Onore De Balzak qorio ata



Yüklə 1,77 Mb.
Pdf görüntüsü
səhifə42/77
tarix01.07.2018
ölçüsü1,77 Mb.
#52642
1   ...   38   39   40   41   42   43   44   45   ...   77

Baronessa öz otağına girdi və buxarının yanındakı kiçik divanı göstərərək: 
– Burada əyləşin, – dedi. – Mən çox çətin bir məktub yazmağa məcburam. Mənə məsləhət verin. 
Ejen dedi: 
– Yazmaq lazım deyil. Pulları zərfə qoyun, ünvanı üstundə yazın və qulluqçunuzla göndərin. 
Baronessa çığırdı: 
– Vallah, siz qiyamətsiniz! Bax yaxşı tərbiyə almaq buna deyərlər. – Sonra təbəssümlə əlavə etdi: – Bu, 
tamamilə Bosean üslubundadır. 
Rastinyak getdikcə ona məftun olaraq: “Nə sehrkar qadındır!” – deyə düşünürdü. 
Ejen otağa nəzər saldı: burada hər şey zəngin bir məşuqənin ehtiraslı təmtərağından xəbər verirdi. 
Delfina: 
– Bəyənirsinizmi? – deyə soruşdu və zəngi çaldı. 
– Tereza, bünu özünüz cənab de Marseyə apararsınız və şəxsən ona verərsiniz. Onu evdə tapmasanız, 
məktubu geri qaytararsınız. 
Tereza otaqdan çıxarkən hiyləgər nəzərlə Ejenə baxdı. Naharın hazır olduğunu xəbər verdilər. Rastinyak 
qolunu madam de Nusingenə uzatdı və onunla birlikdə gözəl yemək otağına daxil oldu. Buradakı zinət 
kuzinasının otağında məftun olduğu zinətin eyni idi. 
Madam de Nusingen dedi: 
– İtalyan operasına getdiyimiz günlərdə siz nahar etmək üçün mənim yanıma gələcəksiniz və məni teatra 
aparacaqsınız. 
– Lakin belə davam edərsə, mən xoş yaşayışa öyrəşə bilərəm, halbuki mən yoxsul bir tələbəyəm, hələ 
özümə sərvət qazanmaq məcburiyyətindəyəm. 
Delfina gülərək: 
– Sərvət öz ayağı ilə gələcəkdir, – dedi. – Hər işin uğurlu olduğunu görürsünüzmü? Mən özümü bu qədər 
xoşbəxt hiss edəcəyimi gözləməzdim. 
Qeyri-mümkün şeyləri imkan daxilində sübut etmək və xoş niyyətli işləri ürəyə daman hisslərlə məhv 
etmək qadınlara məxsus bir niyyətdir. Madam de Nusingenlə Rastinyak lojaya daxil olduqları zaman 
baronessanın üzündə sevinc nuru parlayırdı: de Nusingen o qədər gözəl görünürdü ki, hər kəs onun 
barəsində qeybət qırmağı özünə borc bildi: qadınlar bu xırda iftiradan özlərini qorumaqdan acizdirlər, bu 
qeybətlər isə çox zaman insanları öz uydurmalarına inandırır. Parisi tanıyanlar orada yayılan şayiələrə 
qətiyyən inanmazlar, orada həqiqətən baş verən hadisələri bilənlər isə sükut edərlər. Ejen baronessanın 
əlini sıxdı. Onlar musiqidən aldıqları təəssüratı sözlə deyil, bir-birinin əlini gah zəif, gah da bərk sıxmaqla 


bir-birinə xəbər verirdilər. Bu gecə hər ikisini məst etmişdi. Teatrdan bir çıxdılar, madam de Nusingen 
Ejeni Yeni körpüyə qədər ötürmək arzusunu bildirdi, lakin bütün yol uzunu, Pale-Royalda verdiyi hərarətli 
busələrdən birini belə Ejenə bəxş etməkdən çəkindi. Ejen onun öz işlərində ardıcıl olmadığını söylədi. 
Baronessa cavab verdi: 
– O, gözlənilməyən bir sədaqət qarşısında minnətdarlıq hissimin ifadəsi idi. İndi isə bu, bir vəd ola bilərdi. 
– Vəfasız, siz mənə heç şey vəd etmək istəmirsiniz! 
Ejen hirslənmişdi. Delfina, adətən,          məftun edən bir səbirsizliklə, öpmək üçün əlini ona uzatdı, lakin 
Ejen baronessanın əlini həvəssiz qəbul etdi, baronessa buna heyran qaldı. 
– Bazar ertəsinə qədər, – dedi. – Balda görüşərik. 
Ejen aydınlıqda evə qayıdarkən ciddi fikirlərə dalmışdı. O, bir tərəfdən xoşbəxt, o biri tərəfdən isə narazı 
idi. Onu xoşbəxt edən eşq sərgüzəşti idi: bu sərgüzəşt nəticədə ən qəşəng, ən zərif Paris xanımlarından 
birini, onun arzuladığı bir qadını ona təslim etməli oldu. Onu narazı salan şey isə özünə sərvət yaratmaq 
planlarının puça çıxması idi. Odur ki o, indi dünənki dumanlı fikirlərinin bir həqiqət olduğunu hiss edirdi. 
Müvəffəqiyyətsizlik hər zaman arzularımızın güclü olduğunu göstərir. Rastinyak Paris həyatından 
nəşələndikcə kölgədə və yoxsulluqda qalmaq arzusu da azalırdı. O, cibindəki kağız pulunu əzişdirir, 
bunun öz pulu olduğunu sübut etmək üçün xaincəsinə dəlillər, bəhanələr gətirirdi. Nəhayət, Ejen Nev-
Sent-Jenevyev küçəsinə çatdı. Pilləkənin üst meydançasına çıxdığı zaman işıq yandığını gördü. Qorio ata 
qapısını açıq qoymuş və şamı söndürməmişdi ki, tələbə, Qorionun dediyi kimi, qızı barəsində söhbət 
etməyi yadından çıxarmasın. Ejen Qoriodan heç şey gizlətmədi. 
Qorio ata dərin məyusluq və qısqanclıqla: 
– Necə? – dedi. – Onlar mənim iflas olduğumu zənn edirlər? Axı mənim üç yüz min franklıq rentam var! 
Aman yarəb! Yazıq balam, o nə üçün mənim yanıma gəlmədi? Mən öz faizli kağızlarımı satardım, bütün 
borcları əsas mayadan ödəyərdik, qalan pulu isə ömürlük rentaya qoyardım. Əziz qonşum, nə üçün siz 
gəlib onun çətin vəziyyətdə olduğunu mənə danışmadınız? Onun son yüz frankını ris lə qumara qoyub, 
necə oynamağa cəsarət etdiniz? Ürəyim az qalır parça-parça olsun. Budur mənim kürəkənlərim! Ah, 
onlar mənim əlimə düşsəydilər, boğub öldürərdim! Aman yarəb! Mənim qızım ağlayırdı? Doğrudanmı, o 
ağlayırdı? 
Rastinyak dedi: 
– Başını jiletimə söykəyib ağlayırdı. 
Qorio ata yalvararaq: 
– Jiletinizi mənə bağışlayın! – dedi. – Onun üzərində mənim əziz Delfinamın göz yaşları var. O, uşaqlıqda 
heç vaxt ağlamamışdır. Bir daha onu geyməyin, mənə bağışlayın, mən sizə başqasını alaram. Əri ilə 
bağlanan müqaviləyə görə, onun mülkü öz ixtiyarındadır. Mən lap sabah vəkil Dervilin yanına 


gedəcəyəm. Mən onun sərvətinin banka qoyulmasını tələb edəcəyəm. Mən qanunları bilirəm, mənə 
qoca qurd deyərlər, onlar hələ mənim dişlərimi görməyiblər! 
– Budur, ata, uduşumuzdan min frank qalmışdır. O, bunu mənə vermək istəyirdi. Bu pulu mənim 
jiletimdə onun üçün saxlayarsınız. 
Qorio Rastinyakın üzünə baxdı, onun əlini əlinə aldı. Ejenin əli    üstünə bir damcı göz yaşı düşdü. 
Qoca: 
– Siz hələ çox yüksələcəksiniz, – dedi. – İnanın: Allah ədalətli Allahdır! Mən namusun nə olduğunu bir az 
başa düşürəm və sizi əmin edirəm ki, sizin kimi adamlar çox azdır. Siz də mənim əziz oğlum olmaq 
istərdinizmi? Gedin, yıxılın yatın. Siz hələ ata deyilsiniz, sakit yata bilərsiniz. Qızım ağlayırmış, amma 
mən... Bunu başqalarından eşidirəm, o, əzab çəkdiyi zaman mən axmaq kimi sakit   öz xörəyimi 
yeyirəmmiş. İnanın qızlarım bir damcı göz yaşı tökməsin deyə, mən Allahı da, İsanı da, müqəddəs ruhu da 
danardım! 
Ejen yatağına uzanarkən öz-özünə düşünürdü: “Doğrusu, zənnimcə, mən bütün ömrüm boyu namuslu 
olacağam. Vicdan səsinə qulaq asmaq insan üçün fərəhli şeydir”. 
Bəlkə də, yalnız Allaha inananlar ürəkdən yaxşılıq etmək iqtidarındadırlar. Rastinyak isə Allaha inanırdı. 
 
Ertəsi gün, bal vaxtında, Ejen vikontessa Boseanın yanına gəldi. Vikontessa onu özü ilə aparıb, hersoginya 
Karilyanoya təqdim etməli idi. Marşalın arvadı onu böyük nəzakətlə qəbul etdi. Madam de Nusingen də 
burada idi. Delfina hamıya xoş gəlməklə, Ejenin daha çox xoşuna gəlmək üçün bəzənmişdi. O, gözə 
çarpmayacağını zənn edərək, səbirsizlik və intizar içində Ejenin ona tərəf baxacağına ümid bəsləyirdi. 
Qadının həyəcanlarını duymaq qabiliyyətinə malik olan kişilər üçün belə dəqiqələrin başqa bir lətafəti 
var. Başqasını gözlətməklə yormaqdan, etinasızlıq maskası altında öz sevincini gizlətməkdən, məhəbbəti 
etiraf etdirmək üçün təlaş oyatmaqdan, başqasının qorxularından ləzzət aldıqdan sonra təbəssümlə bu 
qorxuları dağıtmaqdan kim həzz almaz? Bu şənlik tələbəyə indiki mövqeyini birdən-birə açıb göstərmişdi: 
vikontessa de Boseanın kuzeni kimi tanındıqdan sonra o, cəmiyyətdə öz yerini tapdı. Baronessa de 
Nusingenin üzərində qələbə çalması ayağına yazıldığından, gənclər       Ejenə qibtə ilə baxırdılar. Bu 
baxışları duyan Ejen ömründə ilk dəfə özündən məmnun qaldığını hiss edirdi. Salonları dolaşdıqca, 
qonaqların yanından keçdikcə, Rastinyak öz qələbəsi haqqında onun izzət-nəfsini oxşayan sözlər eşidirdi. 
Qadınlar onun hər işdə müvəffəqiyyət qazanacağından danışırdılar. Onu itirməkdən qorxan Delfina, 
srağagün qadağan etdiyi busəni bu gün ona vəd etmişdi. Rastinyak balda iştirak etdiyi zaman neçə yerə 
dəvət olunmuşdu. Madam de Bosean incə zövq iddiasında olan və evləri xoş evlərdən sayılan bütün 
xanımlarla onu tanış etmişdi. Ejen yüksək cəmiyyətə, Parisin ən təmtəraqlı bir məclisinə qəbul edildiyini 
görürdü. Bu surətlə bu gecə onun üçün parlaq debütünün sehri ilə dolu idi. Gənc bir qız ilk qələbə çaldığı 
balı xatırladığı kimi, Rastinyak da, çox ehtimal, qocalıqda belə bu balı xatırlayacaqdı. 
O birisi gün, səhər yeməyində kirayənişinlərin hüzurunda Ejen öz müvəffəqiyyətlərini Qorio ataya təsvir 
etdiyi zaman, Votren hiyləgərcəsinə təbəssümlə güldü. 


Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə