185
piyada gedən oturana, kiçik qrup böyük qrupa, cavan qocaya birinci təzim
etməlidir”.
Məhəmməd Mədinədə yaşayan yəhudi nəsillərinin bəziləri ilə sülh
müqaviləsi bağlamışdı və ümid edirdi ki, onu messiya və ya peyğəmbər kimi
tanımağa onları inandıra biləcəkdir. O, islamı qəbul edən yəhudilərə şənbəyə
(şabata) və Moisey qanunlarından və qaydalarından çoxuna riayət etməyə icazə
vermişdi. Şərqdə müxtəlif dinə sitayiş edənlərin hər biri öz qiblələrinə, müqəddəs
tərəflərinə üzlərini çevirərək ibadəti icra edirdilər. Yəhudilər öz müqəddəs
şəhərləri Yerusəlimə tərəf üzlərini çevirirdilər. Məhəmməd öz dini üçün bu
qaydanı hələ qoymamışdı, lakin yəhudilərə hörmət xatirinə Yerusəlimi Qiblə kimi
təyin etmişdi. Bütün müsəlmanlar ibadət vaxtı üzlərini Yerusəlimə tərəf tutmalı
idilər.
Narahatçılıq törədən bir məsələ isə Mədinədə ardıcılların sayının sürətlə
artması ilə yanaşı, Məkkədən gələnlər arasında xəstəliklərin və narazılığın
yaranması idi. Onlar Mədinənin iqliminə adət etməmişdilər. Çoxları malyariyadan
əziyyət çəkirdi, qovulduqları vətənləri üçün darıxırdı. Yerli ənsarlarla mühacirlər
arasında söz-söhbət yaranırdı. Bu narazılığı yatırtmaq üçün Məhəmməd qardaşlıq
təsis etdi və bura Məkkədən olanlardan və mədinəlilərin hər birindən 54 adam
daxil oldu. Onlar bədbəxtlik və xoşbəxtlik anlarında bir-birinə kömək etməli idilər.
Bu əlaqə adamları qohumluqdan daha möhkəm bağlayırdı, çünki birinin irsi qan
qohumundan daha çox digərinə qismət olmalı idi. Bunun qanuni qüvvə kəsb etməsi
Quranda əks olunmuşdur. Quranın “Əl-Ənfal” surəsində deyilir: “İman gətirib
[Məkkədən Mədinəyə] köçənlər, Allah yolunda cihad edənlər (mühacirlər) və
[peyğəmbərlə mühacirlərə] sığınacaq verib kömək edənlər (ənsar) məhz onlar
həqiqi möminlərdir” (74-cü ayə). “Sonradan iman gətirib hicrət edənlər və sizinlə
bərabər döyüşənlər [cihad edənlər] də sizdəndirlər. Qohumlar Allahın kitabında irs
baxımından bir-birinə daha yaxındırlar [Məkkənin fəthinə qədər isə mühacirlər və
ənsar qohumluq əlaqələrindən asılı olmayaraq bir-birinin varisi hesab edilirdilər.
Məkkənin fəthindən sonra hökm ləğv olunub, varislik hüququ yalnız qohumlara
aid edildi] (75-ci ayə). Belə ki, Məkkənin fəthinə qədər ənsardan biri ölürdüsə,
186
mühacir qardaşı onun malına sahib olurdu. Beləliklə, Məkkə mühacirləri və yerli
ənsarlar Mədinədə öz icmalarını – ümmətlərini yaratdılar. Bu icma o vaxta qədər
Ərəbistanda mövcud olan tayfa birliklərindən fərqli olaraq qan qohumluğu
əsasında deyil, yalnız bir dini inama məxsusluğa görə qurulurdu. Bu icma teokratik
təşkilat idi, Məhəmməd isə onun həm ruhi, həm də dünyəvi başçısı rolunu
oynayırdı.
Dinə qısqanclıq göstərənlərdən Məhəmmədin ev işlərinə də böyük ziyan
dəyirdi. Onun qızı Ruqiyyə əri ilə hələ Abissiniyada idi, digər qızı Zeynəb əri ilə
Məkkədə qalmışdı və onun əri yeni dinin qatı əleyhdarı idi. Məhəmmədin onunla
birlikdə Mədinədə olan ailəsi onun bir az əvvəl evləndiyi arvadı Sevdadan, birinci
arvadı Xədicədən olan qızları Fatimə və Ümmü Gülsümdən ibarət idi. O, Sevdanı
sevsə də, Xədicənin ölümündən sonra ürəyində bir boşluq yaranmışdı.
İndi Məhəmməd öz nişanlısı, Əbu Bəkrin gözəl qızı Ayişə barədə
düşünməyə başladı. Onların nişanlandığı vaxtdan iki il keçmişdi və qız doqquz
yaşına çatmışdı. Şərqdə isti günəşin təsiri altında qadınlar çox tez yetişir.
Məhəmmədlə Ayişə nişanlanmamışdan əvvəl bu qız Cübeyr ibn Mut`imlin adaxlısı
idi, lakin Cübeyrin atası ailəsinə islamiyyətin daxil olmasına qarşı çıxdı, nişanı
pozmuşdu. Ayişənin yaş məsələsi çox mübahisəlidir. Bəziləri onun Məkkədə, 6-7
yaşında olduğu zaman nişanlanıb, 9-10 yaşında Mədinədə ərə getdiyini deyir.
Lakin qızın ərə getdiyi zaman yaşının çox kiçik olmadığı onun böyük bacısı
Əsmanın tərcümeyi-halından görünür. Qədim kitablar Əsmadan danışarkən onun
100 yaşında, hicrətin 73-cü ilində vəfat etdiyini yazırlar. Hicrətdə 27 yaşında olan
Əsmanın öz bacısından 10 yaş böyük olduğu göstərilir. Buradan da Ayişənin
hicrətdə 17 yaşında olduğu aydınlaşır. Digər tərəfdən Ayişə Məhəmməddən əvvəl
də nişanlı idi, bu isə onun ərə getmək yaşında olduğuna dəlalət edir. Ərə gedəndə
hansı yaşda olmasından asılı olmayaraq, bu qadına peyğəmbərin ən sevimli
arvadlarından biri olmaq taleyi qismət oldu və bu ailə həyatı Ayişəni islam
aləminin qadınlığının iftixarı səviyyəsinə yüksəltdi.
Mədinəyə gələndən bir neçə ay sonra onların Ayişə ilə toyu oldu və şənlik
çox sadə keçdi. Toy yeməyi süddən ibarət idi. Bundan bir az sonra Məhəmmədin
187
kiçik qızı Fatimə onun sədaqətli şagirdi Əli ilə nişanlandı. Fatimənin bu vaxt on
beş, ya da on altı yaşı var idi, o, qeyri-adi gözəlliyə malik idi. Əlinin isə 22 yaşı var
idi. Bu toy ziyafətində isə xörək xurma və zeytundan ibarət idi. Gəlin cehiz kimi
əri evinə iki süfrə, baş örtüyü, iki gümüş qolbağı, dəri yastıq, qədəh, kirkirə, su
üçün iki iri bardaq və yemək bişirmək üçün bir qazan gətirmişdi.
Axı peyğəmbərin özünün həyatı da onun şagirdlərinin sadə həyatından heç
nə ilə fərqlənmirdi. Sonralar bu barədə danışan Ayişə deyirmiş ki, “bütöv ay
ərzində onlar xörək bişirmək üçün ocaq qalamırdılar, xurmadan və sudan başqa
özgə qida olmurdu, kimsə hərdən bir ət göndərirdi”. Evdəki qulluqçuya heç vaxt
iki gün dalbadal buğda çörəyi verilməzmiş. Peyğəmbərin adəti qidası xurma, südlə
və balla yeyilən arpa çörəyi idi. O, öz otağını özü süpürürdü, ocaq qalayırdı,
paltarını yamayırdı, ümumiyyətlə özü özünə nökər idi. Arvadlarının hər ikisini
məscidin yanındakı ayrıca evlərdə saxlayırdı. Ayişəni isə xüsusi məhəbbətlə
sevirdi. Lakin Ayişənin gözəlliyi belə, peyğəmbərin Xədicəyə olan hisslərinin
dərinliyinə kölgə sala bilmirdi. O, tez-tez mərhum arvadını incə təəssüratlarda yada
salırdı. Bir dəfə bundan inciyən Ayişə ərinə dedi: “Allahın seçdiyi, məgər Xədicə
yaşa dolmamışdımı? Məgər Allah sənə ondan yaxşı arvad vermədimi?” Bu vaxt
Məhəmməd tam səmimi şəkildə dedi: “Heç vaxt, heç vaxt Allah mənə ondan yaxşı
arvad verməmişdir. Mən kasıb olanda o, məni varlandırdı, məni yalançı adlandıran
vaxt o, mənə inandı, bütün aləm mənim əleyhimə olanda təkcə o, mənə sadiq
qaldı”.
Cavan arvadı Ayişə ilə peyğəmbər 9 il ər-arvad həyatını yaşadı. Lakin
Məhəmmədin on üç illik mübarizəsi və dözümlülüyü ona gözlədiyi bəhrələri
vermirdi. Bu dövrdə o, çoxlu təhqirlərə və alçalmalara məruz qalmışdı. Onu ən qatı
təqib edənlər isə öz tayfasından olan adamlar idi. Qüreyşlilərin Əbd Şəms
qolundan o, çox pisliklər görmüşdü. Məkkədə valilik edən Əbu Süfyan ona çox
ziyan vurmuşdu, peyğəmbər qaçqın həyatı sürməyə məcbur olmuşdu. Bu
təhlükələrə bəlkə də o, hələ dözməkdə davam edəcəkdi. Lakin Mədinədə bir az
qaldıqdan sonra öz təəccübünə səbəb olan bir hadisə baş verdi – o, bütöv bir
qoşuna malik oldu, çünki onun ardıcılları arasında Məkkədən olan qaçqınların sayı
Dostları ilə paylaş: |