Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə48/135
tarix10.11.2017
ölçüsü3,04 Mb.
#9515
1   ...   44   45   46   47   48   49   50   51   ...   135

Milli Kitabxana

156


Ş e y x  İ b r a h i m.  Qibleyi-aləm əgər  bizlərdən  narazısınız  tənbeh  ediniz.

Fəqət bu söz ilə bizləri məyus etməyiniz.

Ş ə m s ə d d i n. Qibleyi-aləm, bir sənə bundan əqdəm hökumət işlərini, bu ağır

vəzifəni  aciz  bəndələrinizə tapşırıb  xəstəliyinizi  müalicə etmək  üçün  bura

gəlmişsiniz.  Min  şükürlər  olsun  indi  sağalmışsınız,  buyurunuz  gedək.  Sahibsiz

qalmış tac-taxtınız, gözəl sarayınız sizi gözləyir. Tam bir sənədir ki, rəiyyətləriniz

yas tutub, üzləri gülməyir. Sizin gəlməyiniz onları nəhayət şad edəcəkdir.

Ş a h z a m a n. Kəs,  yalançı  vəzir!  Rəiyyətimin  üzü  bir  sənə deyil,  illər  ilə

gülməyir.  Bizim  zülm  və sitəmimizdən  müdam  göz  yaşı  tökür.  Nə vaxt

soruşmuşam,  rəiyyətim  nə tövr  dolanır?  Cavab vermisiniz  ki,  mərhəmətləriniz

sayəsində şad  və xürrəm  yaşayıb  ömr  şərəfinizə duaku  vardırlar.  Yalan!  Mən  bu

səyahət  ilə rəiyyətimin  nə tövr əziyyətlə dolandığını  öz  gözlərimlə gördüm.

Ziqiymət-libaslarımın qanlı  göz  yaşı  ilə toxunduğunu  gördüm.  Yediyim  ləziz

xörəklərin  necə göz yaşı  ilə əmələ gəldiyini  gördüm.  Gümüş və qızıl  qapılarımın

zəhmət  ilə



əmələ

gəldiyini

gördüm,  hərəmxanamda  işsiz  yeyib-içən

kənizlərimin boynundakı mirvarıları dənizlərdən çıxaran zaman yüzlərlə qərq olan

işçiləri gördüm.

Ş ə m s ə d d i n. Qibleyi-aləm!  Allah-təala  həzrətləri  onları  zəhmət  üçün

yaratmışlar. Sizi də onlara padşahlıq etməyə.

Ş a h z a m a n. Ey  mənə çocuq ikən qəsdən öylə yanlış tərbiyə verən ixtiyar

vəzir.  Yenə də məni  elə çocuq  sanırsan?  Xeyr,  mən  səadət  yolumu  tapdım.  Məni

saraya, o zindana, o zülm  yuvasına çağırma. Mən bu dəyirmanı  min elə saraylara

dəyişməm.  Mən  öz əlimin  zəhmətilə becərdiyim  bu  bağçanı,  bu  bostanı  sarayın

başqaları  zəhməti  ilə əmələ gəlmiş  cənnət-misal  gülüstanına verməm.  Bax,  bu

sadə,  öz  zəhmətim  məhsulundan  təamı oranın (sarayın)  növbənöv  xörəklərinə

dəyişməm.  Şəmsəddin  bilmirsən  dünyada ən  böyük  səadət  nədir?  Zəhmətdə bunu

anlamış Şahzamanı heç bir vəchlə burdan apara bilməz.

Ş e y x İ b r a h i m.  Qibleyi-aləmi  yoldan  çıxardıb  sizləri  şahsız  qoyan  bu

dərviş oldu.

Ş a h z a m a n. Bəli,  mənə həqiqi  səadəti  anladan  və insanın  müqəddəs

vəzifəsini  zəhmətlə bildirən  ağa  dərviş  oldu.  Siz  məni  yenə dəvət  edirsiniz.  Daha

bitdi. Cümləniz azadsınız.



Pərdə


Milli Kitabxana

157


İKİ YOL

Faciə bir pərdədə

İŞTİRAK EDƏNLƏR

M i r K a z ı m a ğ a - şəhərin axundu, 65 yaşında.

T ü k ə z b a n - onun arvadı, 40 yaşında.

M ə m m ə d - onun oğlu, 22 yaşında,

G ü l s ü m - onun qızı, 17 yaşında.

M o l l a F ə t t a h - məhəllə mollası, Tükəzbanın qardaşı, 60 yaşında.

Q o n ç a - onun qızı, Məmmədin nişanlısı, 18 yaşında.

Səhnə Mir  Kazım  ağanın  otağını göstərir.  Otaq  Şərq  səliqəsilə bəzənmiş,  pəncərələr

qalın  pərdələr ilə örtülmüş,  Divan  üstə şal  mütəkkələr. İki böyük  divar  aynası.  Gülsüm

aynanın  önündə durub  özüna  bəzək verir.  Tezə paltarına  baxır. Oru-burasını düzəldir.  Bu

vaxt anası daxil olur.

G ü l s ü m. Ana, donum gen tikilmiş, daraltmaq lazımdır.

T ü k ə z b a n.  Qızım,  gen  olmağın  zərəri  yoxdur,  təki  dar  olmasın.  Həmişə

belə zəif olmayacaqsan ki, ətə-qana gəlib dolacaqsan.

G ü l s ü m.  Ay  ana,  nə deyirsən?  Libas  mənə tikilmiş,  ya  mən  libasa?  Mən

haçana  kimi  gözləyim  ki, ətə-qana  gəlim,  libas  bədənimə görə olsun?  Bəlkə,  heç

kökəlməyəcəyəm.

T ü k ə z b a n.  Nə üçün  kökəlməyəcəksən?  Allaha  şükür  yemək-içməyimiz

boldur.  Ağanın müridləri  evimizi  heç  bir  zaddan  kəm-kəsir  qoymur.  Hər  bir

yeyəcəyimizi  yığıb verirlər.  Burada  heç  bir  ehtiyacımız  yoxdur.  Qəssab  Səfər  də

hər gün ət payımızı göndərir. Atanın da nəziri yüz-yüz gəlir.

G  ü l s  ü  m.  Ana  can,  dediklərin  hamısı  doğrudur,  amma  mən  yenə də hala

gəlmirəm. Bilirsənmi buna səbəb kimdir?

T ü k ə z b a n. Kim olacaq? Sən özün, sənin tərsliyin. Nə qədər yalvarıram ki,

qızım ye, iç, hala gəl. Həkim də buyurmuşdur ki, çoxlu süd və bal, yumurta yesin.

Amma sən bunların heç birinə əməl etmirsən.

G ü l s ü m. Xeyr,  ana,  mənim  belə zəif  düşməyimə səbəb  bunlar  deyil,  siz

atam-anamsınız! Quşu qəfəsə salan kimi, məni də bu otağa



Milli Kitabxana

158


salıb dustaq etmişsiniz. Sən axund Mir Kazım ağanın qızı Seyyidə xanımsan deyə,

mənə hər bir şeyi nəhy etmisiniz. Bu dörd divarın içi mənim dünyamdır! (Ağlayır.)

T ü k ə z b a n.  Gülsüm,  yenə sənə nə olmuş?  Yoxsa  bu  gecə pis  yuxu

görmüsən?

G ü l s ü m. Bəli, görmüşəm,

T ü k ə z b a n. Xeyir ola, qızim, söylə görüm.

G ü l s ü m. Ana, yuxumda gördüm ki, qardaşım Məmmədin toyudur.

T ü k ə z b a n. Doğru görmüsən, qızım, ağan sabahkən mənə dedi ki, Tükəzban

bu  həftə Məmmədin  gəlinini  gətirməli,  çünki  məhərrəm  ayı  yaxınlaşır.  Mənim

özüm  də tələsirəm  ki,  Qonçanı  tez  gətirək,  həm  mənə kömək  etsin,  həm  də sənə

yoldaş olsun. Daha, nə gördün, qızım?

G ü l s ü  m. Gördüm  ki, evimizdə böyük şadlıqdır. Həmin bu otağımız qonaq

ilə doludur.  Bir  yanda  mənim,  bir  yanda  Məmmədin  cavan  yoldaşları  oturmuşlar.

Bir dəstə oxuyan, çalan da hazırdır. Çalğıçılar çalırlar. Bir oğlan o cərgədən, bir qız

bu cərgədən qalxıb oynayırlar. Onlar otururlar, başaqaları rəqs edir. Sonra oxuyan

başladı. Ah, heç olmasa yuxumda isə də evimizdə bir şadlıq, bir toy gördüm.

T ü k ə z b a n.  Kəs  səsini,  bihəya!  Mir  Kazım  ağanın evində toy,  balaban?

Qızlar oğlanlar ilə oynamaq?

G ü l s ü m. Ay ana, mən nə edim? Yuxudur, görürəm. Mənim əlimdə deyil ki,

görməyim. Bəs sən heç belə yuxu görmürsən?

T ü k ə z b a n.  Mən  qələt  edərəm,  başımı  daşdan-daşa  döyərəm,  elə yuxu

görmərəm. Görünür ki, sən elə şeylərdən fikir edirsən, yuxuna da girir. Ağan sənə

dua öyrətmiş. Nə üçün yatanda oxumursan ki, şeytan da yuxuna girib sənə elə şey

göstərməsin?

G ü l s ü m. Ana, yatanda dua da oxuyuram, bismillah da deyirəm, amma yenə

də belə yuxular görürəm. Mən nə edim? İxtiyar məndə deyil ki.

T ü k ə z b a n. Yaxşı, bəs dayın qızı Qonça nə üçün görmür? Çünki beş vaxt

namazın  heç  birini  keçirmir,  amma  sən  tənbəli,  mən  hər  səhər  güclə durquzuram

ki, sübh namazını qılasan.

G ü l s ü m. Ana can, elə bilirsən ki, Qonça belə yuxular görmür? Vallah mənə

elələrini nağıl edir ki, desəm, qulaqlarını tutub qaçarsan?

T ü k ə z b a n.  Kəs  səsini,  bihəya!  Onu  da  sən  xarab  etmisən.  Bu işlərin

hamısına səbəb bu qonşumuzun külfətidir. Özlərinə taytuş tapıblar! Suruş!



Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə