Sizsiz (roman-xatirə) Həyatım ağrıyır (povest-xatirə)



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə73/219
tarix25.06.2018
ölçüsü4,02 Mb.
#51340
1   ...   69   70   71   72   73   74   75   76   ...   219

 243 

yazdığın kağızındakı  təsəlli sözlərinçün çox sağ ol, mənə 

verdiyin ürək-dirək üçün çox sağ ol. Sözlərinə riayət etməyə 

çalışaram, iradəmi toplayıb bədbinləşməməyə  səy göstərərəm, 

nikbin  əsərlər yazaram. Atamla anamın ölümündən il yarım 

sonra "Evləri köndələn yar" adlı komediya da yazdım hətta, 

daha bundan o yana nikbin, şən əsər ola bilməz… 

*** 

Mənə elə gəlir ki, valideynlərimə yaxşı oğul olmuşam: bəlkə 

lap uşaqlıq çağlarımda "bu nədir?", "o nədir?", "bu niyə 

belədir?" suallarımla bir az zəhlələrini aparmışam. Bəlkə 

dəcəlliyim,  şıltaqlığım hərdənbir onları yorub. Bəlkə  məktəb 

illərində pis, ya orta qiymətlərim, tənbəlliyim, illah da musiqi 

dərslərindən axsamağım, müəllimlərin tənələri atamı 

əsəbiləşdirib, anamın qəlbini ağrıdıb. 

Amma böyüyəndən bəri çalışmışam ki, onları heç nəylə 

incitməyim.  Əgər mən sarıdan nigaranlıq, narahatlıq saatları, 

xətərələri olubsa, mənim günahım yoxdur burda. Əlbəttə, mən 

tənqid və tənələrə hədəf olanda onlar da ürəklərinə salırdılar.  

1967-ci ilin iyulunda "Ağ liman" haqqında kəskin tənqidi 

məqalə çıxanda anam mənə bir şer yazmışdı: 



Körpəlikdə ayağına daş dəysə 

ürəyimə dəysin deyərdim. 

Küləyin, tufanın nəfəsi 

sənə toxunmasın  

məni əysin deyərdim.  

İndi ürəyimi yaralayırlar 

dinə bilmirəm.  

Niyə yaşadım qaldım 

bu günə bilmirəm. 

Mənə müxtəlif səviyyəli, müxtəlif səpkili hücumlar olanda 

atam da bunu ürəyinə salırdı. Amma bu mənim günahım 

deyildi. Mən həmişə çalışırdım ki, onları mümkün qədər öz 

uğursuzluqlarımdan təcrid edim, mənə atılan daşlardan 

mümkün qədər xəbərsiz olsunlar. Çalışırdım ki, onları hər cür 




 244 

ürəkbulandıran söhbətlərdən qoruyum. 

İmkanım daxilində Bakıda da, Moskvada da onların  ədəbi 

işləriylə  məşğul olurdum. Xəstələnəndə qayğılarını  çəkirdim, 

sağalmaları üçün əlimdən gələni edirdim. Vəfatlarından sonra 

da xatirələri üçün bacardığımı elədim. Nəyi bacarmadımsa, 

bacarmadım, Allah şahiddir... 

Hər halda mən onlara heç vaxt pis oğul olmamışam. 

Amma... 

Amma hər an, hər saat onlar qarşısında günahkar, təqsirkar 

olduğumu duyuram. Bu hiss daima mənimlədir, bir an belə 

məni tərk etmir, içimi didib tökür. 

Özümü günahlı hiss edirəm ona görə ki, sağ qalmışam, 

diriyəm, yaşayıram, nəfəs alıram, yeyirəm, içirəm, səfərə 

çıxıram, lətifələrə gülürəm, özüm lətifələr danışıram, 

dostlarıma, həyata, günəşə, məhəbbətə sevinirəm, kitab 

oxuyuram, yazı yazıram: bir halda ki, atamla anam artıq 

yoxdurlar. 

Həyatın hər bir təzahürü, diriliyimin hər bir bəliri mənim 

onlara, dünyadan getmişlərə xəyanətimdir. 

Həmin duyumun dəhşəti ondadır ki, bu daimi bir hissdir – 

həyatın fasilələri yoxdur, yalnız sonu var. Mən isə nə qədər ki, 

sona çatmamışam, yaşamağımın hər anı onlara, yaşamayanlara 

xəyanətimdir. 

Hətta bu yazım da. Onlardan yazdığım bu yazı da. Onlarsız 

yazdığım bu yazı da... 



Hərdən gülüşün düşür yadıma,  

Hərdən qəmin, məlalın, 

Hər şeyi sezə bilən

Hər şeyə dözə bilən 

qəlbin, pərişan halın. 

Sakit axan sular kimi 

axıb getdin. 

Dostlarının ürəyində ağrı buraxıb getdin. 

Yenə gələcək bahar, 


 245 

yenə çiçək açacaq çəmən. 

Budaqlardan sallanacaq 

salxım-salxım yasəmən. 

Quşlar 

qatar-qatar 

Qürbətdən vətənə dönəcək 

Günəş yenə dənizdən doğacaq,  

dağların dalında sönəcək!  

Ağ göyərçin balası kimi 

çırpınan kiçik qızın 

sevgilisinin sinəsinə yaslanıb 

isti göz yaşları 

tökəcək səninçin.  

Yanıb-yaxılacaq  

İçin-için 

Sonra həzin bir təbəssümlə 

qaldıracaq başını 

siləcək göz yaşını. 

Yenə dünyada vüsal olacaq. 

olacaq acı hicran 

Bircə sən dönməyəcəksən, 

Dönməyəcəksən getdiyin əbədi yoldan. 

(Nigar Rəfibəyli ) 

"Üzeyir Hacıbəyov" filmi üzərində iş həm xilasım idi, həm 

xəyanətim. Xilasım idi, çünki kinonun qarmaqarışıq, hay-

küylü, adamla qaynaşan aləmindən başqa heç bir iş məni içimi 

gəmirən fikirlərdən, xatirələrin acısından, bir-birindən ağrılı 

anımlardan qurtara bilməzdi. Kino xilasım idi... 

Amma kino həm də  xəyanətim idi. Axı kinoçəkmə onların 

müsibətlərilə birgə başlamışdı, bu müsibətlərlə paralel zaman 

yoluyla gedirdi, yüz gün içində bir ölümün itki acısıyla, ikinci 

ölümün gözləmə  dəhşətiylə qoşa addımlayırdı. Anam sağ idi, 

amma bilirdim ki, çəkilişin axırına o da qalmayacaq. Bilirdim 

ki, çəkiliş müddətində anamı itirəcəm, basdıracam, yasını 




 246 

tutacam və kino işimi davam etdirəcəm, tamamlayacam. Mən 

bunu nəinki bilirdim, mən ayıq, amansız bir praktisizmlə bunu 

studiyanın rəhbərliyinə  də çatdırmışdım: kino – istehsalatdır, 

studiyaya rəhbərlik edənlər  əmin-arxayın olmalıdırlar ki, 

quruluşçu rejissorun heç bir qəlb sarsıntıları film üzərində  iş 

qrafikini poza bilməz. 

Bilmirəm, zəifliyim idi bu, ya gücüm idi – ancaq çalışırdım 

ki, mənim daxili iztirablarım heç vəchlə görməkdə olduğum və 

görəcəyim yaradıcılıq işinə  təsir göstərməsin. Bu işi – Üzeyir 

Hacıbəyov haqqında film yaratmağı – vacib, gərəkli iş 

sayırdım. Və sayıram. 

Həmin ağır günlərdə filmi çəkməli olan operator mənə zərbə 

vurdu. Çəkilişə bir həftə qalmış  işləməkdən boyun qaçırdı – 

xəstəyəm – dedi. 

Məsələ onda deyil ki, hələ neçə ay qabaq mən həmin 

operatorla danışmışdım, o, böyük məmnuniyyətlə razılıq 

vermişdi. Bu zaman ayrı filmdə  məşğul olduğu üçün, mən də 

çəkiliş vaxtını məhz elə onun xatirinə neçə ay yubatmışdım və 

bu yubadılmış müddət  ərzində tale məni belə  çətin imtahana 

çəkmişdi. Həmin operatorla o ağır günlərdə  Şuşaya, natura 

seçməyə getmişdim, aktyor sınaqlarını o çəkmişdi. Pavilyonlar 

tikilmişdi, çəkiliş başlanmalıydı  və elə bu zaman operator 

ürəyinin xəstə olduğunu elan etdi... 

Filmi dayandıra bilərdilər. Bunu istəyənlər də vardı. Filmin 

bağlanması  təhlükəsi reallaşırdı. Mən düşünürdüm ki, başıma 

gələn bütün bəlalara baxmayaraq, filmi çəkmək əzmindəyəmsə, 

kiminsə etibarsızlığı üstündə bu işi bada vermək olarmı? 

Operatordan xahiş elədim: 

–Onca gün ərzində pavilyonları  çək, sonra get istirahətə, 

müalicəyə. 

Çünki hazır pavilyonların istifadəsiz qaldığı  hər gün 

qruppaya amansız ziyan verirdi. 

Operator razı olmadı. Cavan oğlandı – ziyalı, tərbiyəli, 

oxumuş. Rəftarı  həlimdir, özü nəzakətli, qanacaqlıdır, yüksək 



Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə