III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1467
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Türk” “Yeni Qafqasya”nın varisi idi və onunla eyni ideya, məsləkə xidmət edirdi. Hətta hər
iki mətbuat orqanının mövzuları kimi qələm sahibləri də eyni olmuşdur.
“Azəri Türk”də dünyada, eləcə də Azərbaycan, Türkiyə, İran, Rusiya və Əfqanıstanda
baş verən ictimai-siyasi, iqtisadi hadisələr təhlil edilir, münasibət bildirilir, yeni proseslərlə
əlaqədar olaraq mühacirlərin qarşısında duran vəzifələr müəyyənləşdirilirdi. Bu mətbuat
orqanının Azərbaycan problemlərinin və ölkədə baş verən hadisələrin Türkiyə ictimaiyyətinə
çatdırılmasında böyük rolu olmuşdur. Qeyd edək ki, “Azəri Türk” gizli yollarla Azərbaycana
gətirilir və xalq arasında yayılırdı.
Azərbaycanlı mühacirlərin nəşr etdirdikləri mətbuat orqanlardan biri də “Odlu Yurd”
jurnalı idi. Bu jurnal əvvəlki mətbuat orqanlarından fərqli olaraq, bütövlükdə latın əlifbası ilə
nəşr edilirdi. İlk sayı 1929-cu il martın 1-də işıq üzü görən məcmuənin əsas mövzuları başda
Azərbaycan olmaqla, Rusiya məhkumu millətlər, Qafqasiya, İslam dünyası və beynəlxalq
məsələlərlə bağlı idi. “Odlu Yurd” jurnalının imtiyaz sahibi A.Kazımzadə, məsul müdiri
Kamal, baş redaktoru isə M.Ə.Rəsulzadə idi.
Jurnal demokratiya, demokratik millətçilik ideyalarını əsas tutur, milli istiqlal uğrunda
mübarizə aparırdı. “Odlu Yurd” istiqlal davasının mənasını belə açıqlayırdı: “Milli istiqlal
davası mədəni millətlər ailəsi meydanında özünəməxsus bir evə, bir yuvaya malik olmaq
davası deməkdir. Cahan millətlərindən mühüm bir qismi bu sərih (qanuni) haqqında hələ
malik deyildir. Bunlardan bir qismi bu haqqını qazanmaq, bir qismi də onu iadə etməklə (geri
qaytarmaq) məşğuldur. Azərbaycan xalqı bu ikinci növə malikdir”.
“Odlu Yurd” jurnalının nəşri çətin tarixi şəraitə, təzyiqlərlə dolu bir dövrə təsadüf
edirdi. Həmin dövrdə Sovet hakimiyyəti bir sıra mühacir nəşrlərinin fəaliyyətini dayandır-
mağa müvəffəq olmuşdu. Lakin müsavatçıların fəaliyyətinə tamamilə xitam verilməmişdi.
Səbəb isə belə bir addımın Türkiyənin də mənafeyinə uyğun olmaması və ictimaiyyət tərə-
findən bu addımın birmənalı qarşılanmayacağı məsələsi idi. Ümumiyyətlə isə, Türkiyə mü-
hacir nəşrlərinin fəaliyyətinin məhdudlaşdırılması istiqamətində müəyyən addımlar atsa da,
qəti tədbirlər həyata keçirmirdi. Bu, mühacirlər tərəfindən də anlayışla qarşılanırdı.
“Odlu Yurd” jurnalında siyasi, elmi, mətbuat, kitabiyyət və s. ilə bağlı yazılara yer
verilirdi. Jurnalın əsas yazarları isə A., A.Arazlı, A. B., Bir Türk, Gültəkin, Cəfər Sadiq, Də-
mirçioğlu, Kamal, Krımlı C., M., M. Ş., Məmməd Əmin Rəsulzadə, Mir, Mirzə Bala,
Mustafa, O. T. və digər imzalar ilə tanınan M.Ə.Rəsulzadə, M.B.Məmmədzadə,
M.Ş.Əfəndizadə, Ə.Cəfəroğlu, A.Cövdət, A.Battal və başqaları idi.
Türkiyədə üç ilə yaxın müddətdə nəşr olunan “Odlu Yurd” jurnalı Azərbaycan müha-
cirlərinin Türkiyədə çıxardıqları son siyasi məcmuə idi. Mühacirlərin Azərbaycan istiqlalı
uğrunda apardıqları mübarizədə əhəmiyyətli rol oynayan məcmuənin son sayı 1931-ci ilin
avqust ayında nəşr olunmuşdur.
Bu mətbuat orqanlarının fəaliyyəti Sovet ideologiyasının təsiri ilə dayandırılsa da, mü-
hacirlərin mübarizə əzmini qıra bilməmiş və onlar öz mübarizələrini yeni mətbu orqanlarla
davam etdirmişlər.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1468
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
“MİR`ATUZ-ZAMAN Fİ TƏRİXİL-Ə`YAN” ƏSƏRİNƏ ƏSASƏN
SULTAN TOĞRUL BƏY DÖVRÜNDƏ TƏBRİZ ŞƏHƏRİNDƏ BAŞ
VERƏN HADİSƏLƏRDƏN
Könül SADIQOVA
Azərbaycan Milli Elmlər Akademiyası
M.Füzuli adına Əlyazmalar İnstitutu
sadiqova_konul@rambler.ru
AZƏRBAYCAN
Orta əsrlər Şərq tarixinin öyrənilməsində mühüm mənbələrdən biri hesab edilən “Mir`
atuz-zaman fi tərixil- ə`yan” əsəri həmçinin həmin dövr Azərbaycan tarixini tədqiq etmək
üçün də qiymətli mənbədir. Sibt ibn əl- Cövzi ləqəbi ilə tanınan Şəmsuddin Əbu-l Müzəffər
Yusif b. Qızoğlu b.Abdullah tərəfindən qələmə alınan əsər, böyük bir tarixi salnaməni əks et-
dirir və bəşər tarixi başlayandan müəllifin ölümünə qədər (654/1256) cərəyan edən bütün ha-
disələri əhatə edir. Bu salnamədə hər ilin mühüm hadisələri göstərilmiş, həmin ildə vəfat edən
tanınmış şəxslərin adları əlifba sırası ilə düzülərək, hər biri haqqında biblioqrafik məlumatlar
verilmişdir.
Bilindiyi kimi XI əsrdən etibarən Səlcuq İmperiyası, dövrünün hakim ünsürünə çevril-
mişdir. Lakin hələ də bu dövr Səlcuqlar tarixi ətraflı tədqiq edilməmişdir. Bunun başlıca sə-
bəblərindən biri də, o dövrlərdə yazılan tarixi qaynaqların günümüzə qədər gəlib çatmaması-
dır. Bu baxımdan Sibtin yazdığı“Mir’atuz-zaman” əsəri Səcuqlar tarixinin öyrənilməsi istiqa-
mətində böyük bir boşluğu doldurur. Əsərin başlıca əhəmiyyəti, onun Səlcuq dövrü Azərbaycan
tarixinin öyrənilməsində bizə geniş imkanlar verməsidir , bu da əsərin dəyərini daha da artırır.
Ilk Səlcuq sultanı Toğrul bəyin hakimiyyəti illərində (1038-1063) Səlcuq türkləri daha
da qüvvətləndilər. XI əsrin əvvəllərində Azərbaycanın cənub vilayətlərinə, oradan isə Arrana
dəfələrlə basqınlar törədən oğuzların bu yürüşləri yalnız cənubdan, İran tərəfdən deyil, tarixçi
Rəşidəddinin yazdığı “Oğuznamə” əsərində göstərildiyi kimi, şimaldan - Dərbənd keçidi
vasitəsilə də baş verirdi. İbn əl-Əsir, Toğrul Bəyin Azərbaycana səfəri ərəfəsində ölkədəki
vəziyyəti belə izah edir: "Hicri 446-cı ildə (1054/55) Toğrul Bəy Azərbaycana hərəkət edərək
Təbrizə gəldi. O vaxt Təbrizin hakimi Vəhsudan ibn Məhəmməd Rəvvadi, Toğrul Bəyə tabe
olduğunu bildirdi, adına xütbə oxutdurdu, sikkələr üzərində zərb etdirdi və hədiyyələr gön-
dərərək qəlbini ələ aldı, oğlunu girov olaraq onun yanına göndərdi". Toğrul Bəylə görüşündən
az sonra vəfat edən Rəvvadi Vəhsudanın yerinə, sultan, onun oğlu Məmlanın keçməsini istə-
mişdir. Ancaq 1060-cı ildə Toğrul Bəy Təbriz şəhərini yenidən mühasirəyə almışdır. Bu hadi-
səni Sibt əsərində belə qeyd edir: “sultan Bağdaddan ayrıldıqdan sonra, basqınlardan dağılıb
tökülən və əhalisinin olduqca çətin vəziyyətdə yaşadığı Təbrizi mühasirəyə aldı. Lakin qış
fəsli olduğu üçün bir çox çətinliklərlə rastlaşdılar və bu səbəbdən mühasirəni buraxaraq qala
bilmələri üçün özlərinə yer düzəltdirən sultan əsgərlərinə “qışın qurtarmasını, qarın əriməsini
daha sonra mühasirəni davam etdirəcəklərini” əmr etdi. Lakin qışın ağır keçməsi ilə ərzaq
çatışmamazlığı yaranmışdı. Əsgərlərin başçıları sultana adam göndərib bildirdilər: “bu müd-
dətdə qardan, soyuqdan donarıq. Buna görə də biz Reyə qayıtmaq istəyirik, novruz yaxınla-
şanda geri dönüb mühasirəni davam etdirərik”. Bu sözlər sultanın xoşuna gəlmədi və onları
hədələdi. Lakin onlar qərarlarından dönmədilər, bildirdilər ki,: “ biz Bağdada gedib şəhəri və
şəhərkənarı ərazilərə dağıdıb qarət edəcəyik, çünki biz çox az səfərə çıxırıq, daha çox istirahət
edirik. Qərar sənindir.” Sultan onları yenə təhdid etdi, həmçinin yumuşaq şəkildə bildirdi ki,
siz mənim övladlarımsınız və onlara Reyə getməyi icazə verdi, özü də oraya köçdü.” Dörd ay
çəkən mühasirədən sonra sultan şəhər hakimləri ilə müqavilə bağlayaraq geri dönmüşdür.
Müqavilənin nəticəsində Toğrul Bəy Təbriz vergisinin bir miqdarını və Məmlanın oğlunu özü
ilə aparmışdır.