191
Qasid Qüreyşlilərlə yolda qarşılaşdı. Xəbəri aldıqda, bəziləri irəli getməyi,
Məhəmmədi cəzalandırmağı, digərləri isə geri qayıtmağı təklif etdi. Tərəddüddə
qalaraq onlar kəşfiyyatçı göndərib düşmənin qüvvəsinin üç yüz nəfərdən ibarət
olduğunu bildi. Bu savaşmaq arzusunda olanların cəsarətini artırdı. Digərləri isə
bundan çəkinməyi təklif edirdi və arqumentlər içərisində Məhəmmədin tərəfdarları
arasında qohumları olduğunu əsas gətirirdilər. Bu sözlər öz təsirini göstərdi. Lakin
Nəhlə vadisində qətlə yetirilmiş adamın qardaşları Əbu Cəhlin təhriki ilə “İrəli!”
deyə qışqırdılar. Qoşunun əksər hissəsi bayraqlarını qaldırıb irəli cumdu, yerdə
qalanlar Məkkəyə qayıtdı.
Məhəmmədin kəşfiyyatçıları qoşunun yaxınlaşdığını ona bildirdilər. Bu
onun tərəfdarlarının bir hissəsini qorxuzdu. Lakin Məhəmməd dedi ki, onlar
qorxmasınlar, çünki Allah onlara yüngül qələbə vəd etmişdir. Müsəlmanlar təpənin
üstündə koma tikdilər, onun yanında bir oğlan dəvəsi ilə dayanmışdı, o,
məğlubiyyət baş versə Mədinəyə xəbər aparmalı idi. Düşmən yoldan çıxıb, su
içmək istədikdə, Məhəmmədin əmisi Həmzə onların üstünə cumdu, öz əli ilə
onların başçılarını öldürdü. O, dəstədən təkcə bir adam getdi və o, tezliklə hamını
islama keçirtdi. Bu vaxt düşmənin əsas qüvvəsi gəlib çıxdı. Onlar səf-səf düzülərək
savaşa başlamağa hazırlaşdılar. İki üz-üzə gələn cəbhə əslində bir-birinə doğma
adamlardan ibarət idi. Ona görə də mənzərə həm qəribə, həm də dəhşətli idi. İki
düşmən kimi döyüşəcək adamlar bir anlığa vuruş anı unudula bilsəydi, bir-birinin
atası, əmisi, oğlu, dayısı, yaxın qohumları idi. Döyüşdə isə hər şey unudulurdu.
Oğul atanı, qardaş qardaşı öldürməyə hazır idi. Bu faciə səhnəsinin iştirakçılarına
fikir versək görərik ki, Əbu Bəkrin qarşısında hələ müsəlmanlığı qəbul etməmiş
oğlu Əbdürrəhman, Qüreyş komandiri Utbə ibn Rəbiənin qarşısında isə müsəlman
oğlu Huzeyfə dururdu. Peyğəmbərin əmisi Abbas və kürəkəni, Zeynəbin əri Əbül-
As müşriklərin içərisində idilər. Əlinin böyük qardaşı, Əbu Talibin oğlu Aqil qarşı
tərəfdə idi. Hər iki tərəfdə qan tökülməsini istəməyən adamlar var idi.
Qüreyşlilərdən biri Hakim ibn Hizam məkkəlilərin baş komandiri Utbə ibn
Rəbiənin yanına gedərək dedi: “Bu gün sən öz adına əbədi bir abidə qurdura
bilərsən. Qüreyşin bütün istəyi Hadraminin qatilindən intiqam almaqdır. Sən
192
Hadraminin əvəzini bizə verərək bu hadisəni həll edə bilərsən”. Utbə bu fikirlə
razılaşdı, o, da döyüşə tərəfdar deyildi. Digərləri Əbu Cəhlin onları qorxaq
adlandıracağından qorxduqlarına görə heç bir fikir söyləmədilər. Utbə ortaya
çıxaraq öz fikrini söylədi:
- Ey qüreyş, kim kiminlə vuruşacaq? Siz Məhəmməd və ətrafındakılarla
qarşılaşmaqla bir şey əldə etməyəcəksiniz. Onu ələ keçirənə qədər hər biriniz bu
döyüşdə bir yaxınını öldürmüş olacaq. Sonra bunlar necə üz-üzə baxacaqlar? Bu
işdən əl çəkin. Məhəmmədi və digər ərəbləri öz başlarına buraxın. Əgər ərəblər
onu üz üstə qoysa sizin arzunuz yerinə düşər, yox elə olmasa, o üzdən narahat
olacağınız bir işə əl atmış olarsınız.
Əbu Cəhl onu qorxaqlıqda ittiham edib dedi:
- Biz vahid can halında olan bir kütləyik. Yenilməz bir camaatıq. Bu gün
Məhəmməddən intiqam alacağıq.
Beləliklə döyüş qaçılmaz oldu. Qüreyşlilərdən üçü qabağa çıxıb
müsəlmanların ən cəsurlarını bərabər döyüşə çağırdı. Bu Əbu Süfyanın qayınatası
Utbə, qaynı Əl-Vəlid və Utbənin qardaşı Şənbə idi. Bu adamları Məkkədən Əbu
Süfyanın arvadı Hind göndərmişdi və onlar öz tayfalarında güclü adamlar sayılırdı.
Üç mədinəli döyüşçü də irəli çıxıb, çağırışı qəbul etdi. Qüreyşlilər qışqırdılar ki,
qoy bizim Məkkə dönükləri bacarırlarsa irəli çıxsınlar. Bu vaxt Məhəmmədin
əmisi Həmzə, kürəkəni Əli və Ubeydə ibn Haris döyüşə çıxdı. Qızğın və inadkar
döyüşdə Həmzə və Əli öz rəqiblərini öldürdülər və Ubeydəyə köməyə tələsdilər,
bu vaxt axırıncı ağır yaralanmışdı və demək olar ki, Utbə tərəfindən məğlub
edilmişdi. Onlar Qüreyşlini öldürdülər və yoldaşlarını apardılar. Lakin o, tezliklə
aldığı yaradan öldü. Bu döyüş də Qədim Romada baş vermiş romalı üç qardaş
Horatsilərin Alba-Lonqadan olan digər üç əkiz qardaş Kuriatsilərə qarşı əfsanəvi
qəhrəmancasına vuruşuna bənzəyir. Horatsilərdən sağ qalan bircə qardaş üç
Kuriatsi qardaşı öldürərək, romalılara qələbə gətirmişdi. İndi Həmzə və Əli də belə
igidlik göstərmişdilər. Sonra ümumi döyüş başlandı. Müsəlmanlar az sayda
olduqlarından əvvəlcə müdafiə olunurdular, öz yüksəkliklərini qoruyub
saxlayırdılar, düşmən üstünə ox yağdırırdılar. Məhəmməd Əbu Bəkrlə komada idi
193
və ciddi-cəhdlə dua edirdi. Döyüş gedəndə onun ürəyi keçdi, ayılıb elan etdi ki,
Allah ona qələbə vəd etdi. O, komadan kənara sıçradı, bir ovuc tozu götürüb
Qüreyşlilərə tərəf havaya atdı və qışqırdı: “Qoy bu onları çaşqınlığa düçar etsin!”
Sonra ardıcılları ilə düşmənin üstünə, irəli cumdu. “Savaşın və qorxmayın” – deyə
qışqırdı – “Cənnətin qapısı qılıncın sayəsində əldə edilir! Kim din uğrunda ölsə
şübhəsiz cənnətə buraxılacaqdır”.
Bu sözlərdən sonrakı birinci toqquşmada qarışıqlığın içinə çapan Əbu Cəhl
qoltuğundan qılıncla yaralandı və atdan yıxıldı. Abdullah ibn Məsud dizini onun
sinəsinə qoydu və bu qoca Məhəmmədə söyüşlər və lənət yağdıranda, onun başını
bədənindən üzdü. Qüreyşlilər sarsıldılar və qaçmağa başladılar. Döyüş yerində 70
cəsəd qalmışdı və o qədər də əsir götürüldü. Müsəlmanlardan 14 nəfəri
öldürülmüşdü. Onlar dinin şəhidlərinə çevrildilər. Müsəlmanlar parlaq qələbə
qazandılar. Bunun obyektiv səbəbləri də var idi, onlar yorulmamışdılar və əlverişli
mövqe seçmişdilər. Qüreyşlilər isə yorğun idi, susuzluqdan yanırdılar, su içməyə
yaxınlaşanda onların üstünə ox seli yağırdı, onların sayı da azalmışdı, çünki xeyli
hissəsi Məkkəyə qayıtmışdı. Lakin Məhəmmədin döyüşçülərini qələbəyə
ilhamlandırması döyüşün uğurlu nəticəsində heç də az rol oynamamışdı.
Döyüş sakitləşəndə Abdullah ibn Məsud Əbu Cəhlin başını gətirdi.
Məhəmməd bu dəhşətli qənimətə sevinclə baxıb dedi: “Bu adam bizim ümmətin
fironu idi!” Qoca döyüşçünün əsl adı Əbülhəsən Əmr ibn Hişam ibn əl-Mucirə idi.
Qüreyşlilər onu ağlına görə Əbu Elxoem və ya Müdrikliyin Atası adlandırırdılar.
Müsəlmanlar isə bu sözü Əbu Cəhl – “Dəlilik Atası”na çevirmişdilər. Bu ləqəb də
tarixdə qaldı və dindarlar çox vaxt həmin adın arxasınca “Allah ona lənət eləsin!”
sözlərini əlavə edirlər. Müsəlmanlar Mədinəyə qayıtdıqdan bir gün sonra əsir
dəstəsi də şəhərə gəldi. Məhəmmədin arvadı Sevda əsirlərin arasında qohumu
Əmri və oğlu Süheyli əli-qolu bağlı şəkildə görüncə, özünü saxlaya bilməyib dedi:
- Arvad kimi təslim olaraq əsarət zəncirini əllərinizəmi taxdınız? Hərb
meydanında kişi kimi niyə ölmədiniz?
Dostları ilə paylaş: |