179
Vətənində Məhəmmədin vəziyyəti daha da ağırlaşırdı. Onun sədaqətli
rəfiqəsi Xədicə və onun qüdrətli müdafiəçisi Əbu Talib qəbirdə uyuyurdu. Əbu
Talibin güclü köməyindən məhrum olmuş Məhəmmədin həyatı səfil güzəranını
andırırdı. O, gizlənməyə məcbur idi. İlk peyğəmbər elçiliyinə başladığı vaxtdan on
il keçmişdi. Bu on il düşmənçiliklə, sarsıntı və bədbəxtliklərlə dolu idi. Allaha
səcdə vaxtı gəlib çatanda, bütün düşmənçilik kəsiləndə o, öz sığınacağından çıxıb
Ərəbistanın hər tərəfindən Məkkəyə yığışan kütləyə qarışdı. Allaha dua edənlər,
Kəbəyə sitayiş etməyə gələnlər dindən dönmüş adam kimi ondan qaçırdılar. Sülhə
sədaqətli olanlar isə öz vətənində qüvvətli adamlar tərəfindən təqib edilən şəxslə
dostluq etmək istəmirdi. Nəhayət o, Yasribdən olan bəzi zəvvarların diqqətini cəlb
etdi. Bu şəhər sonralar Mədinə adlanacaqdı, Məkkədən 270 kilometr aralı olmaqla
şimalda yerləşirdi. Onun sakinlərinin çoxu yəhudilər və xristian-dönüklər idi. Bu
ziyarətə gələnlər isə təmiz ərəblər idi. Onlar yəhudilərdən Messiyanın – Məsihin
gələcəyini çox eşitmişdilər. Məhəmmədin bəlağətli nitqi onlara çox təsir göstərdi,
onun təlimi isə yəhudilərin qanunlarına çox yaxın idi. Eşidəndə ki, o, özünü
peyğəmbər, köhnə dini bərpa etmək üçün göylərin elçisi elan etmişdir, onlar öz
aralarında müzakirə etməyə başladılar: “Bu haqqında bizə danışılan həqiqi həmin
vəd edilən Messiyadır!” Onlar peyğəmbəri daha çox dinlədikcə öz inamlarında
möhkəmlənirdilər. Nəhayət elan etdilər ki, onlar Məhəmməd dininə inanırlar və
bütünlüklə onu qəbul etdilər. Onların Həzrəclilər nəsli Yasribin ən qüdrətli
tayfasına mənsub idi. Ona görə də Məhəmməd öz üzərində onların himayəsini
möhkəmləndirməyə can atdı və onlar geri qayıdanda özünün də onlarla birlikdə
getməsini təklif etdi. Lakin peyğəmbərə dedilər ki, öz şəhərlərinin güclü tayfası
olan Evslərlə ölümcül düşmənçilikdədirlər. Ona görə də ona öz səfərini şəhərdə
sülh bərpa edilənə qədər təxirə salmağı təklif etdilər. O, razılaşdı. Lakin zəvvarlar
qayıdanda onlarla birlikdə öz istedadlı şagirdlərindən biri olan Müsab ibn Umeyri
göndərdi ki, onların inamını möhkəmləndirsin və dini onların vətəndaşları arasında
təbliğ etsin. Beləliklə, islamın ilk toxumları Mədinəyə səpildi. Əvvəlcə bu
cücərtilər ləng böyüyürdü. Bütpərəstlər Müsaba qarşı qalxdılar və onun həyatı
təhlükədə idi. Lakin o, davam gətirdi və şəhərin adlı-sanlı adamlarından bəzilərini
180
islam dininə keçirə bildi. Məkkədə təqib edilən bir çox müsəlman Mədinədə
sığınacaq tapmışdı və onlar yeni dinin sakinlər arasında yayılmasına köməklik
göstərirdilər. Çox keçməmiş bu din hər bir evə daxil oldu.
Məhəmmədə şəhərdə sığınacaq veriləcəyinə əmin olduqdan sonra dini
yenicə qəbul edənlərdən 70 nəfərdən çoxu Müsab ibn Umeyrin başçılığı altında
zəvvarlarla birlikdə Məkkəyə yollandı ki, peyğəmbəri öz şəhərlərində yaşamağa
dəvət etsinlər. Məhəmməd onlarla gecə yarısındakı görüşünü Əl-Akabə təpəsində
təyin etdi. Onun əmisi əl-Abbas Mədinə zəvvarlarından xahiş edirdi ki, qardaşı
oğlunu onun müdafiəsi üçün bütün imkanlar olmayana qədər öz şəhərlərinə
aparmasınlar, onları xəbərdar edirdi ki, yeni dinə açıqca keçid bütün Ərəbistanı
onların əleyhinə qaldıracaqdır. Lakin bu xahişlər və xəbərdarlıqlar əbəs idi, onlar
təntənəli müqavilə bağladılar. Məhəmməd tələb edirdi ki, onlar bütpərəstlikdən üz
döndərib açıq və qorxmadan vahid həqiqi Allaha təzim etsinlər. Şərtlər qəbul
olundu. Mədinə elçiləri Məhəmmədin əlini sıxıb müqaviləyə riayət edəcəklərinə
and içdilər. Bu vaxt Məhəmməd onlardan 12 nəfəri seçib özünün apostolları təyin
etdi, bununla o, İsa peyğəmbəri təqlid edirdi. Mədinə müsəlmanlarına isə ənsar,
başqa sözlə müttəfiq adı verildi, bu ad altında da onlar sonralar tanındılar.
Ənsarlar getdikdən sonra müqəddəs ay gəldi və müsəlmanların təqibi daha
şiddətli qaydada bərpa olundu. Məhəmməd vəziyyətin qorxulu olduğunu görüb
ardıcıllarına öz təhlükəsizliklərinə qayğı göstərməyi məsləhət gördü, lakin özü az
sayda sadiq dostları ilə hələ də Məkkədə qalırdı. Onun barışmaz düşməni Əbu
Süfyan bu vaxt şəhərin valisi idi. O, yeni dinin uğurları və yayılmasından
hiddətlənib Qüreyş ağsaqqallarını şuraya topladı. O, bu dinin qarşısını almaq üçün
daha təsirli vasitə axtarırdı. Bəziləri Məhəmmədi şəhərdən qovmağı tələb etdi.
Lakin bu təklifə etiraz etdilər ki, onda o, öz tərəfinə başqa tayfaları, hətta bütün
Mədinə əhalisini çəkəcək, sonra isə qisas almaq üçün onların başında geri
qayıdacaqdır. Digərləri məhbəsə salmağı və ölənə qədər onu orada saxlamağı təklif
etdi. Buna isə cavab verdilər ki, dostları onu xilas edə bilərlər. Bu etirazları
Necddən olan bir narahat qoca bildirirdi. Nəhayət, Əbu Cəhl elan etdi ki, bu bəlanı
dayandırmaq üçün bir düzgün vasitə vardır - Məhəmmədi öldürmək lazımdır.
181
Bununla hamı razılaşdı, qətlə yetirilənin qohumlarının intiqamına qarşı durmaq
üçün belə qərara gəlindi ki, ailənin hər bir üzvü Məhəmmədin köksünə öz
xəncərini sancmalıdır. Deyəsən Qüreyşlilər Roma diktatoru Qay Yuli Sezarın 666
il əvvəl baş vermiş sui-qəsdinin təşkili qaydalarından hali idilər. Miladdan əvvəl 15
mart 44-cü ildə baş verən Kuriyadakı bu qətl zamanı sui-qəsdçilərin hamısı Sezara
öz zərbəsini endirmişdi, həlak olan diktatorun bədənində 23 qılınc yarası olduğu
müəyyən edilmişdi. İndi də Məhəmmədə qətl planı hazırlayanlar sonrakı baş
verəcək hadisələri götür-qoy edirdilər ki, kimsə özünə başqa xilas yolu axtarmasın,
sui-qəsd üçün hamı bir nəfər kimi məsuliyyət daşısın. Bu qəsdə Quranın “Əl-
Ənfal” surəsində işarə edilir: “Yadına sal ki, bir zaman kafirlər səni həbs etmək və
ya öldürmək, yaxud da [Məkkədən] çıxardıb qovmaq üçün sənə qarşı hiylə
qururdular. Allah da [onların bu hiyləsinə qarşı] tədbir tökdü. Allah tədbir
tökənlərin ən yaxşısıdır!” (30-cu ayə).
Həqiqətən də qatillər Məhəmmədin yaşadığı yerə gəldilər, lakin bu vaxt o,
artıq xəbərdar edilmişdi. Rəvayətə görə bunu mələk Cəbrayıl xəbər vermişdi. Öz
qohumlarının qaniçiciliyini bəyənməyən Qüreyşlilərdən biri də bunu Məhəmmədə
çatdıra bilərdi. Fakt orasındadır ki, xəbərdarlıq Məhəmmədi xilas etmişdi. Qətli
icra etməyə gələnlər yataqda Məhəmmədin yaşıl plaşa bürünüb yatdığını gördülər
və qapını qırıb yatağın üstünə atıldılar. Yatan adam yerindən sıçradı – onların
qarşısında dayanan Məhəmməd deyil, Əli idi. Onlar Əliyə toxunmağa cəsarət
etmədilər. Bundan sonra Məhəmmədi diri və ya ölü gətirən adama Qüreyşlilər yüz
dəvə vəd etdilər.
Bu hadisədən sonra Məhəmməd Əbu Bəkrin evinə gəldi və onunla birlikdə
qaçmağa hazırlaşdı. Qərara aldılar ki, Məkkədən bir saatlıq məsafədə olan Cevr
dağındakı mağarada gizlənsinlər. Sonradan təhlükəsiz qaydada Mədinəyə getmək
üçün orada gözləmək olardı. Əbu Bəkrin uşaqları isə onlara yemək gətirəcəkdi.
Gecə Məkkəni tərk edib Cevr dağının ətəyinə gəldilər, lakin bu vaxt onları təqib
edənlərin səsini eşitdilər. Hətta qorxmaz Əbu Bəkr də qorxudan əsirdi və öz
hisslərini bunda ifadə etdi ki, onlar çox, biz isə iki nəfərik. Məhəmməd isə bildirdi
ki, üçüncünü yaddan çıxarma, Allahın özü bizimlədir. Doğrudan da Qüreyşlilər
Dostları ilə paylaş: |