Toplayan və TƏRTİb edəN: K. HÜSeyn



Yüklə 5,74 Mb.
səhifə22/50
tarix16.11.2017
ölçüsü5,74 Mb.
#10515
1   ...   18   19   20   21   22   23   24   25   ...   50

İMAN YOXSA İRCA?
Artıq yuxarıda qeyd etdiyimiz kimi Sələflərin İmana verdiyi tərifi və həmçinin eynilə Murciyələrin imana verdikləri tərifi öyrəndik. Aydın oldu ki, Sələflərə görə İman nədir? Murciyəyə görə İman anlayışı nədir? Əhli Sünnətin İman mövzusunda etiqadı Quran, Sünnə, Səhabələrin və xeyirdə onlara tabe olanların yoludur. Onlar etiqad edirlər ki, İman – dil ilə iki şəhadəti söyləmək, bədən üzvləri ilə edilən əməllər və qəlb ilə təsdiqdir. Dəlil: Əbu Hureyrə radıyallahu anhu rəvayət edir ki, Rəsulullah sallallahu aleyhi və səlləm - buyurdu: «İman yetmiş yaxud da altmışdan çox şöbələrdən ibarətdir. Ən fəzilətlisi, Allahdan başqa ibadətə layiq haqq ilah olmadığını - Lə İləhə İlləllah - söyləmək, ən aşağı şöbəsi isə yolda olan maneəni dəf etməkdir. Həya da imanın bir şöbəsidir»725.

İrca tərk edən, arxada qoyan və s. deməkdir. Yəni, əməlləri imandan arxada qoyan, tərk edən deməkdir726. Ənəs - radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm buyurdu: “Ümmətimdən iki qrup vardır ki, onlar mənim Hovuzuma yaxın buraxılmayacaqlar və Cənnətə daxil olmayacaqlar! Qədərilər və Murciyə”727. Üç qrup İrca əhli vardır: 1. Birinci qrup hesab edir ki, İman – yalnız qəlb ilə təsdiqdir. Bunlar Cəhmilərdir728. 2. İkinci qrup hesab edir ki, İman – yalnız dil ilə şəhadəti iqrar etməkdir. Bunlar Kərramilərdir729. 3. Üçüncü qrup hesab edir ki, İman – Qəlb ilə təsdiq, dil ilə şəhadəti iqrar etməkdir. Bunlar Murciyə Fuqahadır730.

Fudeyl İbn İyad - rahmətullahi aleyhi deyir ki: “İman – qəlbin təsdiqi, dilin və əzaların təsdiqidir”731. İmam Vəki əl-Cərrah - rahmətullahi aleyhi deyir ki: “Əhli Sünnə etiqad edir ki, İman – sözlər və əməllərdir”732. İmam əl-Əcurri - rahmətullahi aleyhi deyir ki: “Allah sizə və bizlərə rəhm etsin! Bilin ki, iman – bütün məxluqatın üzərinə düşən qəlb ilə təsdiq, dil ilə iqrar və əzalar ilə əməl etməkdir”733. Bir kimsə dili ilə Şəhadəti imkanı olduğu halda söyləməkdən imtina edərsə müsəlman alimlərinin icmasıyla belə bir kimsə kafirdir734. Bir kimsənin də qəlbində qorxu, ümid, məhəbbət, təvəkkül olmazsa müsəlman alimlərinin icmasıyla belə bir kimsə kafirdir. İbn Qeyyim - rahmətullahi aleyhi deyir ki: “Əhli Sünnə etiqad edir ki, qəlbin əməlləri olmadığı zaman iman gedir və təsdiqin heç bir faydası olmur”735. Qəlbin sözü və əməli arasında olan fərqi isə Şeyx AbdurRahman əs-Sədi - rahmətullahi aleyhi belə izah edir: “Qəlbin sözü – onun təsdiqidir, qəlbin əməli isə - Allah və Rəsulunun sevdiyi əməllərdir”736. İbn Məndə - rahmətullahi aleyhi deyir ki: “İrca əhlindən bir qrup deyir ki: “İman – Dilin iqrarı olmadan qəlbin təsdiqidir”. İrca əhlindən digər qrup isə: “İman – Qəlb ilə təsdiq olmadan, Dil ilə iqrardan ibarətdir”. Bunu deyənlər isə Ğulət Murciyədir. İrca əhlinin çoxu isə deyirlər ki: “İman – Qəlb ilə təsdiq, Dil ilə iqrardır”. Xəvariclər deyirlər ki: “İman – qəlbin, dilin və bədən üzvlərinin bütün vaciblərini etməkdir”. Digərləri isə dedilər ki: “İman – qəlb ilə təsdiq, böyük günahlardan uzaq olaraq dil ilə iqrardır”. Əhli Sünnə deyir ki, İman – Allaha qəlbin, dilin və bədən üzvlərin əməllərilə hər növ itaətlərdir. Lakin imanın əsli və budaqları vardır. İmanın əsli – Allahı tanımaq, Ona iman etmək, nazil etdiklərini qəlb və dil ilə təsdiq etmək, təkəbbürlükdən uzaq olaraq Allahı sevgidə və qorxuda təzim etməkdir. Bu əsas insanı iman dairəsinə daxil edir və belə bir kimsə mömin adlanır. Bundan sonra onun üzərinə dinin əhkamları tətbiq edilir. Lakin imanın kamil olması üçün tək bunlar kifayət deyildir. Dini əkamları yerinə yetirmək, əmirləri yerinə yetirib qadağalardan çəkinmək lazımdır”737. Həmçinin ittifaq etmişlər ki, zahiri əməllərdən dördü istisna olmaqla, (Məbənil Ərbə) yəni namaz, oruc, zəkat və həcc istisna olmaqla, hər hansı bir zahiri əməli tərk edən kafir deyildir. Bu dörd zahiri əməlin tərkinin hökmündə isə alimlər ixtilaf etmişdir738. İbn Teymiyyə - rahmətullahi aleyhi deyir ki: “Mümkün deyil ki, mömin bir kimsənin qəlbində TamSabit (Kamil) bir iman olsun, Allaha iman gətirən bir kimsə olsun və bilsin ki, Allah onun üzərinə Namaz qılmaq, zəkat vermək, Ramazan orucunu tutmaq, Həcc etmək kimi bir çox fərzləri yerinə yetirməyi fərz etmişdir və üstündən uzun müddət keçməsinə baxmayaraq hələ də namaz qılmır, zəkat vermir, həcc etmir, Ramazan orucunu tutmur. Bu mümkün olan bir şey deyildir. Belə özünü yalnız qəlbində imanın yerinə nifaq və küfr olan bir kimsə apara bilər”739. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: “....Həqiqətən də insan bədənində elə bir ət parçası var ki, əgər o, islah (sağlam) olarsa bütün bədən islah (sağlam), əgər xəstə olarsa bütün bədən xəstə olar. Həqiqətən o, qəlbdir»740.

Alimlərin qoyduğu bu qaydalara əsasən, Əhli Sünnənin üsuluna riayət edərək deyə bilərik ki: “Hər hansısa bir əməllə Allahın dininə müxalif olmaq iki yolla baş verir”: 1. Allah və Rəsulunun əmr etdiklərini tərk etmək, yəni əmr olunanları yerinə yetirməmək. 2. Allah və Rəsulunun qadağan etdiklərini etmək.

Birinci növ müxalif olmaq, yəni Allah və Rəsulunun əmrlərindən boyun qaçırmaq, bu üç qismdən kənara çıxmır:

1- Etiqad etməyi tərk etmək. 2- Sözü tərk etmək. 3- Zahiri əməlləri tərk etmək.

1 – Etiqadı tərk etmək odur ki, Allah və Rəsulunun hər hansısa bir əmrinə etiqad etmirsən. Məs: Allaha iman gətirməmək, mələklərə, kitablara, Axirət gününə, ölümdən sonra hesabın olacağına iman gətirməmək, həmçinin içkinin haram olduğuna etiqad etməmək, namazın vacib olduğuna etiqad etməmək və s. Bu kimi əmrlərə etiqad etməmək və qadağanların haram olduğuna etiqad etməmək, Quran, Sünnə və alimlərin icmasına görə küfrdür. İbn Teymiyyə rahmətullahi aleyhi - deyir ki: “Kim mütəvatir və zahir olan vacibləri inkar edərsə, məs: beş vaxt namazı, ramazan ayının orucunu, həcci və ya haram olan şeyləri inkar edərsə, yəni onun haramlığına etiqad etməzsə, məs: zinanın haram olmağına, içkinin haram olmağına, ribanın haram olmağına etiqad etməzsə o kafirdir”741.

2 – Sözü tərk etməyin iki halı vardır: 1) Küfr olan hal - Şəhadət kəlməsini tələffüz etməməkdir. Yəni, bir kəs qüdrəti olduğu halda bu kəlməni söylməyi tərk edərsə, kafirdir. Bu icmadır. Hətta, şəhadət kəlməsinin doğruluğuna etiqad etsə belə kafirdir. İbn Teymiyyə rahmətullahi aleyhi - deyir ki: “Şəhadət kəlməsinə gəlincə isə, müsəlmanların ittifaqına görə şəhadət kəlməsini qüdrəti olduğu halda tərk edən kafirdir”. Sonra: “Kim qəlbi ilə qəti olaraq iman gətirərsə, lakin qüdrəti olduğu halda Şəhadət kəlməsini tələffüz etməzsə, bununla aydın olur ki, onun qəlbində ümumən iman deyə bir şey yoxdur”742. 2) Küfr olmayan hal - belə bir kimsə asi sayılır. Məs: Salamı qaytarmaq, yaxşılığı əmr edib, pisliklərdən çəkindirmək, zəlalətdə olana haqqı göstərmək, doğru danışmaq və s. bu kimi şeyləri tərk edən, Əhli-Sünnənin icmasına görə kafir sayılmır.

3 – Zahiri əməlləri tərk etmək də özlüyündə, hökm baxımından iki qismə bölünür: 1) Həmin zahiri əməllərdir ki, onları tərk edənin təkfir olunmasında Əhli Sünnə alimləri ixtilaf etmişdir. Məs: Namaz, oruc, zəkat və həcc. Yəni, Əhli Sünnə alimləri bir müsəlmanda bu zahiri əməllərin olmadığı halda, onun təkfir edilməsində ixtilaf etmişdir. İbn Teymiyyə rahmətullahi aleyhi deyir ki: “Alimlər bu dörd fərz olan şeyin, yəni namazın, orucun, zəkatın və həccin vacibliyini iqrar etdikdən sonra tərk edənin hökmü barəsində ixtilaf etmişdirlər!”743. İbn Racəb rahmətullahi aleyhi “İslam beş şey üzərində bina olunmuşdur” hədisinin şərhində bu məsələdə ixtilafın olduğunu qeyd etmişdir”.

2) Zahiri əməlləri tərk etməyin ikinci qismi odur ki, alimlər icma edib ki, onların tərk olunması ilə insan kafir olmur. Məs: Namaz, oruc, zəkat və həccdən başqa olan, yəni İslamın bu dörd rükunundan başqa olan digər zahiri əməllər buraya daxildir. Bir kəs bu zahiri əməllərin vacibliyinə etiqad edib, onu təkr edərsə bununla İslam dinindən çıxmır. Bu Əhli Sünnənin ittifaq etdiyi məsələdir.

2. Allah və Rəsulunun qadağan etdiklərini etməkdir. Bu da özlüyündə iki qismə bölünür: 1) İslamdan çıxaran küfr. Bu o əməllərdir ki, onu etməklə Allah və Rəsuluna olan imanın əslini pozur. Bu isə həm qəlb ilə, həm dil ilə, həm də zahiri əməllər ilə əlaqəlidir. A) Etiqadla bağlı olanlar, məs: Allahın Rububiyyət və ya Uluhiyyət və ya Əsmai Sifətdə şəriki olduğuna insanın etiqad etməsi. Yaxud Allahın oğlu olduğuna və ya Allahın mürgülədiyinə və s. bu kimi etiqad etmək, insanda olan imanın əslini pozur. B) Sözlə bağlı olanlar, məs: Allahın Rububiyyətini, Uluhiyyətini, İsim və Sifətlərini inkar edən sözləri işlətmək, həmçinin Allahı söymək, onun Rəsulunu söymək, onun dinini söymək və ya İslam dini ilə istehza etmək və s. bu kimi şeylər... C) Zahiri əməllər ilə bağlı olanlar, məs: Bütə səcdə etmək, günəşə səcdə etmək, Allahın Kitabını zibilə atmaq, yaxud onu təhrif etmək, həmçinin Peyğəmbərləri öldürmək və s. bu kimi şeylər, hansı ki, bunun İslamdan çıxaran küfr olmasına heç bir şəkk yoxdur.

2) İslamdan çıxarmayan küfr. Məs: Asiliklər, günahları çəkmək olar. Məs: Zina etmək, içki içmək, oğurluq etmək, riba yemək və s. bu kimi şeylər insanı İslam dinindən xaric etmir. Bu Əhli Sünnənin ittifaqında olan məsələdir. İbn Teymiyyə - rahmətullahi aleyhi deyir ki: “Əhli Sünnə məzhəbinin üsulundandır ki, onlar heç kəsi etdiyi bir günaha görə təkfir etmirlər, həmçinin Əhli Sünnə hansısa bir bidətlə heç kimi təkfir etmir. Həmçinin Əhli Sünnə ittifaq edib ki, əgər insan bu günahların haramlığına etiqad edərsə və sonradan onları edərsə bununla İslamdan çıxmır. Bu barədə alimlərin kifayət qədər sözləri mövcuddur: Əbu Ubeyd - rahmətullahi aleyhi deyir ki: “Bizim əqidəmizə görə belədir ki, günahlar və asiliklər imanın əslini aparmır və küfrü də vacib etmir”. İbn Batta - rahmətullahi aleyhi deyir ki: “Artıq alimlər icma etmişdir ki, qiblə əhlindən hər hansısa bir günaha görə heç kəs təkfir olunmur. Həmçinin onlar asiliyə görə heç bir müsəlmanı İslamdan çıxarmır”.

Müsəlmanın əməlinin küfr olması iki qismə bölünür: 1) O, əməllər ki, hər bir tərəfdən imana ziddir və birmənalı olaraq küfrdü. Bu da qəlbin küfr olmasından xəbər verir. Məs: Allahı, Dini, Peyğəmbəri, Quranı təhqir etmək və s. Əhli Sünnə insanın zahiri ilə batini arasında bağlılığın olduğunu qəbul edirlər. İnsanın zahiri əməlləri onun qəlbindən xəbər verir. Qəlb – padşahdır, əzalar isə - onun əskərləridir. Əməllərdə olan azğınlıq, qəlbin doğru yoldan azmasına işarədir. İbn Teymiyyə - rahmətullahi aleyhi deyir ki: “Qəlb - əsasdır. Əgər qəlbdə elm və istək varsa onlar mütləq bədənə (zahiri əməllərdə) büruzə verməlidir. Əzalar isə qəlbin istəyinə tabedir (ona qarşı zidd gedə bilmir). Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: “....Həqiqətən də insan bədənində elə bir ət parçası var ki, əgər o, islah (sağlam) olarsa bütün bədən islah (sağlam), əgər xəstə olarsa bütün bədən xəstə olar. Həqiqətən o, qəlbdir»744. Əgər qəlb salamatdırsa əməllər də xeyirlidir. İnsanın söz və əməli də xeyirdir. Hədis imamları demişlər: “Sözlər və əməllər ya gizli olur, ya da aşkar. Gizli olan aşkarda olanın ardınca gedər, ya xeyir olar, ya da şər”745. Əgər insanın zahiri əməllərində onun kafir olduğu görünərsə, bu onun qəlbinin də kafir olduğuna dəlalət edir. Allaha, Dinə, Peyğəmbərə qarşı olan küfr sözlər insanın kafir olmasına həm zahirən, həm də batinən dəlildir. Həm əməlində, həm də qəlbində. İbn Teymiyyə - rahmətullahi aleyhi deyir ki: “İnsanı kafir edən əməllərdən – bütə səcdə, Peyğəmbəri təhqir etmək insanın qəlbinin də küfr olmasından xəbər verir. Əgər insan bütün qarşısında səcdə edərsə, lakin qəlbində bütə deyil, Allaha səcdə etdiyini qəsd edərsə belə bir kimsə kafir deyildir”746. 2) O, əməllər ki, İmana heç bir tərəfdən zidd deyildir, küfr də ola bilər, küfr olmaya da bilər. Qəlbin də küfr olmasından xəbər vermir. Onların halları araşdırılmadıqca onlara kafir hökmü verilməz. Məs: Xatib İbn Bəltənin hadisəsini danışmaq olar. İbn Teymiyyə - rahmətullahi aleyhi deyir ki: “Olmaz bir kimsəni küfrdə ittiham etmək, əgər onun sözü (əməli) həm küfrə, həm də küfrə bənzəmirsə747”. Belə bir kimsələrin küfrü barəsində hökmü yalnız şəriətin qoyduğu qaydalar çərçivəsində olmalıdır.

Bədən üzvlərinin əməlləri (zahiri əməllər) hökmünə görə vacib olanlar vardır (bunları tərk edən günah qazanır) və müstəhəb olanları vardır ki (bunları edən Allah üçün savab qazanır). Bədən üzvlərinin vacib əməllərindən sayılan İslamın dörd dayağından birini və hamısını tərk edənin kafir olub olmaması alimlər arasında ixtilaflıdır. Əhli Sünnətin etiqadına görə insanı kafir onun sözləri, əməli və etiqadı edə bilər. İshaq İbn Rahaveyh - rahmətullahi aleyhi insanı Allah qorusun kafir edən bir neçə söz və əməli qeyd etmişdir: “İslam ümmətinin alimləri yekdil rəydədirlər ki, qeyd edəcəyim əməllər insanı kafir edir və onun üzərinə Dindən bir şeyi inkar edənin üzərinə tətbiq olunan hökmlər tətbiq edilir. Əgər bir kimsə Allaha və Ondan nazil olana iman etdikdən sonra bir Peyğəmbəri qətl edərsə və ya kiməsə bu işdə yardımçı olarsa, kafirdir hətta Peyğəmbərin öldürülməsinin qadağan olduğunu biləsə də belə. Bu həmçinin aiddir heç bir təhlükə olmadan Peyğəmbəri söyənə və Onun sözlərini inkar edənə”748. İbn Teymiyyə - rahmətullahi aleyhi deyir ki: “Allaha təkəbbürlüyündən üsyan edən (asi) olan kimsə müsəlman alimlərinin icmasıyla kafirdir”749.


MURCİYƏ KİMLƏRDİR VƏ ONLARIN ƏLAMƏTLƏRİ
Murciyə Kimlərdir? 750 - Bu doğru yoldan azmış bir qrupdur. Sələflər daima onlara qarşı mübarizə aparmış və insanları onların batil etiqadlarından çəkindirmişlər. İrca əhli hesab edir ki, İman – bütöv, ayrılmaz, tam bir şeydir, onlara görə İman artmaz və azalmaz. Onun barəsində danışıldıqda qeyd ilə: İnşəallah Mən Möminəm - demək olmaz. Əməllər isə iman məfhumunun içərisinə daxil olmaz. Ənəs - radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm buyurdu: “Ümmətimdən iki qrup vardır ki, onlar mənim Hovuzuma yaxın buraxılmayacaqlar və Cənnətə daxil olmayacaqlar! Qədərilər və Murciyə”751.

1) İman – yalnız İqrardır. İmam Əhməddən - rahmətullahi aleyhi : “İrca əhli kimlərdir?” deyə soruşdular. İmam: “İrca əhli iman – yalnız sözdür – deyən kimsələrdir”752. 2) İman – artıb, azalmaz. Sufyan əs-Sovri - rahmətullahi aleyhi deyir ki: “Biz İrca əhlindən üç şeylə fərqlənirik: Biz deyirik İman – söz və əmllərdir. Onlar deyirlər ki, İman – Sözdür, əməllər ora aid deyildir. Biz deyirik İman – Artar və azalar, onlar deyirlər İman – artmaz və azalmaz. Biz deyirik – Qiblə əhli bizim üçün mömindir, Allah dərgahında necə olmalarını isə yalnız Allah bilir. Onlar deyirlər – Biz Allah dərgahında möminik”753. 3) Əməlləri imana aid etməmək. Vaki İbn Cərrah - rahmətullahi aleyhi deyir ki: “İrca əhli – qəlbin etiqadı olduğu təqdirdə zahiri əməllərə lüzum yoxdur deyən kəslərdir”754. 4) Hər bir müsəlmanın imanının kamil olduğunu iddia etmək. İrca əhli deyir ki: “Əməllər insanı kafir edə bilməz və Allaha asilik təmiz olan imanı ləkələyə bilməz”. İbn Teymiyyə - rahmətullahi aleyhi deyir ki: “İrca əhlinin bütün qolları deyirlər ki: Böyük günahların edilməsi və Dini əhkamların tərk edilməsi insanın imanına təsir etməz, bununla iman nə azalar, nə də artar. Çünki imanın bir hissəsinin getməsi bütöv imanın getməsi deməkdir. Yəni, saleh ilə günahkarın imanı eynidir və dəyişməzdir. Lakin Peyğəmbərin sallallahu aleyhi və səlləm hədisləri isə bunun əksinə dəlildir: Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Kim Lə İləhə İlləllah deyib qəlbində arpa (buğda) dənəsi qədər iman (xeyir) olarsa Cəhənnəmdən çıxacaqdır»755. Əhli Sünnə deyir ki: “İman – bütöv, ayrılmaz, bir cür, tam və s. bir şey deyildir. Ona görə də ondan danışdığımız zaman qeyd ilə: İnşəallah Mən möminəm demək lazımdır. İbn Teymiyyə - rahmətullahi aleyhi deyir ki: “Murciyə, Xəvariclər, Mötəzilə, Cəhmilər və s. İman mövzusunda Əhli Sünnətdən əsas fərqi onlar hesab edirlər ki, İman – bütöv, tam, ayrılmaz bir şeydir. Əgər ondan bir hissə itərsə iman bütövlüklə itər, əgər ondan nə isə varsa bütöv iman da vardır. Onlar imanın bir hissəsinin getməsilə digərinin qalmasına inanmırlar. Murciyə, Cəhmilər deyirlər ki: “İman – bütöv, ayrılmaz, tam bir şeydir. Əgər əməlləri ona qatsaq bütöv bir şey əmələ gələcəkdir. Biri getdiyi təqdirdə bütöv iman da gedər. Bundan da aydın olur ki, böyük günah edən kafir olur”756. Şəkk yoxdur ki zahiri əməllərsiz, iman kamil ola bilməz. Kim zahiri əməllərsiz, İmanın kamil olduğunu iddia edərsə, artıq murciyələrə müvafiq olmuşdur. Murciyələrə görə, zahiri əməllərin olub olmaması, imana heç bir təsir etmir. Lakin Əhli Sünnəyə görə, zahiri əməllər olmasa, iman naqisləşir, Əhli Sünnə əməlləri imana daxil ediblər deyə, məhs bu səbəbdən də əməllərin olmaması ilə, imanın zəifləməsini, naqisləşməsini deyiblər. Əgər Onlar, (Əhli Sünnə) əməlləri imana daxil etməsə idi, əmələrin olmaması ilə, İmanın zəifləməsini deməzdirlər. Onlar (Əhli Sünnə) əməlləri İmandan gördükləri üçün, əməllərin yoxluğu ilə imana təsir etdiyini demişlər. Bu fərq olduqca mühümdür. 5) Günahların imana heç bir təsiri yoxdur. Günahkar müsəlman Cəhənnəmə girməyəcəkdir. İmam Əvzai - rahmətullahi aleyhi deyir ki: “İrca əhli deyir ki, iman mövzusunda insanlar bir-birilərindən fərqlənmirlər. Onlara görə günahkar ilə saleh eyni iman dərəcəsindədir”757. İrca əhli iddia edir ki, kim şəhadəti söyləsə və bütün günahlarla gəlsə belə Cəhənnəm atəşinə girməyəcəkdir. Çünki onlar Quranda gələn bütün hədə, təhdid ayələrini kafirlərə, mükafat olan ayələri isə müsəlmanlara aid etmişlər. Günahların iman gətirənə heç bir təsiri olmayacaqdır. Onlara görə Həccacın imanı Cəbrailin - əleyhissəlam - və Peyğəmbərin sallallahu aleyhi və səlləm imanı kimidir758. Nəinki kiçik günahlara, həmçinin böyük günahlara da etinasız yanaşmaq və günahların imana xələl gətirmədiyini (təsir etmədiyini) iddia etmək. Məhz bu səbəbdən, murciələr müsəlman bir kəsin, Cəhənnəmə girməyəcəyini iddia edirlər. 6) İmanda istisna etmək olmaz. AbdurRahman İbn Mehdi - rahmətullahi aleyhi deyir ki: “İrca əhlinin ilk əlaməti qeyd ilə İnşəallah mən möminəm deməməkdi”759. Əhli Sünnətin qeyd ilə İnşəallah mən möminəm deməsi – şübhə ilə deyil, Allah qorxusuna görədir. İmam əl-Acurri - rahmətullahi aleyhi deyir ki: “Alimlərdən bizə çatmışdır ki, Sünnə əhlinin xüsusiyyətlərindən biri də, İman məsələlərində olan “İstisna”dır. Əlbəttə ki, bu istisna şübhədən doğan bir istisna deyildir. Allah bizləri iman məsələlərində olan şübhələrdən qorusun! Beləki bu istisna, insanın özünü kamil iman sahibi adlandıraraq tərifləmək qorxusundandır!”760. 7) Küfr yalnız etiqaddadır. “Etiqadda olan küfrdən başqa küfr yoxdur” cümləsinə gəldikdə bunu həm səhv, həm də düz olaraq iki cür başa düşmək olar: 1. Səhv başa düşməyə gəldikdə: Heç bir əməl insanı Dindən çıxartmır və onu kafir etmir. Hər bir şey insanın öz istəyindən aslıdır. Yəni, nə etməsindən aslı olmayaraq o, kafir olmur, əgər onun məqsədi (niyyəti) küfr deyildirsə. Bu zaman belə çıxır ki, İblis kafir deyildir. Çünki niyyəti (qəsdi) küfr deyildir. Uca Allah buyurur: Onlardan nə üçün istehza etdiklərini soruşsan, deyərlər: "Biz sadəcə boş-boş danışıb zarafatlaşırdıq!" De: "Allaha, Onun ayələrinə və Onun Elçisinə istehzamı edirsiniz? Üzrxahlıq etməyin! İman gətirdikdən sonra artıq kafir oldunuz". Sizlərdən bir qismini bağışlasaq da, digərlərinə günahkar olduqlarına görə əzab verərik. (ət-Tövbə 65-66). Allahın dini ilə istehza edənlər kafir oldular, lakin onlar özləri etiraf etdilər ki, biz yalnız zarafat edirdik, qəlbimizdə isə belə bir etiqad yoxdur. Zarafat xatirinə dilləri bunu deyirdi. Lakin Allah onların bu sözlərini rədd edərək onlara bəyan etdi ki: Allahın dini ilə yalnız qəlbini küfrə açmış bir kimsə istehza edə bilər. Belə bir kimsənin qəlbində iman olsaydı bu cür sözləri söyləməkdən onları saxlayardı”761. Əhli Sünnətə görə Küfr – həm etiqadi, həm əməli, həm də sözdə olur. 8) Münafiqlik yoxdur. Sufyan əs-Sovri - rahmətullahi aleyhi deyir ki: “Bizimlə İrca əhli arasında ixtilaf üç şeydədir: 1. Biz deyirik: İman – söz və əməldir, onlar deyirlər: İman – yalnız sözlərdir, əməl deyildir. 2. Biz deyirik: İman – Atar və azalar, Onlar deyirlər: İman – artmaz və azalmaz. 3. Biz deyirik: “İman – münafiqlik var, onlar deyirlər: Münafiqlik yoxdur”762. Bir gün İrca əhlindən bir nəfər məşhur Tabiin olan Əyyub əs-Saxtiyaninin - rahmətullahi aleyhi yanna gəlir və: “Yalnız, İman və Küfr vardır” deyir (İrca əhli hesab edirdi ki: Münafiqlik yalnız Peyğəmbərin sallallahu aleyhi və səlləm dövründə olmuşdur). Əyyub: “Döyüşə getməyənlərdən başqaları da vardır ki, onlar Allahın ixtiyarına buraxılmışlar. O, ya onlara əzab verəcək, ya da tövbələrini qəbul edəcək. Allah Biləndir, Müdrikdir. (ət-Tövbə 106). Bunlar möminlərdir yoxsa kafirlər? Bu vaxt həmin insan susur. Əyyub: “Get, Quranı çox oxu! Quranın hər bir ayəsində münafiqlik barədə xatırlama vardır, sənə görə də ehtiyat edirəm”763. 9) Bizləri İrcalıqda ittiham edən Təkfirçilər özləri İrca fikrinə düşüblər. Bu da – müsəlmanların başçısına qarşı çıxmaqdır! Murciələr təkfir məsələsində xavariclərə müxalif olsalar da, müsəlmanların başçısına qarşı çıxmaq məsələsində onlarla həmrəydirlər! Murciələrin nə üçün insanları hakimə qarşı çıxmağa çağırmasını Allah bilir, lakin biz bilirik ki, sələfilər bu xüsusiyyəti murciələrə mənsub edərək, müsəlmanların başçısına qarşı çıxanlara murciə deyirdilər! Sufyan İbn Uyeynə və əl-Avzai - rahmətullahi aleyhi deyir ki: “Həqiqətən də İrca əhli əmirlərə qarşı çıxmağı icazli görürlər və buna dəvət edirlər”764. İbn Mubarakdan - rahmətullahi aleyhi : “Qoca yaşında deyəsən Murciyə olmusan” deyə soruşurlar. O: “Mən necə İrca əhli ola bilərəm ki, müsəlman Əmirlərə qarşı çıxmağı icazəli görmürəm”765. Subhənəllah! Görün bu Tabiini nə qədər İrcalıqda ittiham ediblər. İmam Əhməd - rahmətullahi aleyhi deyir ki: “Xəvariclər – İrca əhlidir”766. 10) Şeyx Fovzan “Şərh Bərbəhari” Şeyx əl-Bərbəhari rahmətullahi aleyhi öz kitabında Xəvariclərin sifətindən danışır və bu zaman Əqidə kitabında Ərəblərdə Əbanın altından geyinilən şalvardan danışır. Namaz ondan qılınar və batil deyildir. Bunu ilk dəfə demişdir Bəkr AbdulVahid. Dərsdən sonra Şeyx Fovzana hafizahullah - sual verilər. Şeyx, əqidə kitabında bu məsələyə nə ehtiyac (nə əlaqəsi var)? Cavab: Alimlər hərdən bəzi Fiqhi məsələləri əqidə kitabının içərisində qeyd ediblər. (Məs: İmam Əbu Hənifə rahmətullahi aleyhi “Fiqhul Əkbər” kitabında Məst etmək barəsində danışır). Qəsd: Çünki həmən məsələlər müəyyən mənhəc sahiblərinin əqidələrinə xasdır, onları fərqləndirən bir xüsusiyyətdir. Xəvariclər də namazı Cələbiyyədən (əbadan) başqa paltarda qılmağı batil görürlər. Bunu da ilk dəfə Xəvaric olan Bəkr AbdulVahid, İmam Əhmədin rahmətullahi aleyhi zamanında demişidir. Allahu Əkbər!

Əhli Sünnə alimlərinin İrca əhli barəsində gətirdikləri ən böyük əlamətlərdir. Günümüzdə isə bəzi cahillər bu əlamətlərə iki əlaməti də əlavə etmişlər: 1. Allahın hökmü ilə hökm verməyi böyük küfr saymayanlar - Murciyədir. 2. Namazı tərk edəni kafir görməyənlər - Murciyədir. Əgər sən bu iki əməli edəni kafir görsən artıq İrcalıqdan uzaqsan, əksi təqdirdə sən Murciyəsən. Şeyx Muhəmməd Səid Raslan hafizahullah - öz xütbəsində buyurur: “Əgər sən bu iki şeyə görə insanı təkfir etsən, o zaman Əhli Sünnənin düşmənləri səni Murciə saymayacaqlar!”767. Allahu Əkbər! Onlar deyirlər ki: Əgər bir kimsə İman – qəlb ilə təsdiq, dil ilə İqrar və bədən üzvlərinin əməlidir deyib, sonra da zahiri əməlləri tərk edəni kafir görmürsə artıq öz sözünə müxalif olmuşdur. İddia edir ki: Əzaların əməlləri imanın Sıhhati (Ruknu) üçün şərtdir. Məs: Namaz əməllərin ruknudur (İmanın Sıhhəti) üçün şərtdir, digər əməllər isə kamilliyi üçün şərtdir. Əgər bir kimsə İman – qəlb ilə təsdiq, dil ilə İqrar və bədən üzvlərinin əməlidir deyib, sonra da əməli tərk edəni kafir görürsə belə kimsə əməlləri imanın Sıhhəti üçün şərt görür. Sən ondan soruşduqda ki, hansı əməli tərk etməlidir ki, kafir olsun? Cavab: “Namaz”. Namaz məsələsinə gəldikdə isə: Bu əhli sünnət arasında ixtilaflıdır. Sən namazı tərk edəni kafir saydığın üçün, sənin üçün əməllər imanın Sıhhati üçün şərtdir, mən namazı tərk edəni kafir saymadığım üçün əməlləri imanın kamilliyi üçün şərt sayıram. Buna görə mən Murciyə olmalıyam! Namazın tərkini hətta tənbəllik səbəbilə də olsa belə tərk edənin kafir olur görüşündə olan bir çox Səudiyyə Ərəbistanı alimlərindən soruşsan ki: “İnsan İslamda bütün zahiri əməlləri edir, lakin bunlarla yanaşı namaz qılmır. Belə bir kimsə kafirdir yoxsa müsəlman?”. Cavab: “Kafirdir”. Əgər sən ondan soruşsan: İnsan heç bir zahiri əməli yoxdur namazdan başqa? Belə bir kimsənin hökmü nədir? Cavab: “Müsəlmandır”. Ubeyd əl-Cabiri hafizahullah deyir ki: “Namazın fərziyyətini təsdiq edərək tənbəllikdən tərk edən kafirdir yoxsa Fasiq? Bu məsələdə alimlər arasında iki rəy vardır. İmam Əbu Hənifə, Zuhri, İmm Məlik, Şəfii, İmam Əhməddən Allah onlardan razı olsun - gələn iki rəydən biri, Hənbəli alimlərinin və s. bir çox alimlərin rəyidir ki, belə bir kimsə Fasiqdir. İmam Əhməddən - rahmətullahi aleyhi gələn ikinci rəydə isə belə bir kimsə kafirdir. Hər iki qrup bu barədə Sünnədən dəlillər zikr edirlər. Mən isə bir neçə mühüm faydanı zikr edəcəm: Birinci Hər iki rəydən birini özünə seçən kimsəyə digər tərəfi pisləməsinə icazə yoxdur. Eşitdiyiniz kimi hər iki tərəfində dəlilləri və sübutları vardır Sələflərdən. Əksinə kiminsə öz rəyinə dəlilləri varsa qoy zikr etsin, lakin kimisə məcbur etməsin. Lakin bu məsələdə həddi aşarq insanları ittiham edən kimsələr bidətə yol vermişdir, bunu hiss etsədə etməsə də belə. İkinci - Sonuncu suala gəldikdə isə: Bir dənə də olsun Sünnə əhlindən olub, İslam şəriətini bilən alim bu məsələdə heç zaman həddi aşmamışdır. Namazı tənbəllikdən tərk edənləri Fasiq sayan alimlər, namazın tərkini böyük küfr görən alimlərdən heç kimi – Xəvaric adlandırmamışdır. Əksini söyləyənlər də digər tərəfi İrcalıqda ittiham etməmişlər. Bu cür ittiham son zamanlarda bəzi kimsələrdə çıxmışdır. (Həddadilər – Mahmud əl-Həddadın tərəfindən, Qutubilər - Muhəmməd Qutubun tələbəsi Səfər Həvali etmişdir). Onlar deyir ki: “Sən Murciyəsən? Nə üçün sən namzı tənbəllikdən tərk edəni kafir görmürsən? Nə üçün onu küfrdə ittiham etmirsən? Şeyx deyir: Başa düşmədim, mən sənin nəfsi-istəyinə tabe olmalıyam? Bir də ki, mən böyük (çoxluq) alimlərin məzhəbinə qayıtmışam bu məsələdə. Bilin və agah olun ki, mənə çatan dəlillərə əsasən namazı tənbəllikdən tərk edənin Fasiq olması rəyini qəbul edirəm. Heç kəs məni köhnə rəyimə dönməyə məcbur edə bilməz. Nə üçün? Çünki mənim üzərimdə hakim deyildir ki: “Nə üçün sən bu rəyi götürmüsən?” desin. Bu onun işi deyildir. Çünki mənim əlimdə ilk Sələf imamlarının dəlilləri vardır. Əgər məni İrcalıqda ittiham etsən, onları da ittiham etmiş olacaqsan. Əgər desə ki: “Yox, mən onları ittiham etmirəm” desə. Nə üçün məni ittiham edir, onları isə ittiham etmisən? Nə üçün? Çünki indi sənin boynundan heç qılıncın iti tərəfilə vurmayacaqdır. İkili standartlarla oynayırsan. Sən nə Sünnəni başa düşmüsən nə də dərk etmisən”768. Kimisə İrcalıqda, küfrdə ittiham etməkdə müsəlmanlar ehtiyatlı olmalıdırlar. İstənilən bir məsələni hər iki tərəfin dəlillərini oxumadan qərar verməməlidir. Bizim bədbəxtçiliyimiz yalnız özümüzə sərf edəni oxumağımızdır. Digər (qarşı) tərəfin isə dəlillərini oxumuruq. Buna görə də görürsən ki, qardaşlar arasında mübahisələr, küskünlüklər yaranır. Tələbələr İrcalıqda ittiham olunur. Bir o birindən heç nə götürmür. Bu Allahın dinidir, Allahın dini ilə oynamaq olmaz. Buna görə nə qədər alimlər, tələbələr İrcalıqla ittiham olunub. Allah qorusun! İbn Cərir ət-Təbəri - rahmətullahi aleyhi deyir ki: “Kim demədiyim bir şeyi mənə isnad edərsə və ya demədiyim bir şeyi mənim adımdan söləyərsə onun üzərinə Allahın, mələklərinin və bütün lənət edənlərin lənəti olsun”769. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: “Kim bir mömin haqqında onda olmayan bir şeyi deyərsə Allah onu Rağbatul Habala – yerləşdirər (Rağbatl Habal – Cəhənnəm əhlinin bədənindən axan irindir)”770. Qoy nifrət və həsədiniz sizləri haqqı qəbul etməkdən uzaq etməsin! İbn Qeyyim - rahmətullahi aleyhi deyir ki: “Uca Allah haqqı qəbul etmək istəməyən kimsələri sərt olaraq məzəmmət etmişdir. Onlara nifrət (kin, ədavət) bəslədikləri kimsələrdən haqq gəldiyi zaman onu qəbul etməz, lakin sevdikləri kimsələrdən bunu qəbul edərlər. Bu (Allahın) qəzəbi altında olan bir qövmün sifətidir. Bəzi səhabələr demişlər: Kin (ədavət) bəslədiyin kimsə olsa da belə haqqı ondan qəbul et, yalanı isə sevdiyin bir kimsə olsa da belə inkar et!”771. İbn Qeyyim - rahmətullahi aleyhi deyir ki: “(Bir kimsənin) sözlərini, adətini və niyyətini yozmaqdan həzər et! Adiyyatı olmadığı bir şeyi ona isnad eməkdən qorx!”772. Malik İbn Dinar - rahmətullahi aleyhi deyir ki: “İnsana pislik olaraq kifayət edər – özü saleh olmadığı halda, saleh olan kimsələr haqqında pis danışar”773.

Sələflərin Etiqadı - 1) İman artar və azalar. Kim buna iman edərsə artıq İrca əhlindən uzaq olmuşdur. İsmail İbn Sad - rahmətullahi aleyhi deyir ki: “İmam Əhməddən - rahmətullahi aleyhi : İman artar və azalar deyən bir kimsə barəsində soruşdum?”. Şeyx dedi: “O, kimsə İrca əhli deyildir”774. İmam əl-Bərbəhari - rahmətullahi aleyhi deyir ki: “Kim desə ki, İman – söz və əməldir, artar və azalar belə bir kimsə Murciyəlikdən uzaqdır”775. İbnu Mubarak rahmətullahi aleyhi dan: “Sən Murciələrin rəyindən tutunursan?” – deyə soruşduqda, o dedi: «Mən, Sözün və Əməllərin imana daxil olmasını iddia etdiyim halda, necə murciə ola bilərəm?!”776. İbnu Mubarak rahmətullahi aleyhi deyir ki: “İmanın söz və əməl olduğunu və həmçinin imanın artıb azaldığını deyən birisi Murciyəlikdən qurtulmuşdur!”777. 2) Kim İman məsələsində Qeyd ilə: İnşəallah Mən Möminəm - deyərsə - İrca əhlinin əsas etiqadlarından birini rədd etmiş olar. Beləliklə də İrcalıqdan uzaq olmuşdur. İsmail İbn Sad - rahmətullahi aleyhi deyir ki: “İmam Əhməddən - rahmətullahi aleyhi : “Mən əhkamlara görə, möminəm, lakin Allah yanındakı məqamımdan xəbərsizəm” deyən bir kəsin halı barəsində soruşduqda o mənə “Belə insan Murciyə deyil” – deyə cavab verdi!778. 3) İnsanın əməlləri onu küfr həddinə çatdıra bilər. Kim buna iman edərsə İrca əhlinin - əməllər imandan deyildir etiqadına zidd olmuş və İrcalıqdan uzaq olmuşdur. 4) İnsanın etdiyi günahları onun imanına təsir edərək azaldır. İmam Əhməddən - rahmətullahi aleyhi İrca əhli barəsində soruşdular O: “Biz deyirik İman: “söz və əməldir, artar və azalar. Mömin zina etdikdə, içki içdikdə onun imanı azalar”779. İbnu Mubarak rahmətullahi aleyhi deyir ki: “Murciələr saleh əməllərinin qəbul olunduqlarını iddia edirlər. Lakin mən bilmirəm, mənim saleh əməllərim qəbul olunur, yoxsa yox”780. 5) İman – Söz və əməldir. Şeyx əl-Albani rahmətullahi aleyhi deyir ki: “O (Səfər Həvəli “Zahiratul İrca”), məni ittiham edir, halbuki mən ən kiçik bir məsələdə belə İrca əhlinə müxalifəm. Mən deyirəm ki: İman – artır və azalır, saleh əməllər imandandır. Deyirəm ki, icazəlidir demək: İnşəallah mən möminəm!”. Baxmayaraq ki, bütün bu deyilənlər İrca əhlinə ziddir, lakin o məni İrcalıqda ittiham etmişdir. Mən deyirəm: Necə də dünənki gün bu günə bənzəyir. Bir dəfə bir nəfər İbn Mubaraka rahmətullahi aleyhi dedi: İçki içən və zina edən kimsə barəsində nə deyə bilərsən? O, mömindirmi?”. İbn Mubarak: “Mən onu iman dairəsindən çıxarmıram”. Adam: “Qoca yaşında deyəsən Murciyə olmusan”. İbn Mubarak: “Həqiqətən İrca əhli mənim dediyimi demir: Mən deyirəm ki, iman artar və azalar. İrca əhli isə: Belə demə deyirlər. Onlar deyirlər ki, onların saleh əməlləri qəbuldur. Lakin mən saleh əməllərimin qəbul olub olmadığını bilmirəm. Sənin isə əlinə qələm kağız götürüb alimlərin yanında oturmağına ehtiyacın vardır”781.
Yüklə 5,74 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə