Ümumi HİSSƏ Birinci bölmə GİRİŞ MÜDDƏalari



Yüklə 493,18 Kb.
səhifə28/35
tarix25.08.2018
ölçüsü493,18 Kb.
#64176
1   ...   24   25   26   27   28   29   30   31   ...   35
§5. İstiqraz

 

Maddə 1070. İstiqraz anlayışı

 

İstiqraz emitentin istiqraz mülkiyyətçisinə borclu olduğunu təsdiqləyən və şərtlərindən asılı olaraq, müəyyən edilmiş tarixdə faiz (kupon) və ya diskont və əsas məbləği ödənilən borc investisiya qiymətli kağızıdır.

 

Maddə 1071. İstiqraz şəklində borc öhdəliyindən irəli gələn tələblərin ödənilməsi – çıxarılmışdır.

 

Maddə 1072. İstiqrazların etibarsız elan edilməsi – çıxarılmışdır.

 

Maddə 1073. Faizli qiymətli kağız kuponları, renta kağızları və dividend kuponları – çıxarılmışdır.

 

Maddə 1074. Kartoçkalar, markalar və oxşar sənədlər – çıxarılmışdır.

 

Maddə 1075. Açıq borc istiqrazları. Emissiya prospektinin məcburiliyi – çıxarılmışdır.

 

//çıxarılıb//

 

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

 

Maddə 1076-1. Təmin edilmiş istiqrazlar

 

1076-1.1. Təmin edilmiş istiqrazlar onlardan irəli gələn öhdəliklər girovla, qarantiya ilə, həmçinin dövlət və ya bələdiyyə zəmanəti ilə təmin olunan istiqrazlardır.

1076-1.2. Təmin edilmiş istiqrazlar üzrə hüquqların keçməsi ilə təminat üzrə hüquqlar da keçmiş hesab olunur. İstiqrazlar üzrə hüquqların keçməsi ilə müşayiət olunmayan təminat üzrə hüquqların keçməsi etibarsızdır.

1076-1.3. Təmin edilmiş istiqrazlar üzrə təminat haqqında məlumat istiqrazların emissiyası haqqında qərarda və emissiya prospektində əks etdirilməlidir.

1076-1.4. Təmin edilmiş istiqrazlar üzrə təminat üçüncü şəxs tərəfindən təqdim edildikdə həmin şəxs istiqrazların emissiyası haqqında qərarı imzalamalıdır. Təminatı təqdim etmiş şəxs hüquqi şəxs olduqda istiqrazların emissiyası haqqında qərar həmin hüquqi şəxsin təkbaşına icra orqanı və ya kollegial icra orqanının bütün üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir.

1076-1.5. Təmin edilmiş istiqrazlar üzrə təminatın dəyəri istiqrazların ümumi nominal dəyərindən və ödəniləcək olan faizlərdən (olduqda) aşağı olmamalıdır.

//çıxarılıb//

 

Maddə 1076-2. Təmin edilmiş istiqrazlar üzrə təminatın sərəncamçısı

 

1076-2.1. Təmin edilmiş istiqrazlar üzrə təminatın sərəncamçısı həmin təminatın qanunvericiliyin və emissiya prospektinin tələblərinə cavab verməsinə nəzarət məqsədi ilə istiqrazların mülkiyyətçilərinin xeyrinə öz adından təminatı girov saxlayan qismində çıxış edən investisiya şirkəti, mərkəzi depozitar və ya bankdır. Emitentlə sərəncamçı arasında qarşılıqlı asılılıq olmamalıdır.

1076-2.2. Sərəncamçı emitentin istiqrazların emissiyası haqqında qəbul olunmuş qərarında müəyyənləşdirilir və emitentlə bağlanılmış müqavilə əsasında fəaliyyət göstərir.

1076-2.3. Sərəncamçı qanunvericiliyin və emissiya prospektinin tələblərinə uyğun olmayan hərəkət və ya hərəkətsizliyə yol verdikdə və ya bu Məcəllədə sərəncamçıya dair müəyyən edilmiş tələblərə cavab vermədikdə, emitent maliyyə bazarlarına nəzarət orqanının tələbi ilə sərəncamçını digər şəxslə əvəz etməlidir.

1076-2.4. Sərəncamçı öz hüquq və vəzifələrini həyata keçirərkən hər hansı hərəkəti və ya hərəkətsizliyi nəticəsində yaranmış zərər üçün məsuliyyət daşımır, bu şərtlə ki, həmin hərəkətin və ya hərəkətsizliyin qanunsuz və ya vicdansız hərəkətlərin nəticəsi olduğu sübut edilməsin.

 

Maddə 1076-3. Girovla təmin edilmiş istiqrazlar

 

1076-3.1. Girovla təmin edilmiş istiqrazlar üzrə girov predmeti investisiya qiymətli kağızları, daşınmaz əmlak sertifikatları, daşınmaz və rəsmi reyestrdə üzərində mülkiyyət hüququ qeydə alınan daşınar əşyalar, habelə bu Məcəllənin 1076-6-cı maddəsi ilə müəyyən edilmiş ipoteka örtüyü ola bilər.

1076-3.2. Girovla təmin edilmiş istiqrazların bir buraxılışının daxilində hər bir istiqraz mülkiyyətçisi girov qoyulmuş əmlaka münasibətdə həmin buraxılışda olan digər istiqrazların bütün başqa mülkiyyətçiləri ilə bərabər hüquqlara malikdir.

1076-3.3. Girovla təmin edilmiş istiqrazlar üzrə əmlakın girov qoyulması qanunvericilikdə girov üçün nəzərdə tutulmuş prosedurlara müvafiq surətdə həyata keçirilir.

//çıxarılıb//

1076-3.5. Girovla təmin edilmiş istiqrazlar dövlət qeydiyyatına alınmazdan əvvəl girovun predmeti olan qiymətli kağızlar (adsız qiymətli kağızlar daxil olmaqla) “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq surətdə depozitar sistemində deponentləşdirilərək onların girovu qeydiyyata alınır.

1076-3.6. Girov predmetini təşkil edən qiymətli kağızlar üzrə hüquqlar məhdudlaşdırıldıqdan sonra, girov qoyan sərəncamçıya bu barədə rəsmi məlumat verir.

1076-3.7. Girovla təmin edilmiş istiqrazlar üzrə öhdəliklərin emitent tərəfindən icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda, girov predmeti olan əmlaka bu istiqrazların hər hansı mülkiyyətçisinin sərəncamçıya ünvanlanmış yazılı tələbi ilə, sərəncamçı tərəfindən qanunvericiliyə müvafiq surətdə tutma yönəldilə bilər. Sərəncamçı istiqraz mülkiyyətçisinin yazılı tələbində qeyd olunmuş istiqrazlar üzrə öhdəliklərin emitent tərəfindən icra edilməməsi və ya lazımınca icra edilməməsi faktlarını araşdırır və yalnız bu faktlar təsdiq olunduqda girov predmetinə tutma yönəldir.

1076-3.8. Girov qoyulmuş əmlakın satılmasından əldə edilmiş vəsait girovla təmin edilmiş istiqrazların mülkiyyətçiləri olan şəxslərə verilir. Girov qoyulmuş əmlakın satılmasından əldə edilmiş vəsaitin məbləği istiqrazlar üzrə icra edilməmiş öhdəliklərin məbləğindən çox olduqda, bu fərq öhdəliklər tam şəkildə ödənildikdən sonra emitentə qaytarılır.

1076-3.9. Girovla təmin edilmiş istiqrazların mülkiyyətçiləri bu Məcəllənin 1076-3.7-ci bəndində göstərilmiş tələbləri, öhdəliyin icra müddətinin bitdiyi gündən sonra qanunvericilikdə müəyyən edilmiş müddət ərzində vermək hüququna malikdir.

 

Maddə 1076-4. Qarantiya ilə təmin edilmiş istiqrazlar

 

1076-4.1. İstiqrazlar üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün təqdim edilən qarantiya qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmiləşdirilməlidir.



1076-4.2. İstiqrazlar üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün təqdim edilən qarantiya bu istiqrazlar üzrə öhdəliklər tam icra edilənədək geri çağırıla bilməz.

1076-4.3. Qarantiya, emitent tərəfindən istiqrazlar üzrə öhdəliklər tam şəkildə icra olunanadək, sərəncamçıda saxlanılır.

 

Maddə 1076-5. Dövlət və bələdiyyə zəmanəti ilə təmin edilmiş istiqrazlar

 

Dövlət və bələdiyyə zəmanəti ilə təmin edilmiş istiqrazların buraxılması qaydası müvafiq qanunvericiliklə tənzimlənir.



 

Maddə 1076-6. İpoteka istiqrazları

 

1076-6.1. İpoteka istiqrazları ipoteka örtüyü ilə təmin olunmuş istiqrazlardır.



1076-6.2. İpoteka örtüyünə əsas və əlavə aktivlər daxil edilir.

1076-6.3. Əsas aktivlər qismində yaşayış sahəsinin alınması üçün verilmiş və həmin, yaxud digər yaşayış sahəsinin ipotekası ilə təmin olunmuş kreditlərlə (ipoteka kreditləri) bağlı emitentin tələb hüquqları çıxış edir.

1076-6.4. Əlavə aktivlər ipoteka örtüyünün nominal dəyərinin 20 faizindən çox olmamaqla aşağıdakı tərkibdə ola bilər:

1076-6.4.1. Azərbaycan Respublikasının dövlət qiymətli kağızları;

1076-6.4.2. Azərbaycan Respublikası Mərkəzi Bankının qiymətli kağızları və ya emitentin Azərbaycan Respublikasının Mərkəzi Bankında saxlanılan depozitləri;

1076-6.4.3. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş dövlətlərin və həmin dövlətlərin mərkəzi banklarının buraxdığı qiymətli kağızlar.

1076-6.5. Maliyyə bazarlarına nəzarət orqanının normativ xarakterli aktı ilə ayrı hal nəzərdə tutulmayıbsa, ipoteka istiqrazları yalnız ipoteka örtüyünə daxil olan əsas aktivlərin (ipoteka kreditlərinin) valyutasında ola bilər.

1076-6.6. İpoteka istiqrazlarının orta çəki metodu ilə hesablanmış ödəniş müddəti ipoteka örtüyünə daxil olan ipoteka kreditlərinin orta çəki metodu ilə hesablanmış ödəniş müddətindən çox ola bilməz. Orta çəki metodu ilə ödəniş müddətlərinin hesablanması qaydası maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir.

1076-6.7. İpoteka istiqrazlarını yalnız kredit təşkilatları və müvafiq icra hakimiyyəti orqanı tərəfindən ipoteka kreditlərinin verilməsi məqsədi ilə yaradılmış qurumlar buraxa bilər.

1076-6.8. İpoteka istiqrazları üzrə emitentin öhdəlikləri tam və ya qismən həmin istiqrazların ipoteka örtüyünə daxil edilmiş aktivlərlə birgə bu Məcəllənin 1076-6.7-ci maddəsi ilə müəyyən edilmiş ipoteka istiqrazları buraxmaq hüququ olan üçüncü şəxslərə verilə bilər, bu şərtlə ki, belə hal emissiya prospektində nəzərdə tutulsun. Emitentin bu Məcəllənin 1076-13-cü maddəsi ilə müəyyən edilmiş müflisləşməsi və ya öhdəliklərini yerinə yetirməməsi halında emitentin öhdəlikləri üçüncü şəxslərə yalnız həmin maddə ilə nəzərdə tutulmuş qaydada keçməlidir.

 

Maddə 1076-7. İpoteka istiqrazları üzrə faizlər

 

1076-7.1. İpoteka istiqrazları öz mülkiyyətçilərinin ipoteka istiqrazlarının emissiya prospektində müəyyənləşdirilmiş məbləğdə və qaydada faiz almaq hüququnu təsbit etməlidir. Bu zaman faiz ödənişləri ipoteka istiqrazlarının buraxılış şərtlərinə uyğun olaraq, lakin ən azı ildə bir dəfə həyata keçirilməlidir.

1076-7.2. İpoteka örtüyünə daxil olan aktivlər üzrə faiz ödənişləri ipoteka istiqrazları üzrə faizlərin ödənilməsini təmin etməlidir.

1076-7.3. Maliyyə bazarlarına nəzarət orqanının normativ xarakterli aktı ilə ayrı hal nəzərdə tutulmayıbsa, ipoteka örtüyünə daxil olan ipoteka kreditləri sabit faizlərlə verilmiş olduqda ipoteka istiqrazları üzrə faizlər sabit, ipoteka örtüyünə daxil olan ipoteka kreditləri dəyişən faizlərlə verilmiş olduqda isə ipoteka istiqrazları üzrə faizlər dəyişkən olmalıdır. Dəyişən faizlər müəyyən edildikdə, ipoteka örtüyünə daxil olan ipoteka kreditləri üzrə faizlərlə ipoteka istiqrazları üzrə faizlər eyni faiz dərəcəsi bazasına bağlı olmalıdır.

 

Maddə 1076-8. İpoteka istiqrazlarının buraxılması xüsusiyyətləri

 

1076-8.1. İpoteka istiqrazlarının emissiya prospektində “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 5.3-cü maddəsində nəzərdə tutulmuş məlumatlardan başqa aşağıdakı məlumatlar olmalıdır:

1076-8.1.1. ipoteka örtüyünə daxil olan aktivlər barədə məlumat (dəyəri, tərkibi, borcların ödənilməsi şərtləri və qaydası);

1076-8.1.2. ipoteka istiqrazlarının vaxtından əvvəl ödənişi nəzərdə tutulduqda, bu halda ödənişin şərtləri, yaxud vaxtından əvvəl ödənişə yol verilmədikdə, bu barədə məlumat;

1076-8.1.3. ipoteka istiqrazlarının ödənişi ilə bağlı məlumatın dərc ediləcəyi kütləvi informasiya vasitələri barədə məlumat;

1076-8.1.4. sərəncamçı ilə bağlı məlumatlar.

1076-8.2. İpoteka istiqrazlarının vaxtından əvvəl ödənilməsi zamanı vaxtından əvvəl ödəniş bir buraxılışın bütün istiqrazlarına eyni şərtlərlə şamil olunur.

1076-8.3. Emitentin emissiya etdiyi ipoteka istiqrazlarının bir buraxılışı bir ipoteka örtüyü ilə təmin edilir. Bir ipoteka örtüyü ilə ipoteka istiqrazlarının bir neçə buraxılışının təmin edilməsinə yalnız əvvəlcədən təsdiq edilən emissiya prospektində nəzərdə tutulduğu halda yol verilir. 

 

Maddə 1076-9. İpoteka örtüyünə dair tələblər

 

1076-9.1. İpoteka örtüyünə daxil olan aktivlər başqa öhdəliklərlə yüklü edilə bilməz və sərəncamçının icazəsi olmadan ipoteka örtüyünə daxil olan aktivlərə dair sərəncam verilə bilməz. Bu Məcəllənin 1076-13-cü maddəsində nəzərdə tutulmuş halların baş verməsinədək ipoteka örtüyünə daxil edilmiş aktivlərdən daxil olan pul vəsaitləri emitentin hesabında saxlanılır və onun öz mülahizəsi ilə istifadə olunur.

1076-9.2. İpoteka kreditinin verildiyi zaman yalnız müstəqil qiymətləndirici tərəfindən bazar dəyəri ilə qiymətləndirilmiş daşınmaz əmlakla bağlı hüquqlar ipoteka örtüyünə daxil edilir.

1076-9.3. Yaşayış üçün nəzərdə tutulmayan daşınmaz əmlakın, boş torpaq sahəsinin və tamamlanmamış tikintinin ipotekası ilə təmin edilmiş kreditlər ilə bağlı hüquqlar ipoteka örtüyünə daxil edilə bilməz.

1076-9.4. İpoteka istiqrazlarının likvidliyini artırmaq məqsədilə faiz nisbətinin daha aşağı həddi maliyyə bazarlarına nəzarət orqanının normativ xarakterli aktı ilə nəzərdə tutulmayıbsa, ipoteka predmetinin hesablanmış bazar dəyərinin 85 faizindən çox məbləğdə verilmiş ipoteka krediti üzrə hüquqlar ipoteka örtüyünə daxil edilmir.

1076-9.5. İpoteka örtüyünə daxil olan aktivlərin əsas borc məbləğləri üzrə dəyəri emitentin ipoteka istiqrazları üzrə ödəməli olduğu ümumi nominal dəyərin ən azı 110 faizini təşkil etməlidir. Bu zaman hesablamaya hər bir kredit üzrə əsas borcun həmin krediti təmin edən ipoteka predmetinin bazar dəyərinin yalnız 80 faizindən çox olmayan hissəsi daxil edilir.

1076-9.6. İpoteka örtüyünə daxil olan hüquqlarla əlaqəli olan ipoteka kreditləri üzrə şərtlər kredit müddəti ərzində əsas borcun və faizlərin ən azı rübdə bir dəfə olmaqla yalnız pul formasında hissə-hissə ödənilməsini nəzərdə tutmalıdır.

1076-9.7. Maliyyə bazarlarına nəzarət orqanı tərəfindən qeyri-standart kredit kimi təsnifləşdirilmiş kreditlər üzrə hüquqlar ipoteka örtüyünün tərkibinə daxil edilə bilməz.

1076-9.8. İpoteka örtüyünə daxil olan hüquqlarla əlaqəli olan daşınmaz əmlaklar ipoteka krediti üzrə öhdəliyin qüvvədə olduğu bütün müddət ərzində bazar qiyməti əsas götürülməklə və təmin etdiyi kreditin qalıq dəyərinin həcmindən az olmamaqla məhv olma və ya zədələnmə riskindən sığortalanmalıdır.

1076-9.9. İpoteka örtüyünə daxil olan hüquqlarla əlaqəli olan ipoteka müqavilələrində ipoteka saxlayanın razılığı olmadan ipoteka qoyan tərəfindən ipoteka predmetinin özgəninkiləşdirilməsini, digər öhdəliklərlə yüklənməsini, habelə ona dair başqa sərəncam verilməsini (vəsiyyət etmə halları istisna olmaqla), eləcə də ipoteka predmetinin salamatlığına ziyan vuran və ya pisləşməsinə səbəb olan hərəkətləri qadağan edən şərt olmalıdır.

 

Maddə 1076-10. İpoteka örtüyünün reyestri

 

1076-10.1. İpoteka istiqrazlarının hər bir emitenti istiqrazların buraxılışı haqqında qərar qəbul etdikdə, istiqrazları təmin edən ipoteka örtüyünün reyestrini sərəncamçının nəzarəti altında yaratmalı və aparmalıdır.

1076-10.2. İpoteka örtüyünün reyestrində müvafiq qeydin edildiyi andan aktivlər ipoteka örtüyünün tərkibinə daxil edilmiş hesab olunur.

1076-10.3. İpoteka örtüyünün reyestrinə ən azı aşağıdakı məlumatlar daxil edilir:

1076-10.3.1. İpoteka örtüyünə daxil olan aktivlər üzrə emitentin hüquqlarını təsdiq edən sənədlərin rekvizitləri;

1076-10.3.2. ipoteka örtüyünə daxil olan aktivlərin məbləği (əsas borc və faiz dərəcəsi), ödəniş müddətləri, yaxud bu məbləğləri müəyyənləşdirməyə imkan verən şərtlər;

1076-10.3.3. ipoteka örtüyünə daxil olan aktivlər üzrə öhdəliklərin icra vəziyyəti;

1076-10.3.4. ipoteka örtüyünə daxil olan hüquqlarla əlaqəli olan ipoteka predmetinin adı, eyniləşdirilməsi üçün yetərli olan təsviri və olduğu yer;

1076-10.3.5. ipoteka örtüyünə daxil olan hüquqlarla əlaqəli olan ipoteka predmetinin müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilmiş dəyəri.

1076-10.4. İpoteka örtüyünün reyestri maliyyə bazarlarına nəzarət orqanının müəyyən etdiyi qaydada kağız və elektron formada aparılmalıdır. İpoteka örtüyünün reyestri və ona edilmiş dəyişikliklər maliyyə bazarlarına nəzarət orqanına təqdim edilməlidir.

1076-10.5. İpoteka örtüyünə daxil olan aktivlər yalnız sərəncamçının icazəsi ilə ipoteka örtüyünün reyestrindən çıxarıla və ya başqa aktivlə əvəz edilə bilər. Sərəncamçı emitentin bu barədə müraciətinə beş iş günü müddətində baxmalı və nəticəsini emitentə yazılı formada bildirməlidir.

1076-10.6. Sərəncamçı emitentin ipoteka örtüyünə daxil olan aktivlər barədə sərəncam verməsinə yalnız belə sərəncam bu Məcəllə və emissiya prospektinə zidd olmadıqda icazə verə bilər.

 

Maddə 1076-11. İpoteka örtüyü üzrə sərəncamçının hüquq və vəzifələri

 

1076-11.1. Sərəncamçı ipoteka istiqrazlarının buraxılışı zamanı və maliyyə bazarlarına nəzarət orqanının normativ xarakterli aktı ilə daha qısa müddət müəyyən edilmədikdə, ən azı yarım ildə bir dəfədən az olmayaraq ipoteka örtüyünün bu Məcəllənin 1076-6-cı və 1076-9-cu maddələrinin tələblərinə uyğunluğunu yoxlayır.

1076-11.2. İpoteka örtüyü bu Məcəllənin 1076-6-cı və 1076-9-cu maddələrinin tələblərinə cavab vermədikdə, sərəncamçı bu barədə emitentə yazılı məlumat verir və aşkar olunmuş pozuntuların aradan qaldırılmasını tələb edir. Emitent tələbi aldığı tarixdən on iş günündən gec olmayaraq müəyyən edilmiş bütün çatışmazlıqları aradan qaldırmalı və bu barədə sərəncamçıya müvafiq məlumatı və sənədləri təqdim etməlidir.

1076-11.3. Sərəncamçı ipoteka örtüyünün yoxlanılmasının nəticəsi barədə hesabatı maliyyə bazarlarına nəzarət orqanının müəyyən etdiyi forma və qaydada həmin orqana təqdim edir.

1076-11.4. Sərəncamçı ipoteka örtüyündə aşkar etdiyi, lakin emitent tərəfindən bu Məcəllənin 1076-11.2-ci maddəsinə müvafiq qaydada aradan qaldırılmamış və istiqrazlar üzrə ödənişlər üçün əhəmiyyətli təhlükə yarada bilən pozuntular barədə Azərbaycan dilində və emissiya prospektinin dərc olunduğu digər dillərdə tərtib olunmuş bildirişi pozuntuların aradan qaldırılması üçün müəyyən edilmiş müddətin bitməsindən beş iş günündən gec olmayaraq emissiya prospektinin dərc olunduğu kütləvi informasiya vasitəsində (həmin kütləvi informasiya vasitəsi fəaliyyət göstərmədikdə başqa kütləvi informasiya vasitəsində) açıqlamalı və maliyyə bazarlarına nəzarət orqanına təqdim etməlidir. Maliyyə bazarlarına nəzarət orqanı bildirişi aldığı gündən üç iş günü müddətində onu Azərbaycan dilində və emissiya prospektinin dərc olunduğu digər dillərdə öz internet səhifəsində yerləşdirməlidir.

1076-11.5. Sərəncamçı istənilən vaxt ipoteka istiqrazları üzrə ödənişlər barədə emitentdən məlumat tələb etmək və emitentin müvafiq sənədlərini nəzərdən keçirmək hüququna malikdir. Emitent sərəncamçının tələb etdiyi məlumat və sənədləri müraciəti aldığı tarixdən üç iş günündən gec olmayaraq təqdim etməlidir. Emitent müraciətə cavab vermədikdə və ya tam cavab vermədikdə sərəncamçı bu barədə maliyyə bazarlarına nəzarət orqanına dərhal yazılı məlumat verməlidir.

1076-11.6. Sərəncamçı istiqraz mülkiyyətçilərinin müdafiəsi məqsədilə ipoteka örtüyü üzrə bu Məcəllə və “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hüquq və vəzifələri həyata keçirir.

 

Maddə 1076-12. İpoteka örtüyünə daxil olan aktivlərin uçotu və girovu

 

1076-12.1. Aktivlər ipoteka örtüyünə daxil edildiyi andan onların uçotu emitentin digər aktivlərindən ayrı aparılır. İpoteka örtüyünə daxil olan aktivlər üzərinə istiqraz mülkiyyətçilərindən başqa digər kreditorların tələblərinin ödənilməsi üçün həbs qoyula bilməz və həmin aktivlər üzrə tələb yönəldilə bilməz.

1076-12.2. Bu Məcəlləyə uyğun olaraq ipoteka örtüyünə daxil olan aktivlər ipoteka istiqrazlarının emissiya prospektinin təsdiq edildiyi andan qanun üzrə istiqraz mülkiyyətçilərinin xeyrinə girov qoyulmuş hesab edilir. Qanun üzrə girov sonrakı dəyişikliklərə görə ipoteka örtüyünə daxil olan aktivlərə sərəncamçının bu Məcəllənin 1076-10.5-ci və 1076-10.6-cı maddələrinə uyğun olaraq belə dəyişikliklərə yazılı icazə verdiyi andan şamil olunur. 

1076-12.3. İstiqrazların mülkiyyətçiləri eyni ipoteka örtüyünə daxil olan aktivlərin hesabına ipoteka istiqrazları üzrə ödənilən nominal dəyər və faizlərə münasibətdə emitentin digər kreditorlarına nisbətən bərabər qaydada üstünlük hüququna malikdirlər. İstiqraz mülkiyyətçilərinin üstünlük hüququ ipoteka örtüyünə daxil olan bütün aktivlərə (əsas və əlavə), o cümlədən həmin aktivlərdən əldə edilən gəlirə eyni dərəcədə aiddir.

1076-12.4. İstiqraz mülkiyyətçiləri emitentin digər ipoteka örtüyünün reyestri ilə təmin edilmiş istiqraz mülkiyyətçilərinin tələbləri tam ödənildikdən sonra bu reyestrə daxil edilmiş aktivlərin qalıq hissəsi üzərində emitentin digər kreditorlarına nisbətən bərabər qaydada üstünlük hüququna malikdirlər.

1076-12.5. İpoteka örtüyü hesabına tələbləri tam ödənilməmiş istiqraz mülkiyyətçiləri emitentin ipoteka örtüyünə daxil edilməyən aktivlərinə münasibətdə emitentin digər təmin edilməmiş öhdəlikləri üzrə kreditorları ilə bərabər hüquqlara malikdirlər.

 

Maddə 1076-13. İpoteka istiqrazlarının emitentinin müflisləşməsi, məcburi ləğvi və öhdəliklərini yerinə yetirməməsi



 

1076-13.1. Emitent müflis elan edildikdə və ya məcburi qaydada ləğv edildikdə ipoteka örtüyünə daxil olan aktivlərin heç biri ipoteka istiqrazları mülkiyyətçilərinin tələbləri tam ödənilənədək emitentin digər kreditorları arasında bölüşdürülə bilməz.

1076-13.2. Emitent müflis elan edildikdə, məcburi ləğv edildikdə, öhdəliklərin icra edilməsi ilə bağlı emissiya prospektinin hər hansı bir şərtini yerinə yetirmədikdə və ya bu Məcəllə ilə müəyyən edilmiş öhdəliklərini davamlı olaraq pozduqda (bundan sonra bu maddənin məqsədləri üçün - öhdəliklərin yerinə yetirməməsi) istiqraz mülkiyyətçiləri öz istiqrazları üzrə ödənişlərin vaxtından əvvəl həyata keçirilməsini tələb edə bilməzlər. Bu halda istiqraz mülkiyyətçiləri ipoteka örtüyünə daxil olan aktivlərin satılması və onunla bağlı həyata keçirilən digər tədbirlərlə əlaqədar bu maddənin tələblərinə əməl etməlidirlər.

1076-13.3. Emitent müflis elan edildikdə, məcburi ləğv edildikdə və ya öhdəliklərini yerinə yetirmədikdə sərəncamçı müflis elan edilmə, məcburi ləğv edilmə və ya öhdəlikləri yerinə yetirməmə faktlarını təsdiqləyən məlumatı və mövcud sənədləri əlavə etməklə maliyyə bazarlarına nəzarət orqanına yazılı məlumat verməlidir. Belə məlumat maliyyə bazarlarına nəzarət orqanına istənilən istiqraz mülkiyyətçisi tərəfindən də verilə bilər.

1076-13.4. Maliyyə bazarlarına nəzarət orqanı bu Məcəllənin 1076-13.3-cü maddəsində göstərilən məlumatı aldığı gündən beş iş günü ərzində həmin məlumata baxmalı və emitentin müflis olması, məcburi ləğv edilməsi və ya öhdəliklərini yerinə yetirməməsi faktı təsdiq olunduğu halda ipoteka örtüyünə daxil olan aktivlərin sərəncamçının nəzarətinə verilməsi haqqında qərar qəbul etməli və bu qərarı bir iş günü ərzində sərəncamçıya və emitentə çatdırmalıdır.

1076-13.5. Bu Məcəllənin 1076-13.4-cü maddəsində göstərilən qərar sərəncamçıya və emitentə çatdırıldığı gündən ipoteka örtüyünə daxil edilmiş aktivlərdən daxil olan gəlir ipoteka örtüyünə daxil olan aktivlərin tərkibinə əlavə edilir və bu andan qanun üzrə ipoteka istiqrazları mülkiyyətçilərinin xeyrinə girov qoyulmuş hesab olunur. Bu zaman sərəncamçı ipoteka örtüyündən əldə edilən gəlirin sahibliyə götürülməsi, saxlanması və toplanması üçün müvafiq tədbirləri görməlidir.

1076-13.6. Sərəncamçı bu Məcəllənin 1076-13.4-cü maddəsində göstərilən qərarı aldığı gündən beş iş günü ərzində istiqraz mülkiyyətçilərinin hüquqlarının qorunması məqsədilə ipoteka örtüyünə daxil olan aktivlərin satılması və ya idarə edilməsi şərtlərini hazırlayaraq təsdiq olunması üçün maliyyə bazarlarına nəzarət orqanına təqdim edir. Bu barədə daxil olmuş ərizəyə maliyyə bazarlarına nəzarət orqanı beş iş günü ərzində baxır və müvafiq qərar qəbul edir. Bu qərardan sonra ipoteka örtüyünə daxil olan aktivlər həmin şərtlərlə satıla bilər.

1076-13.7. Sərəncamçı maliyyə bazarlarına nəzarət orqanının nəzarəti altında fəaliyyət göstərir və göstəriş almaq üçün istənilən vaxt ona müraciət edə bilər. Sərəncamçı zəruri hallarda ipoteka örtüyünə daxil olan aktivlərin satılması və ya idarə edilməsi ilə bağlı müstəqil hüquqşünasları, mühasibləri və başqa mütəxəssisləri maliyyə bazarlarına nəzarət orqanının təsdiq etdiyi şərtlər əsasında muzdla işə cəlb etmək hüququna malikdir.

1076-13.8. İpoteka örtüyünün satılmasından əldə olunan vəsait aşağıdakı qaydada bölüşdürülür və vəsaitin qalan hissəsi sərəncamçı tərəfindən emitentin ümumi əmlakının tərkibinə daxil edilir:

1076-13.8.1. ipoteka örtüyünün idarə edilməsi və satılması ilə bağlı sərəncamçının emitentlə əvvəlcədən bağlanmış müqavilədə göstərilən xidmət haqqının ödənilməsinə;

1076-13.8.2. ipoteka örtüyünün satılması ilə bağlı cari öhdəliklərin ödənilməsinə;

1076-13.8.3. istiqrazlar üzrə öhdəliklərin icra edilməsinə.

1076-13.9. Emitentin müflis olduğu və ya məcburi ləğv edildiyi halda bu Məcəllənin 1076-13-cü maddəsi ilə müəyyən edilmiş öhdəliklərin tam icra edilməsinə qədər əmlak inzibatçısının ipoteka örtüyünə daxil olan aktivlərin idarə edilməsi, satılması, əldə olunan vəsaitin bölüşdürülməsi və hər hansı başqa məsələ ilə bağlı sərəncamçının fəaliyyətinə müdaxilə etməsinə yol verilmir.

1076-13.10. İpoteka örtüyünə daxil olan aktivlərin tam satılmasından sonra sərəncamçı ipoteka örtüyü ilə bağlı sənədləri və qalıq aktivləri emitentə, müflis olma və ya məcburi ləğv edilmə halında isə əmlak inzibatçısına təhvil verir və öz vəzifəsini yerinə yetirdiyi barədə maliyyə bazarlarına nəzarət orqanına yazılı məlumat verir.

1076-13.11. Emitent bu Məcəllənin 1076-13.4-cü maddəsində göstərilən qərarla razı olmadıqda həmin qərarın ləğv edilməsi barədə inzibati qaydada və məhkəməyə müraciət edə bilər. Emitent və ya istənilən istiqraz mülkiyyətçisi ipoteka örtüyünə daxil olan aktivlərin satılması və ya idarə edilməsi ilə bağlı bu Məcəllənin 1076-13-cü maddəsində nəzərdə tutulan prosedurların məhkəmə nəzarəti altında həyata keçirilməsi, yaxud sərəncamçının digər şəxslə əvəz edilməsi barədə iddia ilə məhkəməyə müraciət edə bilər. Sərəncamçının dəyişdirilməsi məsələsinə baxılarkən yeni namizəd məhkəməyə maliyyə bazarlarına nəzarət orqanı tərəfindən təqdim edilir.

 


Yüklə 493,18 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə