dövranə dəyər.
Son illər ictimai-siyasi həyatımızda vüsətli canlanma, oyanış əmələ
gəlmişdir. Totalitar rejim məhv olandan sonra cəmiyyət silkələnib qəflət
yuxusundan oyanmışdır. Bir-birinin ardınca getdikcə böyüyərək və şiddətlənərək
sahilə çırpılan dəniz dalğalarıtək ictimai dəyişikliklər də dərinləşir, quvvətlənir.
Sakit havada qırçın ləpələr sahili yalayanda dəniz şəffaf və təmiz olur. Təlatümə
gəldikdə isə dibində nə varsa üzə çıxır. Bu baxımdan ictimai-siyasi dəyişikliklər
təlatümü çox xəzinələri üzə çıxarmış, məlum təkzibolunmaz görünən tarixi
həqiqətləri saf - çürük etməyə məcbur etmişdir.
Milli özunüdərklə bərabər keçmişə yeni nöqteyi - nəzərdən yanaşılır.
Hadisələrə, şəxsiyyətlərə kəskin sinfi münasibət öz yerini daha geniş mənalı insani
munasibətə verir. Bu da məlum hadisələrin gizli qatlarını araşdırıb yeni
həqiqtləri aşkara çıxarır.
Hər bir xalq özünün tarixi abidələri, şəxsiyyətləri ilə fəxr edir. Bunlar
millətin, xalqın qədimliyindən və qəhəmanlığından soraq verir, hələ yer üzündə elə
bir xalq, millət yoxdur ki, onun heç olmasa yaxın keçmişdə belə fəaliyyət göstərən
tarixi şəxsiyyəti olmasın.
Azərbaycan xalqının tarixi keçmişi və tarixi şəxsiyyətləri bir çox
yüzilliklərdən məlumdur. Fəxrlə demək olar ki, tarixi şəxsiyyətlərdə onun bəxti
gətirib. Xususilə alimlərimiz, qəhrəmanlarımız, ədib və şairlərimiz qibtə ediləcək
dərəcədə varımızdır. Başqa millətin, xalqın tarixi şəxsiyyətini özününküləşdirmək
üçün heç kəsin qapısına getməmişik və heç bir millətin oğlunu öz adımıza çıxmaq
iddiasında da deyilik.
Hələ qədimdən Azərbaycanda elə nəsillər, qəbilələr olub ki, onlar mərdliyi,
qoçaqlığı, döyüşkənliyi ilə təkcə özümüzdə yox, bütün Şərqdə, Avropada
tanınıblar. Naxçıvanda Şahtaxtinskilər, Kəngərlilər, Bakıda Bakıxanovlar, Qazaxda
Qayıbov, Şıxlinski və Vəkilovlar, Borçalıda Yadigarovlar, Şəkidə Çələbilər,
Gəncədə Cavadxanlar, Ziyadxanovlar və Rəfibəyovlar, Qarabağda Qacarlar,
Cavanşirlər və Mehmandarovlar, Lənkəranda Talışinskilər və başqaları el qeyrəti
çəkən, ana torpağın üstünü təhlükə alanda birləşib ayağa qalxan, onun hər qarışı
uğrunda canlarından keçən oğullar yetiriblər.
Tarixi sənədlər şahidlik edir ki, bu nəsillərin övladlarının əksəriyətindən
görkəmli sərkərdələr, generallar da yetişmişdir.
“Ot kökü üstə bitər” - deyib ulularımız. O ağacın ki, kökü ana torpağın dərin
qatlarına işləyir, qərinələrlə, əsrlərlə yaşayır, zamanın bütün tufanlarına sinə
gərərək insanlara xeyir verir: qoca palıd kimi, xan çinar kimi. Belə ağaclar həm
yaşayır, həm də ətrafındakılara həyan olur. Ayrı-ayrı nəsillərin yetişdirdiyi
görkəmli, xeyirxah adamlar da belədir. Əslində bu şəxsyyətlər xalqın, millətin bel
sütununu təşkil edir, hansı xalq, hansı millət onlara etinasız yanaşırsa, o xalqın
gələcəyi qaranlıqdır. Vaxtilə Puşkin nahaqdan yazmırdı ki, öz ata - babalarının
şöhrəti ilə fəxr etmək nəinki olar, həm də lazımdır. Onların şöhrətinə hörmət
etməmək ayıbdır və qorxaqlıqdır. Təəssüf ki, uzun illər boyu biz bunu
anlamamışıq. Suyunu içdiyimiz bulağın gözünə daş basmışıq. Az qala Füzuli,
Nəsimi, Xətai yaradıcılığından da sosializm, realizm tələb etmişik. Yeni sovet
dövrünün çərçivəsinə sığmayanlarımızın - hansı əsrdə yaşamasından asılı
olmayaraq üstündən qara xətt çəkmişik. Beləliklə də özümüz özümüzü
kökümüzdən ayırmışıq. Nə yaxşı olub ki, bu köklər ana torpağın dərin qatlarına
işlədiyindən onları tamam üzə bilməmişik. Özümüzü tanımaq istəyiriksə, gəlin o
köklərə yenidən həyat verək, gözünü bağladığımız bulaqları təmizləyək.
Keçmişimizə laqed olmayaq. Laqeydlik vaxtından əvvəl ölüm deməkdir.
Keçmişini bilməyən, bu günündə də düzgün istiqamət götürə bilməz. O, həm də
gələcəyindən məhrum olur.
Görkəmli nəsillərimiz barəsində məclislərdə iftixarla danışıb, yazmağa
gələndə əksəriyyətimiz susmuşuq. Kim də cəsarət eləyib yazıbsa nəşrinə icazə
verilməyib. Əlyazmaları illərlə nəşriyyatların sandığında “mühafizə” edilib. Axırda
da özümüzə qaytarılıb ki, musavat generalı olub, bəy, xan oğludu, kağız qıtlığıdı,
maddi imkan yoxdu və s. ağılagəlməyən şübhələr, bəhanələr, qarayaxmalar ortaya
atılıb.
Görkəmli mütəffəkkirimiz Abbasqulu ağa Bakıxanov necə də sərrast deyib:
“Gözlü adam o adamdır ki, özünü görə bilsin”.
Oxucum! Üzünə açılan bu kitabda yaxşı, sağlam nəsillərin timsalında
Azərbaycanımızın, xalqımızın özünü görəcəksən. Elə buradaca sevimli şairimiz
Hüseyn Arifin də bir bəndini oxu, gərəyin olar:
İnsandan insana söz də yadigar,
Həqiqi nə varsa, qulaqda qalsın.
Sevimli övladlar, şirin balalar,
Öz kökü üstündə qalxıb, ucalsın.
20 dekabr 1998-ci il.
GENERAL NAXÇIVANSKİ
QARDAŞLARI
Mən Azərbaycan torpağını, özünün
böyük şanlı qəhrəmanlıq ənənələri olan
torpağını sevirəm. Mən öz qanı ilə
Azərbaycanın çoxəsrlik tarixinə yeni
qəhrəmanlıq dastanları yazan oğulların
adı ilə fəxr edirəm.
Səməd VURĞUN
Rusların Zaqafqaziyanı işğalından sonra Naxçıvanski soyadını qəbul edən
Kəngərlilər nəsli Azərbaycanın hərb tarixinə beş general bəxş edib. Ehsan xan,
Kəlbalı xan, İsmayıl xan, Hüseyn xan və Cəmşid xan Naxçıvanskilər bu nüfuzlu
nəslin yetirmələridir. Azərbaycan Demokratik Respublikasının fəaliyyəti illərində
/1918-20-ci illərdə/ isə Milli Ordumuzda çoxsaylı Kəngərli zabiti xidmət etmişdir:
Şərur və Naxçıvan qəzasının general-qubernator köməkçisi rotmistr Bəhram xan
Naxçıvanski, podpolkovnik Ehsan xan və Davud xan Naxçıvanski qardaşları,
ştabs-rotmistr Murad xan Naxçıvanski, Suleyman ağa Kəngərli və başqaları
ordumuzun təməl daşını qoyanlardan olmuşlar.
Naxçıvanskilər Azərbaycan hərb tarixində Qacarlardan sonra ən çox general
yetişdirən nəsildir. Onlar təkcə sayına görə deyil, həm də qabiliyyət və bacarığına
görə çox məşhur olmuşlar. İftixarla qeyd edək ki, köhnə rus ordusunda tam süvari
generalı rutbəsini alan və “Ağ qartal” kimi ali ordenlə təltif olunan ikinci
4
azərbaycanlı hərbçi Hüseyn xan Naxçıvanski idi.
Kəlbalı xan Naxçıvanski
Nə Azərbaycan, nə də rus hərb tarixi general-mayor Kəlbalı xan
Naxçıvanskinin anadan olduğu ili saxlamayıb. Ümid verən arxivlərdə, inqilabdan
əvvəlki Hərbi tarixi mənbələrdə nə qədər axtardıqsa, onun təvəllüd ilini
dəqiqləşdirə bilmədik. İnqilabdan əvvəlki ədəbiyyatlarda general Kəlbalı xan
Naxçıvanskinin bir neçə yerdə səthi də olsa adı çəkilir və hərbi fəaliyyəti qeyd
olunur.
Kəlbalı xan Naxçıvanın sonuncu hakimi Ehsan xanın oğludur. Zaqafqaziya
Rusiya ilə birləşəndən sonra general rütbəsi alan Ehsan xan, 1929-cu il fevralın 10-
da Rusiya ilə İran arasında Turkmənçay Sülh Müqaviləsini imzalayanlardan biri
olmuşdur. O, burada İrəvan və Naxçıvan xanlığının, Ordubad dairəsinin
səlahiyyətli nümayəndəsi kimi iştirak etmişdir.
Hərbi tarixçilər V.Potto, İ.Zinovyev, general V.Zubov, İ.Paskeviç və yazıçı
A.Qriboyedovun yol qeydlərindən məlum olur ki, Rus - İran müharibəsi zamanı
Ehsan xan naxçıvanlılardan və ruslardan ibarət olan on min nəfərlik qoşuna
başçılıq etmişdir. Bu müharibədə ad-san qazanan general Ehsan xan sonralar Krım
müharibəsində də şücaətlə vuruşmuş, ali Hərbi ordenlərlə təltif olunmuşdur.
Görkəmli sərkərdə kimi Ehsan xanın adı Kremlin Georgi salonunda qızılı hərflərlə
yazılmışdır.
Tarix öz səhifələrində bir maraqlı faktı da saxlayıb: Aleksandr Qriboyedov
və Abbasqulu ağa Bakıxanov İrana gedəndə Ehsan xanın Xandikindəki evində
qonaq olmuşlar. Bu barədə A.Qriboyedovun “İrəvan yurüşü” yol qeydlərində
maraqlı sətirlər var:
“Sübh tezdən oyanırıq: bərk isti idi. Abbasqulu ağa nəql elədi ki,
Yelizavetpol döyüşü şair Nizaminin məqbərəsi yanında baş verib.
Naxçıvandan səkkiz mil aralıda dayanmışıq. Araz kənarından
Abbasabadın geniş mənzərəsi açılır. Şimal-şərqdən Qarabağ dağlarının, Naxçıvan
düzənliyinin möcüzəli gözəlliyi açılır. Arazın arxası Yaylandağla və ona oxşar iki
başqa dağla əhatə olunub. Qərbə doğru baxanda isə Ağrıdağı ucalır. Naxçıvan özü
isə Qarabağ dağlarının davamı olan düzəngahda yerləşir.
4
Birinci dəfə “Аğ qаrtаl” аli оrdеni ilə 1888-ci ildə ilk аzərbаycаnlı vitsе-аdmirаl Ibrаhim bəy Аllаhvеrdibəy оğlu Аslаnbəyоv /1822-1900/,
1915-ci ildə isə gеnеrаl Səmədbəy Меhmаndаrоv təltif оlunmuşdur - /müəl./
Dostları ilə paylaş: |