A n a r əsərlər I hekayələr, povestlər



Yüklə 2,48 Mb.
Pdf görüntüsü
səhifə146/168
tarix28.06.2018
ölçüsü2,48 Mb.
#52388
1   ...   142   143   144   145   146   147   148   149   ...   168

 527 

sevirdi. Sevəndə isə xorultunu da musiqi kimi dinləyirsən. 

Bunlar burda sevişmədə olsun, sizə kimdən deyim, qoca 

padşahdan. 

Qoca padşaha arvadının vəfasızlığı  və baş  vəzirin xəyanəti 

yaman yer eləmişdi. O öz rəiyyətinə yad radionu dinləməyi 

qadağan etmişdi. Amma gecələr xəlvətdə bütün əhali sabiq 

padşah arvadının xorultusuna qulaq asırdı. Bəziləri ona görə 

qulaq asırdılar ki, maraqlıydı: axı heç kim padşah arvadının 

xorultusunu bundan əqdəm eşitməmişdi. Başqaları acıqcan 

qulaq asırdılar: əcəb oldu bizim maymaq padşaha, yaxşı elədi 

arvad, onu qoyub qaçdı. Bəziləri də ürək ağrısıyla dinləyirdilər: 

axı necə oldu ki, bizim müdrik padşahımız bu cür arvadı əldən 

verdi, bu cür məlahətli xorultunu himn eləmək ağlına gəlmədi. 

Amma yad radionu hamıdan gizlicə padşah özü də tuturdu. 

Müəyyən saatlarda padşah kirimişçə aradan çıxırdı. 

Tranzistorunu götürüb sarayın məlum yerinə girirdi. O, radionu 

qurur, illərlə dinlədiyi və əbədi itirdiyi xorultunu sanki yenidən 

eşidir və uzaq gənclik günlərinin xatirələrinə dalırdı. Keçib 

gedənləri bir-bir yadına salırdı —arvadıyla rəqs meydançasında 

ilk tanışlığını, ulduzlu may gecəsində onu tramvaya ötürməsi, 

sevgilisinin saçlarının və  ağacların o axşamkı qoxusu və ilk 

öpüş-büllur sarayın qaranlıq dəhlizindəki ilk öpüşləri... hər şey, 

hər  şey bir-bir gəlib dururdu padşahın gözləri qabağında. 

Padşahın gözləri yaşarırdı. Axı padşah yaman yuxaürək padşah 

idi. 


Xorultu kəsilir və gecə düşürdü. Qoca, yalqız padşahın 

yalqız yatağındakı yalqız uzun gecəsi. Yataqda artıq arvadı yox 

idi, birələr, taxtabitilər də harasa qeyb olmuşdu. Amma onsuz 

da indi padşah yata bilmirdi. Bütün gecəni gözünü də 

qırpmırdı. Yuxusuzluq bəlasına düçar olmuşdu. Qış düşəndə 

padşahın halı lap pis oldu. Uzun qış gecələri uzandıqca 

uzanırdı. Yuxusuz padşah gözlərini dama zilləyirdi — naxışlı 

dam göylər qədər uzaq idi. Padşah çarpayısında uzanıb 

düşünürdü. Yaman düşünən padşah idi. O düşünürdü: nə 



 528 

olardı, heç olmasa bircə saat yataydım, yuxumda da arvadım 

vəfasızı görəydim. Nə gözəl olardı, o vəfasız gələrdi yuxuma, 

yanıma, bu sarayıma, ölkəmə. Heç kəs də bilməzdi, heç kəsin 

də ağlına gəlməzdi, heç nə də lazım olmazdı — nə danışıq, nə 

barışıq, nə söhbət, nə qeybət... 

Amma birdən padşahın ağlına gəldi ki, yaxşı, axı sabiq 

arvadı başqa birisinin də yuxusuna girə bilər. Padşah bir az da 

fikirləşdi və lap dəli oldu: birdən doğrudan arvadı kiminsə 

yuxusuna girir, bax elə bu saat rəiyyətlərindən biri onu yuxuda 

görür. Bəlkə lap elə  təzə baş  vəzirim görür onu. Padşahı od 

götürdü. O, yerindən sıçradı. Adil, rəhmdil və sakit padşah lap 

özündən çıxmışdı. Belə xəyanəti o heç kəsə bağışlaya bilməzdi 

— nə arvadına, nə birinci vəzirinə, nə axırıncı faytonçuya. 

Padşah dərhal tədbir tökdü. O yaman tez-tədbir padşah idi: 

bütün rəiyyət — baş  vəzirdən aşpaza qədər hər səhər yazılı 

surətdə gecəki yuxusunun məzmununu padşaha təqdim 

etməlidir. 

Bu gündən etibarən padşahın işi-peşəsi yuxuların 

məzmununu oxumaq idi. Çoxusunun məzmunu qatmaqarışıq, 

dolaşıq və  səfeh idi. Tezliklə bu padşahın pisini vurdu. O 

qərara gəldi ki, bu axının qabağını alsın. Padşah yuxuları 

ixtisara salmaq haqqında fərman verdi. Ancaq bazar günləri 

yuxu görməyə icazə verilirdi. Bəzi imtiyazlı  şəxslərin — 

vəzirlərin, vəkillərin — həftədə  əlavə yarım yuxu görməyə 

icazələri vardı — cümə günləri. 

Padşah razıydı ki, heç kim, heç vaxt onun qanunlarını 

pozmur. Hamı ancaq icazəli günlərdə yuxu görür və gördükləri 

haqqında müfəssəl məlumat verirdi. Amma ortalığa təzə bir 

məsələ  çıxdı. Yuxular az olsa da, hər halda yenə  də biməna, 

biməzmun və  səfeh idilər. Bu yuxuların məmləkətə heç bir 

xeyri yox idi. Padşah çox fikirləşib axırı tapdı. O, bir komissiya 

düzəltdi. Həmin komissiya yuxuları  təyin və  tənzim etməli, 

yoxlamalı, onlara icazə verməli və nəzarət eləməliydi —heç bir 

dolaşıqlıq, qatma-qarışıqlıq, məntiqsizlik olmamalıdır. O yana, 



 529 

bu yana yozulan şeylər görməməli, qara basmaq filan —

qadağandır! Yuxular sağlam ruhlu, aydın və açıq olmalıdır. 

Yuxuların həftəlik icmalını oxuyanda padşahın üzü gülürdü. 

Axı hamı eyni şeyi görürdü, amma hərə öz üslubunda, 

ruhunda: biri padşahı uca dağın başında, biri güllü-çiçəkli 

bağda, biri ağ atın belində görürdü. Belə yuxuları padşah çox 

bəyənirdi — o yeknəsəklikdə müxtəlifliyi, müxtəliflikdə 

yeknəsəqliyi xoşlayırdı. Padşah öz-özünə düşünürdü: "nə 

qəribə yuxulardır. Mən — at belində! Axı  mən ömrümdə at 

minməmişəm. Görəsən at belində necə görünürəm? Kaş özümü 

bircə dəfə yuxuda görəydim". 

Ancaq görə bilmirdi. Çünki yata bilmirdi. Yuxusuz gecələri 

uzandıqca uzanırdı. Bir gecə — ilin ən uzun gecəsi — 

arvadının hörükləri kimi uzun və qara Şəbi-yeldada — 

padşahın qəlbi kədər və yalqızlıq qəmiylə lim-həlim doldu. 

Qəlbi daşa dönmədi, yox, amansızlaşmadı. Özünün özünə 

yazığı gəldi. 

Düşündü ki, bax indi bütün rəiyyətim arxayın-arxayın və 

xoşbəxt–xoşbəxt yatır (yuxu görmürlər — çərşənbədir!) Amma 

mən gözümün çimirini ala bilmirəm. Rəiyyət bəxtiyardır və 

rahatdır, çünki padşahları  mənəm —adiləm və müdrikəm. 

Padşah bir az da düşündü və ağlına çox sadə, çox dərin bir fikir 

gəldi: "yaxşı, niyə  gərək hamının qeydinə qalasan, hamını 

xoşbəxt eləyəsən, bir halda ki, özün xoşbəxt deyilsən. Niyə 

hamının kefi kök olmalıdır, səninki pis". 

Padşah bu fikrin dərinliyindən cuşa gəldi və cuşa gəlib 

ardını düşünməyə başladı. "Çox əcəb,  əgər mənim arvadım, 

ailəm, həmpeşəm, dostum, curum yoxdursa, heç olmasa 

ortağım olmalıdır — yuxusuzluq şəriklərim. Kimsə 

yuxusuzluğu mənimlə bölüşməlidir, bu işdə  mənimlə  əlbir 

olmalıdır. Kimsə yox, hamı! Səhərə yaxın qərar hazır idi: 

məmləkətdə heç kəs gecələr yatmamalıdır. Səhər üzü xoruzlar 

banlayanda padşah bu qanunu imzaladı  və ilk dəfə sakit və 

bərk yatdı. 



Yüklə 2,48 Mb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə