F.Köçərli adına Respublika
Uşaq Kitabxanası
Tək inci kimi parlayan Xan qızı Xurşidbanu Natəvan
Xurşidbanu Natəvanın 185 illik yubileyi münasibətilə mərkəzi
kitabxanaların uşaq şöbələri, MKS-nin şəhər, qəsəbə, kənd
kitabxana filialları üçün hazırlanmış metodik vəsait
Bakı-2017
2
Tərtibçi: Ruhiyyə Məmmədli
Sevil Əhmədova
Redaktor: Səməd Məlikzadə
İxtisas redaktoru və Şəhla Qəmbərova
buraxılışa məsul: Əməkdar Mədəniyyət işçisi
Tək inci kimi parlayan Xan qızı Xurşidbanu Natəvan:
metodik vəsait / tərt.ed.:R.Məmmədli; red. S.Məlikzadə; ixt red.
və burax. məsul Ş.Qəmbərova; F.Köçərli adına Respublika Uşaq
Kitabxanası.- Bakı, 2017.-49s.
©F. Köçərli adına Respublika Uşaq Kitabxanası, 2017
3
Tərtibçidən
Azərbaycan xalqının ədəbiyyatımıza bəxş etdiyi nadir
şəxsiyyətlərdən biri də poeziyamızın iftixarı Xurşidbanu
Natəvandır. Xurşidbanu Natəvanın parlaq bədii istedada malik
söz sənətkarı kimi ədəbiyyatımız tarixində özünəməxsus layiqli
yeri vardır. Klassik ədəbi ənənələrimizi yaşadan, yüksək
humanizm ideyaları, dərin lirizm ifadə edən yaradıcılığı və
unikal şəxsiyyəti sayəsində Natəvan dövrün ədəbi mühitinin
formalaşmasına mühüm təsir göstərərək xalqımızın mədəni
irsinin zənginləşməsinə töhfələr vermiş, dolğun ictimai
fəaliyyəti ilə tanınmışdır.
Xurşidbanu Natəvan Azərbaycan mədəniyyəti tarixində
lirik şair və rəssam kimi şöhrət tapmışdır. Nizami, Füzuli və
Nəvai kimi nəhəng sənətkarların yüksək poetik ənənəsindən
tərbiyə alıb böyüyən Natəvan, ötən yüzillikdə Azərbaycanda
yazıb-yaradan qadın şairələrin ən istedadlı nümayəndəsi
olmuşdur. O, yüksək şeir mədəniyyəti, orijinal yaradıcılığı ilə
M.F.Axundov, Q.Zakir və S.Ə.Şirvani kimi görkəmli ədəbi
simaların nəzər- diqqətini cəlb etmişdir. Klassik irsə dərindən
yiyələnən Xurşidbanu Natəvan Azərbaycan şeirinin gözəl
xüsusiyyətlərini ləyaqətlə davam etdirmiş və qüvvətli rübabı ilə
poeziyamıza təsir göstərmişdir.
Bu vəsaiti Xurşidbanu Natəvanın 185 illik yubileyi
münasibətilə sizə təqdim edirik. Vəsaiti sizə təqdim etməkdə
əsas məqsədimiz oxucuların Xurşidbanu Natəvan haqqında
olan məlumatlarını daha da artırmaqdır. “Tək inci kimi
parlayan Xan qızı Xurşidbanu Natəvan” adlanan metodik
vəsait “Giriş” və “Keçiriləcək tədbirlər” hissəsindən ibarətdir.
Vəsaitin “Giriş” hissəsində Xursidbanu Natəvanın həyat və
yaradıcılığından söhbət açılır. Vəsaitin ikinci hissəsində
kitabxanalarda keçiriləcək tədbirlərdən bəhs olunur.
4
I Bölmə: Həyat və yaradıcılığı
Xurşidbanu Natəvan adı çoxdan bəri dillərə düşmüş, el
arasında hörmətlə yad edilən, sevilən, əzbərlənən və haqqında
gözəl rəvayətlər yaranan həssas şairə, vətənpərvər şəxsiyyətdir.
Natəvanın insana məhəbbət, həqiqətə inam və xeyirxah əməllərə
ümid dolu poeziyası həmişə təzədir. Natəvan yaradıcılığı öz
mayasını, qaynaqlarını təbiətin munis gözəlliklərindən, baharın
həyat qoxulu nəfəsindən, torpağın ətrindən götürmüşdür. Onun
həyatının məna, fikir, doğruluq və gözəllik dolu mərhələlərinə
baş vurduqca, insan qəlbən zənginləşir.
Natəvan yaradıcılığa təxminən XIX əsrin 50-ci illərindən
başlamışdır. İlk vaxtlar onun “Xurşid” imzası ilə yazdığı
şeirlərin əksəriyyəti itib-batmış, yalnız cüzi bir hissəsi bizə gəlib
çatmışdır. 1870-ci ildən etibarən şairə özünə “Natəvan”
(köməksiz, zəif, xəstə) təxəllüsü götürərək, dərin məzmunlu
qəzəllərini yaratmışdır. Onun şeirləri hələ sağlığında dildən-dilə
düşmüş, müasirləri arasında əlyazma şəklində yayılmışdır.
Təxəllüsündən bəlli olduğu kimi, Xurşidbanu Natəvan şeirimizə
narahat bir ilhamla, şikayətçi bir ruhla gəlmişdir. Füzulidə
olduğu kimi, onun lirikasında da sevinclə kədər birləşərək
vəhdət yaratmışdır. Şair bu təzadların arxasında dayanaraq,
ictimai ziddiyyətlərin dərin fəlsəfi mənasını axtarmış, ədalətlə
haqsızlığı, səadətlə bədbəxtliyi törədən səbəblərin mahiyyətini
açmağa çalışmışdır. Arzuları və həyat həqiqətləri arasında
böyük uçurum olduğunu dərk edən Natəvan, nə cəmiyyət və
təbiət qanunları ilə, nə də yaradılışla barışa bilməmişdir:
Nə mən olaydım, ilahi, nə də bu aləm olaydı!
Nə də bu aləm əra dil müqəyyədi-qəm olaydı!
Şair burada insanlara zindan kəsilən feodal dünyasının ədalətsiz
qanunlarına öz narazılığını bildirmişdir. Lakin, Xurşidbanu
şeirlərində romantik boyalara, sentimental əhvali-ruhiyyəyə
üstünlük versə də, real zəmindən uzaqlaşmamış, həyata, varlığa
biganə qalmamışdır. Onun əsərlərində həyat gözəlliklərinə