Şərqşünaslıq fakültəsi İstiqaməti, şifri və adı: hsm- 040000 Dilşünaslıq İxtisası, şifri və adı: hsm- 040009 Ərəb dili


II FƏSİL ƏRƏB İŞGÜZAR YAZIŞMALARININ



Yüklə 129,86 Kb.
səhifə4/19
tarix12.12.2023
ölçüsü129,86 Kb.
#148911
1   2   3   4   5   6   7   8   9   ...   19
referat 1842

II FƏSİL
ƏRƏB İŞGÜZAR YAZIŞMALARININ
DİL XÜSUSİYYƏTLƏRİ
İş sferası insan fəaliyyətinin həyati vacib sahələrindən biridir. Məhz iş sənədlərinin yazışmaların köməyilə rəsmi, xidməti əlaqələr, əməkdaşlıq əlaqələri yaranır, müəssisələr, təşkilatlar, dövlətlər arasında münasibətlər tənzimlənir, həmçinin insanlar arasında şəxsi əlaqələr qaydaya salınır.
Hər bir sivilizasiya səviyyəsinə özünəməxsus iş mədəniyyəti dərəcəsi uyğun gəlir. Bazar iqtisadiyyatının qanunları və hüquqi dövlətlərin qurulması müasir iş sahəsinə bir sıra tələblər irəli sürür. Bu tələblər düzgün şəkildə tərtib olunmuş sənədlər vasitəsilə yerinə yetirilir. Bu səbəbdən həmin sənədlərlə işləmək, təcrübə əldə etmək üçün nəzəri əsasları öyrənmək zərurəti ortaya çıxır.
İşgüzar sənədin janr-üslub xüsusiyyətləri təkcə məlumatın toplanmasına şərait yaratmır, həmçinin, xüsusi şəkildə əməkdaşlar arasında anlaşma yaranmasına da imkan verir. Bu xüsusiyyət dilin kommunikativ funksiyasının üsullarından biri kimi formalaşır. Kommunikativ funksiya semantika ilə sıx bağlıdır. Belə ki, ünsiyyət dilin məntiqi tərəfinə əsaslanır.
İşgüzar sənədlərin semantikası kimi iş sferasının dil vasitələri ilə ifadəsi də müəyyən dil sistemi, proseslər və situasiyalardan asılıdır. O, özünü müəyyən surətdə verilmiş sahənin terminologiyasında göstərir.
Funksional-kommunikativ nöqteyi nəzərdən hər bir mətn özündə çoxtərəfli özünütəşkil xüsusiyyətinə malik olan sistemin virtual vəziyyətlərindən birini əks etdirir. Bu sistem “müəllif-mətnin material daşıyıcısı-qəbul edən” üçlüyündən ibarətdir ki, burada da müəllif ən aktiv tərkib hissəsi funksiyasını yerinə yetirir. Eyni zamanda, sistemin iki digər komponenti də müəllifin nitq fəaliyyətinə müəyyən dərəcədə təsir edə bilər ki, onlar da informasiyanın saxlanması, ötürülməsi və emalı funksiyasını yerinə yetirirlər [26,46].
Mətnin məzmununa gəlincə, demək lazımdır ki, o mətnin anlaşılması və dərk edilməsi prosesindən kənarda mövcud deyil. Belə ki, bu məzmun hər dəfə həmkarın yaddaşında ona təsir edən müəyyən siqnalların nəticəsi kimi formalaşır. Bu siqnalların rolunda dil vasitələri çıxış edirlər.
Vəziyyət bunu tələb etmədikdə iş sənədləri çox uzun olmamalıdırlar. Onlar lakonik olmalı, informasiyanı səlis və faktlar əsasında ötürməlidirlər. Lakin bu o demək deyil ki, sənədlərin həcmi baxımından hər hansı bir senzura mövcuddur və uzun məktublar epistolyar etiketi pozurlar. Əksinə, ərəb dilində olan sənədlərin tərtibi zamanı mətnin bəlağətli olmasına xüsusi əhəmiyyət verilir.
Ərəb dilində bu və ya başqa sənədləri tərtib edərkən ərəb cəmiyyətinin mentalitetini də nəzərə almaq lazımdır. Ərəblərin bütün həyatı din üzərində qurulub. Əbu Süleyman ibn Tahirin tarixi aforizmi bunu bir daha təsdiq edir: “Ərəblərin qrammatikası din, yunanların qrammatikası ağıldır.” [26,14] Ərəb sənədlərini tədqiq etdikdə, aydın olur ki, dini leksik fond ərəb dilində önəmli yer tutur. Orta əsrlərdə olduğu kimi, bugün də ərəb cəmiyyətində din birinci yerdə durur ki, bunu da ərəb dilində sənəd tərtib edərkən nəzərə almaq lazımdır.
Məlumdur ki, ərəb ölkələrində işgüzar danışıqlar ana dilindən əlavə, ingilis, fransız və başqa əcnəbi dillər vasitəsilə həyata keçirilir. Lakin məhz ərəb ədəbi dilində, eləcə də əl ilə tərtib olunmuş sənəd əcnəbi dildə olan sənəddən daha yüksək qiymətləndirilir. Belə ki, bu cəhətlər ənənələrə hörmət və ərəb dilini yüksək dərəcədə bilməyin əlaməti kimi dəyərləndirilir.
İşgüzar sənədlər o zaman düzgün tərtib edilmiş hesab olunur ki, orada şəxsi maraqlar deyil, müqabil tərəfin tələbləri öz əksini tapmış olsun. Adətən, sənədlər tipik sxem üzrə tərtib olunur: ilk sətirlər diqqəti cəlb edir, növbəti sətirlər maraq doğurur, sonrakı abzaslar xahiş xarakteri daşıyır, sonuncu hissə isə hərəkətə sövq edir. Giriş və sonda istifadə olunan nəzakət formulları epistolyar üslubun bu növündə əvəzolunmaz elementlərdəndir.
Burada digər faktorlar da işgüzar sənədlərdə müəyyən rol oynayırlar. Ünvanlanan şəxsə təkcə sənədin məzmunu deyil, onun xarici görünüşü də təsir edir. Adətən, Ərəb Şərqi ilə işgüzar yazışmalar zamanı aşağıdakıları nəzərə almaq lazımdır:
-məktubun hansı ərəb ölkəsinə ünvanlanmasını;
-dini, rəsmi, peşəkar, yaş faktorlarından asılı olan xüsusi müraciət formalarını;
-din faktorunu: ərəblərin müsəlman və ya xristian olmasını;
-sənədin əl ilə yazılmasının vacib olub olmamasını;
-sənəddə ədəbi dil ilə yanaşı dialektizmlərin mümkün olub olmamasını;
-ayın tarixinin hansısa mənaya malik olub olmamasını [26,45].
Təbii ki, bütün bu tələblər konkret hadisələrlə bağlıdır. Lakin, işgüzar sənədlərlə işə başlayarkən nəzərə almaq lazımdır ki, təkcə onların düzgün tərtibi deyil, milli, mədəni xüsussiyyətlərin dərk edilməsi də uğura aparan vacib məsələlərdən hesab olunur.
Ünsiyyət özü insanlar arasında münasibətləri müəyyən edir. Ünsiyyət zamanı insanlar arasında informasiya mübadiləsi baş verir. İnformasiyanın düzgün istifadə edilməsi kommersiya-istehsal sahələrində fəaliyyət göstərənlər üçün vacib bir amildir. Yazı vasitəsilə informasiya rəsmi sənəd olmaq hüququ qazanır.
İnformasiyanın təkmilləşdirilməsi və sənədlərin axınını idarə etmək problemi eyni zamanda müsəlman ölkələrində də mövcuddur. Ərəb ölkələrində də yeni kompyuter texnikasına və proqram təminatına kəskin tələbat duyulur. Ərəblərin informatikanın inkişafı ilə əlaqədar olaraq rastlaşdıqları çətinlikləri yalnız ərəb ölkələri üçün xarakterik olan problemlər kateqoriyasına aid etmək olmaz. Mahiyyətcə, bu problemlər bütün inkişaf edən ölkələrə istisnasız aiddir.
Ünsiyyət öz təbiətinə görə, kommunikasiyanın sistemi və prosesləri ilə əlaqələnən müəyyən intellektual fəaliyyət xarakteri daşıyır. Ünsiyyətin dil formalarının təşkilində üç tipin (monoloq, dialoq, poliloq) ayrılması iş sferasında nitq fəaliyyətinin real formalarına cavab verir.
Monoloq − ünsiyyətin bir istiqamətli formasıdır. O, janr və funksional-kommunakativ xüsusiyyətlərinə görə müəyyən əlamətlərin dərəcələrinin asılı olduğu informasiyanın passiv, orta səviyyəli mənimsənilməsinə yönəldilib.
Dialoq − rəylərin qarşılıqlı mübadiləsinin baş verdiyi sosial əlaqənin xüsusi formasıdır. Dialoqun əsas, məzmunlu hissəsi həmsöhbətlər arasında bölünüb, eyni zamanada da söhbətin predmeti ilə birləşib. Söhbətdə ikidən artıq şəxs (tərəf) iştirak etdikdə poliloq yaranır ki, bu da bir neçə dialoqa bölünmür, tək məzmuna malik olur.
Mövzunun xarakterinə, əlaqənin saxlanmasına görə dialoqun aşağıdakı üç növünü ayırırlar:
-simmetrik (həmsöhbətlərin bərabər iştirakını tələb edən) və asimmetrikin iki yarımnövü:
-ekstravert (həmsöhbətə istiqamətlənmiş);
-introvert (həmsöhbətin maraqlarını nəzərə almadan öz fikirlərini aydınlaşdırmaq) [29,56].
Etnoslar arası dialoqda nitqin tonu həm fərqli (avropalılar üçün), həm də oxşar hadisələrin işıqlandırılmasında özünəməxsus rol oynayır. Deməli o, özünəməxsus etnik xüsusiyyətlərə malikdir. Bu hadisələrdən təntənəlilik, ibarəlilik, metonimiya və s. göstərmək olar. Onlar ərəb epistolyar üslubunun əvəzolunmaz hissəsini təşkil edir və ərəb üslubiyyatını dolğun xarakterizə edirlər. Ərəb ənənəsinə uyğun olaraq, o “bəlağət” adlanır və təkcə yazışmalarda deyil, bütün janrlarda da aparıcı yer tutur.
Ünsiyyətin, insanlar arasında informasiya, fikir mübadiləsi vasitəsinin özündə qeyri-rəsmi (gündəlik) və rəsmi tərəfləri ayırırlar. Qeyri-rəsmi ünsiyyət daha az qaydalarla tənzim olunur, onun məqsəd və xarakteri insanların şəxsi münasibətləri əsasında müəyyənləşir. Rəsmi ünsiyyət isə insanların sosial funksiyaları ilə şərtlənir, forma və məzmununa görə müəyyən qaydalara tabe olur.
İşgüzar ünsiyyət rəsmiyə aiddir, bəzi qaydalarla həyata keçirilir, əlaqələrin yaradılmasına yönəldilir.
Bütün ticari sənədləri ümumi cəhətlərinə görə belə qruplaşdırmaq olar:
-idari (rəsmi) və şəxsi sənədlər;
-daxili və xarici sənədlər (müəyyən təşkilatın daxilində tərtib olunanlar daxili, əcnəbi ölkələrdən gələnlər xarici adlanır);
-informasiya xarakterli, təyinedici və icraedici sənədlər;
-standart və qeyri-standart sənədlər.
Standart sənədlər arasında tender, reklam məktubu, təsdiq məktubu, xatırlatma, cavab, teleqram, müqavilə, protokol və s. göstərmək olar.
İşgüzar məktublar çoxsaylı operativ məsələlərin həllinə yardım edir.
Funksional əlamətlərinə görə məktubları iki qrupa ayırmaq olar: 1) cavab tələb edən sənədlər (müraciət, sorğu, təklif və s.); 2) cavab tələb etməyən sənədlər (dəvət, xatırlatma, xəbərdarlıq və s.).
Tematik əlamətlərinə görə isə şərti olaraq işgüzar və ticari yazışmanı ayırmaq olar. Fəaliyyətin iqtisadi, hüquqi, maliyyə formalarını yerinə yetirən yazışma işgüzar hesab olunur. Material-texniki təchizat məsələləri ilə bağlı olan yazışma ticari adlanır [31,59].

Yüklə 129,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə