Seçilmiş əsərləri



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə172/184
tarix01.07.2018
ölçüsü3,11 Mb.
#52645
1   ...   168   169   170   171   172   173   174   175   ...   184

 

386


Yalçın da tez istədi ki, desin: Nigar, Nigar, bilirsən nə var? Amma sonra başa 

düşdü ki, axı, belə olmaz... Dedi: 

– Nə var? 

Nigar dedi: 

– Yalçın, qoy bu Dədə mənim olsun, televizordakı Dədə sənin olsun. Bu Dədə 

həmişə mənimlə oynasın. O Dədə həmişə səninlə oynasın. Yaxşı, Yalçın? Hə? 

Yalçın Nigara baxdı, sonra otaqda çay içən Dədəyə baxdı, sonra televizorda 

danışan Dədəyə baxdı. 

Nigar bir də soruşdu: 

– Yaxşı, Yalçın? 

Yalçın dedi: 

– Yox, bu Dədə mənim olsun, o Dədə sənin olsun! 

Necə oldu bu – televizorda danışan Dədə gülmədi, amma otaqda oturan Dədə 

güldü? 


Sonra Nigarla Yalçının anası da güldü, atası da güldü. 

Sonra Nigar onlara baxıb bərkdən güldü. 

Sonra da Yalçın Nigara baxıb lap bərkdən güldü. 

  

 



 

 

 



 

MƏN YAMAN QOCAĞAM 

 

Nigar həyətdə çox atıldı-düşdü, qaçdı, tərlədi, ona soyuq dəydi, xəstələndi. 



Yalçın dedi: 

– Gördün, Nigar, adam özünü tərlətməz... Çünki adama soyuq dəyər, xəstələnər.  

Günay da başını tərpətdi, yəni ki, düzdü, Yalçın düz deyir. 

Axı, Günay hələ danışa bilmirdi, neyləsin? 

Yalçın dedi: 

– Günay, sən böyüyəndə, həyətə düşəndə, çox qaçıb özünü tərlətməzsən... Hə?  

Günay başını tərpətdi, yəni ki, hə. 

Yalçın atıla-atıla dedi: 

– Gördün, Nigar! Biz özümüzü tərlətməyəcəyik! Biz xəstələnməyəcəyik! 

Günay da əlini-əlinə vura-vura atıldı-düşdü, birdən... gurup!... dəydi yerə. 

Günay istədi bərkdən ağlasın, amma bu vaxt qapının zəngi çalındı. Yalçın 

qapıya qaçdı. Günay da tez qapıya tərəf baxdı.  

Gələn Dədə idi, Günayın, Yalçının, Nigarın babası. 

Yalçın dedi: 

– Dədə, Dədə, biz özümüzü tərlətməyəcəyik, Günay da, mən də 

xəstələnməyəcəyik! Nigar bizdən böyükdü, amma özünü tərlədib, xəstələnib! 

Dədə dedi: 

Eybi yox, daha Nigar da bundan sonra özünü tərlətməyəcək, xəstələnməyəcək. 

Yalçın Nigara baxdı: 

– Hə, Nigar? 

Günay da Nigara baxdı, istədi o da desin ki, «Hə, Nigar?», amma təkcə bunu 

dedi: 



 

387


– I-ı-ı... 

Nigar başını yastığın üstündə yavaş-yavaş tərpətdi, yavaş-yavaş da dedi: 

– Hə... 

Dədə bazardan Nigar üçün qıpqırmızı gilənar alıb gətirmişdi. Anası gilənarı 

yudu, boşqaba yığıb Nigarın çarpayısının yanındakı balaca kətilin üstünə qoydu. 

Dədə dedi: 

– Nigar, gör nə qəşəng gilənardı, ye. 

Nigar yavaş-yavaş dedi: 

Istəmirəm, Dədə... 

Dədə dedi: 

– Sən bir bax, gör nə dadlıdı... 

Dədə gilənardan birini götürüb Nigarın ağzına qoydu. 

Yalçın da, Günay da Nigara baxırdı. 

Nigar yavaş-yavaş dedi: 

 – Day istəmirəm... Acıdı... 

Dədə dedi: 

– Gilənar acı deyil, Nigar, sənin ağzın acı olub. Xəstələnmisən, ona görə ağzın 

acılaşıb. Keçib gedəcək. 

Yalçın gilənara baxa-baxa, udquna-udquna Nigarın lap yanına gəldi. Günay da 

Yalçının yanına gəldi. 

Yalçın soruşdu: 

– Gilənar acıdı, Nigar? 

Nigar yavaş-yavaş dedi: 

– Hə... 


Yalçın gilənarın birini ağzına qoyub dedi: 

– Hə, acıdı... 

Sonra bir gilənar da yedi: 

– Hə, acıdı.... 

Sonra bir gilənar da yedi, bir gilənar da yedi, yedi, yedi: 

– Hə, acıdı, acıdı, acıdı... 

Yalçın gilənarların hamısını yedi qurtardı. Sonra Dədəyə baxdı, Nigara baxdı, 

sonra da Günaya dedi: 

– Gördün, Günay, gördün mən necə qoçağam?! Acı gilənarın hamısını yedim! 

Dədə  ağzı-burnu qıpqırmızı gilənar  şirəsinə bulaşmış Yalçına baxıb güldü. 

Nigar da Yalçına baxıb güldü. Günay da: 

– I-ı-ı – dedi, yəni ki, Yalçın, doğrudan da, sən yaman qoçaqsan! Lap qoçaq!.. 

 

 

 

 

GÜNAYIN, YALÇININ, NIGARIN VƏ YEKƏ  

CANAVARIN NAĞILI 

 

Çox şilə aşı yemişəm, amma belə yalan deməmişəm. 



Günlərin bir günündə Günay, Yalçın, Nigar həyətdə oynayırdı. Bu təzə həyət elə 

gözəl idi ki!... Hər tərəf ağac, gül, ot... Bir tərəfə baxanda da böyük bir dağ 

görünürdü, özü də yamyaşıl meşəli dağ... 



 

388


Nigar gavalı  ağacına dırmaşdı. Yalçın da Nigara baxıb başqa gavalı  ağacına 

dırmaşdı, Günay da Yalçına baxıb başqa gavalı ağacına dırmaşmaq istəyirdi, amma 

dırmaşa bilmirdi. Əlləri ilə ağacdan yapışıb bir ayağını yerdən qaldıranda – gurup! – 

dəyirdi yerə. 

Birdən Nigar qışqırdı: 

– Dədə gəldi! 

Yalçın da o saat qışqırdı: 

– Dədə gəldi! 

Günay da qışqırmaq istədi «– Dədə gəldi!». Amma təkcə elə bunu dedi: 

– Də-də-də-də!.. 

Nigar ağacdan atılıb Dədənin qabağına qaçdı. Yalçın da Nigarın dalınca qaçdı. 

Günay da Yalçının dalınca qaçmaq istəyəndə yenə də – gurup! – dəydi yerə. Ah, bu 

gözəl Günay nə vaxt yaxşı yeriyə biləcək, hə? 

Günay başını qaldırdı, üz-gözünü turşutdu, istədi ağlasın, amma Dədə tez onu 

yerdən qaldırdı, tez də soruşdu: 

– Günay, bura sənin xoşuna gəlir? 

Nigar tez dedi: 

– Mənim xoşuma gəlir! 

Yalçın da o saat dedi: 

– Mənim xoşuma gəlir! 

Günay da demək istədi ki, «– Mənim xoşuma gəlir!» Amma təkcə elə bunu 

dedi: 


– Mə-mə-mə-mə... 

Nigar güldü: 

– Günay, sən quzusan mələyirsən? 

Yalçın da o saat güldü: 

– Günay, sən quzusan mələyirsən? 

Günay da güldü, demək istədi ki, « – Günay, sən quzusan mələyirsən?». Amma 

təkcə bunu dedi: 

– Gü-gü-gü-gü... 

Günay «Gü-gü-gü-gü...» – dedi, hamı da güldü. 

Nigar, Yalçın, Günay Bakıdan buraya dünən yox, o biri gün yox, o biri gün 

gəlmişdi. Nə qədər isti olacaqdı, o qədər də burada qalacaqdılar. Bu gözəl həyətdə. 

Bütün yayı. 

Dədə dedi: 

– Sabah sizi meşəyə aparacağam... 

Oy, gör Nigar necə sevindi!.. Dedi: 

– Sabah meşəyə gedəcəyik? Ura-a-a!.. 

Əlbəttə, Yalçın o saat Nigar kimi sevindi!.. Dedi: 

– Sabah meşəyə gedəcəyik? Ura-a-a!.. 

Amma Günay təkcə bunu deyə bildi: 

– U-u-u!.. A-a-a!.. 

Yalçın dedi: 

– Dədə, mən meşədə... – Sonra Nigara baxdı. – Nigar, mən meşədə... – Sonra 

Günaya baxdı. – Günay mən meşədə... 

Nigar dedi: 

– De də, Yalçın, sən meşədə nə? 

Günay da bunu soruşmaq istədi. Amma təkcə: 




Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   168   169   170   171   172   173   174   175   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə