AZƏRBAYCAN RESPUBLİKASININ MİQRASİYA MƏCƏLLƏSİ
Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi Azərbaycan Respublikasında miqrasiya
sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya proseslərinin və bu sahədə yaranan
münasibətlərin tənzimlənməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan
Respublikasında hüquqi vəziyyəti ilə bağlı normaları müəyyənləşdirir.
I BÖLMƏ
ÜMUMİ MÜDDƏALAR
FƏSİL 1
AZƏRBAYCAN RESPUBLİKASININ MİQRASİYA QANUNVERİCİLİYİ
M a d d ə 1. Azərbaycan Respublikasının miqrasiya qanunvericiliyi
Azərbaycan Respublikasının miqrasiya qanunvericiliyi Azərbaycan Respublikasının
Konstitusiyasından, bu Məcəllədən, Azərbaycan Respublikasının qanunlarından, Azərbaycan
Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən və onlara uyğun olaraq qəbul
edilmiş digər normativ hüquqi aktlardan ibarətdir.
M a d d ə 2. Azərbaycan Respublikası miqrasiya qanunvericiliyinin prinsipləri
Azərbaycan Respublikasının miqrasiya qanunvericiliyi insan və vətəndaş hüquqlarına və
azadlıqlarına hörmət, qanunçuluq, qanun qarşısında bərabərlik və ədalətlilik, Azərbaycan
Respublikası miqrasiya qanunvericiliyinin hamılıqla tanınan beynəlxalq hüquq normalarına
uyğunluğunun təmin edilməsi, miqrasiya proseslərinin tənzimlənməsində innovativ metodların
tətbiqi və şəffaflığın təmin edilməsi prinsiplərinə əsaslanır.
M a d d ə 3. Əsas anlayışlar
3.0. Bu Məcəllədə aşağıdakı əsas anlayışlardan istifadə olunur:
3.0.1. əcnəbi – Azərbaycan Respublikasının vətəndaşı olmayan və başqa dövlətin
vətəndaşlığına mənsub olan şəxs;
3.0.2. vətəndaşlığı olmayan şəxs – heç bir dövlət tərəfindən onun qanununa əsasən
vətəndaş hesab edilməyən şəxs;
3.0.3. yetkinlik yaşına çatmayan şəxs – 18 yaşı tamam olmayan şəxs;
3.0.4. pasport – şəxsə vətəndaşı olduğu ölkə tərəfindən verilən, ona ölkədən getmək və
ölkəyə gəlmək hüququ verən, habelə onun şəxsiyyətini və vətəndaşlığını təsdiq edən sənəd;
3.0.5. şəxsiyyət vəsiqəsi – Azərbaycan Respublikasının ərazisində şəxsiyyəti təsdiq edən
sənəd;
3.0.6. Azərbaycan Respublikasında müvəqqəti olan – Azərbaycan Respublikasında
yaşamaq üçün icazəsi olmayan, turizm, şəxsi iş, xidməti ezamiyyət və sair bu kimi müvəqqəti
xarakter daşıyan hallarla əlaqədar Azərbaycan Respublikasına qanuni əsaslarla gəlmiş əcnəbi və
ya vətəndaşlığı olmayan şəxs;
3.0.7. Azərbaycan Respublikasında müvəqqəti yaşayan – bu Məcəllə ilə müəyyən
edilmiş qaydada Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almış əcnəbi və ya
vətəndaşlığı olmayan şəxs;
3.0.8. Azərbaycan Respublikasında daimi yaşayan – bu Məcəllə ilə müəyyən edilmiş
qaydada Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış əcnəbi və ya vətəndaşlığı
olmayan şəxs;
3.0.9. əmək miqrasiyası – fiziki şəxsin haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması
üçün qanuni əsaslarla bir ölkədən başqa ölkəyə miqrasiya etməklə yaşayış yerini dəyişməsi;
3.0.10. əməkçi miqrant – haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün qanuni
əsaslarla bir ölkədən başqa ölkəyə miqrasiya edən fiziki şəxs;
3.0.11. əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin ailə üzvləri – əcnəbinin və ya
vətəndaşlığı olmayan şəxsin arvadı (əri), 18 yaşına çatmamış uşaqları, 18 yaşına çatmış əmək
qabiliyyəti olmayan övladları və himayəsində olan valideynləri;
3.0.12. yaxın qohum – ata, ana, ər (arvad), övlad, qardaş, bacı və onların övladları, baba,
nənə, babanın (nənənin) atası və anası, nəvə, qayınata, qayınana, qayın, baldız;
3.0.13. iş icazəsi – Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti
ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə bu Məcəllə ilə müəyyən
edilmiş qaydada verilən icazə;
3.0.14. yaşayış yeri – mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında
daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi üzrə, yaxud
Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya
daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, mehmanxana, yataqxana, qoca və əlil
evləri və digər bu kimi yaşayış yerləri;
3.0.15. olduğu yer – şəxsin yaşayış yeri sayılmayan müvəqqəti yaşadığı mehmanxana,
sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və ya digər belə ictimai
yerlər, habelə mənzil, digər yaşayış sahəsi (özünün, qohumunun, tanışının və s.);
3.0.16. viza – əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin dövlət sərhədinin buraxılış
məntəqələrindən müəyyən olunmuş qaydada keçməklə Azərbaycan Respublikasına gəlməsinə və
Azərbaycan Respublikasından getməsinə, vizada göstərilmiş müddət ərzində ölkədə müvəqqəti
olmasına hüquq verən rəsmi sənəd;
3.0.17. sərhədkeçmə sənədi – xarici pasport, vətəndaşlığı olmayan şəxslərə yaşadıqları
ölkənin hüdudlarından kənara getmək üçün verilən sənəd, dənizçi kitabçası (vəsiqəsi), qaçqınlara
verilmiş yol sənədi, vətənə qayıdış şəhadətnaməsi, Azərbaycan Respublikasının hüdudlarından
kənara çıxarılan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən səyahət sənədi, beynəlxalq
müqavilələrdə nəzərdə tutulmuş hallarda digər sənədlər.
i[1]
M a d d ə 4. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin tətbiq dairəsi
4.1. Bu Məcəllə Azərbaycan Respublikası vətəndaşlarının ölkədən getməsi, ölkəyə
gəlməsi, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlməsi və
Azərbaycan Respublikasından getməsi, Azərbaycan Respublikasında müvəqqəti olması, onlara
müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, onların qeydiyyata alınması, miqrasiya
prosesi iştirakçılarının hüquq və vəzifələri, əmək miqrasiyası, habelə miqrasiyaya dövlət nəzarəti
və qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində münasibətləri tənzimləyir.
4.2. Bu Məcəllə ilə müəyyən edilən qaydalar daxili əmək miqrasiyasına şamil edilmir.
4.3. Azərbaycan Respublikasında qaçqın statusunun verilməsi, qaçqın statusunun
itirilməsi, qaçqın statusundan məhrum etmə, habelə qaçqın statusu almış şəxslərə verilən
sənədlər və həmin şəxslərin hüquqi vəziyyətinin əsasları müvafiq qanunla tənzimlənir.
4.4. Səfərbərlik zamanı Azərbaycan Respublikasına gəlmə və Azərbaycan
Respublikasından getmənin xüsusi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
M a d d ə 5. Miqrasiya proseslərinin iştirakçıları
5.0. Miqrasiya proseslərinin iştirakçıları aşağıdakılardır:
5.0.1. miqrasiya proseslərinin idarə olunmasında və tənzimlənməsində iştirak edən, habelə
həmin proseslərə dövlət nəzarətini həyata keçirən dövlət orqanları;