Onore De Balzak qorio ata



Yüklə 1,77 Mb.
Pdf görüntüsü
səhifə41/77
tarix01.07.2018
ölçüsü1,77 Mb.
#52642
1   ...   37   38   39   40   41   42   43   44   ...   77

Delfina çılğın bir hərəkətlə onu bağrına basdı, ehtirassız olsa da, onu bərk öpə-öpə: 
– Siz məni xilas etdiniz! – dedi. 
Yanaqlarından fərəhli göz yaşları axdı. 
– Dostum, mən hamısını sizə danışacağam. Siz mənim dostum olacaqsınız, deyilmi? Siz elə zənn edirsiniz 
ki, mən varlıyam, həm də çox varlıyam, mənim hər şeyim var, hər halda, guya, hər şeyim var kimidir. İndi 
bilin ki, cənab de Nusingen mənə bir su belə xərcləməyə icazə vermir: o, evin bütün xərclərini ödəyir, 
mənim lojalarımı, ekipajlarımı təmin edir, bəzək üçün mənə cüzi pul verməklə şüurlu olaraq məni gizli bir 
səfalət içində saxlayır. Məğrur olduğum üçün mən ondan pul istəmirəm. Əgər mən onun pullarının 
əvəzini məndən tələb etdiyi şeylərlə versəydim, ən düşkün qadın olardım. Bu necə oldu ki, yeddi yüz min 
frankım olduğu halda, mən özümü qarət etməyə yol verdim? Hamısı qürurun çoxluğundan, hiddətimdən. 
Biz yenicə ailə həyatına başladığımız zaman çox gənc, sadədil oluruq. Ərimdən pul istəmək lazım 
gəldikdə dilim tutulardı, mən heç zaman ondan xahiş etməyə cəsarət etməzdim, öz pullarımı xərclərdim, 
atamdan borc aldığım pulları. İzdivac mənim həyatımda ən dəhşətli peşmançılıq oldu, mən bu barədə 
sizinlə danışmaq iqtidarında deyiləm. Sizin üçün yalnız bu kifayətdir ki, əgər mən Nusingenlə evin 
müxtəlif tərəflərində yaşamasaydım, özümü mütləq pəncərədən atardım. Gənc bir qadının bahalı 
bəzəklər, cürbəcür xırda-xuruş üçün borca düşdüyünü (atamız heç zaman bizi korluq çəkməyə 
qoymazdı), borc içində olduğumu söyləmək lazım gələndə mən, doğrudan da, cəhənnəm əzabı çəkirdim. 
Nəhayət, ürəklənib, borca düşdüyümü ona söylədim. Mənim öz mülküm, sərvətim vardı, deyilmi? 
Nusingen özündən çıxdı, onu talan etdiyimi söylədi, ağzına gələni danışdı. Mən utandığımdan az qala 
yerə girdim. Mənim bütün cehizimi öz əlinə keçirdiyindən, borclarımı verməyə məcbur oldu, lakin o 
dəqiqədən sonra mənim şəxsi xərclərim üçün ayda müəyyən miqdarda pul ayırdı. Mən rahat yaşamaq 
üçün ona itaət etdim. Bundan sonra iş belə gətirdi ki, mən sizin tanıdığınız bir şəxsin mənliyini oxşamaq 
istədim. O, məni aldatsa da, onun alicənablığına haqq verməsəm, pis hərəkət etmiş olaram. Bununla 
belə, o, məndən nalayiq şəkildə ayrıldı. Əgər bir kişi bir qadının ayaqları altına ehtiyacı olduğu zaman bir 
ətək qızıl tökürsə, belə bir qadını onun atmağa heç bir haqqı yoxdur: o, bu qadını əbədi sevməlidir. Sizin 
iyirmi bir yaşınız var, hələ qəlbiniz safdır, gəncsiniz, siz qadının kişidən necə pul ala bildiyini soruşa 
bilərsiniz. Aman yarəb, bizə səadət verən bir insanla hər bir şeyi bölüşdürmək təbii deyilmi? Pul yalnız 
hiss yox olduğu zaman rol oynamağa başlayır. Öz taleyini bir başqasının taleyi ilə bağladığın zaman 
məgər bunu ömürlük etmirsənmi? Həqiqətən, sevildiyinə inanan bir qadın heç gələcək ayrılığı 
düşünərmi? Axı sizlər bizi əbədi sevdiyinizə and içirsiniz, məgər bundan sonra başqa, xüsusi marağınız ola 
bilərmi? Ərim bu gün qəti şəkildə mənə altı min frank verməkdən boyun qaçırdığı zaman mənim 
duyduğum iztirabları təsəvvürünüzə gətirə bilərsinizmi? Halbuki o, hər ay bu pulları öz məşuqəsi – opera 
rəqqasəsinə verir! Mən özümü öldürmək istəyirdim. Başımdan axmaq fikirlər keçirdi. Bəzən öz 
qulluqçumun taleyinə qibtə edirdim. Mən nə edə bilərdim? Atamın yanınamı getmək? Bu, divanəlik 
olardı. Biz Anastazi ilə onu tamam qarət etmişik: altı min frank versəydilər, o, özünü belə satardı. Mən 
onu əbəs yerə məyus edərdim. Dərdimin şiddətindən ağlımı itirmişdim. Siz məni ölümdən və 
rüsvayçılıqdan xilas etdiniz. Bunu sizə izah etmək mənim borcum oldu: mən özümü sizinlə yüngül və 
ehtiyatsız apardım. Siz məndən ayrılıb gözdən itdikdən sonra mən qaçmaq istədim... Hara qaça bilərdim? 
Bilmirəm. Paris qadınlarının yarısının həyatı budur: zahirdə cah-calallı göründüyü halda, içərisi dəhşətli 
qayğılarla doludur. Mən şəxsən məndən də bədbəxt olan qadınlar tanıyıram. Bu qadınların bəziləri öz 


tədarükçülərinə yalvarırlar ki, saxta hesab yazsınlar, bəziləri də ərlərindən oğurlamağa məcbur olurlar. 
Bəzi kişilər belə fikirləşirlər ki, beş yüz franklıq şalın qiyməti iki mindir, bəziləri də iki min franklıq şalın 
qiymətinin yalnız beş yüz olduğunu zənn edir. Elə qadınlar da vardır ki, təzə paltar almaq üçün bir az pul 
qırpmaq məqsədi ilə öz uşaqlarını acından öldürürlər. Mən özümü belə alçaq yalanlarla ləkələmədim. 
Artıq əzablarıma son verildi. Qoy başqa qadınlar ağalıq etmək üçün öz ərlərinə satılsınlar, mən ki 
azadam! Mən istəsəydim, Nusingen başımdan qızıl tökərdi, lakin mənim üçün hörmət bəslədiyim bir 
kişinin qoynuna qısılıb ağlamaq daha yaxşıdır. Ah, bu axşam de Marsenin mənə satın aldığı bir qadın 
nəzəri ilə baxmağa haqqı olmayacaqdır. 
Delfina göz yaşlarını gizlətmək üçün əlləri ilə üzünü örtdü, lakin Ejen onun üzünü görmək üçün əllərini 
ayırdı: bu anda onun üzündə ayrı bir gözəllik vardı. 
– Hissləri pulla bağlamaq dəhşətli şeydir, deyilmi? Yox, siz məni sevməyəcəksiniz, – dedi. 
Qadını yüksəklərə qaldıran gözəl hisslərin müasir cəmiyyət quruluşunun yaratdığı qəbahətlərlə qarışması 
Ejeni mütəəssir etmiş, sarsıtmışdı. O, öz kədərlərini bu qədər ehtiyatsızlıq və sadədilliklə büruzə verən bu 
gözəl qadına valeh olaraq mehriban sözlər söyləyir, Delfinaya təsəlli verirdi. 
Delfina dedi: 
– Vəd edin ki, mənim bu etirafımdan mənim əleyhimə bir silah kimi istifadə etməyəcəksiniz! 
Ejen cavab verdi: 
– Yox, yox, siz nə danışırsınız! Mən elə adam deyiləm. 
Delfina onun əlini öz əlinə alıb, dərin minnətdarlıq və mehriban bir nəvazişlə ürəyinin üstünə qoydu. 
– Mən sizin sayənizdə yenə azad və şadam. Mənim həyatımı dəmir bir əl əzirdi. Mən artıq özümə heç bir 
şey sərf etmədən, sadə həyat sürmək istəyirəm. Dostum, mən sizin üçün necə varamsa, elə yaxşıyam, 
deyilmi? – Sonra yalnız altı min frank götürərək: – Artığı sizdə qalsın, – dedi. – Vicdanla söyləsəm, mən 
sizə üç min borclu qalıram, çünki mən sizinlə şərik oynayırdım. 
Ejen həyalı qız kimi pulu rədd etdi. Lakin baronessa israr edirdi: “Əgər siz mənim şərikim olmasanız, mən 
sizə düşmən nəzəri ilə baxmağa məcburam”. Ejen pulu götürməli oldu. 
– Qoy bu pul, gələcəkdə uduzsaq, maya olaraq qalsın, – dedi. 
Baronessa sapsarı saraldı: 
– Amandır! – dedi. – Mən elə bundan qorxurdum. Əgər siz mənimlə dost olmaq istəyirsinizsə, and için ki, 
bir daha qumar oynamayacaqsınız. Aman, yarəb! Mən sizi yoldan çıxara bilmərəm! İnanın ki, belə olarsa, 
dərd məni öldürər. 
Onlar evə qayıtdılar. Onun ehtiyacı ilə sərvət arasındakı təzad Rastinyakı sarsıtmışdı. Qulaqlarında yenə 
Votrenin məşum sözləri cingildəyirdi. 


Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə