Sakit Oqayyanın meşələri və bataqlıqları arasından keçən furqonda, faytonçunun düz arxasında on dörd



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə34/151
tarix29.09.2017
ölçüsü4,8 Kb.
#2325
1   ...   30   31   32   33   34   35   36   37   ...   151

Qürub özünün al-qırmızı ətəklərini yavaş-yavaş yığışdırırdı… Gecələr isə Martin boğucu vaqondan çıxır, 
Sok-Sentrdə platformada addımlaya-addımlaya buz kimi havanı ciyərlərinə çəkir və saysız-hesabsız tənha 
qış ulduzlarına tamaşa edirdi. O görürdü ki, şimal şəfəqinin yelpiyi zəhmlə, həm də təmtəraqlı formada 
səmaya səpələnib. Martin hər dəfə bu cəsarətli ölkənin enerjisini içinə çəkərək yenidən vaqona qayıdırdı. 
O, qırıq-qırıq, amma ağır yuxu içində başını tərpədir və qəribə səslər çıxarırdı. Sonra skamyaya sərilərək 
özü kimi sərsəri olan nəzakətli yol yoldaşları ilə söhbət edir, stansiya bufetlərində isti kofe içir və böyük 
porsiyalarla qarabaşaqdan hazırlanmış kökələrdən yeyirdi.   
Beləcə, qatar adsız şəhərlərdə olan dayanacaqlardan keçərək, nəhayət, alçaq evlərə, iki çörək zavoduna
mal-qara üçün ağıla, neftlə dolu sisternə və Uitsilvaniya qəsəbəsinin ətrafında yerləşən, çamurlu 
platformalı vağzalın qırmızı binasına gəlib çatdı. 
Yenot dərisindən olan böyük kürkündə gülməli görünən Leora perronda dayanmışdı. Vaqonun 
meydançasından boylandığı və küləkdə tir-tir titrədiyi vaxt Martinin, çox güman ki, dəli görünüşü vardı. 
Leora balaca, qırmızı təkbarmaq əlcək geyindiyi və uşaq əlinə bənzəyən əllərini ona doğru uzatdı. Martin 
Leoranın yanına qaçdı, özünün yöndəmsiz çamadanını yerə tulladı və xəzə bürünmüş fermerlərin açıla 
qalmış ağızlarına fikir vermədən Leoranı qucaqlayaraq öpməyə başladı. 
Martin uzun illər sonra, çox isti günlərdə belə, həmin görüş vaxtı Leoranın küləkdən üşümüş yanaqlarının 
təravətini xatırlayırdı. 
Qatar balaca stansiyadan uzaqlaşaraq, taraq-turaq salaraq getdi. Bu vaxta qədər o, qara divar kimi 
platforma boyunca uzanıb hər iki gənci gizlədirdi. Amma qarlı çöllərdən gələn işıq indi üstlərinə sel kimi 
axdı və onları hamı üçün görünən etdi. Martin və Leora, nəhayət, özlərinə gəldilər.  
– Nə… nə baş verib? – Leora dili dolaşa-dolaşa soruşdu, – Bir məktub belə yazmırdın! Elə narahat idim ki! 
– Mən avaralanırdım. Dekan məni bir müddətə institutdan uzaqlaşdırıb. Ona görə ki, professora qarşı 
qabalıq etmişəm. Nədir, dilxor oldun?  
– Əlbəttə yox, sən bunu arzulamısansa… 
– Səninlə evlənmək üçün gəlmişəm. 
– Bilmirəm, əzizim, alınacaqmı, amma… Çox gözəl. Atamla əməlli-başlı dava düşəcək, –  Leora güldü, – o, 
planlarına daxil olmayan nəsə baş verəndə elə təəccüblənir və elə inciyir ki… Yaxşı ki, davada yanımda 
olacaqsan… Sən bilmirsən… Atam hər kəs haqqında və hər kəsin işi ilə bağlı öz haqq-hesabını aparmağı 
vacib sayır… Ah, Kürən, sənin üçün elə darıxmışam ki! Anam qətiyyən xəstə deyil, heç zərrə qədər də… 
Amma məni buradan buraxmırlar. Mənə elə gəlir ki, arada dedi-qodu gəzib… Kimsə atama başa salıb ki, 
iflasa uğramaq üzrədir… Onun sevimli qızı evdən getmək və tibb bacılığı oxumaq məcburiyyətindədirsə, 
çəkdiyi xərclərə görə vəziyyət lap çətinləşə bilər… O, bunu indiyə kimi də həzm edə bilmir – Endryu 
Cekson Tozerə nəyisə həzm etmək üçün ən azı bir ilə yaxın vaxt lazımdır. Ah, Kürən! Sən buradasan!!! 
Dəmir yolunun gurultusu və cingiltisindən sonra qəsəbə tamamilə səssiz görünürdü. Martin bütün 
Uitsilvaniyanı on dəqiqə içində gəzə bilərdi. Leora üçün tikililər arasında çox güman ki, hansısa fərq var 


idi. O, məsələn, Normanın topdansatış anbarını Frezirin və Lebin anbarından seçirdi, amma Martin üçün 
Baş küçə qarmaqarışıq səpələnmiş ikimərtəbəli taxta evlərdən ibarət idi.  Bu evlər isə ona qeyri-müəyyən 
və simasız görünürdü.  
– Bu da bizim evimiz, növbəti kvartalın sonunda – Martinlə birlikdə "Yem və avadanlıq" dükanının 
yanından dönən Leora dedi. Martin qorxu içində ayaq saxladı. Bir azdan qopacaq fırtına gözlərinin 
önündə canlandı: budur, cənab Tozer onu "Leoranı məhv etməyə hazırlaşan avara" adlandırır, missis 
Tozer ağlayır… 
– Qulaq as, sən onlara… sən onlara mənim haqqımda danışmısan? 
– Hə… belə bir şey olub. Onlara demişəm ki, sən tibb fakültəsinin bəzəyi və qürurusan… Bitirdikdən, 
təcrübə keçdikdən sonra, ola bilsin ki, biz evlənək… Sonra – sənin teleqramın gəldiyi vaxt, onlar niyə onu 
Viskonsindən göndərdiyini öyrənmək istədilər… Sonra da bilmək istədilər ki, bu teleqramı poçta 
apardığın vaxt hansı rəngdə qalstuk taxmısan? Təsəvvür edirsən?  Mən isə onlara izah edə bilmədim ki, 
bunu bilmirəm. Sonra  onlar teleqramla bağlı məsələni kifayət qədər ətraflı müzakirə etməyə başladılar. 
Mənim valideynlərim nəyi də olmasa, bunu yaxşı bacarırlar. Nahar vaxtı müzakirə davam etdi. Təntənəli 
surətdə! Ah, Kürən, hər süfrə arxasına oturanda söyüş söy, özü də möhkəm, yaxşı?! 
Martin bu sözlərdən sonra çox qorxdu. Onun gözləri qarşısında artırmalı, geniş, qəhvəyi rəngli ev 
ucalırdı… Bu an Leoranın qohumları – əvvəllər yalnız hekayənin maraqlı personajı olan insanlar –  çox 
real qəhrəmana çevrildilər. Güzgü şüşəli və rənglənmiş haşiyəli böyük pəncərə firavan həyat tərzinin 
simvolu kimi görünürdü. Qaraj da yeni və əzəmətli idi. 
Martin partlayışı gözləyə-gözləyə Leoranın ardınca addımladı. Arıq, gülməyi bacarmayan, təravətini 
itirmiş bir qadın olan missis Tozer qapını açdı və gözlərini kədərlə Martinə zillədi. O, elə bir şəkildə təzim 
etdi ki, sanki, bütün görünüşü ilə Martinin bir o qədər də arzuolunmaz olmadığını söyləyirdi… Eyni 
zamanda da bildirirdi ki, o, hamı üçün anlaşılmaz və şübhəli qonaqdır.  
– Cənab Erousmiti öz otağına sən ötürəcəksən, Ori, yoxsa mən?  – qadın nazik səslə ciyildədi. 
Tozerlərin mülkü o evlərdən idi ki, orada qramafon gözə dəysə də, kitablar yox idi. Bu evdə hansısa 
şəkillər var idisə də (hansısa şəkillər əlbəttə ki var idi!), Martin onları yadda saxlaya bilmədı. Onun 
otağındakı çarpayı başdan-ayağa çala-çuxur idi, amma tərtəmiz naxışlı örtüklə örtülmüşdü; süfrənin 
üzərinə güllü səhəng dəsti və ləyən qoyulmuşdu…. Süfrə isə qırmızı rəngli quzular, qurbağalar, su 
zanbaqları və hikmətli sözlərlə naxışlanmışdı. 
Martin nə qədər mümkündürsə o qədər uzun müddətə əşyalarını yerləşdirməyə çalışdı və qətiyyətsiz 
addımlarla aşağı endi. Közərən sobanın və paçulinin  ətri gələn qonaq otağında heç kəs yox idi; sonra 
haradansa missis Tozer peyda oldu və nəzakətli sözlər tapmağa çalışaraq onun ətrafında vurnuxmağa 
başladı.  
– Necə gəlib çatdınız? Yol rahat idi? 
– Hə, əlbəttə… Mənə… Vaqon ağzınacan dolu idi. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə