167
yarandığı vaxt ona açılan iman idi. Bu yüksək və sadə inam idi, lakin bütpərəstlik
tərəfindən eybəcərləşdirilmişdi. Onun ibtidai təmizliyini bərpa etmək lazım idi, bu
məqsədlə ilahi vəhylərlə ilhamlanan peyğəmbərlər göndərilmişdi. Onların sırasına
Nuh, İbrahim, Musa və İsa daxil idi. Məhəmməd düşünürdü ki, dinin yeni
bərpasının zamanı gəlib çatmışdır. Dünya yenidən cahil bütpərəstlik cəhalətinə
batmışdı. Yeni peyğəmbər gəlməli idi ki, azmış bəşər oğlunu yenidən həqiqət
yoluna qaytarsın, Kəbədə İbrahimin və patriarxların vaxtında olduğu kimi sitayiş
bərpa edilsin. O, cəmiyyətdən getdikcə daha çox uzaqlaşırdı, Məkkədən üç mil
şimalda olan Hira dağındakı mağaraya gedirdi və orada xristian səhra guşənişinləri
kimi bütöv gününü və gecələrini dualarda və düşüncələrdə keçirirdi. O, ərəblər
üçün müqəddəs olan Ramazan ayını həmişə belə keçirirdi. Lakin belə ruhi
səfərbərlik onun səhhətinə təsir göstərməyə bilməzdi.
Xədicə sədaqətli rəfiqəsi kimi ona bu guşənişinlikdə həmişə sirdaşlıq edirdi.
Arvadı onun tutmalarını görürdü, səbəbini öyrənmək istədikdə, əri ya cavabdan
qaçırdı, ya da sirrli cavablar verirdi. Onun bəzi əleyhdarları deyirdilər ki, bu
epilepsiya xəstəliyidir. Lakin müsəlmanlar bunu sonralar peyğəmbər qüvvəsinin
əlaməti hesab etmişdilər.
Bu yadda qalan hadisə Məhəmmədin həyatının qırxıncı ilində baş verdi. O,
öz adətinə uyğun olaraq Ramazan ayını Hira dağının mağarasında dualarda və
guşənişin düşüncələrində keçirdi. Ərəblərin Əl-Qədr və ya Allahın buyruğu
adlandırdığı gecə gəlib çıxdı. Quranda deyildiyinə görə, həmin gecə mələklər yerə
enir, Cəbrayıl Allahın göstərişini gətirir. Həmin gecə yer üzündə sülh olmalıdır və
bütün təbiətdə səhərə qədər müqəddəs sakitlik hökm sürür (“Əl-Qədr” surəsi, 1-5-
ci ayələr).
Gecənin sakit ayıqlığında Məhəmməd çuxasına bürünüb uzanmışdı və onu
çağıran səsi eşitdi – o, başını açanda işıq seli onu işıqlandırdı, bu o qədər güclü idi
ki, o, hissiyyatını itirdi. Bu vaxt insan sifətində mələyi gördü. Mələk ona
yaxınlaşıb üstündə yazı olan ipək parçanı verdi və oxumağı əmr etdi. Məhəmməd
oxuya bilmədiyini dedikdə, mələk “oxu” deyə təkrar etdi. Bu vaxt Məhəmməd hiss
etdi ki, onun ağlı səma nuru ilə işıqlandı və o, ipək parçadakı Allahın göstərişini
168
ifadə edən yazını oxudu. Bu göstəriş sonralar Quranda elan olundu. Beləliklə,
Quran nazil olmağa başladı.
Deyirlər ki, Məhəmməd həyəcan və təşviş içərisində səhər tezdən böyük
dəyişikliyi etməyə göndərilmiş peyğəmbər olduğunun nə dərəcədə həqiqət
olduğunu hələ ayırd etmədən Xədicənin yanına gəldi. Arvadı isə ona yalnız inamın
gözləri, qadın məhəbbətinin etibarı ilə baxdı. Qadın ərinin bütün arzularının həyata
keçdiyini fikirləşdi və bərkdən dedi: “Sən mənə xoş xəbər gətirmisən!” və davam
etdi: “Xədicənin ruhu əlində olanlara and olsun ki, bu gündən sən mənim üçün
bizim xalqın peyğəmbərisən”. Onun hələ çaşqınlıqda olduğunu görüb, qadın dedi:
“Sevin. Allah sənin biabır olmağına imkan verməz. Axı sən həmişə qohumlarını
sevmisən, qonşulara qarşı xoş münasibətdə olmusan, kasıblara yazığın gəlib,
qonaqları sevinclə qəbul etmisən, sözünə düz olmusan, həqiqəti müdafiədə
möhkəm olmusan. Allah belə qulunu buraxmaz”.
Xədicə eşitdiklərinin hamısını əmisi oğlu Varaqaya danışmağa tələsdi.
Varaqa Tövrat və İncili oxuyurdu, xristian olmuşdu. O, xoş xəbəri eşidəndə dedi:
“Onun yüksəlməsi düzgündür. Sənin ərin peyğəmbərdir!” Deyirlər ki, oxumuş
adam olan Varaqanın sözləri də Məhəmmədə güclü təsir göstərdi və onun
şübhələrini dağıtdı. Onun əmisi Əbu Talibin gənc oğlu Əli də onun
peyğəmbərliyinə ilk inananlardan oldu.
Əvvəlcə Məhəmməd öz ev adamlarından başqa bu vəhylər barədə heç kimə
bir söz demədi. Onun peyğəmbərliyinə ilk inanan Xədicə oldu, ondan sonra Əli,
Zeyd və yaxın dostu Əbu Bəkr gəlir. Onun azad olmuş qulu Zeyd hamıdan əvvəl
özünü onun ardıcılı elan etdi. Bu gənc hələ uşaq vaxtı Qüreyşlilər tərəfindən bir
quldur dəstəsindən əsir götürülmüşdü və püşk qaydasında Məhəmmədin payına
düşmüşdü, ya da satın alınmışdı. Bir neçə il sonra Məhəmməd ona getməyə icazə
verəndə Zeyd qalmaq istəmişdi və o vaxt Məhəmməd təntənəli qaydada onu
oğulluğa götürmüşdü. Digər onun ardıcılı isə səmimi dostu Əbu Bəkr oldu.
Məhəmmədin peyğəmbərlik sahəsindəki ilk addımları çox təhlükəli idi və
sirrə bürünmüşdü. O, hər tərəfdən, hətta öz yaxın qohumlarından da təhlükə
gözləyə bilərdi. Haşim qolundan olan Qüreyşlilərin qüdrəti və gəliri bütpərəstliklə
169
əlaqədar idi. Ən böyük təhlükə isə düşmən nəsli olan Əbd Şəmsdən gözlənirdi.
Düşmən Qüreyşlilərin bu qolunun başçısı Əbd Şəmsin nəticəsi Əbu Süfyan idi. O,
ağıllı və şöhrətpərəst, çox varlı və hörmətli adam idi. Doğrudan da o, Məhəmmədin
barışmaz və güclü əleyhdarlarından biri oldu.
İlk üç il ərzində Məhəmmədin tərəfdarlarının sayı qırx nəfərdən çox deyildi,
onlar da əsasən gənc adamlar, əcnəbilər və qullar idi. Onların arasında Əbu Bəkr,
Osman, Talha və Əbd ər-Rəhman var idi. İbadətlərə onlar gizli, həm də
tərəfdarlarından birinin evində, bəzən isə Məkkə yaxınlığındakı mağarada
yığışırdılar. Bu məxfilik onları təqibdən qoruyurdu. Onların yığıldığı yer aşkar
olduqda kütlə mağaraya cumdu və burada dalaşma başladı. Hücum edənlərdən biri,
silah qayıran usta Sə`d tərəfindən başından yaralandı. Bu adam islamın müdafiəsi
naminə ilk qan tökən adam kimi məşhurlaşdı.
Məhəmmədin ən sərt əleyhdarlarından biri onun əmisi Əbu Ləhəb oldu. O,
varlı, məğrur və tez özündən çıxan adam idi. Onun oğlu Utbə Məhəmmədin ikinci
qızı Ruqiyyənin əri idi, digər oğlu Uteybə isə peyğəmbərin üçüncü qızı Ümmu
Gülsümə evlənmişdi. Onları ikiqat qohumluq birləşdirirdi. Əbu Ləhəb düşmən
Qüreyşlilərlə əlaqədar idi, Əbu Süfyanın bacısı Cümeyl bint Hərb bin Üməyyəyə
evlənmişdi. Məhəmməd əmisinin sərt düşmənçiliyindən daha çox qorxurdu və bu
münasibətini onun arvadı Cümeylin təsiri ilə əlaqələndirirdi. Onu sevən qohumları
isə Məhəmmədin görkəmindəki dəyişiklikləri görürdülər və xəstələnməsindən
qorxurdular. Başqaları isə gülürdülər və deyirdilər ki, o, dəli olmuşdur. Onu
hamıdan çox əmisinin arvadı, Əbu Süfyanın bacısı Cümeyl ələ salırdı.
Özünün peyğəmbər kimi göndərildiyinin dördüncü ilində o, Haşim qolundan
olan bütün Qüreyşliləri Məkkə yaxınlığındakı Səfa təpəsinə yığdı və elan etdi ki,
hamı üçün mühüm əhəmiyyəti olan məsələ barədə onlarla danışmaq istəyir.
Toplaşanların arasında onun əleyhdarı olan əmisi və əmisinin arvadı, ona lağ edən
Cümeyl də var idi. Peyğəmbər öz missiyası barədə danışmağa və vəhyi elan
etməyə başlayanda Əbu Ləhəb yerindən dəli kimi sıçradı və söyüş söyməyə başladı
ki, niyə o, belə səfeh məsələyə görə onları bura yığmışdır. Yerdən daşı qapıb
Məhəmmədi vurmaq istədi. Lakin Məhəmməd sərt baxışlarını ona dikdi və ona
Dostları ilə paylaş: |