188
artırdı, onların içərisində isə cəsur, igid və silahla davranmağı bacaran, döyüşməyə
hazır olan adamlar az deyildi. Bu qüdrətə sahiblikdən sonra Məhəmməd ona qarşı
edilmiş dəhşətli inciklikləri xatırladı. O, özünü inandırırdı ki, öz böyük niyyətini
həyata keçirmək üçün bu qüvvə onun əlinə keçmişdir və Allahın özü buna bu
vasitədən istifadə etməyi əmr etmişdir. Lakin Məhəmməd dinsizlikdə qalanlara
qarşı zor tətbiq edilməsinə hələ icazə vermirdi.
Məhəmmədin ilk hərbi tədbirləri köhnə qisas hissi ilə müəyyən qədər bağlı
idi. Qatı düşmənləri olan Qüreyşlilər Mədinədə də onu rahat buraxmaq
istəmirdilər. Onların karvanlarına görülən tədbirlər əvvəllər o qədər də uğurlu
olmurdu. Dördüncü dəfə o, Abdullah ibn Caxş adlı müsəlmanı on adamla Cənubi
Ərəbistan yoluna göndərdi. Müqəddəs rəcəb ayı idi, bu müddətdə zorakılığa və
qarətçiliyə icazə verilmirdi. Abdullaha verilən göstəriş yazılı şəkildə idi və zərfi
səfərin üçüncü günü açmaq lazım idi. Abdullah Məkkə ilə Taif arasındakı Nəhlə
vadisinə getməli və orada Qüreyşlilərin karvanının keçməsini gözləməli idi. Lakin
göstərişlər mücərrəd idi və istənilən qaydada başa düşülə bilərdi. Abdullah bu
sözlərin həqiqi mənasını özü bildiyi kimi başa düşdü. Onlar Nəhlə vadisinə
gələndə bir neçə dəvədən ibarət ticarət karvanı gördülər, karvan Suriyadan
qayıdırdı. Yüklü bu karvanı dörd nəfər müşayiət edirdi. Bir qədər izlədikdən sonra
Abdullah adamlarından birini karvanı saxlamağa göndərdi. O, Qüreyşliləri əmin
etdi ki, onun yoldaşları da zəvvarlardır və Məkkəyə gedirlər. Rəcəb ayı olduğuna
görə karvanı aparanlar buna inandılar. İstirahətə dayananda Abdullah yoldaşları ilə
birlikdə onların üstünə hücum etdi. Karvanın başçısı Əmr ibn Hadramini
öldürdülər, ikisini əsir götürdülər, dördüncünü isə buraxdılar. Qaliblər əsirlər və
qənimətlə Mədinəyə qayıtdılar. Mədinəlilər müqəddəs ayın belə pozulmasından
dəhşətə gəldilər. Məhəmməd Abdullaha hiddətləndi. O, ona təklif edilən
qənimətdən imtina etdi və bildirdi ki, o, Abdullaha qan axıtmaq tapşırığını və ya
müqəddəs ayda zorakılıq etməyə icazə verməmişdi.
Lakin Quranın “Əl-Bəqərə” surəsində deyilir: “[Allahın düşmənlərinə qarşı]
vuruşmaq [cihad] xoşunuza gəlmədiyi halda, sizə vacib edildi. Bəzən
xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün
189
zərərli ola bilər. [Onu] Allah bilir, siz bilməzsiniz” (216-cı ayə). Beləliklə, din
yolunda edilən hərəkətlərin Allaha xoş gəldiyi, onun tərəfindən qəbul edildiyi elan
edilir. Quranda sonra deyilir: “Haram olan ayda vuruşmaq haqqında səndən
soruşanlara söylə: “O ayda vuruşmaq böyük günahdır”, lakin Allah yolunu
[insanların üzünə] qapamaq, onu inkar etmək, Məscidülhərama girməyə mane
olmaq və oradakıları kənara çıxarmaq Allah yanında daha böyük günahdır. [Din
naminə] fitnə salmaq isə [həmin ayda] vuruşmaqdan daha betərdir”. “[Ey
möminlər!] onlar [Məkkə müşrikləri] əgər bacarsalar sizi dininizdən döndərincəyə
qədər sizinlə vuruşmaqda davam edəcəklər. Sizdən hər kəs öz dinindən dönüb kafir
olaraq ölərsə, belə şəxslərin bütün əməlləri [vaxtı ilə gördüyü yaxşı işləri] dünya
və axirətdə heçə gedər. Onlar cəhənnəmlikdirlər və orada əbədi qalacaqlar!” (“Əl-
Bəqərə” surəsi, 217-ci ayə). Quranın müddəalarından görünür ki, Qüreyşlilər,
Məkkə müşrikləri yeni dinə qarşı o qədər haqsızlıq etmişdilər ki, bunları ən ağır
cinayətlər hesab etmək olar. Ona görə də din yolunda baş verən hadisələrə də din
naminə, inam naminə haqq qazandırılır və müqəddəs ayda baş verən qanlı hadisə
böyük günah hesab edilsə də, Allah yolunu kəsmək daha böyük cinayət hadisəsi
kimi qiymətləndirilir və karvanın qarət edilməsi və qətl hadisəsi bu böyük
vəzifənin aliliyi ilə müqayisədə kölgədə qalır və az qala öz cinayət mahiyyətini də
itirir. Bu vəhylərdən sonra Məhəmməd daha cəsarətli hərəkət etməyə başladı,
hadisə barədə öz sərt mövqeyini bir qədər dəyişdi. O, əsirlərdən birini əvəzində
haqq almaqla buraxdı, digəri isə islamı qəbul etdi. Bu vaxtdan etibarən din yolunda
qılıncdan istifadə etmək ənənəsi də qoyuldu. Qüreyş islama qarşı düşmənçiliyini
davam etdirirdi. Hicrətdən sonra onlar Mədinənin mötəbər adamlarından biri olan
Abdullah ibn Übeyrə müraciət edərək, ya Məhəmmədi öldürməyi, ya da
Mədinədən çıxarmağı xahiş etmişdilər. Mədinəliləri isə, onlara hücum etməklə
hədələmişdilər.
Hicrətin ikinci ilində Məhəmməd məlumat aldı ki, onun başlıca düşməni
Əbu Süfyan otuz atlısı ilə birlikdə Məkkəyə qayıdır və o, Suriya malları ilə
yüklənmiş iri karvan aparır. Onlar Mədinə əyalətindən, dağ silsiləsi ilə dənizin
arasındakı zolaqla gedirdilər. Bu vaxt onları yaxalamaq olardı. Ramazan ayının
190
ortasında 314 nəfərlik qoşunla karvanın üstünə getdi. Onların arasında 83 mühacir,
61 evsli və 170 xəzrəci var idi. Hər dəstənin öz bayrağı var idi. Bütün qoşunda
cəmisi iki at var idi, onların azlığını 70 sürətlə qaçan dəvə əvəz edirdi. Adamlar bu
dəvələri növbə ilə minməklə yürüşü sürətli edə bilirdilər. Məhəmmədin
Abissiniyadan qayıtmış kürəkəni Osman da yürüşdə iştirak etmək istəyirdi, lakin
onun arvadı, peyğəmbərin qızı Ruqiyyə ölüm ayağında olduğundan o, Mədinədə
qaldı.
Məhəmmədin göndərdiyi adamlar əvvəlcə böyük yolla Məkkəyə tərəf getdi,
sonra Qırmızı dəniz tərəfə döndü və Bədir kiçik çayının suvardığı məhsuldar
vadiyə daxil oldu. Burada onlar gözləməyə başladı, çünki çayın keçilən yerindən
adətən karvanlar keçirdi. Bu xəbər Əbu Süfyana da çatmışdı ki, Məhəmməd onu
xeyli üstün qüvvə ilə gözləyir. Doğrudan da peyğəmbər xeyli adamla bura
gəlmişdi. Əbu Süfyan Məkkəyə muzdla tutduğu Damdam ibn Əmri Qifari adlı
qasid göndərdi ki, oradan kömək alsın. Qasid çaşqın vəziyyətdə Kəbəyə gəlib çatdı
və Əbu Cəhl damın üstünə çıxıb həyəcan siqnalı verdi. Bütün Məkkə sarsılmışdı.
Əbu Süfyanın arvadı, sərt və qorxmaz qadın olan Utbə qızı Hind atasını, qardaşını,
əmisini, öz qohumlarından olan bütün döyüşçüləri silahlanmağa və ərini xilas
etməyə çağırdı. Abdullahın öldürdüyü Qüreyşlininin qardaşları da qisas almaq
üçün silaha sarıldılar. Karvanda demək olar ki, bütün Qüreyşlilərin malları
olduğuna görə onların hamısı qisas hissi ilə öz əmlakları uğrunda vuruşmağa
qalxdılar. İqtisadi müharibə silahlı mübarizəyə keçmişdi. Qısa müddətdə yüz atlı
və yeddi yüz nəfər isə dəvə belində (ərəblərin atı olduqca az olurdu, bəzi tayfalar
heç at saxlamırdı) Suriya yoluna düzəldi. Onların başında 70 yaşlı Əbu Cəhl
dururdu. Əbu Cəhlin qoşunu və Əbu Süfyan bir-birinə yaxınlaşırdı. Axırıncı
karvanından xeyli qabaqda idi. O, xurma çəyirdəkləri vasitəsilə Məhəmməd
qoşunlarının izinə düşdü. O, başqa yola burulub Qırmızı dənizin kənarı ilə gedirdi.
Elə bir yerə gəlib çatdı ki, güman edirdi ki, burada ona heç bir təhlükə yoxdur.
Buradan ona köməyə tələsən Qüreyşlilərə xəbər göndərdi ki, karvan artıq
təhlükəsizlikdədir və onlar geri Məkkəyə qayıda bilərlər.
Dostları ilə paylaş: |