BBK-47.2.6.1.2
V-49
Elmi redaktor və ön sözün müəllifi
Avtandil Ağbaba
filologiya üzrə fəlsəfə doktoru,
dosent
Rəyçi:
Məhərrəm Qasımlı
filologiya elmləri doktoru,
professor
Kitabın işıq üzü görməsinin səbəbkarı,maddi və mənəvi yardımcısı Qəşəm Vəliyevin
əmisi oğlu Əsgərov Yusif (Loğman) Mehralı oğludur
Qəşəm Vəliyev. Çıldırlı Aşıq Şenlik,
Bakı, Azərnəşr, 2011, 180 səh.
Monoqrafiyada Ağbaba-Çıldır aşıq mühitinin görkəmli nümayəndəsi Aşıq Şenliyin həyat
və yaradıcılığı Azərbaycan aşıq sənəti kontekstində araşdırılır. Mərhum tədqiqatçı Qəşəm
Vəliyevin bu kitabında ilk dəfə olaraq Aşıq Şenliyin həyatının müxtəlif məqamlarına diqqət
yetirilir, Anadolu aşıqlığına ustad sənətkarın gətirdiyi yeniliklər şərh olunur. Tədqiq olunan
materialların xeyli hissəsinin müəllifin özünün topladığı monoqrafiya elmi ictimaiyyət və geniş
oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Alimin vaxtilə toplayıb nəşr etdirə bilmədiyi folklor ölkələrinin müəyyən qismi də kitaba
daxil edilmişdir.
AŞIQ ŞENLİK HAQQINDA DƏYƏRLİ TƏDQİQAT
Azərbaycan aşıq ədəbiyyatı özünəməxsus zəngin sənət ənənələrinə, qədim tarixi keçmişə
malikdir. Bu sənətin öyrənilməsi istiqamətində Azərbaycan folklorşünaslığında bir sıra dəyərli
tədqiqatlar aparılmış, maraqlı əsərlər yazılmışdır. Son vaxtlar aşıq mühitləri və bu mühitlərdə
yaşayıb-yaratmış görkəmli saz-söz sənətkarları haqqında müəyyən araşdırmalar aparılsa da hələ
də bir sıra problemlərin, həlli vacib məsələlərin tədqiqinə böyük ehtiyyac duyulur. Bu baxımdan
mərhum folklorşünas alim Qəşəm Vəliyevin bu monoqrafiyası qeyd olunan boşluğu doldurmaq
yönümündən önəm daşıyan bir əsərdir.
Filologiya üzrə fəlsəfə elmləri doktoru Qəşəm Vəliyev (1960-1996) qısa, lakin mənalı bir
həyat yolu keçmişdir. Otuz altı illik ömrünün iyirmi ilini Azərbaycan aşıq sənətinin qüdrətli saz-
söz ustadı Çıldırlı Aşıq Şenliyin həyat və yaradıcılığının öyrənilməsinə sərf etmişdir. Qeyd
etmək lazımdır ki, Aşıq Şenliyin həyatı, poeziyası, dastan yaradıcılığı, Azərbaycan aşıq sənətinin
digər mühitləri ilə əlaqəsi və sair məsələlər haqqında müxtəlif dövrlərdə M.H.Təhmasib,
M.Həkimov, H.Hacılar, Q.Namazov, H.İsmayılov, M.Qasımlı, Ə.Axundov, E.Məmmədov,
Ə.Şamil və başqaları müəyyən dərəcədə bəhs etmişlər. Sovetlər Birliyi dönəmində kəskin
qadağalar Aşıq Şenliyin zəngin poetik irsini öyrənməyə çalışan alimlərimizə əhatəli tədqiqatlar
aparmağa imkan verməmişdir. Lakin Q.Vəliyev bütün qadağalara baxmayaraq əsil ziyalı
cəfakeşliyi ilə Aşıq Şenliyin həyat və yaradıcılığını öyrənmiş və nəticədə Ağbaba-Çıldır aşıq
mühitinin tanınmış saz-söz ustaları haqqında ilk elmi əsərlərdən birini ərsəyə gətirmişdir.
“Çıldırlı Aşıq Şenlik” əsəri ilə Qəşəm Vəliyev özünü bir daha təsdiq etdi, ruhən bizim aramızda
olduğunu göstərdi.
Q.Vəliyev keçən əsrin 60-cı illərindən başlayaraq Aşıq Şenliyin həyat və yaradıcılığını
tədqiq etməyə başlamışdır. On ilə yaxın bir müddətdə o, arxivlərdə çalışmış, Aşıq Şenliklə bağlı
yerləri gəzib dolaşmışdır. Qərbi Azərbaycanın azərbaycanlılar yaşayan bölgələrində, Borçalıda,
Qazaxıstan və Qırğızıstanda, eləcə də Azərbaycanın müxtəlif rayonlarında fəaliyyət göstərən
saz-söz sənətkarları ilə, yaşlı qocalarla görüşüb söhbətləşən alim Aşıq Şenliyin şeirlərini, dastan
yaradıclığını misra-misra toplayıb qələmə almışdır, topladığı materialları diqqət və təmkinlə
nəzərdən keçirmişdir. Necə deyərlər, Q.Vəliyev kabinetlərdə deyil, el-oba arasında, aşıqların,
sinədəftər qocaların içində yetişən folklorşünasdır. Bu baxımdan o, Azərbaycan
folklorşünaslığının
cəfakeş
sələflərinin-S.Mümtazın,
H.Zeynallının,
V.Xuluflunun,
H.Əlizadənin, M.Həkimovun, adlarını qeyd etmədiyimiz onlarla vətənpərvər folklorşünasın
əməllərini ləyaqətlə davam etdirmişdir.
Aşıq ədəbiyyatı örnəklərini toplayıb saf-çürük etmək, onu sistemləşdirmək elə də asan
məsələ deyildir. Q.Vəliyev toplayıcı, tədqiqatçı kimi Çıldırlı Aşıq Şenliyin ədəbi irsini arayıb
araşdırarkən həm Azərbaycan, həm də dövrün imkanları daxilində Türkiyə folklorşünaslığına
istinad etmişdir.
Bəllidir ki, Aşıq Şenliyin doğulub boya-başa çatdığı Çıldır mahalı Şərqi Anadoluda saz-söz
beşiyi kimi tanınmışdır. Aşıq Şenlik yaşayıb yaratdığı dövrdə Qars, Axıska, Ərzurum, Axırkələk,
Ağbaba, Borçalı, İrəvan və digər yerlərdə ağır məclislər keçirmiş, bir çox görkəmli saz-söz
sənətkarı Şenlik adının sorağı ilə onun yaşadığı kəndə-Suxaraya gəlmiş, ustadla görüşüb
deyişmiş, birlikdə, məclis keçirmişlər. Onların arasında məğlub olub geri dönən, hətta Aşıq
Şenliyin sənətkar zəhmindən qorxaraq onunla görüşmədən peşman qayıdanlar da olmuşdur.
Q.Vəliyev Aşıq Şenliyin dövrü, mühiti və həyatı barədə Türkiyə, həm də Azərbaycan
folklorşünaslığında mövcud materialları, müqayisəli şəkildə təhlil edərək ustad aşığın mühit və
həyatı haqqında ətraflı bəhs etmiş, bir çox mübahisəli məsələlərə aydınlıq gətirmişdir. Onun