SəDNİk paşa pirsultanli 80



Yüklə 1,75 Mb.
səhifə4/5
tarix08.07.2018
ölçüsü1,75 Mb.
#53839
1   2   3   4   5

Tacir SƏMİMİ


AMEA Folklor İnstitutunun elmi işçisi
SƏDNİK PAŞA PİRSULTANLI -80 TƏBRİKLƏR


Xalq yaradıcılığına məhəbbətlə

Professor Sədnik Paşa Pirsultanlının Azərbaycan şifahi xalq ədəbiyyatı nümunələrini toplamaq, tədqiq və nəşr etmək sahəsində gördüyü işlərin miqyasını gözönünə gətirdikdə heyrətlənməyə bilmirsən. Görkəmli alimin bu sahədəki fədakar əməyini yalnız qeyri-adi gücə malik əfsanəvi folklor qəhrəmanlarının hünər və şücaəti ilə müqayisə etmək olar. Qədim və müasir türklərin yayıldığı tarixi, coğrafi arealı Sədnik Paşa Pirsultanlı qədər gəzib-dolaşan, onun hər qarışına, çox əsrlik yaddaşını özündə əks etdirən nümunələrə Sədnik Paşa Pirsultanlı qədər yaxından bələd olan ikinci bir folklor araşdırıcısı tapmaq çətindir. S.P.Pirsultanlı 60 ildən artıq bir müddət ərzində ayağında dəmir çarıq, əlində dəmir əsa xalqımızın zəngin və unikal söz saxlancının izinə düşmüş, onu çox böyük bir canıyananlıqla, xüsusi bir qayğı və məhəbbətlə toplayıb araya, ərsəyə gətirmişdir.

Şifahi xalq ədəbiyyatının elə bir janrına rast gəlmək mümkün deyil ki, o istər folklor materialları toplayıcısı, istərsə də tədqiqatçı alim kimi, S.P.Pirsultanlının diqqətindən kənarda qalsın. Hətta bu janrların bir neçəsinin, o cümlədən əfsanə və əsatirlərin, aşıq poeziyasını və s. nəzəri əsaslarının elmi-metodoloji cəhətdən yenidən və daha mükəmməl şəkildə işlənməsi sahəsində də S.Pirsultanlının xidmətləri az olmamışdır.

Məhz S.P.Pirsultanlının məhsuldar və gərgin əməyi sayəsində Azərbaycan əfsanələrinin böyük bir qismi itib batmaq təhlükəsindən xilas olaraq əbədi yaşamaq haqqı qazanmış və özünün obyektiv elmi qiymətini almışdır.

Azərbaycan aşıq məktəbləri, xüsusilə Kəlbəcər aşıq məktəbi və onun ayrı-ayrı görkəmli nümayəndələrinin yaradıcılığı, ifaçılıq xüsusiyyətləri ilk dəfə olaraq S.P.Pirsultanlı tərəfindən geniş və fundamental şəkildə tədqiq

SƏDNİK PAŞA PİRSULTANLI -80 TƏBRİKLƏR


olunmuşdur. S.P.Pirsultanlı ozan-aşıq sənətinin mənşəyini, zaman-zaman yaranıb, formalaşan aşıq məktəblərnin hər birinə ayrı-ayrılıqda özünəməxsus fərqli sənətkarlıq manerasını, şagird-ustad münasibətlərini araşdırmış, elmə və musiqi ictimaiyytinə məlum olan və olmayan aşıq havalarının sayını təxmin etməyə təşəbbüs göstərmiş, onların tipoloji təsnifatını verməyə çalışmışdır.

Azərbaycan aşıq poeziyası öz inkişafında hansı mərhələlərdən keçmişdir? S.P.Pirsultanlının təkcə bu məsələnin araşdırılması ilə bağlı ardıcıl və səmərəli elmi müşahidələri, gəldiyi nəticələr bir neçə kitabda öz əksini tapmışdır.

Şifahi xalq ədəbiyyatının öz papulyar janrlarından olan atalar sözlərindəki bir mühüm cəhət – onların nəsr və nəzm şəklində olması bir alim kimi S.P.Pirsultanlının diqqətini cəlb etmiş və o, bu problemə də öz tədqiqatlarında geniş yer ayırmışdır.

Ağız ədəbiyyatında öz lirizmi, emosionallığı insanın ən həzin və kövrək duyğularına yaxınlığı ilə seçilən bayatılar haqqında maraqlı fikirlər söylənən S.P.Pirsultanlı bu janrın ideya-bədii cəhətdən son dərəcə kamil nümunələrini yaratmış məşhur Sarı Aşığın bayatıları üzərində geniş dayanır, milli poetik düşüncəmizin zənginləşməsində onun əvəzsiz rolunu yüksək dəyərləndirir.

S.P.Pirsultanlı şifahi və yazılı ədəbiyyatımız arasındakı genetik əlaqə və bağlılıqları son dərəcə diqqət və həssaslıqla araşdırmış, xalq bədii təfək-küründən qidalanaraq yaranan və formalaşan klassik söz sənətimizin bu zəmindəki axtarışlarının əsas prinsiplərini və qanunauyğunluqlarını nəzərdən keçirmişdir.

S.P.Pirsultanlı xalq yumorunun, ata-babalarımızın nikbin və şux ovqatının məhsulu olan gülməcələr, məşhur gülüş qəhrəmanları haqqında da maraqlı fikirlər söyləmiş, xalq gülüşünün bədii-estetik mahiyyətini açıqlamışdır.

Bundan başqa S.P.Pirsultanlı xalqımızın ictimai, siyasi və mədəni həyatında mühüm rol oynamış konkret tarixi şəxsiyyətlər, məşhur mahnılarımız və el



SƏDNİK PAŞA PİRSULTANLI -80 TƏBRİKLƏR

havalarımız, xalq təbabətində geniş yayılmış bitkilər, müxtəlif müalicə üsulları və s. barədə də saysız-hesabsız söyləmələr toplayıb oxucuların istifadəsinə vermişdir.

S.P.Pirsultanlı bir çox beynəlxalq səviyyəli tədbirlər, elmi-praktiki konfrans və simpoziumlarda respublikamızı layiqincə təmsl etmişdir.

Xalqımız S.P.Pirsultanlını həm də gözəl və orijinal dəsti-xəttə malik olan bir şair kimi tanıyır və sevir. O, bir neçə şeir kitabının müəllifidir. El şənliklərində və müxtəlif məclislərdə aşıqlarımızın ifasında S.P.Pirsultanlının şeirlərini tez-tez eşitmək olar.

S.P.Pirsultanlı uşaqlıq və ilk gənclik illərində çətin və ağır həyat tərzi keçirsə də təbiət etibarı ilə son dərəcə nikbin, şən və şux, hazırcavab bir adamdır. S.Pirsultanlının şəxsi həyatı və gündəlik qayğıları ilə bağlı söylənilən çoxsaylı lətifələr onu son vaxtlarda məşhir gülüş qəhrəmanına çevirmişdir.

S.P.Pirsultanlı elmi-tədqiqat işi və bədii yaradıcılıqla yanaşı uzun illərdən bəri həm də pedaqoji fəaliyyətlə məşğul olur. Biz ömrünün kamillik dövrünü yaşayan bu görkəmli alimə uzun ömür, can sağlığı, çoxşaxəli yaradıcılığında yeni-yeni uğurlar arzulayırıq.




Sahib İbrahimli,

Azərbaycan Yazıçılar Birliyinin üzvü

SƏDNİK PAŞA PİRSULTANLI -80 TƏBRİKLƏR



SƏDNİK PAŞA PİRSULTANLININ POETİK DÜNYASI
Sədnik Paşa Pirsultanlı haqqında fikir söyləmək həm asan, həm də çətindir. Ona görə asandır ki, onun poetik dili, dünyası anlaşılan və yaddaqalandır. Ona görə çətindir ki, onun keçdiyi şərəfli həyat yolunu, yaradıcılıq arenasını təhlil etmək üçün bir ömür vaxt lazımdır.

Sədnik Paşa Pirsultanlının çoxşaxəli yaradıcılığı müxtəlif istiqamətlərdə inkişaf etmişdir. Məni bu yazını yazmağa vadar edən nə oldu? Sədnik müəllimlə söhbət əsnasında ona Sarı Aşıqdan dörd bənd bayatı dedim. O, həmin bayatıların açmasını yerindəcə təhlil etdi. Düzü bu hadisədən sonra bu nurani çöhrəli, Azərbaycan folklorunun yeganə bilicisi, tədqiqatçısı və təbliğatçısı olan kişiyə hüsn-rəğbətim qat-qat artdı.

Onun yaradıcılığında milli poetik fikrin ən incə çalarları belə diqqəti özünə cəlb edir. Bu isə poetik fikrin ən böyük nailiyyətlərindən biridir.

Azərbaycan şifahi xalq ədəbiyyatının əsil bilicisi, dərin məzmunlu poetik duyuma malik olan bu qocaman tədqiqatçının özünün dünyaya sığmayan poetik iç dünyası vardır. Yaşı səksəni haqlamasına baxmayaraq arayır, axtarır, tədqiqat işlərini usanmaq bilmədən inamla davam etdirir. Bütün türk dünyasının folkloru haqqında geniş məlumata malikdir. Təbiətən dadlı-duzlu söhbətləri, hazırcavablığı ilə onu tanıyanların qəlbində özünə isti, məlhəm hisslər yaratmağı məharətlə bacarır.

Sədnik müəllimin tərcümeyi-halına nəzər saldıqda görürük ki, o, ömrü boyu xalq ruhu ilə yaşamış, qüdrətli, cəfakeş bir alim kimi böyük şöhrət qazanmışdır. Onun özü kimi yaradıcılıq dili sadə, diqqəti çəkəndir.

“Nizami və folklor” kitabına görə 1977-ci ildə “Yejeqodnik”ə (Velikaya Sovetskaya Ensiklopediya) daxil edilib. “Dədə Qorqud” boyları haqqında topladığı əfsanələr və elmi məqalələrinə görə 2000-ci ildə Türkiyədə nəşr olunmuş “Kitabi-Dədə Qorqud” ensiklopediyasının I və II cildlərində təmsil olunub. Düz 17 il Gəncəbasar Aşıqlar Birliyinin sədri olub. Bu müddət ərzində Gəncəbasarda aşıq poeziyasının, sənətinin inkişaf etdirilməsi sahəsində əvəzsiz xidmətlər göstərmişdir. Gənc istedadların üzə çıxarılması sahəsində də bütün varlığı ilə çalışmış, unudulmuş, yaddaşlardan silinən saz havalarına yeni nəfəs vermişdir.

1984-1993-cü illərdə Azərbaycan Aşıqlar Qurultaylarının rəyasət heyətinin və plenumun üzvü seçilmişdir. Bu qurultaylarda etdiyi çıxışlar rəğbətlə qarşılanmışdır. Qəlbən, sidq ürəklə ağız ədəbiyyatına, türk dünyasının folkloruna bağlı olan, unudulmuş bir çox aşıqları da gündəmə gətirərək onların yaradıcılığını geniş şəkildə təhlil etməyi də özünün mənəvi borcu hesab

SƏDNİK PAŞA PİRSULTANLI -80 TƏBRİKLƏR
etmişdir. Xalq tərəfindən yaradılan bir çox mahnı və nəğmələrimizin xalqa qaytarılmasında rəhbərlik etdiyi “Çeşmə” folklor teatrında göstərdiyi fəaliyyətə görə “Əməkdar mədəniyyət işçisi” adına layiq görülüb.

Sədnik Pirsultanlının yaradıcılığı təkcə Azərbaycanla bitmir. Ona görə də 1993-cü ildə Ankarada keçirilən “İpək yolu uluslararası halk edebiyyatı simpoziumu”nda və Nev şəhərində keçirilən “Hacı Veli Bektaşi” törənində dolğun məruzə ilə çıxış etmişdir.

Folklor institutunun müdafiə şürasının üzvü kimi AMEA-nın Folklor institutunun 2004-cü ildə təşkil etdiyi I, II, 2005-ci ildə III, IV uluslararası “Ortaq türk keçmişindən ortaq türk gələcəyinə” həsr olunmuş folklor simpoziumlarının məruzəçisi olub.

Yeganə alim, aşıq yaradıcılığının nəzəri problemlərini elmi əsaslarla işləyən tədqiqatçı kimi 2004-cü ildə nəşr olunmuş “Azərbaycan ədəbiyyatı tarixi”nin I cildinə daxil edilib. Respublikamızda və bir çox xarici dövlətlərdə yorulmaz tədqiqatçı alim-professorun gördüyü işlər yaddaqalan və təqdirəlayiqdir. Ona görə də 2005-ci ildə “Aztelefilm” yaradıcılıq birliyinin dövlət sifarişi ilə “Pirsultan” adlı sənədli televiziya filmi çəkilmişdir. Bütün bunlarla bərabər cəfakeş alim, əsil vətəndaş olan Sədnik müəllim pedaqoji fəaliyyətini də davam etdirir. 2007-ci ildə “Qabaqcıl təhsil işçisi” adına layiq görülmüş və “Tərəqqi” medalı ilə təltif olunmuşdur.

14 namizədlik və 6 doktorluq dissertasiyalarının apponenti olmuş, əmək və müharibə veteranıdır.

Səksən yaşının 54 ilini Azərbaycan folklorunun toplanması, nəşri və tədqiqinə həsr etmiş tədqiqatçının yaradıcılıq arenası geniş və hərtərəflidir. Ömrünün qürub çağını yaşayan qocaman tədqiqatçının yaradıcılıq yoluna nəzər saldıqda onu folklorumuzun korifeyi adlandırmaq olar. Bir neçə tədqiqatçını çıxdıqdan sonra folklor dünyasının ən birincilərindən biri də məhz Sədnik Pirsultanlıdır.

Aşağıda göstərilən elmi əsərlər və ixtiralar da onun iti qələminin məhsuludur. “Nizami və folklor”, “Azərbaycan xalq yaradıcılığının inkişafı”, “Nizami və xalq əfsanələri”, “Heca vəznli şeir və mənzum atalar sözləri”, “Heca vəznli tapmacaların inkişafı”, “Azərbaycan eposunun əfsanə qaynaqları”, “Ozan-aşıq sənətinin nəzəri məsələləri”, “Heca vəzninin bayatı və qoşma möcüzələri”, “Azərbaycan əfsanə və rəvayətlərinin ədəbi abidələrimizlə müqayisəli tədqiqi” və s. Əlli kitabın müəllifi olan bu qocaman, yorulmaz tədqiqatçı bu gündə gənclik həvəsi ilə işləyir, yorulmaq nə olduğunu bilmir.

2008-ci ildə “Aşıq Şəmşirin poetik aləminə səyahət” və 2009-cu ildə “Azərbaycan türklərinin xalq əfsanələri” kitabları geniş oxucu kütləsi tərəfindən rəğbətlə qarşılanmışdır. Bir çox fəxri adların sahibi olan Sədnik müəllimin gərgin mübarizələrlə keçən şərəfli ömrü unudulmazdır.


SƏDNİK PAŞA PİRSULTANLI -80 TƏBRİKLƏR
Saz nəfəsli şeirlərim” kitabı ilə tanışlıq.

Yurd, el-oba sevgisi hər bir insanın qəlbində yaşamalı, onun isti-soyuğuna dözməli, keçdiyi həyat yolunda silinməz izlər qoyub getməyi bacarmalıdır. Mənə belə gəlir ki, Sədnik müəllimdə yuxarıda dediyimiz keyfiyyətlərin bir çoxu yox, hamısı cəmlənmişdir.

Vaxti ilə demişdim:
Qayaları dələrəm,

Cığırınla gələrəm,

Vətən deyib ölərəm,

Telli saz görünəndə.

(Qasım Qırxqızlı)
Həqiqətən də belədir. Saz elə bir çalğı alətidir ki, onun sehri-məhəbbətinin orbitindən çıxmaq çox çətindir. Respublikamız müstəqillik qazandıqdan sonra bayağı mahnılara elə aludə olduq ki, əsil xalq musiqi alətlərimiz, tar, saz, balaban, qara zurna yaddan çıxdı. Həqiqətən də bizim xalq çalğı alətlərimizin heç bir əvəzi yoxdur. Əfsuslar olsun ki, biganəliyimizin ucbatından bir çox milli dəyərlərimizi itirə-itirə gedirik. Çox şükürlər olsun ki, Sədnik müəllim kimi “odqoruyanlarımız” vardır. Çünki onun şeirləri saz nəfəsli, təbii boyalarla bəzədilmiş, öz xislətinə uyğun xalq dili və ruhunda yazılmışdır. Buna görə də qələmindən çıxan şeirlər şirin avazla oxunur və əbədi olaraq yaddaşlara həkk olur. Çünki bu şeirlər xalq poeziyasından cilalanıb və rişələnibdir.

Sədnik müəllimin şeirlərində qəlb inamından, insana, gözəlliyə vurğunluqdan irəli gələn bir çox məqamlar vardır. “Saz nəfəsli şeirlərim” kitabının I bölümü “Könlümün tərcümanı saz” ilə başlayır. “Bəri” şeirində deyilir:


Söylə tarixini, a telli sazım,

Sən varsan, Harutdan, Marutdan bəri.

Sənin ilk səsini Musa eşitmiş,

Gəzmisən Dəclədən Fəratdan bəri.
“Aşıq” şeirində aşığa, onun sənətinə yüksək qiymət verilir.
Sazınla ucalır sözün şöhrəti,

Şair yazır, aşıq verir zinəti,

Qəlbində el ruhu, el məhəbbəti,

Hər sözü tarixdə yadigar aşıq.
Həqiqətən də belədir. Sazla deyilən söz Dədə Qorquddan, Aşıq Abbas Tufarqanlıdan, Xəstə Qasımdan, Yunis İmrədən, Dədə Ələsgərdən, Dədə

SƏDNİK PAŞA PİRSULTANLI -80 TƏBRİKLƏR
Şəmşirdən yadigar qalaraq insan hisslərini silkələməyi, onun qəlbində tufan qoparmağı, tüğyan etməyi bacarır.

“Bir çiçək də vətəndi” deyən şair incə hisslərə qapılır, bir çiçəyi vətənə bənzədir, onu oxşaya-oxşaya sevməyi tövsiyə edir.


Sevmişəm könül vermişəm,

Zövq alıb, səfa sürmüşəm,

A Sədnik, vəfa görmüşəm,

Sonasında bu dağların.
Sinəsi çalın-çarpaz olan dağlar Sədnik müəllimin də sinəsini hər an yandırır, onu vəsf etməkdən yorulmur, üzünü soyuq daşına, otuna, gülünə-çiçəyinə sürtərək, uyumaq istəyir dağ qucağında.
Can atır göylərə o məğrur başın,

Ağrıdır, Şahdağdır, çoxdur qardaşın.

Vətənə keşikçi sənin hər daşın,

Bu xalqın əyilməz bir oğlusan sən.
Şair böyük ustalıqla dağları, onun hər daşının vətənə keşikçi olmasını poetik dildə tərənnüm edir.

Həyatda təbiəti sevən insanlar çoxdur. Hər təbiəti sevəndən şair olmaz. Şair olmaq üçün gərək təbiətlə təbiətin dili ilə danışmağı bacarasan, onu sevəsən, oxşayasan, ruhun, qəlbin təbiətlə bağlı ola. Bu qəlb çırpıntıları Sədnik Pirsultanlının şeirlərində özünü açıqcasına biruzə verir. Dağları Tanrının möcüzəsi, səddi adlandırır.

“A dağlar” şeirindən:
A Sədnik, başından leysanlar töküb,

Qayalardan ona daş hasar çəkib,

Çin səddini insan əlləri tikib,

Səninkidi Tanrı səddi, a dağlar.
Öz sevgisini çəməndə, güldə, çiçəkdə tapan şair “Bənövşə” şeirində öz dərdini bənövşənin dərdi ilə eyniləşdirir, maraqlı təzad yaradır.
Neynəyim ki, mən də yara dərdimi,

Sənin kimi tez açmışam, bənövşə.

Sən nələr çəkmisən bütün el bilir,

Mən dərdimi az açmışam, bənövşə.
SƏDNİK PAŞA PİRSULTANLI -80 TƏBRİKLƏR
Dərdini bənövşədən tez açdığına görə ürəyində gəzdirdiyi dərdi ona əzab verir.

Yuxarıda dediyimiz kimi həqiqətən Sədnik müəllim gözəllik aşiqidir. Onun bu aşiqliyə mənəvi haqqı çatır.

“Dağlar gözəli” şeirini böyük həssaslıqla qələmə alaraq deyir:
Sədnik onu gördü sevdaya düşdü,

Yandı eşq oduna Kərəmi keçdi,

Yüz gözəl içindən tək onu seçdi,

Köksündə ürəkdi, dağlar gözəli.
O, bu şeirində öz ülvü sevgisini Kərəmin sevgisindən də yüksəkdə tutur, onu ülvi, müqəddəs adlandırır.

“Səfərlər” rubrikası altında verdiyi şeirlərində vətəni qarış-qarış gəzir, onun gözəlliyi, bakirəliyi qarşısında baş əyir, səcdə qılır. Dağıstanda olarkən yazdığı şeir ibrətamiz və tarixi baxımdan çox əhəmiyyətlidir. Dağıstanın itkin düşməsi, əlimizdən alınması onu yanım-yanım yandırır.

“Gəlmişəm” şeirində yazır:
Bu dağlarda itkin düşüb qardaşı,

Abdaloğlu az tökməyib göz yaşı,

Vətənə sarı əyilib o başdaşı,

Qibləsinə döndərməyə gəlmişəm.
Hörmətli Sədnik müəllim. Sizi başa düşürük. Qibləsindən üz döndərən məzar daşını elə çevirməyiblər ki, sən onu düzəldəsən. “Düzəlməz, nə də düzələsi deyildir”.

Aşıq qızlara yazdığı şeirlərdə də poetik tapıntılar çoxdur. Mikayıl Azaflının qızı Aşıq Gülarəyə yazdığı şeirdə Gülarənin avazının gəlməməsinə dözə bilmir, qəmini, kədərini dağa söyləməyi, dağa göndərməyi tövsiyə edir. Bilir ki, dağ dərdini, ancaq dağ çəkə bilər:


Ay Gülarə, sazın niyə inləyir,

Hardan alıb bu kədəri, bu qəmi?

Hanı sənin şən avazın, ay zalım,

Dözəmmədim yaş götürdü didəmi,

Dağa söylə, dağa göndər bu qəmi.
Buludun göz yaşlarına da dözə bilmir şair ürəyi. Buludla həmahəng olub, o, da göz yaşı tökmək istəyir.
SƏDNİK PAŞA PİRSULTANLI -80 TƏBRİKLƏR
“Gəldim” şeirində Ərzurum yollarının ahlı-amanlı, qarlı-çovğunlu olmasından gileylənir.
Sədnik yuxusundan vaxtsız oyandı,

Bir yuxudan qəlbi qana boyandı,

Ərzurum yolları ahdı-amandı,

Can vermə, sevgilim, möhlət al gəldim.
Ərzurum yollarında azan sevgilisini yuxularında görür, onun harayına çatmağa can atır.

Şuşa, Göyçə, Kəlbəcər, Qarabağ yaraları şairin qəlbini yanım-yanım yandırır. O yerlərin həsrəti ilə pörşələnib odsuz-ocaqsız külə dönür.

“Şuşanın” şeirində deyir:
Allah! Allah! Bir gecənin içində,

Ağardı kirpiyi, qaşı Şuşanın,

Yer də, göy də nalə çəkir, kirimir,

Ağlayır kərpici, daşı Şuşanın.
Mənə belə gəlir ki, şair bu şeirində Şuşanı Dədə Qorqudla müqayisə edir, bir gecə də saçının, qaşının ağarmasını böyük həsrətliklə vəsf edir.

İnsan ruhunun ən kiçik duyğularını poeziya zirvəsinə qaldırmaq hər yazara qismət olmur. Ancaq bu ustad sənətkar, el bilicisi, sazın, sözün qədir və qiymətini bilən Sədnik Paşa Pirsultanlıya qismət olmuşdur.

Əlbəttə, Sədnik müəllimin bütövlükdə şeir dünyasına baş vurmaq fikrində deyilik. Sadəcə ürəyimizdən keçən hissləri azda olsa qələmə almağa çalışdıq.

QASIM QIRXQIZLI,

Xocalının səsi” qəzetinin baş redaktoru,



AYB-nin üzvü, Məhəmməd Əsədov

adına mükafat laureatı
SƏDNİK PAŞA PİRSULTANLI -80 TƏBRİKLƏR

"Aşıq Şəmşirin poetik aləminə səyahət"

təqdim olundu
Ötən gün Atatürk Mərkəzində professor Sədnik Paşa Pirsultanlının "Aşıq Şəmşirin poetik aləminə səyahət" kitabının təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan Aşıqlar Birliyinin sədri, şair Zəlimxan Yaqub Aşıq Şəmşiri "əhli-ürfan dünyasının ən böyük şəxsiyyətlərindən biri" kimi dəyərləndirdi: "Aşıq Şəmşir hələ sağlığında klassikləşən sənətkarlardandır. Onun şeiriyyətində xalqımızın milli adət-ənənələri o qədər gözəl əks olunub ki, əsrlər ötsə də, yaşayacaq. Azərbaycanın, demək olar ki, bütün coğrafi məkanlarını onun poeziyasında tapmaq mümkündür. Məhz bu canlı və gözəl lövhələr onun poeziyasının uzun ömürlü olmasını şərtləndirir". Z.Yaqub professor S.P.Pirsultanlının ustad sənətkar haqqında yazdığı kitabı həm bədii, həm də mənəvi cəhətdən yüksək dəyərləndirdi, alimin folklorumuzun araşdırılması istiqamətindəki xidmətlərinin misilsizliyini vurğuladı.
Professor, millət vəkili Nizami Cəfərov Azərbaycan folklorşünaslığına töhfələr vermiş alimləri təsnifləndirərək bildirdi ki, S.P.Pirsultanlı həm nəzəriyyəyə, həm də canlı xalq ədəbiyyatına dərindən bələd olan araşdırmaçıdır.
Şair İlyas Tapdıq S.P.Pirsultanlının aşıq ədəbiyyatı və folklorumuzun tədqiqi yönündə gördüyü işlərdən söz açdı, onun ustad sənətkara həsr olunmuş kitabının böyük elmi-ədəbi və mənəvi əhəmiyyət daşıdığını dilə gətirdi. İ.Tapdıq Aşıq Şəmşirlə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşdü.

SƏDNİK PAŞA PİRSULTANLI -80 TƏBRİKLƏR
Aşıq Ulduz S.P.Pirsultanlının ustad aşığın həyat və yaradıcılığı ilə bağlı geniş araşdırma aparmasını, bu haqda kitab yazmasını təqdirəlayiq iş kimi qiymətləndirdi.
Şair Adil Cəmil S.P.Pirsultanlının Aşıq Şəmşirin həyat və yaradıcılığı, poeziyası barədə yazarkən, digər müəlliflərdən fərqli olaraq, daha dərinliklərə nüfuz etdiyini və sanballı bir tədqiqat işi ortaya qoyduğunu diqqətə çatdırdı.
Tədbirin sonunda çıxış edən müəllif tədqiqləri və kitabı haqqında səslənən müsbət fikirlərə görə minnətdarlığını bildirdi.
Qeyd edək ki, sözü gedən kitabda alimin eyni adlı elmi monoqrafiyası dörd bölmə və nəticə halında təqdim olunur. Əsərdə Aşıq Şəmşirin on altıncı əsrdə ulu babası Miskin Abdaldan başlayan aşıq-şairlik nəsil şəcərəsi, XX əsrdə sənətin fövqünə yüksəlməsi diqqət mərkəzindədir. Kitabda Aşıq Şəmşirin dağlar, Səməd Vurğun, sələfləri və xələfləri ilə bağlı yazdıqları fərqli bölmələrdə ətraflı nəzərdən keçirilir. Bu yeni nəşrdə Aşıq Şəmşirlə bağlı xatirələr və maraqlı fotolar da yer alıb.

Sevinc MÜRVƏTQIZI

525-ci qəzet.- 2009.- 16 aprel.- S.7.


SƏDNİK PAŞA PİRSULTANLI -80 TƏBRİKLƏR



Aşıq Şəmşir poeziyası

yeni araşdırmada

Bu günlərdə Atatürk Mərkəzində professor Sədnik Paşa Pirsultanlının görkəmli saz-söz sənətkarı, ulu ozan Dədə Şəmşirin həyat və yaradıcılığına həsr olunmuş monoqrafiyasının təqdimat mərasimi keçirildi. Mərasimi giriş sözü ilə açan Respublika Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub “Aşıq Şəmşirin poetik aləminə səyahət” adlanan (Bakı, “Təknur”, 2008) bu kitaba görə öncə müəllifə - Sədnik müəllimə öz təşəkkürünü bildirdi və üstündən müəyyən zaman keçəndən sonra klassikləşən qüdrətli söz sənətkarlarımızın haqqında belə monoqrafiyaların yazılmasına ciddi ehtiyac olduğunu vurğuladı.

Atatürk Mərkəzinin müdiri, AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərov qeyd etdi ki, Aşıq Şəmşir əslində az tədqiq olunmuş sənətkardır, onun ədəbi irsi neçə-neçə elmi əsərlərin, monoqrafiyaların meydana çıxmasına zəngin material verir. Natiq onu da əlavə etdi ki, aşıq şeirinin sonuncu mogikanı olanı Dədə Şəmşirin orta məktəb dərsliklərində tədris olunmaması da təəssüf doğurur və növbəti nəşrlərdə bu nəzərə alınmalıdır. N.Cəfərov təqdim olunan kitabın müəllifinə - professor Sədnik Paşa Pirsultanlıya faktoloji materiallara və həyatı həqiqətlərə istinadən yazılmış mənalı, məzmunlu kitaba görə gözaydınlığı verib, ona yeni-yeni uğurlar və möhkəm cansağlığı dilədi.

Təqdimat mərasimində şair, Prezident təqaüdçüsü İlyas Tapdıq Dədə Şəmşirlə ünsiyyətindən, onun Kəlbəcərdə qonağı olarkən “Kəlbəcərdədir” rədifli şeirini yazmağından, nəşriyyatda işlədiyi müddətdə ustadın bir neçə



SƏDNİK PAŞA PİRSULTANLI -80 TƏBRİKLƏR

kitabına redaktorluq etməyindən danışdı, Sədnik müəllimin böyük söz sənətkarına, fitrət və ilham sahibinə həsr etdiyi monoqrafiyanın elmi, ədəbi ictimaiyyətimiz üçün kəsb etdiyi dəyəri iştirakçıların diqqətinə çatdırdı.

Professor Həsən Mirzə, şair tədqiqatçı Adil Cəmil, folklorşünas Elxan Məmmədli, Maşallah Xudubəyli, Aşıq Şəmşirin həyat və yaradıcılıq yolu barədə namizədlik dissertasiyası yazmış araşdırmaçı Səbinə İsayeva çıxış edərək S.P.Pirsultanlının bu kitabını yüksək dəyərləndirdilər. Mərasimdə iştirak edən aşıqlardan Aşıq Ulduz və Aşıq Firudin də həm Dədə Şəmşir, həm təqdimatı keçirilən kitab haqqında ürək sözlərini söylədilər.

Aşıq Şəmşirin övladı Qənbər Şəmşiroğlu və nəvəsi – Milli Məclisin deputatı Cavid Qurbanov ulu ozan haqqında maraqlı xatirələrini danışıb Sədnik Paşa Pirsultanlıya, təqdimat mərasimini idarə edən Zəlimxan Yaquba, bu tədbirin keçirilməsinə şərait yaradan Nizami Cəfərova dərin minnətdarlıqlarını bildirdilər. Sədnik müəllim də öz növbəsində bu tədbirin bütün iştirakçılarına təşəkkürünü bildirib 47 il müddətində dostluq əlaqələrini itirmədiyi Aşıq Şəmşir ailəsinə yeni kitabı ilə azacıq da olsa sevinc bəxş etməyindən məmnun olduğunu vurğuladı.



A.Savalan,

Ədəbiyyat qəzeti” № 14,



17 aprel 2009-cu il, səh 5

SƏDNİK PAŞA PİRSULTANLI -80 TƏBRİKLƏR


AŞIQ ŞƏMŞİR SƏNƏTİNƏ EHTİRAM
Bu günlərdə Atatürk Mərkəzində professor Sədnik Paşa Pirsultanlının “Aşıq Şəmşirin poetik aləminə səyahət” kitabının təqdimat mərasimi keçirildi. Tədbirin aparıcısı xalq şairi, Azərbaycan Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqub işti-rakçıları salamladı. Professor S.P.Pirsul-tanlının aşıq sənətinin sirlərini dərindən bilməsini diqqət önünə gətirdi. Bildirdi ki, bu dəfə professor oxucularını ustad aşıq-larımızdan biri ilə - Aşıq Şəmşirin zəngin poetik dünyası ilə yaxından tanış edir. Özü də bu kitabda poetika məsələləri özünə geniş yer alıb ki, bu da kitabın dəyərini daha da artırır, - deyən natiq düşüncələrinin axarını Dədə Şəmşir yaradıcılığına yönəl-dərək onun zəngin mənəvi-ədəbi irsindən məhəbbətlə danışdı.

Atatürk Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü, millət vəkili Nizami Cəfərov çıxışında Sədnik Paşa yaradıcılığını yüksək qiymətləndirdi, kitabın elmi məziyyətləri barədə ətraflı məlumat verdi.

Məclisə təşrif buyurmuş elm, söz-sənət adamlarından professor Həsən Mirzəyev, şair İlyas Tapdıq, Türkiyənin Qars vilayətindən qonaq gəlmiş sabiq millət vəkili Arslan Aydar, AMEA Folklor İnstitutunun əməkdaşlarından Elxan Məmmədli, Maşallah Xudubəyli, Səbinə İsayeva, “Ədəbiyyat” qəzetinin şöbə müdiri şair Adil Cəmil, ADPU-nun dosenti Yaqub Babayev, aşıq Ulduz, kəlbəcərli aşıq Musa və başqalarının çıxışlarında saz-söz sənətinə olan böyük sevginin və dərindən bələdliyin nəticəsində belə bir kitab araya-ərsəyə gəldiyini vurğuladı.

Tədbirdə Aşıq Şəmşirin oğlu Qənbər və nəvəsi Cavid çıxış edib kitabın müəllifinə minnətdarlıqlarını bildirdilər.

Sonra professor Sədnik Paşa Pirsultanlı tədbirdə iştirak edənlərə səmimi minnətdarlığını çatdırdı.
Şakir ƏLİFOĞLU,

AMEA-nın Folklor İnstitutunun əməkdaşı,

“Qarabağa aparan yol” qəzeti,

№ 07, 23 aprel 2009-cu il



SƏDNİK PAŞA PİRSULTANLI -80 TƏBRİKLƏR



Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə