Sona Vəliyeva İŞIĞa gedən yol roman Bakı – 2016



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə46/245
tarix12.10.2018
ölçüsü3,5 Mb.
#73134
1   ...   42   43   44   45   46   47   48   49   ...   245

142

ikimərtəbəli  köhnə  bir  evin  birinci  mərtəbəsində  “Dərviş”  adlı 

karvansaranın kiçik yeməkxanası vardı. Həsən dərviş adına gülüm-

sünərək: “Bu adı kim düşünüb, görəsən? “Dərviş” mənim cəlayi-

vətən həyatımla, şəhər-şəhər dolaşıb sonda bu şəhərə gəlməyimlə, 

kim bilir, bəlkə, sonralar da qismətim olacaq “tərkimühit” həyat 

tərzimlə çox səsləşir. Bircə fərqi var, dərviş ideyaları yaymaqla, 

tərəfdaşlarının sayını çoxaltmaqla iş görür, mənsə daha mürəkkəb 

işlər görməliyəm. Bir yandan yatmış milləti yuxudan oyatmağın 

yollarını  aramalıyam,  şəhər  və  kəndlərimizdə  əhalinin  ellikcə 

savadlanmasına  çalışmalıyam,  bir  yandan  da  milli  dirçəlişimiz 

uğ runda  mübarizə  aparmalıyam.  Özü  də  hazırkı  şəraiti  nəzərə 

alsaq,  həm  də  fədailik  göstərməliyəm.  Mənim  işim,  deyəsən, 

dərvişinkindən daha çox oldu”. 

Həsən  bəy  hər  addımında  bir  tarix  yaşayan  İçərişəhərin 

küçələrində qəribə hisslər keçirirdi. Bu küçələr bəzən ona elə doğ-

ma gəlirdi, elə bil burada doğulub boya-başa çatmışdı. İçə ri şəhərdə 

də insanlar Zərdabdakı kimi bir-birini yaxından tanıyırdılar. Bəlkə 

də, Həsəndə doğmalığı, məhrəmliyi yaradan hisslər də elə bundan 

qaynaqlanırdı.  Bir  sözlə,  bu  məhəllə,  onun  əhalisi  sirr  dolu  bir 

dünya idi. Keçmişlə gələcək burada əl-ələ verib görüşürdü. Həm 

mühafizəkar, həm dərin sirli, sadə, həm də müdrik bir qocanı xatır-

ladan  İçərişəhəri  sevməmək,  ona  qəlbdən  vurulmamaq  mümkün 

deyildi.


Havanın  soyuğu  Həsənin  əl-ayağını  dondurduğundan,  o 

çox uzağa getməmək üçün yaxındakı kiçik ərzaq dükanına girib 

alverini elədi. Onun gələcək haqqındakı düşüncələri həmin gecə 

də davam etdi. O, bütün gecəni, demək olar, yata bilmədi. Səhərin 

açılmasını  yaxındakı  məsciddən  gələn  sübh  azanının  səsindən 

bildi. Azan səsi, nədənsə onun ruhuna qəribə rahatlıq ələdi. 

Azan  verən  molla:  “Həyya  ələs-səlah,  həyya  ələl-fəlah,”  – 

deyərək insanları namaza tələsməyə, səfərbər olmağa, həmrəyliyə 

çağırırdı.

Həsən bəy düşünürdü ki, məscidlər, minarələr insanın kamil-

liyinə xidmət edərək, onları xeyirxah əməllərə, Tanrıya tapınmağa, 

onun göstərdiyi yolla gedərək, haqqa qovuşmağa çağırırsa, insanlar 




143

da bunu içdən gələn saf bir niyyət kimi edirlərsə, bu çox yaxşıdır! 

Hər məhəllədə iki-üç məscid olduğu halda, bu böyüklükdə Bakıda 

yerli  dildə  təhsil  verən  məktəb  azdır.  Hər  elmli  insan  imanlı, 

hər  imanlı  insan  elmli  olarsa,  bizim  inkişafımız  daha  da  sürətlə 

gedər. Elm və elmli insanlar həmişə ön cərgədə durmalı, onların 

mənəviyyat  zənginliyi  imanın  yüksək  zirvəsini  fəth  etməlidir. 

İslam  dini  elmi  ibadətdən  üstün  tutursa,  niyə  məscidlərin  sayı 

məktəblərdən qat-qat çoxdur? 

Həsən  bəy  düşüncələrlə  baş-başa  qalmağı  xoşlayırdı,  lakin 

bu gün işə hazırlaşmalı idi. İlk iş günü, ilk təəssürat onun üçün 

çox  önəmli  olacaqdı.  Geyim  mədəniyyəti,  yüksək  məişət  zövqü 

Həsən bəyə ailədən ötürülən gələnək idi. Səliqəli geyim, rənglərin 

uyğunluğu onun gündəlik iş prosesinə təsir edirdi. Ayaqqabılarının 

təmizliyi  uşaqlığından  Həsən  bəyi  tanıyanlar  arasında  həmişə 

nümunə çəkilər, “bəyin ayaqqabısı” kimi deyimlə, təmizliyin əsl 

ölçüsünə  çevrilərdi.  Həsən  bəy  “Bismillahir-rəhmanir-rəhim” 

söyləyərək qapıdan çıxarkən qonşusu ilə üz-üzə gəldi. Bu, dünən 

ona düşbərə gətirən yaşlı kişi idi. 

– Sabahın xeyirli olsun, ay oğul! İlk iş günün mübarək! Allah 

uğuruna xeyir çıxarsın, mərdimazardan uzaq eləsin!

–  Sağ  olun,  ay  dayı,  –  deyib,  Həsən  hörmətlə  təşəkkürünü 

bildirdi. Qala qapısından bayır şəhərə çıxanda İçərişəhərin əsrarəngiz 

gözəlliyini bir daha hiss etdi. Kiçik bağdan keçərək “Metropol” 

mehmanxanasının  yanında  ayaq  saxladı.  Onunla  üzbəüz  binada 

mətbəə  yerləşirdi.  Dərindən  nəfəs  alaraq:  “Kaş  mənim  belə  bir 

çapxanam olaydı, ya da mənim ən yaxın, ərkim çatan dostlarımdan 

birinin belə bir mətbəəsi olaydı,” – fikri ağlından keçdi. “Qurubağ” 

adlanan  bağın  içindən  keçə-keçə  əllərində  kiçik  əşyalar  satan 

kasıb adamların israrlı müraciətindən qurtulmaq üçün addımlarını 

yeyinlətdi. Bu adamlar yoldan keçənlərə öz mallarını az qala zorla 

sırıyırdılar. Təsbehlər, daraq, şəkər, qovurulmuş qarğıdalı, şabalıd 

və s. xırdavat satan bu adamların səs-küyü bir-birinə qarışmışdı. Yol 

boyu səbətlərdən alma, limon, xurma və başqa meyvələr götürüb 

yeyə-yeyə gedən, böyründə tapança asılmış iri gövdəli çalpapaq 

bir kişi Həsən bəyin diqqətini çəkdi. Hamı “atasının bazarı kimi” 




144

yolüstü pay yığan bu adama “hörmətlə” təzim edirdi. 

İnsanın gücsüzlükdən, yaxud avamlıqdan başqasına yersiz və 

əsassız təzim etməsi, “güclünün” qoyduğu şərtlərə qanun kimi tabe 

olması həyatın və ictimai yaşamın qaydasına çevriləndə cəmiyyəti 

cahillik  bürüyür,  belə  qeyri-qanuni  “güclülər”  insanları  bildiyi 

kimi istismar edir. Həsən bəyin yol boyu gəldiyi qənaət bu idi. O, 

Malakan  bağının  yanından  keçərək  Birjevaya  küçəsindəki  Bakı 

Qəza İdarəsinin binasına yaxınlaşdı. Bu yer onun Bakı şəhərindəki 

ilk  iş  yeri  olduğundan  binanın  qarşısında  ayaq  saxlayıb,  ətrafı 

diqqətlə  seyr  etdi.  Həyatının  bütün  mərhələlərində  özünə  inamı, 

aldığı  təhsil,  malik  olduğu  elmi  dünyagörüş  və  içində  daşıdığı 

mənəvi  zənginlik  Həsən  bəyə  heç  nədən  çəkinməmək,  mərdlik, 

mübarizlik  kimi  ali  dəyərləri  təlqin  edərək,  ona  bu  tipli  müsbət 

keyfiyyətləri yaşatmaq əzmi vermişdi. Həsən bəy qədəm basdığı 

bu idarədə də öz prinsiplərinə sadiq qalacağına elə ilk gündə, qapı 

önündə söz verərək içəri daxil oldu. 

İdarə rəisi ilə görüşdükdən, işin məzmununa aid bəzi tövsiyələri 

aldıqdan sonra iş otağına keçdi. Qəbuluna gələn insanların dərdini 

dinlədikcə  özünü  bu  faciəli  həyatın  içində  hiss  etməyə  başladı. 

Sadə bir məsələnin həlli üçün səkkiz-on ay müddətində bu idarəyə 

ayaq  döyənlərin  sayı  yüzlərlə  idi.  Halbuki  süründürməçilik 

etmədən, qısa müddətə bütün bu məsələləri həll etmək mümkün 

idi.  Orta  savadlı  şəxslərin  bu  idarədə  indiyəcən  vəkillik  etməsi, 

həm sadə məsələləri aylarla uzatmağa, sonra da insanların ziyanına 

“həll etməyə” gətirib çıxarırdı. Bütün hallarda Həsən bəy öz həyat, 

vəzifə  prinsiplərinə  sadiq  qalaraq  yoxsul  təbəqələrin  mənafeyini 

qorumağı özünə borc bilirdi. 

İlk günün iş rejimi çox gərgin keçdi. Həsən bəy nahar etmədən 

bir neçə şikayətçini dinlədi, bəzilərinə kömək etmək üçün onların 

düzgün yazılmayan ərizələrini təzədən özü yazdı. O, şikayətçilərin 

hüquqlarını qorumaq üçün həm də qanunun bəndlərini onlara izah 

edirdi. 

Nahar vaxtı bitmişdi,  amma bütün məmurlar hələ qayıtmamışdı. 

Geri dönənlər yeni işçinin – Həsən bəyin fasiləsiz işləməsindən o 

qədər də xoşlanmadılar. Şikayətçilərlə təmiz Azərbaycan dilində 




Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə