Шәмистан нәзирли



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə26/93
tarix11.07.2018
ölçüsü1,91 Mb.
#55280
1   ...   22   23   24   25   26   27   28   29   ...   93

Qanı qaralıb, dilxor olmuş Səməd Vurğun dəstəyi yerinə qoydu. Dərindən 
bir ah çəkib alnını övkələdi. Dinmədən, intizarla başıaşağı dayanan, xoş xəbər 
gözləyən, Adilə baxdı. Onun yoxsul geyimi ürəyinin başını göynətdi. Nədənsə, 
Adilin geyimi də, boy- buxunu da ona ilk gəncliyini xatırlatdı. Ona baxa-baxa 
düşünürdü: “Nə gözəl istedadı var, ən başlıcası zəhmətdən qorxmur. Çətin bir sahə 
olan siyasi-iqtisadı necə də gözəl bilir, adam qibtə edir. Bu fundamental elmə gör 
nə böyük həvəsi var. Oxumaq üçün sanki alışıb-yanır. İndi buna yer yoxdu. 
Demək, bunun qol-qanadını qırıb şikəst eləyirik. Bir də bu sahədə mütəxəssisə 
ehtiyacımız ola-ola bunu qapıdan qovuruq. Çünki birisinin gül balası müsabiqədən 
keçməyib, “əla” qiymət ala bilməyib. Ona görə bu bir yeri də ixtisara salmaq 
istəyirlər. Papirosu dalbadal çəkdikcə balaca otaqda qatı tüstü burulğanı artırdı.  O, 
ayağa durdu. Əlini kəmər yerinə qoyub Adilə yaxın gəldi. Kədərlə gülümsünüb, bir 
ağa ərkilə onun çiyninə toxundu: 
- Komsomol, - dedi,- onun gənclərə belə müraciət eləməkdən xoşu gəlirdi. 
Bu ifadə onda iyirminci illərdə kəndlərdə gedən sinfi mübarizə günlərindən 
qalmışdı. Bu illərdə o komsomol yoldaşları ilə çox imtahandan çıxmışdı, çox 
oddan-alovdan keçmişdi. - Həftənin beşinci günü Akademiyanın Rəyasət heyətinin 
iclası olacaq. Saat ikidə mütləq burda ol. Səni bəlkə də elə oradaca yenidən 
imtahana çəkməli olduq. Qoxmursan ki? - Adil inamla dedi ki, yox, qorxmuram... 
Səməd Vurğun gülümsündü - Afərin, bax, həmişə belə cəsarətli ol. İnsan ki, 
biliyinə, gücünə inandı, ona heç zaval yoxdur... 
Şairin fikrincə insanın zahiri görkəmindən daxilini hiss edib görmək olurdu. 
O, bu məqsədlə də Adili Rəyasət heyətinin üzvlərinə göstərmək istəyirdi. Səməd 
Vurğun tam əmin idi ki, belə bir mötəbər elmi məclisə daxil olan Adil özünün bu 
sahəyə layiq olduğunu sübut edəcək. O, böyük bir ümidlə inanırdı ki, bu adi kəndli 
balası öz yüksək biliyi ilə bütün Rəyasət heyətinin üzvlərini şəkk-şübhədən 
qurtarıb, onun üzünü ağ edəcək. Səməd Vurğun Adillə görüşündə onun ictimai 
həyata baxışını, biliyini yoxlayıb öyrənmişdi. Ona görə də belə inamla bu kimsəsiz 
oğlana himayədarlıq edirdi. 
Adilin intizarla gözlədiyi gün gəlib çatdı. Üç saata yaxın çəkən iclas vaxtını 
o, foyedə ürəyi uçuna-uçuna gəzindi, gözü qapıda qaldı, qulağı səsdə. Amma onu 
içəri çağırmadılar. Bir azdan hamı ikibir-üçbir çıxdı. İlk çıxan onun keçmiş 
müəllimi, professor Əlövsət Quliyev oldu. İlk “zərbəni” də Adil ondan aldı. O, 
Adili görüb dedi: 
- Adil, bəxtin gətirmədi, səni yenə də təsdiq eləmədilər. 
Professor Məmməd Qazıyev də Adilə universitetdə dərs demişdi. Tərbiyəli, 
əlaçı tələbə kimi onun xətrini çox istəyirdi. Yaxınlaşıb canıyananlıqla ona təskinlik 
verdi. 
- Adil, - dedi, - Səməd Vurğun sənin üçün çox çalışdı. Təəssüf ki
Tahirbəylinin inadkarlığı qoymadı. Fikir eləmə, onada Səməd Vurğun deyərlər, 
məncə belə qoymaz bu işi... 
Hamı çıxıb getdi. Adil nə qədər göz gəzdirib axtardısa Səməd Vurğunu görə 
bilmədi. Foye boşaldı, orda heç kəs qalmadı. Yüyürə-yüyürə bayıra çıxdı, Çöldə, 
qapının yanında iki nəfər tamam başqa mətləbdən danışırdı. Kimi taksiya minir, 


kimi də xidmət maşınında evinə, öz iş yerinə tələsirdi. Adil geri qayıdıb Səməd 
Vurğunun otarına gəldi. Qapı taybatay açıq idi. Nə şair vardı, nə də katibəsi. 
Yenidən ücüncü mərtəbəyə - iclas salonuna qayıdan Adil kədərli bir səhnə ilə 
üzbəüz gəldi. Ona böyük ümidlər verən Səməd Vurğun tək-tənha oturmuşdu. Sol 
əlini alnına dayayıb fikrə getmişdi. “Kazbek”in burula-burula yuxarı qalxan 
tüstüsü pəncərədən düşən günəş işığında liflənmiş pambıq kimi uzanırdı. Adilin 
ümidini qırmamaq üçün, bəlkə xəcalətindən onun üzünə çıxa bilmirdi. Onu belə 
görmək Adilə ağır gəldi. Sarsıldı. Ürəyinin başı göynədi “Başa duşdü ki, şair onun 
üzünə çıxa bilmir. Ayağının ucunda dayandığı yerdəcə quruyub qaldı. Asta, 
ehtiyatlı addımlarla geri qayıtdı. Pilləkənləri sürətlə düşüb uzaqlaşdı. O gecə 
səhərə qədər göz yaşını saxlaya bilmədi... 
Üç gün sonra yaxın dostu Müzəffər İmanova rast gəldi. Dərdini, başına 
gələn macəranı ona danışdı. Dostunun məsləhətilə yenidən şairin görüşünə gəldi. 
Səməd Vurğun onu köhnə dost kimi gülərüzlə qarşıladı. Yerindən durub ona 
yaxınlaşdı. Boynunu qucaqladı. 
- Komsomol, qaçaq düşmüsən, balam, hardasan? Nə zəng eləyirsən, nə 
gəlirsən, nə də ünvan qoymusan ki, bir sənə qonaq gələk. - İşi bir balaca 
düzəltmişik. Sən belə elə, get, sabah səhər on birdə iqtisadiyyat bölməsinin müdiri 
Nikolay Safonovu, bir də professor Əliqulu Fərəcovu çağır gəlsin bura, mənim 
yanıma. Amma komsomol, mütləq gətir ha, birdən başısoyuqluq eləyərsən 
gətirməzsən. Gözləyəcəm... 
Səhərisi Səməd Vurğun Nikolay Safonov və Əliqulu Fərəcova dedi ki, heç 
insafdımı, altı nəfərdən biri “əla” qiymət alıb siz də onu qəbul etmək istəmirsiniz? 
Bu qarabalanın taleyini həll etmək lazımdır. Gedin, elmi şuranın adından qərar 
çıxardıb Adil Abbas oğlu Qasımovun aspiranturaya qəbul olunması haqqında 
həmin qərarı akademiyanın prezidiumuna təqdim edin. Bu, Adilin daxil olmağına 
yeganə hüquqi qayda olacaq. 
1954-cü il dekabrın 31-də Akademiyanın Rəyasət heyəti həmin qərarı təsdiq 
elədi. Bu dəfə Səməd Vurğun məsələni elə qurmuşdu ki, Mərdan bəy Tahirbəylinii 
imzasına ehtiyac qalmamışdı. O, Adillə bərabər imtahan verən, altı nəfərdən biri 
musabiqədən keçməyən nəvəsini də götürüb kurorta getmişdi. Adili aspiranturaya 
qəbul edib Moskvaya təsdiqə göndərdilər. 
Söhbətimiz bu yerə çatanda Adil müəllim:  
- Nəhayət, Moskvadan da təsdiqim gəldi, mən aspiranturaya daxil oldum, - 
deyib ürəkdolusu köks ötürdü. 
Qeyri-ixtiyari olaraq mən də dərindən nəfəs alıb: “Allaha min şükür” - 
dedim. Onun başına gələn bu “macəra” məni də sarsıtmışdı. Fikirləşdim ki, əgər 
Səməd Vurğun olmasaydı Adil müəllimin ixtisasına məhəbbət odu qəlbində sönub 
məhv olardı. Bütün varlığı ilə sevdiyi siyasi-iqtisad aləminə bəlkə də həsrət 
qalardı. Tamamilə başqa cığıra düşərdi. Nə ondan çox monoqrafiyanın müəllimi 
olardı, nə də universitetin hörmətli-izzətli müəllimi. Elə burdaca Aleksandr 
Fadeyevin müdrikcəsinə dediyi kəlamları məndən əvvəl Adil müəllim xatırladı: 
“...həyatımızda ən böyük səadətdir və nə yaxşı ki, dünyada Səməd Vurğun 
var...”. 


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə