Microsoft Word C?f?rov ?D?Biyyat



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə80/108
tarix08.07.2018
ölçüsü0,99 Mb.
#54395
1   ...   76   77   78   79   80   81   82   83   ...   108

Nizami Cəfərov 
 
272
mənbədən alırmış kimi heç bir tərəddüdə yol vermədən, heç bir 
mübahisəyə yer qoymadan yazır… 
«…Istanbulda səfirlik fəaliyyəti başa çatandan sonra Yusif 
Vəzir Bakıya qaytmadı. Müsavatçılarla fikir ayrılıqları olsa da, 
o, yeni qurulmuş hökuməti də qəbul etmirdi. Ona görə də 
məcbur olub Parisə, qardaşı Mirinin (Mirdamətin) yanına getdi. 
Bakıdan xaricə getmək mümkün deyildi. Yeni hökumət hər 
kəsdən və hər şeydən şübhələnirdi, hərəyə bir damğa vururdu». 
Paris Yusif Vəziri elə problemlər, çətinliklərlə üz-üzə 
qoyur, onsuz da doğulandan bəri kədəri sevincindən qat-qat çox 
olan ömür kitabına elə dərdli səhifələr əlavə edir ki, həmin 
səhifələrin təsvirində «Yenə iki od arasında» müəllifinin istifadə 
elədiyi sərt realizm metodu, görünür, özünü tamamilə doğruldur. 
Və qardaşı Mirinin ölümünü, özü də çətinlik içərisində olan 
yerlisi Ceyhun Hacıbəylidən kömək umması xəcalətini, Lev 
Nissenbaumun böyük, Xristoferin kiçik dələduzluqlarını, «hə-
kimləri Şuşa dəlləklərindən də sırtıq» olan Parisin həyatını 
görəndən sonra Yusif Vəzirin Sovet Azərbaycanına dönməkdən 
başqa çarəsi qalmır.  
Vətən o vətən olmasa da, ilk illər hər halda normal keçir… 
Bacılarının evlənmək təkidi, Bilqyeis xanımla tanışlıq, ailə 
həyatı, uşaqları – Fikrətin, Orxanın, Gülarənin dünyaya gəl-
məsi… Ancaq bu xoşbəxtlik ondan ötrü imiş ki, sonra onun həs-
rətini çəkə-çəkə qürbətdə can versin. 
«…Yusif Vəzir otağına qayıtdıqdan sonra qeydlərini 
nəzərdən keçirməyə başladı. O, indiyə kimi Qarabağ tarixilə 
bağlı yazdıqlarını Lyubov Petrovnaya dilicu anlatmışdı. Bununla 
da onun Azərbaycan və Qarabağ tarixinə marağını artırmışdı. 
Hazırda Ibrahim xanın özünün və ailəsinin müsibətindən bəhs 
edən hadisəni qələmə alırdı»… 
«Yenə iki od arasında»nın üçüncü süjeti «Iki od arasın-
da»nın süjetinin, bir növ, təfsirindən ibarətdir. Və, bu təfsir, heç 
şübhəsiz, maraqsız deyil… Ağaməhəmməd şah Qacarın Şuşanı 
tutması, Molla Pənah Vaqifin, Məhəmməd bəy Cavanşirin şah 


Ədəbiyyat söhbətləri 
 
273
hüzuruna gətirilməsi, eləcə də Qacarın, Vaqifin, Məhəmməd 
bəyin, Ibrahim xanın qətlləri «Qarabağnamə»lərdən bu günə 
qədər müxtəlif əsərlərin mövzusu olsa da, «Iki od arasında» 
müəllifi, yəqin ki, tarixi həqiqətə daha çox sadiq olmağa çalış-
maqla yanaşı, həmin tarixin (və həqiqətin!) fəlsəfəsinə də daha 
çox nüfuz etmişdir… Elçin Hüseynbəyli bu fəlsəfəni, təbii ki, 
yeni dövrün faktlarına istinad etməklə daha da zənginləşdirməyə 
çalışaraq Ustadla birbaşa olduğu kimi, dolayısı ilə də mükalimə 
aparır ki, həmin mükalimələrin ən maraqlı təzahürləri Qarabağ 
uğrunda mübarizə ətrafında baş vermiş hadisələrin təcəs-
sümüdür… 
«…Nə ağır cinayət, nə pis rəzalət. Oğulun başını atanın 
sinəsi üstündə kəsmək!? Özü də o ata ki, Qarabağ camaatına nə 
qədər xeyri dəyib, çoxunu zindandan qurtarıb, vətəninin birliyini 
istəyib. Qadınlara gələndə isə… şair qəlbi sevgiyə acdır… yaxşı, 
onu keçək Molla Pənahın şairliiynə. Düzmü dedim, ustad? 
Amma onu qətlə yetirdilər! Özü də necə?! 
-Danışma, -deyə ustad bağırdı və əli ilə ağzımı yumdu. 
Mən susdum. Qəfil gəldiyim kimi, qəfil də yox oldum. 
Mən onu danışdırmalıydım. Danışdı da…» 
«Yenə iki od arasında» müəllifinin elə ehtimalları var ki, 
Ustadın özünü də düşünməyə məcbur edir… 
«-Bəlkə, Mehdiqulu ağanın qarşıdakı müsibətdən xəbəri 
vardı? Axı, sonradan Rusiya imperatoru ona xan titulu, general 
rütbəsi vermişdi? – deyə hövsələsizlik eləyib ustaddan soruş-
dum… 
Ustad çaşqın halda üzümə baxdı: 
-Orasını fikirləşməmişəm, çünki inanmıram… 
Bir az fikirləşəndən sonra: 
-Bəlkə də… nə bilmək olar, -deyə yarıpıçıltıyla səsləndi…» 
Əlavə təfərrüatları nəzərə almasaq roman Ustadın ölüm 
ayağında bacısına yazdığı məktubla başa çatır… 
«Bacısı Əzətə məktubunda Yusif Vəzir yazırdı: «Əziz 
bacım! 


Nizami Cəfərov 
 
274
Mən sağ və salamatam. Lakin sizdən heç bir məlumatım 
olmadığı üçün nigarançılıq keçirirəm. Mənə tez-tez məktub 
yazın. Məndən isə tez-tez məktub gözləməyin. Çünki başım çox 
qarışıqdı, işləyirəm. Boş vaxtlarımda yazıram. Yazdıqlarım əsa-
sən Qarabağ tarixiylə bağlıdır. Ötənlərdə buraxdığım boşluqları 
doldururam. Mənim barəmdə qadınıma xəbər et. Bacı, mənim 
əvəzimdən ərizə verib xahiş et ki, məni başqa bir yerə azad sür-
günə göndərsinlər. Mən xəstələnmişəm, qocalmışam. Zənnimcə 
icazə verərlər. Artıq yazmağa elə bir şey də qalmayıb. Sənin 
göndərdiyin bağlamalar biləsən mənə necə kömək etmişdi. Əgər 
mümkünsə, yenə bağlama göndər. Dəftər qələmlə birgə. 
Yaz görüm, mənim ailəm necə yaşayır? Onlar sağdılarmı? 
Çoxdandır ki, mənim onlardan heç bir xəbərim yoxdur. Keçən 
ilin iyun ayında onların yazdıqları məktubu bu ilin fevral ayında 
almışam. 
Indi məktublar vaxtında gəlir. Mənə tez-tez məktub yazın. 
Ünvan: Qorki dəmir yolu. Suxobezvodnaya stansiyası. 
Poçt qutusu 242/9. Vəzirov Yusifə. 13.11.1942.» 
 
* * * 
…Məktub ünvanına çatanda Yusif Vəzir bu dünyada 
yoxuydu. O, 1943-cü il yanvarın 3-də, qışın oğlan çağında na-
haq dünyaya əlvida demişdi: ürək tutmasından və onlarca 
xəstəlikdən…» 
Elçin Hüseynbəyli «Yenə iki od arasında» romanı ilə 
sübut etdi ki, o, doğrudan da, böyük bir Ustadın Şagirdidir… Və 
yeni «Qarabağnamə» yazmağa da həm mənəvi, həm də intel-
lektual haqqı var… 
 
2016  


Ədəbiyyat söhbətləri 
 
275
 
Bir Vəli, bir Vəli 
 
Bugünkü poeziyamızda ideya-estetik qaynaqları təsəvvür 
edə bilməyəcəyimiz qədər dərin qatlardan gələn, gah üzə çıxan, 
gah da özü öz içində boğula-boğula qalan bir yaradıcılıq bulağı 
var… Qaynar, enerjili… Və göz yaşı kimi duru… 
Sən demə bu bulaq bu dünyaya bütün təbii qaynarlığı, 
enerjisi (və eşqi!) ilə gəlməkdən qorxurmuş… Sən demə bu 
bulaq bu dünyanın nə namərdinə, nə də mərdinə inanmırmış… 
 
Bu dünyanın namərdini 
Görüb tapammaz mərdini,- 
Öz içində öz dərdini 
Böldü bir Vəli, bir Vəli. 
 
Yük yüküdü duz daşınnan, 
Bir gün keçər öz başınnan. 
Öz içində göz yaşınnan 
Göldü bir Vəli, bir Vəli. 
 
Nə dünyadı bir gədə ki, 
Onun önündə gedə ki?.. 
Nə ağlayıb, eh, nə də ki 
Güldü bir Vəli, bir Vəli. 
 
Ruhunda, təbiətində dərvişlik olan bütün şairlər kimi, Vəli 
də bu dünya ilə o dünyanı vəhdətdə görür, daha doğrusu, bu 
dünyanı «o dünya» dediyimiz əbədi mənəvi mövcudluğun ya-
lançı və ya aldadıcı təzahürü sayır. Və qəti əmindir ki, bu dünya-
da (və bu dünya ilə) hər cür cəngi-cidala çıxmaq, küsüb-barış-
maq, zarafat eləmək olar, o dünyada (və o dünya ilə) heç cür… 
Yunus Imrələrdən gələn elə bir mükəmməl yol var ki, Vəli 
də özünü bu yolun yolçusu hesab edir: 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə