Microsoft Word C?f?rov ?D?Biyyat



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə88/108
tarix08.07.2018
ölçüsü0,99 Mb.
#54395
1   ...   84   85   86   87   88   89   90   91   ...   108

Ədəbiyyat söhbətləri 
 
307
Şuşanın – Cıdır düzünün Xarı bülbülü haqqında son illər 
çox yazılıb. Və səbəbi də məlumdur… Ancaq mənə elə gəlir ki, 
Islamın «Xarı bülbül»ü həmin şeirlərin ən yaxşılarından, ən 
təsirlilərindən biridir. Xüsusilə özünün poetik qrammatikası – 
həsrətli keçmiş zamanı ilə… 
 
Min sığal vururdu orda özünə, 
Gecələr gülürdü Ay da üzünə. 
Mehrini salmışdı Cıdır düzünə, 
Eşqini qayaya, daşa yazmışdı. 
 
Həsrətdən köksü də sarı bülbülün, 
Bilmədim kimiymiş yarı bülbülün. 
Tanrı taleyini Xarı bülbülün 
Şuşada Şuşayla qoşa yazmışdı… 
 
«Köhnə» sözün yeni ustası olmaq, hər şeydən əvvəl, xalq 
təfəkkürü, onun stabilləşmiş, etnik-mədəni vərdişlər sisteminə 
çevrilmiş texnologiyaları ilə yazmaqdır. Bu, o zaman həqiqi 
ustalıqdır ki, birincisi, təbii olsun, inersiya ilə gəlsin, ikincisi isə, 
folklor hərfi-hərfinə köçürülməyib müəllif düşüncəsinin zaman-
la şərtlənən (və səsləşən) orijinallığında təzahür eləsin… 
 
Torpağı olanlar dilənməz, oğul, 
Nə əksən, nə səpsən, daş da göyərdər. 
Yüz oğul yoxluğu bilinməz, oğul, 
Bir qarış torpağın yoxluğu qədər. 
 
…Susan qeyrətləri dindirər Vətən, 
Vətən dindirməsə, qəm dindirəcək. 
Oğul itgisini sinirər Vətən, 
Vətən itgisini kim sinirəcək?! 
 
Vətən mövzusu Islam Sadığın poetik təfəkküründə bu cür 
etnoqrafik, sosial-etik ərklə daxil olur, şairin öz üslub əlamətinə 


Nizami Cəfərov 
 
308
çevirdiyi folklor səmimiyyəti onun ideya-estetik məramını kifa-
yət qədər ədəbi keyfiyyətlə ifadə edir: 
 
Tale bir cüt qoşa zərdi, bilinməz, 
Altı üzdən beşi sirdi, bilinməz. 
Dərdindən ölənin dərdi bilinməz, 
De görüm, dərdimi açımmı, Vətən?! 
 
Gəlib budağına qonub sar indi, 
Bu qədər incitməz yarı yar indi. 
Mənim səndən əziz kimi var indi, 
Atammı, anammı, bacımmı, Vətən?! 
 
Soruş, Islam Sadıq bağlanıb niyə 
Ayağından yerə, başından göyə. 
Indi səni mənə vermirlər deyə 
Mən səni götürüb qaçımmı, Vətən?! 
 
Xalq yaradıcılığının belə bir universal qanunauyğunluğu 
var ki, etnik bədii təfəkkürün bütün poetexnoloji potensialı, 
hətta ideya-mövzu arsenalı həmin təfəkkürün bətnində, ruhunda, 
daxili strukturunda həmişə əvvəldən mövcuddur. Elə ki xalqın 
həyatında hansısa fövqəladə hadisələr baş verir, bu potensial, 
arsenal dövrün söz ustalarının, qələm adamlarının şəxsində hərə-
kətə gəlib «tarix» yazır. Və bəlkə də, məsələ onda deyil ki, yazı-
lan «tarix» etnosu öz həqiqəti uğrunda mübarizəyə nə dərəcədə 
səfərbər edəcək, hansı səviyyədə ictimai təbliğat vasitəsinə 
çevriləcək… Əsas məsələ-mətləb ondadır ki, etnik ruh reaksiya-
rezonans verir, dərdini-ağrısını hayqırır, kütləşib-halsızlaşmadı-
ğını bildirir, yaşamaq enerjisini nümayiş etdirir…  
Islamın elə poetik duyumları (və deyimləri) var ki, aforis-
tik dəyər daşıyır: 
 
Ömrü boyu at görməyib, 
At oynadır zalım oğlu. 


Ədəbiyyat söhbətləri 
 
309
Nə yovşanda yovşan ətri, 
Nə çöllərdə çöl iyi var. 
 
Zibillikdə bitən güləm, 
Qədrim bilinməz, bilinməz. 
 
Ocaq yeri varsa, bir də yanacaq, 
Közü qoru, qoru, qurbanın olum. 
 
Islam poeziyada alliterasiya ilə danışmaq ustasıdır. Və bu, 
ümumən türk poetik təfəkkürünün əlamətidir: 
 
Bu dodağın lal vaxtıdı, 
Bir öpüşün «al» vaxtıdı. 
Hansı gülün bal vaxtıdı, 
Arı bilir, arı bilir. 
 
Yaxud: 
 
Qurumuşuq qurud kimi, 
Üzülmüşük umud kimi. 
Gözlər dolub bulud kimi
Yanaqlarda sel ağlayır. 
 
 Islam Sadıq mənzərə yaradır. Və bu mənzərədə qəribə bir 
zənginlik, rəngarənglik, bolluq olur… Qucaq-qucaq… 
 
Açılıb hörüklər, dağılıb saçlar, 
Tökülüb köksünə tel qucaq-qucaq. 
Üzü mənə sarı yığıb gətirir 
Tellərin ətrini yel qucaq-qucaq. 
 
Qəlbində bir azca qəm keçib burdan. 
Gözündə bir azca nəm keçib burdan. 


Nizami Cəfərov 
 
310
Mən özüm bilirəm kim keçib burdan, 
Səpib bu yollara gül qucaq-qucaq. 
 
Ay Islam, ocaqda közü də güldü, 
Baxışı da güldü, gözü də güldü. 
Sinəsi gül açıb, sözü də güldü, 
Dinəndə gül tökür dil qucaq-qucaq. 
 
Bütün əsl şairlər kimi Islam Sadığın da poeziyasında onun 
öz obrazı var. Və bu obraz adətən üzdə yox, mətnin ruhunda, 
dərinliklərində süxurlaşır… Ancaq elə hallar da olur ki, vulkan 
kimi püskürüb üzə çıxır: 
 
Qürurun var, vüqarın var əyilməz, 
Sirlərin var hər yetənə deyilməz. 
Hərəsi bir batman balla yeyilməz 
Sözlərindən nigaranam, ay Islam. 
 
Həyat vurur, bölür, çıxır qadamı, 
Yoxsa tale payımızdı budamı?! 
Dizin-dizin süründürür adamı, 
Dizlərindən nigaranam, ay Islam. 
 
O zirvədən ruhum səni səsləyir, 
O zirvədə ruhum səni gözləyir. 
Sən gedirsən, şeytan səni izləyir
Izlərindən nigaranam, ay Islam. 
 
Burda qürur var, ancaq qürrələnmək yoxdur; vüqar var, 
ancaq şeşələnmək yoxdur; özünü, sözünü, şəxsiyyətini uca tut-
maq var, ancaq özündən razılıq, müştəbehlik yoxdur… Hər şey-
dən əvvəl ona görə ki, Islam Sadıq mənsub olduğu xalqın, etno-
sun ruhunun daşıyıcısıdır. Onun haqqı yoxdur ki, min illərin 
ədəb-ərkanından bir addım da olsa kənara çıxsın. 


Ədəbiyyat söhbətləri 
 
311
Və Islamın Şair barədəki təsəvvürü də «köhnə» olduğu 
qədər yenidir: 
 
Göydəki ulduzu yerdə görərsən, 
Arazda görərsən, Kürdə görərsən. 
Yayına qar yağar bir də görərsən, 
Bəzən yaza dönər qışı şairin. 
 
Baxış yuvasıdı, göz yuvasıdı, 
Ocaq yuvasıdı, köz yuvasıdı. 
Pul kisəsi deyil, söz yuvasıdı, 
Duymaz ürəyini naşı şairin. 
 
Bu sazdan, bu tardan, bu neydən soruş, 
Bu yerdən xəbər al, bu göydən soruş. 
Quzeydə dilə tut, güneydən soruş, 
Gör nələr çəkməyib başı şairin. 
 
Uzun sözün kəsəsi, Islam Sadıq – bu «köhnə» sözün yeni 
ustası ədəbiyyata (və dünyaya!) təsadüfən yox, öz missiyası ilə 
(və əbədi qalmaq üçün) gəlib… 
 
2017  
 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə