Seçilmiş əsərləri



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə171/184
tarix01.07.2018
ölçüsü3,11 Mb.
#52645
1   ...   167   168   169   170   171   172   173   174   ...   184

 

383


– Sən hələ balacasan. Ona görə  də  hələ çox şey bilmirsən... Sənin anan 

torpaqdır. Mənim də, bütün güllərin, çiçəklərin də, bax, o böyük ağacları görürsən, 

onların da anası torpaqdır.  

Sonra Böyük Sarı Gül göz işlədikcə uzanan düzlərə, çəmənlərə baxdı və yenə də 

Balaca Qırmızı Çiçəyə dedi: 

– Bax, görürsən, bizim anamız torpaq necə böyükdür, necə genişdir? 

Balaca Qırmızı Çiçək də geniş çöllərə, düzlərə baxdı. 

Əlbəttə, Balaca Qırmızı Çiçək sevinirdi ki, onun da anası var. Sevinirdi ki, onun 

anası belə böyükdür, belə güclüdür. 

Amma... amma o sevincdə Balaca Qırmızı Çiçəyin özü kimi lap yüngül, lap 

zərif bir qəmginlik var idi, çünki Balaca Qırmızı Çiçək istəyirdi ki, onu da anası 

qucaqlaya bilsin, xırdaca ləçəklərini öpsün... 

 

 

 



 

 

KÜLƏYIN, ÇINARIN VƏ QARANQUŞ  



BALASININ HEKAYƏTI 

 

O çinar ağacı lap balaca idi, sonra gün keçdi, ay dolandı, sonra ay keçdi, il 



dolandı, o çinar ağacı böyüdü, böyüdü və o qədər illər keçdi ki, o çinar ağacı o qədər 

böyüdü ki, haçansa eləcə balaca olmağı yadından çıxdı. Yadından çıxdı ki, yanından 

yüngülcə bir yel ötəndə, çöp kimi nazik və sütül gövdəsi az qalırdı sınsın. 

O çinar ağacının başı göylərə  dəyirdi və bütün yer üzünə  də eləcə yuxarıdan 

aşağı baxırdı və o yüksəklikdən gördüyü dünya o qədər ayaq altında, o qədər kiçik 

idi ki, özünü həmin dünyanın ən güclüsü hesab etdi. 

O çinar ağacı heç nədən çəkinmirdi, heç nədən qorxmurdu və iş o yerə çatdı ki, 

günlərin bir günündə o çinar ağacının yarpaqları xışıldadı: 

– Mən o küləkdən də qorxmuram! 

Əlbəttə, külək bunu eşitdi, çünki çöllərdə, düzlərdə, dağlarda, meşələrdə, hətta, 

dənizlərdə, okeanlarda da nə səs olurdu, nə deyilirdisə, külək onu o saat eşidirdi və 

bütün heyvanların, quşların, bitkilərin dilini bildiyi üçün, o saat başa düşürdü. 

Külək bu xışıltını da eşitdi və qəzəbləndi. 

Külək çinar ağacının ətrafında fırlandı, fırlandı, sonra daha da bərk əsdi, sonra 

lap bərkidi, çovğuna çevrildi, qıy vurub bütün ətrafa hücum çəkdi, yer titrədi, göy 

titrədi, o çinar ağacı silkələndi, yarpaqları qopdu, sonra budaqları qırılmağa başladı 

və qəzəbli külək o çinarın ətrafında elə bir burulğan yaratdı ki, o boyda ağac uzun-

uzun illər bundan əvvəlki o sütül gövdəcik kimi, əsim-əsim əsməyə başladı, lap az 

qalmışdı ki, torpaqdan qopsun və külək bircə an dayandı ki, yeni bir qıyla çinar 

ağacını göyə sovursun. 

Külək elə həmin bircə anlıq sükut içində qəfil bir civilti eşitdi. 



 

384


O çinar ağacından kənarda köhnə bir dəyirman var idi və külək, ancaq çinarın 

ətrafında burulğan yaratsa da, o burulğanın dalğası  dəyirmanın taxtapuşunu 

qoparmışdı. Dəyirmanın eyvanının dərinində, küncdə, tavanın altında isə bir 

qaranquş yuvası var idi və eləcə  zəif-zəif, yazıq-yazıq civildəyən də o yuvadakı 

qaranquş balası idi. Eyvanın o küncünü hələ külək tutmurdu, amma bayaqdan yer-

göy titrəyirdi və o köhnə  dəyirman da az qala o taxtapuş kimi, yerli-dibli qopub 

havaya uçacaqdı. 

Qaranquş balası yuvanın içində cıqqılı başını balaca və zəif bədəninə qısmışdı, 

birdən-birə aləmi bürümüş qasırğadan o qədər qorxmuşdu ki, təkcə öz ürəyinin 

döyüntüsünü eşidirdi, daha başqa heç nə görmürdü, heç nə eşitmirdi. Həmin o bircə 

anın içində ki, sükut çökdü, külək o saat o cıqqılı ürəyin döyüntüsünü eşitdi, sonra 

da o quşcuğazın yenicə dil açdığı qaranquş dilində nə civildədiyini eşitdi: 

– Mən qorxuram... 

Hə, külək bu civiltini eşitdi... 

Külək yenidən qıy vurmağa tamam hazır idi və bilirdi ki, o qıydan sonra o çinar 

ağacı köklü-dibli qopub göyə sovrulacaq, amma külək bu civiltini eşitdi və birdən-

birə tamam boşaldı, o qaranquş balasının ürəyinin eləcə  tıppıltısı içində daha qıy 

vura bilmədi... 

Külək qıy vursaydı, bilirdi, o çinar ağacı ilə birlikdə bu köhnə dəyirman da, bu 

köhnə  dəyirmanla birlikdə o qaranquş yuvası da, o qaranquş yuvasıyla birlikdə o 

qaranquş balası da göyə sovrulacaqdı... 

Balaca qaranquş balası başını qaldırıb yuvadan iki nöqtə kimi xırdaca və 

qapqara gözləriylə nigaran-nigaran ətrafa baxdı  və  ətrafın bu sakitliyi davam 

etdikcə, o cıqqılı ürəyin tıp-tıp tıppıltısı da azalırdı. 

Külək o cıqqılı ürəyin tıppıltısının eləcə azalmasını eşidirdi və heç cürə təzədən 

qıy vura bilmirdi... 

O çinar ağacı isə yavaş-yavaş özünə  gəlirdi və qolu-budağı  sınsa da, yenə 

əvvəlki kimi, yer üzünə yuxarıdan aşağı baxa-baxa deyirdi: 

– Gördünüz?! Külək mənə heç nə eləyə bilmədi!..  

 

 



 

 

 



NIGAR, YALÇIN VƏ ONLARIN DƏDƏSI 

 

Nigarın adı Nigar idi. Yalçının adı Yalçın idi. 



Nigarın dörd yaşı vardı, Yalçının iki yaşı. Nigarın kuklası vardı, Yalçının 

tapançası. Nigar evcik-evcik oynayırdı, Yalçın top-top. Nigarın öz şarı vardı, 

Yalçının öz şarı. Nigarın öz şəkilli kitabı vardı, Yalçının öz şəkilli kitabı. Nigarın öz 

velosipedi vardı, Yalçının öz velosipedi.  

Amma Dədələri bircə  nəfər idi – həm Nigarın Dədəsi idi, həm də Yalçının 

Dədəsi idi. 

Əslində Dədə Nigarın da, Yalçının da babası idi. Nigar hələ danışa bilməyəndə 

belə deyirdi: 

– Də-də-də-də-də... 

Babası da ona baxıb gülürdü: 

– Baxın, görün Nigar necə danışır: – də-də-də-də-də... 



 

385


Nigar deyirdi: 

– Də-də-də-də-də... 

Babası gülürdü:  

– Də-də-də-də-də... 

Nigar hər dəfə babasını görəndə «Də-də-də-də-də»... – dedi, axırda «Də-də...» -

dedi. «Də-də», yəni ki, Dədə. 

Nigar nə edirdisə, Yalçın da onu edirdi. 

Nigar babasına Dədə dedi, Yalçın da babasına Dədə dedi. 

Nigar istəyirdi ki, Dədə  həmişə onunla oynasın, ona nağıl desin. Yalçın da 

istəyirdi ki, Dədə həmişə onunla oynasın, ona nağıl desin. 

Indi bəs nə olsun? Axı, Dədə bir nəfərdir... 

Heç belə də iş olar?.. 

Bir gün Nigar soruşdu: 

– Dədə, hara gedirsən? 

Nigar nə soruşdusa, Yalçın da o saat onu soruşurdu: 

– Dədə, hara gedirsən? 

Dədə dedi: 

– Gedirəm televizordakıların iş yerinə. Orada məni lentə  çəkəcəklər, axşam 

televizorda danışacağam. 

Nigar sevindi: 

– Biz səni görəcəyik? 

O saat Yalçın da sevindi: 

– Biz səni görəcəyik? 

Dədə dedi: 

– Hə, axşam görəcəksiz... 

Axşam Nigarla Yalçın eyvanda oturub kağızlarda  şəkillər çəkirdilər. Axı, 

onların ikisi də rəssam idi!.. Ən yaxşı rəssam hansı idi? Elə ikisi də!.. Ancaq... ancaq 

Nigar öz kağızında nə çəkirdisə, Yalçın da öz kağızında onu çəkirdi... Birdən ataları 

onları çağırdı: 

– Nigar, Yalçın, gəlin bura, Dədə televizorda danışır. 

Nigarla Yalçın tez qaça-qaça otağa gəldi. 

Nigarla Yalçının anası, bir də atası, bir də Dədə oturub televizora baxırdı. 

Televizorda... Dədə danışırdı. 

Bu necə işdir? 

Nigar bir çay içə-içə televizora baxan Dədəyə baxdı, bir də televizorda danışan 

Dədəyə baxdı. 

Yalçın da bir çay içə-içə televizora baxan Dədəyə baxdı, bir də televizorda 

danışan Dədəyə baxdı.  

Doğrudan da bu necə işdi?.. Bay səni!.. 

Indi Nigarın da, Yalçının da iki Dədəsi vardı – bir Dədə çay içə-içə televizora 

baxırdı, o biri Dədə də televizorda danışırdı. 

Nigar dedi: 

– A-a-a!... 

Yalçın da o saat dedi: 

– A-a-a!.. 

Birdən Nigar dedi: 

– Yalçın, Yalçın, bilirsən nə var? 



Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   167   168   169   170   171   172   173   174   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə