 
XII
 


 
167
Şuşanın yuxarı hissəsində – Ağadədəli məhəlləsindən üzü-yoxuşa qalxırdın – 
Azərbaycan yazıçılarının dördmərtəbəli gözəl bir Yaradıcılıq Evi (şuşalılar ora 
«Yazıçılar Evi» deyirdi) var idi və elə ki, yay başlayırdı, yazıçılar Bakıdan ailələri 
ilə ora gəlirdilər, dincəlirdilər və yaradıcılıqla məşğul olurdular. 
Arsen Allahverdiyan uzun illər idi ki, o Yaradıcılıq Evinin həm komendantı idi, 
həm təsərrüfat müdiri, həm də gözətçisi, bir sözlə, yay-qış ailəsi ilə birlikdə o Evin 
birinci mərtəbəsində daimi yaşayan, həm Azərbaycan Yazıçılar Ittifaqından aldığı 
maaşla, həm də Yaradıcılıq Evinin həyətində  əkdiyi kartofun qazancı ilə ailəsini 
dolandıran bir erməni idi. 
Bu fani dünyaya varlı bəy ailəsində gəlmiş, sovet hökuməti qurulandan sonra isə 
Şuşada hamballıq edən Hambal Əsgər bəy, bir dəfə, növbəti yükü daşıyandan sonra 
Bazar başında dayanıb nəfəsini dərəndə, bir yekə kisə kartof gətirib bazarda satan 
Arsendən soruşdu: 
–  Ə, Arsen, «Allahverdiyan» da erməni famili olar? «Verdi» də bizimki, 
«Allah» da bizimki! 
Arsen dedi: 
– Ara, Əsgər bəy, niya olmasın? Allax hamının Allaxıdı da!.. 
Arsenin arvadı Yeva rus idi və deyilənə görə, Arsenin böyük oğlu Vova da, 
əslində, Yevanın hansısa bir rusdan olan bic oğlu idi, Arsen Yevanı alanda yanında 
gətirmişdi və doğrudan da, Vovanın sifətində ermənilikdən bir əlamət yox idi, xalis 
sarışın bir rus, slavyan balası idi, amma Arsenin ikinci oğlu Arkadi sifətdən  əsl 
erməni idi ki, varıydı, çünki, elə bil, Arsen asqıranda, burnundan düşmüşdü. 
Və – dünyanın qəribə  işləri var – həmin gün ki, Məleykə müəllimə  əlində 
yarımçıq xlor şüşəsi tutub Buzovnadakı Fəhlə Yataqxanasının üçüncü mərtəbəsində 
o bayraq rəngli qapıya baxa-baxa birdən-birə Surxayın qəzet-jurnal köşkünü yada 
salmışdı, bax, elə  həmin günün axşamı Arsen Allahverdiyan, Şuşada, elektrik 
olmadığı üçün qaranlıq çökmüş küçə ilə evinə gedirdi. Əslində, Şuşanın özü də bu 
küçə kimi bomboş idi, düzdü, ordan-burdan gəlmiş erməni ailələri var idi ki, qaçqın 
düşmüş azərbaycanlıların evlərində yaşayırdılar, amma Arsen onları tanımırdı, 
tanıdığı, ancaq şuşalı ermənilər idi ki, onların da çoxu ora-bura dağılmışdı – bir-ikisi 
Yerevanda veyllənirdi, qalanı da Moskvada, Rusiyanın başqa  şəhərlərində idi, 
bacarığı, imkanı, qohumu olan da Avropada, Amerikadaydı.  
Arsen ehtiyatla addımlayırdı, çünki Ermənistandan, xüsusən Gorus tərəfdən 
ermənilər  Şuşaya axışıb evlərin, səkilərin daşlarını, elektrik dirəklərini, məftilləri, 
boruları – nə vardısa, söküb aparırdılar Irana, satdıqlarını satırdılar, qalanından da 
özləri istifadə edirdi və həmin qaranlıqda Arsen, necə oldusa, həmin o qəzet-jurnal 
köşkünün qabağında dayandı.  
Arsen özü qəzet oxuyan deyildi, amma yayda ki, Azərbaycan yazıçıları Bakıdan 
Şuşa Yaradıcılıq Evinə  gəlirdi, onda hər gün Arsenə pul verib, xahiş edirdilər ki, 
təzə qəzet alıb gətirsin və Arsen də yoxuşu aşağı enib gəlib Surxaydan qəzet alırdı.  
Arsen nə üçün paslı  dəmir skleti qalmış o köşkün qabağında dayandı, niyə 
birdən-birə Surxayı xatırladı (xatırlamağa, yada salmağa o qədər adam vardı ki...) – 
bunu heç özü də bilmədi və o qaranlıq içində köşkün dəmir skletinə baxa-baxa öz-
özünə azərbaycanca soruşdu: 
– Ara, Surxay, xardasan indi, ara? Ara, sağsan xeç olmasa?.. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə