Tarixin göy qübbəsini işıqlandıranlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə76/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12997
1   ...   72   73   74   75   76   77   78   79   ...   120

 
227 
Zeynəb  sonralar  Mədinəyə  gəldi,  əri  də  müsəlman  olduqdan  sonra  onunla 
ailə həyatını bərpa etdi. Ancaq Zeynəbin xəstəliyi heç vaxt onu rahat buraxmırdı. 
Atası bütün xəstələrə baş çəkdiyi kimi qızının ağır dərdinə də biganə deyildi, ona 
daim  təsəlli  verirdi.  Məhəmməd  bu  itkiyə  çox  yanırdı.  Lakin  sevimli  kənizi 
Mariyanın  ona  oğul  doğması  peyğəmbərə  xeyli  təsəlli  verdi.  O,  körpənin  adını 
İbrahim  qoydu  və  ümid  edirdi  ki,  qocalığında  malik  olduğu  yeganə  oğul  sonrakı 
nəsillərdə onun adını yaşadacaqdır. 
Peyğəmbər  və  fateh  kimi  onun  şöhrəti  Ərəbistanın  ən  uzaq  guşələrinə 
yayılmışdı.  O,  artıq  istedadlı  dövlət  xadiminə  çevrilmişdi,  öz  sürətlə  böyüyən 
səltənətinin  maliyyə  məsələlərini  ustalıqla  qurmuşdu.  Bütün  dindarlar  sədəqə  adı 
altında  zəkat  verirdi.  Bu  zəkat  çayların  və  yağışın  məhsuldar  etdiyi  torpaqlarda 
istehsal  edilən  məhsulun  onda  birinə,  məhsuldarlıq  süni  suvarmadan  asılı  olan 
yerlərdə isə iyirmidə birinə bərabər idi.  Hər  on dəvəyə iki qoyun, hər qırx baş  iri 
buynuzlu mal-qaraya bir inək, otuz başa görə iki yaşlı buzov, hər qırx qoyuna görə 
bir qoyun verilməli idi. Kim çox zəkat versə bununla dinə bağlılığını göstərirdi və 
bu Allah qarşısında xidmət hesab edilirdi. 
Məhəmmədin  yeni  vergi  sistemi,  din  naminə  əhalinin  ödədiyi  zəkat  da 
tarixdə  yeni  hadisə  deyildi.  Qədim  yunan  polislərinə  (şəhər-dövlətlərində)  yerli 
sakinlər olan vətəndaşların bir hissəsi öz sərvətinə görə belə vergi ödəməli idi. Belə 
ki,  varlı  vətəndaşlara  liturgiya  qoyulurdu,  onlar  vəsaitlərinin  bir  hissəsini  ictimai 
ehtiyaclara sərf etməli idi.  Qədim yunan polislərində (m.ə. V–IV əsr) çox varlı və 
pozğun  həyat  tərzi  keçirənləri  ictimai  rəy  məhkum  edirdi.  Məhəmməd  isə  həm 
zəkatı, həm də qadağaları dinin naminə etdiyini bildirirdi və bu onlardan yayınma 
hallarını demək olar ki, istisna edirdi.  
Din  sürətlə  yayılırdı.  Şəhərlər  və  qəsrlər  bir-birinin  ardınca  dini  qəbul  edib 
Məhəmmədə  tabe  olurdu.  Nəhayət,  taiflilər  də  Məhəmmədə  elçi  göndərib  onunla 
sülh  barədə  danışıqlara  girdilər.  Elçilər  özləri  o  saat  islamı  qəbul  etməyə  razılıq 
verdilər  və  üç  illiyə  şəhərlərinə  qədim  bütləri  olan  El-Lata  sitayiş  etməyə  möhlət 
istədilər.  Lakin  onların  xahişi  kəskin  qaydada  rədd  edildi.  Sonra  onlar  bir  aylıq 
müddət  istədilər  ki,  xalqı  hazırlasınlar.  Bu  da  rədd  edildi.  Onda  onlar  gündəlik 


 
228 
namazdan onları azad etməyi xahiş etdilər. Məhəmməd cavab verdi ki, “ibadətsiz 
həqiqi  din  ola  bilməz”.  Nəhayət,  onlar  qeyd-şərtsiz  tabe  olmağa  məcbur  oldular. 
Əbu Süfyan, ibn Hərb və əl-Mücirə Taif şəhərinə göndərildilər ki, daş büt El-Latı 
qırıb dağıtsınlar. Əl-Mücirə çəkicin bir zərbəsi ilə bütü parçaladı. 
Nəhayət,  sözün  və  həm  də  işğalların  gücü  ilə  Məhəmməd  bütün  Ərəbistan 
üzərində  ağalıq  edirdi.  Peyğəmbər  rütbəsi  Məhəmmədə  nəhəng  qüvvə  üzərində 
mütləq  hakimiyyət  verirdi.  İndi  islamın  qüdrətini  özgə  torpaqlarında  da  yaymaq 
olardı.  Onun  çox  saydakı  qələbələri  və  Mutə  yanındakı  döyüşü  nəticədə  çar 
İraklinin  diqqətini  ona  yönəltdi  və  o,  Ərəbistan  sərhədlərində  qoşun  yığmağa 
başladı  ki,  öz  yeni  düşmənini  darmadağın  etsin.  Məhəmməd  onun  hücumunu 
qabaqlamaq və din bayrağını Suriyanın lap ürəyinə sancmaq  istədi. Bu yürüş çox 
təhlükəli bir iş olduğundan həmişəkindən böyük qoşun toplamaq lazım idi. Bundan 
başqa  uzaq  keçidlər  və  uzun  müddət  üçün  ərzaq  ehtiyatı  görmək  vacib  idi.  Ona 
görə  də  Məhəmməd  öz  məqsədi  və  yürüşün  xüsusiyyətləri  barədə  xalq  qarşısında 
məlumat verdi, lakin müharibəyə həvəs göstərənlər o qədər də çox deyildi. Çoxları 
Mutədəki  bədbəxt  döyüşü  xatırlayırdı.  Qızmar  yay  günləri  idi,  bu  vaxt  bütün 
bulaqlar və kiçik çaylar quruyur. Bir də xurma yığımı mövsümü yaxınlaşırdı, buna 
isə işçi qüvvəsi lazım idi. Abdullah ibn Übbey Məhəmmədin gizli düşməni olaraq 
qalırdı, imkan düşən kimi onun niyyətlərini pozmağa çalışırdı. O, peyğəmbərin bu 
tədbirini pisləyərək dedi ki, “Məhəmməd yunanlarla müharibəni zarafat hesab edir, 
amma siz görəcəksiniz ki, bu heç də ərəblərin ərəblərlə müharibəsi deyildir. Allah 
şahid  olacaqdır!  Mənə  elə  gəlir  ki,  mən  artıq  hamını  zəncirlərdə  görürəm”.  Bu 
sözlərlə  o,  öz  ardıcılları  olan  xəzrəclilərdə  qorxu  və  narazılıq  yaratdı.  Quranın 
ayəsi  isə  bu  məsələyə  başqa  nöqteyi-nəzərdən  yanaşaraq  qeyd  edir  ki,  kim  ki, 
özünü Allaha xidmətə həsr etmək istəmir, yayın istisi ilə özünə haqq qazandırmaq 
istəyir.  Ancaq  onlar  cəhənnəm  odunun  daha  qızmar  olduğunu  unudurlar.  Elələri 
müvəqqəti  təhlükəsizlik  həzzinə  qatılacaq,  sonra  isə  ardı  kəsilməyən  göz  yaşları 
onlara cəza olacaqdır. 
Bu  tərəddüd  anında  Məhəmmədin  qızğın  tərəfdarları  öz  sədaqətlərini  və 
coşqunluqlarını göstərdilər. Ömər, Abbas və Əbd əl-Rəhman böyük məbləğdə pul 


 
229 
verdilər.  Qadınların  çoxu  öz  geyimlərini  və  qiymətli  daş-qaşlarını  gətirdilər. 
Osmanın  Məhəmmədə  min,  bəziləri  isə  on  min  dinar  pul  verdiyini  deyirlər.  Bu 
pulla o, keçmiş, indiki və gələcək günahlarını yuyurdu, onların bağışlanmasını əldə 
edirdi.  Xristian  dünyasında  isə  hələ  altı  əsr  sonra  indulgensiya  –  günahların 
müəyyən  məbləğ  hesabına  bağışlanması  prinsipinə  keçiləcəkdi.  Əbu  Bəkr  dörd 
min  draxma  verdi.  Məhəmməd  bunu  qəbul  etmək  istəmirdi,  bilirdi  ki,  bu  onun 
bütün sərvətidir: “Bəs sənə və arvadına nə qalacaqdır” deyə o, soruşdu. Cavab belə 
oldu: “Allah və onun peyğəmbəri”. 
Peyğəmbər  böyük  əziyyət  hesabına  on  min  nəfərlik  süvari  və  iyirmi  min 
nəfərlik  piyada  qoşunu  yığa  bildi.  Bu  vaxt  Məhəmməd  Əlini  özünün  şəhərdə 
olmadığı dövr üçün Mədinənin valisi və hər iki ailənin mühafizəçisi təyin etdi. Bu 
Əlinin  ürəyindən  deyildi,  çünki  o,  peyğəmbərdən  geri  qalmamağı  və  onun 
təhlükələrini  bölüşdürməyə  adət  etmişdi.  Bütün  hazırlıqlar  görüldükdən  sonra 
Məhəmməd  Mədinədən  bu  bəlalı  yürüşə  yollandı.  Onun  qoşununun  bir  hissəsini 
xəzrəclilər təşkil edirdi və onlara Abdulla ibn Übbey başçılıq edirdi. Təsadüfi deyil 
ki,  Məhəmməd  onu  “riyakarların  başçısı”  adlandırmışdı.  Gecə  o,  özünə  ayrıca 
düşərgə  salmışdı,  səhər  isə  əsas  qoşun  irəli  hərəkət  edəndə  o,  geri  qaldı  və  öz 
dəstəsini  arxaya,  Mədinəyə  apardı.  O,  Əlinin  yanına  gəlib  onun  narazılığını 
qızışdırmaq  istədi,  guya  ki,  Məhəmməd  ondan  yaxasını  qurtarmaq  üçün  ona 
Mədinəni  tapşırmışdır.  Belə  niyyətdən  inciyən  Əli  Məhəmmədin  arxasınca  gedib, 
ondan Abdullah və onun tərəfdarlarının dediyinin həqiqət olub-olmadığını soruşdu. 
Məhəmməd  cavab  verdi  ki,  “bu  adamlar  yalançıdırlar.  Onlar  ikiüzlü  və  az 
inananlar  dəstəsini  təşkil  edirlər,  Mədinəni  qarışdırmaq  istəyirlər.  Mən  səni  orada 
qoydum  ki,  onlara  baxasan  və  bizim  iki  ailəni  qoruyasan.  Mən  istədim  ki,  sən 
mənə  Harunun  Musa  üçün  (Aaronun  Moisey  üçün)  olduğu  kimi  olasan,  bircə 
fərqlə  ki,  sən  Harun  kimi  peyğəmbər  ola  bilməzsən,  çünki  mən  sonuncu 
peyğəmbərəm”. Bu izahatdan razı qalan Əli Mədinəyə qayıtdı.  
Həmin  sözlərdən  sonra  çoxları  bu  qərara  gəldi  ki,  Məhəmməd  Əlini  artıq 
özünün xəlifəsi və ya varisi təyin etdi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə