“Yol hərəkəti haqqında“ qanun


Maddə 13. Küçələrin, meydanların və ya dəmiryol keçidlərinin tikilməsi, saxlanılması və istifadə olunması zamanı yol hərəkəti təhlükəsizliyinin tə'min edilməsi



Yüklə 0,57 Mb.
səhifə3/10
tarix26.11.2017
ölçüsü0,57 Mb.
#12919
1   2   3   4   5   6   7   8   9   10

Maddə 13. Küçələrin, meydanların və ya dəmiryol keçidlərinin tikilməsi, saxlanılması və istifadə olunması zamanı yol hərəkəti təhlükəsizliyinin tə'min edilməsi

           Avtomobil yolları küçələrdən, meydanlardan və ya dəmiryol keçidlərindən keçirsə, avtomobil yollarının tikilməsi, saxlanılması və istifadə olunması zamanı yol hərəkəti təhlükəsizliyinin tə'min edilməsinə, habelə avtomobil yollarında hərəkətin müvəqqəti məhdudlaşdırılmasına və ya qadağan edilməsinə dair bu Qanunun 9-12-ci maddələrində nəzərdə tutulmuş müddəalar eyni dərəcədə həmin küçələrin, meydanların və ya dəmiryol keçidlərinin tikilməsinə, saxlanılmasına və istifadə olunmasına, habelə küçələrdə, meydanlarda və ya dəmiryol keçidlərində hərəkətin müvəqqəti məhdudlaşdırılmasına və ya qadağan edilməsinə də şamil olunur.



Maddə 14. Nəqliyyat vasitələrinin yol hərəkətində iştirak etməyə buraxılması

  1.           Azərbaycan Respublikasında qüvvədə olan vahid beynəlxalq texniki göstərişlərə, yol hərəkətinin təhlükəsizliyi normativlərinə və standartlarına uygun gələn, bu tələblərə uyğunluğu barəsində sertifikatı olan, qeydiyyatdan, dövlət texniki baxışından keçmiş nəqliyyat vasitələri Azərbaycan Respublikası ərazisində yol hərəkətində iştiraka buraxılırlar.

Maddə 15. Yol hərəkətinin nizama salınması

  1.           Yol hərəkəti təhlükəsizliyinin tə'min edilməsi üçün yol hərəkətinin vahid qaydaları müəyyənləşdirilir. Yol hərəkəti Qaydaları bu Qanunla təsbit olunur və Azərbaycan Respublikasının ərazisində olan bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. Azərbaycan Respublikasında yol hərəkətinin xüsusiyyətlərini müəyyənləşdirən digər normativ-hüquqi aktlar (xüsusi yüklərin daşınması, nəqliyyat vasitələrinin ayrı-ayrı növlərinin istismarı, qapalı ərazilərdə hərəkət etməsi və s.) yol hərəkəti Qaydalarının tələblərinə əsaslanmalı və onlara uyğun olmalıdır.

Maddə 16. Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və ixtisaslarının artırılmasının təşkili

  1.           Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və ixtisaslarının artırılması lazımi texniki-metodiki tədris vasitələri ilə tə'min olunmuş, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada razılıq almış kurslarda həyata keçirilir. Belə kursların fəaliyyəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən "Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında" Əsasnamə ilə nizama salınır. Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və ixtisaslarının artırılması ilə məşğul olan bütün tədris müəssisələri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmalıdır.

  2.           Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və ixtisaslarının artırılması xüsusi proqramlar üzrə aparılır. Müvafiq kateqoriyalı nəqliyyat vasitələrinin sürücüləri üçün proqramlar, dövlət təhsil standartları əsasında, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən hazırlanır və təsdiq edilir.

  3.           Sürücülük vəsiqəsini almaq üçün yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələri idarəetmə məsələləri üzrə təcrübi imtahanlara müstəqil hazırlanmasının qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

Maddə 17. Nəqliyyat vasitələri sürücülərinin sağlamlığının qorunması və onlar üçün lazımi əmək şəraitinin yaradılması

  1.            Nəqliyyat vasitəsinin sürücüsünü işə götürmüş hər hansı fiziki və ya mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxs:

  1. yol hərəkəti hadisələrindən sürücünün sığortalanmasını təşkil etməlidir;

  2. sürücülərin işini Azərbaycan Respublikasının qanunvericiliyinə, əmək və istirahət rejiminə uyğun olaraq təşkil etməlidir;

  3. sürücülərin əmək gərginliyinin və yorğunluğunun səviyyəsini azaltmağa yönəldilmiş lazımi tədbirlər görməlidir.

  1.           Sürücülərinin sayı 100 nəfər və daha çox olan nəqliyyat vasitələrinin sahibləri ixtisaslaşdırılmış tibbi idarə və sağlamlaşdırma məntəqələri, tibbi-sanitariya hissələri, poliklinika bölmələri və səhiyyə müəssisələri yaradırlar. Sürücülərinin sayı 100-dən az olan nəqliyyat vasitələrinin sahibləri isə, onlara tibbi xidmət göstərilməsi üçün ərazi tibb müəssisələri ilə müqavilələr bağlayırlar.

Maddə 18. Yollarda təhlükəsiz davranma qaydalarının vətəndaşlara öyrədilməsi

  1.           Yollarda təhlükəsiz davranma qaydaları vətəndaşlara məktəbəqədər, ümumtəhsil və xüsusi təhsil müəssisələrində, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada razılıq almış digər müəssisələrdə öyrədilir.

  2.           Yollarda təhlükəsiz davranma qaydaları vətəndaşlara Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanmış və təsdiq edilmiş nümunəvi proqramlar və metodik tövsiyyələr əsasında öyrədilir.

  3.           Yollarda təhlükəsiz davranma qaydalarının vətəndaşlara öyrədilməsi barədə müddəa müvafiq dövlət təhsil standartlarına daxil edilir.

  4.           Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş müəssisələr tərəfindən, yollarda təhlükəsiz davranma qaydalarının vətəndaşlara öyrədilməsi işinə köməklik göstərməlidirlər.

  5.           Yollarda təhlükəsiz davranma qaydalarının vətəndaşlara öyrədilməsi üçün kütləvi informasiya vasitələrindən də istifadə oluna bilər.

Maddə 19. Yol hərəkəti təhlükəsizliyinin tibbi tə'minatı

  1.           Yol hərəkəti təhlükəsizliyinin tibbi tə'minatı sürücülüyə namizədlərin və nəqliyyat vasitələri sürücülərinin məcburi qaydada tibbi müayinədən və təkrar müayinədən keçməsindən, nəqliyyat vasitələri sürücülərinin reys qabağı, reysdən sonra cari tibbi müayinədən keçməsindən, yol - nəqliyyat hadisələri zamanı zərər çəkmiş şəxslərə tibbi yardım göstərilməsindən, yol - nəqliyyat hadisələri zamanı zərər çəkmiş şəxslərə, ixtisaslı həkim köməyinədək ilk tibbi yardım göstərilməsi üsullarının yol hərəkəti iştirakçılarına, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və ixtisaslaşdırılmış bölmələrin vəzifəli şəxslərinə, habelə əhaliyə öyrədilməsindən ibarətdir.

  2.           Məcburi tibbi müayinənin və təkrar müayinənin məqsədi sürücülüyə namizədlərin və nəqliyyat vasitələri sürücülərinin sağlamlığının sürücülük fəaliyyətinə zidd göstəricilərinin və ya digər məhdudiyyətlərin müəyyən edilməsindən ibarətdir.

  3.           Yol-nəqliyyat hadisələri zamanı zərər çəkmiş şəxslərə göstərilən tibbi yardım aşağıdakılardan ibarətdir:

  1. yol-nəqliyyat hadisələrinin baş verdiyi yerdə ilk tibbi yardımın göstərilməsidən;

  2. yol-nəqliyyat hadisələrinin baş verdiyi yerdə, tibb müəssisinə gedərkən və tibb müəssisində tibbi yardımın göstərilməsindən.

  1.           Məcburi tibbi müayinənin dövriliyi, onun keçirilməsi qaydası, Azərbaycan Respublikası vətəndaşları tərəfindən nəqliyyat vasitələrinin idarə olunmasını qeyri-mümkün edən tibbi göstəricilərin siyahısı, habelə yol-nəqliyyat hadisələri zamanı zərər çəkmiş şəxslərə tibbi yardımın təşkili qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 20. Yol-nəqliyyat hadisələrində zərər çəkənlərə tibbi yardım göstərilməsinin təşkili

  1.           Azərbaycan Respublikasının səhiyyə müəssisələri yol-nəqliyyat hadisələri nəticəsində zərər çəkənlərə yardım göstərilməsini tə'min edir, nəqliyyat vasitəsini idarə edən şəxslərin alkoqoldan, narkotik vasitələr, psixotrop maddələrdən və onların analoqlarından və güclü tə'sir göstərən digər maddələrdən istifadə nəticəsində sərxoş vəziyyətdə olub-olmadıqlarını müəyyən edir, onların uçotunu aparır, nəqliyyat vasitələrini idarə etməyə yararlılıq haqqında arayış verirlər.

  2.           Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları mütəxəssislərlə, şö'bə və palatalarla təhciz olunmuş, müayinə və müalicə etmək imkanına, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının stasionar postları ilə rabitə əlaqəsinə malik olan müalicəxanaları yolların konkret sahələrinə təhkim edirlər. Bu müalicəxanalar yol-nəqliyyat hadisəsi yerinə dərhal getmək və zərər çəkənlərə zəruri tibbi yardım göstərmək üçün lazımi tədbirlər görməlidirlər.

  3.           Yolların yaxınlığında olan tibb müəssisələri (xəstəxanalar və müalicə-profilaktika müəssisələri) rabitə vasitələri ilə təhciz edilməli və tibbi yardım çağırışlarına cavab verməlidirlər. Yollara təhkim edilmiş xəstəxanalar və tə'cili yardım stansiyaları da müvafiq rabitə cihazları ilə tə'min olunur. Mə'lumatı qəbul etməməyə, eləcə də yol-nəqliyyat hadisəsi yerinə vaxtında getməməyə və ya ixtisaslı tibbi yardım göstərməməyə görə, tibbi hey'ətin məs'ul şəxsləri Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məs'uliyyət daşıyırlar.

  4.            Sürücülər idarə etdikləri nəqliyyat vasitələrində xüsusi dərman qutularının olmasını, onların komplektləşdirilməsini tə'min etməlidirlər.

Maddə 21. Ətraf mühitin mühafizəsi

  1.           Mexaniki nəqliyyat vasitələrini layihələşdirən, istehsal və istismar edən fiziki və hüquqi şəxslər göstərilən nəqliyyat vasitələrinin ətraf mühitə çirkləndirici maddələr buraxmasının, eləcə də səs-küyün və vibrasiyanın qarşısını almaq və onları azaltmaq üçün tədbirlər görməlidirlər. Tullantılarında  müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan nəqliyyat vasitələrinin istehsalı, idxalı və istismarı qadağandır.

  2.           Bütün hüquqi və fiziki şəxslər müvafiq nəqliyyat tipinin ətraf mühitə tullantılarında çirkləndirici maddələrin yol verilən hədlərini və fiziki tə'sirlər göstərilməsinin yol verilən səviyyələrini müəyyən edən normativlərə əməl edilməməsi üçün məs'uliyyət daşıyırlar.

Maddə 22. Yol hərəkəti təhlükəsizliyinin tə'min edilməsi proqramları

  1.          Yol hərəkəti təhlükəsizliyinin tə'min edilməsi sahəsində dövlət siyasətinin həyata keçirilməsi məqsədilə və yol-nəqliyyat hadisələrinin sayının, bu hadisələr nəticəsində dəyən zərərin azaldılmasına yönəldilmiş dövlət və yerli əhəmiyyətli proqramlar işlənib hazırlanır.

  2.          Bu proqramlar ərazi və sahə planlaşdırmasının səmərəli əlaqələndirilməsi, bir-birinə bağlı olan balanslaşdırılmış göstəricilərin formalaşdırılması əsasında, konkret regionun sosial-iqtisadi və ekoloji şəraiti, yol şəbəkəsinin inkişaf səviyyəsi, qəza vəziyyəti və yol hərəkətinin vahid uçotu sisteminin digər göstəriciləri nəzərə alınmaqla hazırlanır.

  3. Yol hərəkəti təhlükəsizliyinin tə'min olunması proqramına aşağıdakılar daxil edilməlidir:

  1. yolların inkişafı və genişləndirilməsi;

  2. yol hərəkətinin təşkilinin təkmilləşdirilməsi;

  3. yol hərəkətinin təhlükəsizliyi vəziyyətinin təhlili və yolnəqliyyat hadisələrinin, onların nəticələrinin azaldılması üzrə tədbirlər;

  4. müəyyən dövr üçün proqnozlar;

  5. əsaslandırılmış konkret məqsədlər;

  6. həyata keçirilməsi nəzərdə tutulan məqsədlərə çatmağa imkan verəcək tədbirlər;

  7. proqramın dəyəri və onun maliyyələşdirilmə mənbələri, yol fondlarının yaradılması

  8. proqramın yerinə yetirilməsinə nəzarətin formaları və mütəmadiliyi.

Maddə 23. Yol hərəkəti təhlükəsizliyini tə'min etmək tədbirləri

  1.           Proqramlarda nəzərdə tutulmuş tədbirlər, habelə yol hərəkəti təhlükəsizliyini tə'min etmək sahəsində digər tədbirlər Azərbaycan Respublikası büdcəsinin, yerli büdcələrin, büdcədənkənar vəsaitlərin və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının vəsaiti hesabına maliyyələşdirilir.

  2.           Yol hərəkəti təhlükəsizliyini tə'min etmək tədbirləri həmçinin Azərbaycan Respublikası dövlət yol fondunun vəsaiti və bu Qanunun müddəalarını pozmağa görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən cərimələrin ödənilməsi, nəqliyyat vasitələrinin sığortası, onların qeydiyyatı, nəqliyyat vasitələrinin dövlət qeydiyyatı şəhadətnamələrinin və nişanlarının verilməsi, sürücülərin hazırlanması və ixtisaslarının artırılması üzrə kurs imtahanlarının qəbulu, sürücülük vəsiqələrinin verilməsi, nəqliyyat vasitələrinə texniki baxış keçirilməsi, nəqliyyat vasitələrinin müşayiət olunması və haqqı ödənilən digər əlavə xidmətlər nəticəsində Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına daxil olan vəsait hesabına maliyyələşdirilir.

  3.           Bu Qanunun müddəalarını pozmağa görə fiziki və hüquqi şəxslər tərəfindən ödənilən cərimələrdən daxil olan vəsait Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və subyektlər tərəfindən tə'yinatı üzrə istifadə olunmalıdır.

Maddə 24. Yol hərəkəti təhlükəsizliyi vəziyyətinin əsas göstəriciləri

     I.  Azərbaycan Respublikası ərazisində yol hərəkətinin təhlükəsiziyi vəziyyətinin əsas göstəricilərinin dövlət uçotu aparılır. Bu göstəricilər aşagıdakılardır:

     1) yol-nəqliyyat hadisələrinin;

     2) yol-nəqliyyat hadisələrində zərər çəkmiş şəxslərin;

     3) nəqliyyat vasitələri sürücülərinin;

     4) yol-hərəkəti qaydalarını pozmuş şəxslərin;

     5) yol hərəkəti sahəsində inzibati xətaların  və  cinayətlərin sayı;

     6)  yol hərəkəti təhlükəsizliyi vəziyyətini əks etdirən göstəricilər və yol  hərəkəti  təhlükəsizliyinin  tə'min edilməsinə  dair  fəaliyyətin nəticələrinin göstəriciləri.

     II.  Azərbaycan  Respublikası ərazisində yol hərəkətin təhlükəsiziyi vəziyyətinin dövlət uçotu aparılarkən yol-nəqliyyat  hadisələrində  zərər çəkmiş şəxslər aşagıdakılar sayılır:

     1) yaralılar - yol-nəqliyyat hadisəsi nəticəsində səhhətinin müəyyən müddətə pozulmasına səbəb olan şəxslər;

     2)  həlak olanlar - yol-nəqliyyat hadisəsi yerində həlak olmuş və ya bu cür hadisə nəticəsində sonrakı 7 gün ərzində ölmüş şəxslər.

     III. Dövlət uçotunun sistemi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən yol  hərəkəti  təhlükəsizliyinin  tə'min edilməsi   sahəsində   dövlət  siyasətinin  formalaşdırılması  və  həyata keçirilməsi işinin təşkilini və tətbiqini tə'min edir.

     IV. Yol hərəkəti təhlükəsizliyinin tə'min edilməsi sahəsində  dövlət uçotunun   aparılması,   mə'lumat  uçotlarının   istifadəsi   və  hesabat mə'lumatlarının formalaşdırılması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.

Maddə 25. Yol hərəkəti və onun təhlükəsizliyi göstəricilərinin vahid dövlət uçotu

     I.  Azərbaycan  Respublikasında  yol hərəkəti və onun təhlükəsizliyi göstəricilərinin   (avtomobil   yollarının,   nəqliyyat    vasitələrinin, sürücülərin   və   yol   hərəkəti   sahəsində  inzibati  xətaların, yol-nəqliyyat  hadisələrinin,  yol-nəqliyyat  zədələnmələrinin  və  sair) vahid dövlət uçotu sistemi müəyyən edilir.

     II. Yol hərəkətinin təhlükəsizliyi göstəricilərinin siyahısını, uçot və  hesabat qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

     III. Azərbaycan Respublikasının müvafiq icra  hakimiyyəti  orqanları yol   hərəkəti   və  onun  təhlükəsizliyi  göstəricilərinin  vahid  uçotu sistemində  nəzərdə  tutulmayan   hesabatlar   verilməsini   tətbiq   edə bilməzlər.



Maddə 26. Layihə və elmi işlərin aparılması

          Mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq, yol hərəkəti təşkilinin perspektiv proqramlarını, kompleks sxemlərini və layihələrini hazırlayan, habelə bunları həyata keçirən fiziki və hüquqi şəxslər həmin sənədlərdə hərəkət təhlükəsizliyinin tə'min edilməsi, ətraf mühitə çirkləndirici maddələr buraxılmasının və tullanmasının, habelə səs-küyün və vibrasiyanın qarşısının alınması və azaldılması istiqamətində tədbirlər nəzərdə tutmalı və bunları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmalıdırlar.



FƏSİL III

Maddə 27. Nəqliyyat vasitələrinin dövlət qeydiyyatı

Nəqliyyat vasitələrinin yol hərəkətində iştirak etməyə buraxılması aşağıdakı kimidir:

  1.           Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona uygun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən "Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında" Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. Dövlət qeydiyyatı nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlıgının qəbul olunmuş təhlükəsizlik qaydalarına uyğun olması, nəqliyyat vasitələrinin istifadə olunması və ya çıxdaş edilməsi zamanı uçot göstəricilərində dəyişiklik aparılması, nəqliyyat vasitələrinin hərbi mükəlləfiyyətinin müəyyən olunması, nəqliyyat vasitələrinin sahibləri tərəfindən rüsumların və ya vergilərin, yaxud ödənclərin ödənilməsi, eləcə də nəqliyyat vasitələrinin mərkəzləşdirilmiş şəkildə və regionlar üzrə uçota alınması, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması məqsədi ilə həyata keçirilir. Nəqliyyat vasitəsinin qoşqu və yarımqoşqunun qeydiyyatı sahibinin (hüquqi və ya fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitələrinin sahiblərinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir.

  2.           Mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyatını Azərbaycan Respublikasının rayon, şəhər və bölgələrində aşağıdakılar aparırlar:

  1.           hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kub/sm və daha çox, konstruktiv maksimal sür'əti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrinin, onların qoşqularının və yarımqoşqularının -Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı

  2. tramvayların və trolleybusların -Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı

  3.           hüquqi və fiziki şəxslərin ümumi istifadədə olan küçə-yol şəbəkəsində istismar üçün nəzərdə tutulmayan tırtıllı mexaniki nəqliyyat vasitələrinin (traktorların), kənd təsərrüfatında istifadə olunan və digər mexaniki nəqliyyat vasitələrinin - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı

  4.           hüquqi və fiziki şəxslərin ümumi istifadədə olan küçə-yol şəbəkəsində istismar üçün nəzərdə tutulmayan texnoloji nəqliyyat vasitələrinin - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı

  5.           hüquqi və ya fiziki şəxslərin yarış məqsədli idman nəqliyyat vasitələrinin - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı.

  1.  Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və digər birləşmələrin mexaniki nəqliyyat vasitələrinin vahid dövlət qeydiyyatını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı aparır.

  2. Hüquqi və fiziki şəxslər hüquqi ünvanı və ya yaşayış yeri üzrə bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlarda:

  1. əldə edildiyi vaxtdan on gün ərzində

  2. fiziki şəxsin yaşayış yeri və hüquqi şəxsin olduğu yer dəyişildiyi vaxtdan on gün ərzində

  3. nəqliyyat vasitələrinin girov qəbul edildiyi vaxtdan on gün ərzində

  4. nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri dəyişdirildiyi və ya qeydiyyat mə'lumatlarının dəyişdirilməsini tələb edən digər halların yarandığı vaxtdan on gün ərzində onlara məxsus olan mexaniki nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirməli və daimi uçota aldırmalıdırlar.

Qeyd: Vərəsəlik üzrə alınan nəqliyyat vasitələrinin qeydiyyatı istisna olmaqla, nəqliyyat vasitələri 18 yaşına, asma mühərrikli velosipedi, mopedi və motosikletləri isə 16 yaşına çatmış fiziki şəxslərin adına qeydiyyata alınır. Nəqliyyat vasitəsi yetkinlik yaşına çatmamış vərəsənin adına qeydiyyata alınarkən, qeydiyyat sənədində onun valideyninin, övladlığa götürənin və himayəçinin soyadı, adı, atasının adı göstərilir və belə nəqliyyat vasitəsinin qəyyumluq və himayəçilik orqanının icazəsi olmadan qeydiyyatdan çıxarılması qadagan olunur.

  1.           Bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlar nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər verildiyi və nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinəyə təqdim edildiyi vaxtdan bir gün ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılmasını və onun daimi uçota alınmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyatı nişanının verilməsini həyata keçirməlidirlər. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə ərizəçiyə mə'lumat verilir və bunlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatı aparılır.

  2.            Nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlara bu Qanunla müəyyən edilmiş müddətdə aşağıdakı sənədləri təqdim etməlidir:

  1. ərizə

  2. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin qeydiyyata alınması haqqında vəsiqə və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlıgı olmayan şəxsin şəxsiyyət vəsiqəsi);

  3. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada onun sahibliyini təsdiq edən müvafiq sənəd və ya məhkəmənin qərarı

  4. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş rüsumların və ya vergilərin, yaxud ödənclərin ödənilməsi barədə qəbz;

  5.            xarici dövlətlərdə alınaraq Azərbaycan Respublikasının ərazisinə hüquqi və fiziki şəxslər tərəfindən gətirilmiş nəqliyyat vasitəsi üçün gömrük orqanlarının verdiyi icazə sənədi, nəqliyyat vasitəsinin əvvəl qeydə alındığı dövlətin daimi qeydiyyatından çıxarıldığına dair sənədi, onun qeydiyyat və ya tranzit nişanlarını.

  1.           Əvvəl qeydə alındıgı dövlətin daimi uçotundan çıxarılmadan Azərbaycan Respublikasına gətirilmiş nəqliyyat vasitəsi gömrük orqanlarının verdiyi icazə sənədi əsasında sahibinin adına müvəqqəti qeydiyyata alınaraq, qeydiyyat şəhadətnaməsi və nişanları ilə tə'min olunur, nəqliyyat vasitəsinin əvvəlki uçot yerinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən edilən müraciətə müvafiq təsdiqləyici cavab alındıqdan sonra daimi şəhadətnamə verilir. Nəqliyyat vasitəsinin əvvəlki uçot yerindən silinməsi Azərbaycan Respublikasında yerləşən xarici səfirlik və konsul nümayəndəlikləri tərəfindən həyata keçirildikdə, bu maddəninn ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlara müvafiq konsul şəhadətnaməsi təqdim edilir.

  2.           Dövlət qeydiyyatının aparılması və daimi uçota alınması üçün nəqliyyat vasitəsinin təqdim edilməsi texniki nasazlıq səbəbindən mümkün olmadıqda, nəqliyyat vasitəsinin sahibi ərizədə həmin səbəbi qeyd etməli və bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqan tərəfindən ona göstəriləcək xidmət üçün əlavə haqq ödəməlidir. Əlavə xidmət haqqının ödənilməsi barədə qəbz təqdim edildikdən sonra beş gün ərzində həmin orqan nasaz nəqliyyat vasitəsinin olduğu yer üzrə onun mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədi ilə müayinə keçirməlidir.

  3.           Nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs nəqliyyat vasitəsini dövlət qeydiyyatı üzrə daimi uçotdan aşağıdakı hallarda çıxarmalıdır:

  1.           nəqliyyat vasitəsi sahibininin yaşayış yeri dəyişdikdə və onun yeni yaşayış yeri nəqliyyat vasitəsini qeydiyyata almış müvafiq orqanın fəaliyyət göstərdiyi ərazinin hüdudlarından kənarda olduqda, habelə qeydiyyat yerinin dəyişməsi ilə bağlı olan digər hallarda;

  2. nəqliyyat vasitəsinə mülkiyyət hüququ xitam edildikdə və ya nəqliyyat vasitəsi başqasına verildikdə

  3. nəqliyyat vasitələri çıxdaş edildikdə.

  1.           Xarici dövlətlərdə qeydiyyatdan çıxarılmadan Azərbaycan Respublikasına 30 günədək müddətə müvəqqəti gətirilən nəqliyyat vasitələri Azərbaycan Respublikasının sərhəd məntəqəsinin yaxınlıgında yerləşən, bu maddənin ikinci hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanında tə'xirəsalınmadan müvəqqəti uçota alınır. Bu barədə həmin nəqliyyat vasitələrinin sahiblərinə 30 gün müddətinə müvafiq sənəd verilir.

  2.           Xarici dövlətlərdə daimi qeydiyyatdan çıxarılmadan Azərbaycan Respublikasına 30 kündən artıq müddətə müvəqqəti gətirilən nəqliyyat vasitələri, onları geriyə qaytarmaq barədə sahibinin verdiyi öhdəçilik və gömrük orqanlarının verdiyi icazə sənədi əsasında, bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında nəqliyyat vasitəsi sahibinin əcnəbilər üçün vizasında göstərilən müddətə, Azərbaycan Respublikası vətəndaşı üçün isə bir il müddətindən artıq olmamaq şərti ilə, onun öhdəçiliyi müddətinə dövlət qeydiyyatından keçirilir. Bu zaman həmin nəqliyyat vasitələrinin xarici qeydiyyat sənədləri və nişanları müvəqqəti olaraq saxlanca qəbul olunur və əvəzində onlar müvəqqəti dövlət qeydiyyat şəhadətnaməsi və qeydiyyat nişanları ilə tə'min edilirlər. Respublika ərazisini tərk etdikdə xarici qeydiyyat sənədləri və nişanları nəqliyyat vasitəsi sahibinə geri qaytarılır.

  3. Xarici dövlətlərdə qeydiyyatdan çıxarılmadan Azərbaycan Respublikasına gətirilmiş nəqliyyat vasitələrinin müvəqqəti dövlət qeydiyyatının aparılması və müvəqqəti uçota alınması üçün, onların sahibləri və ya sərəncam vermək hüququ olan digər şəxslər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini;

  2.           Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin qeydiyyata alınması haqqında vəsiqə və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi);

  3. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş rüsumların və ya vergilərin, yaxud ödənclərin ödənilməsi barədə qəbzi;

  4. lazım olarsa, nəqliyyat vasitəsinin idarə edilməsi hüququnu təsdiq edən sənədi;

  5. gömrük orqanlarının müvəqqəti icazə sənədlərini.

  1.           Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsi icarə müqaviləsi, vəkalətnamə və ya digər əsaslarla başqa şəxsə verildikdə, on gün müddətində göstərilən sənədlər əsasında bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş müvafiq orqanlarda qeydiyyatdan keçirilməlidir.

  2.           Təqdim edilən sənədlərdə, dövlət qeydiyyat nişanlarında saxtakarlıq əlamətləri aşkar edildikdə, nəqliyyat vasitələrinin mühərrik, ban və şassi nömrələri dəyişdirildikdə, aqreqat nömrələrinin və qeydiyyat mə'lumatlarının təqdim edilən sənədlərə uyğunsuzlugu, habelə nəqliyyat vasitələrinin və ya təqdim edilən sənədlərin axtarışda olmaları barədə mə'lumatlar mövcud olduqda həmin sənədlər və nəqliyyat vasitələri saxlanılır və müvafiq yoxlamalar aparılır.

  3.           Nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması, onun qeydiyyat üzrə daimi və ya müvvəqəti uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və ya dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibindən bu Qanunla nəzərdə tutulmuş sənədlərdən başqa digər sənədlər tələb etmək qadağandır.

  4.           Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı nəqliyyat vasitəsini qeydiyyata almaqdan imtina etdikdə, onun sahibinə imtinanın səbəbləri barədə yazılı mə'lumat verməlidir.

  5.  Azərbaycan Respublikasının ərazisində:

  1. dövlət qeydiyyatından keçməyən və yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə öhdəçiliyə əməl etməyən;

  2.           dövlət qeydiyyat nişanı və ya onlardan biri yerində olmayan, eləcə də saxta və ya başqa nəqliyyat vasitələrinə verilmiş və ya dövlət standartına uyğun olmayan dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrini idarə edən şəxslər Azərbaycan Respublikasının qanunverciliyi ilə nəzərdə tutulmuş qaydada məs'uliyyət daşıyırlar.

  1.           Nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və ya dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibindən bu Qanunla müəyyən olunmayan sənədləri tələb edən, nəqliyyat vasitəsinin qeydiyyata alınmasında və ya qeydiyyatdan çıxarılmasında süründürməçiliyə yol verən və ya onların həllindən qanunsuz olaraq imtina edən bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanların vəzifəli şəxsləri Azərbaycan Respublikasının qanunverciliyi ilə nəzərdə tutulmuş qaydada məs'uliyyət daşıyırlar.

  2.           Nəqliyyat vasitəsinin sahibi nəqliyyat vasitəsinin qeydiyyata alınması və ya qeydiyyatdan çıxarılması zamanı süründürməçiliyə yol verilməsindən və yaxud onlardan imtina olunmasından məhkəməyə şikayət edə bilər.

Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə