201
pəncərələr, balaxana kimi memarlıq elementləri bu qəbildəndir. Eyni zamanda,
yaşayış otaqlarının plandakı qarşılıqlı vəziyyəti Şirvanşahlar sarayının planını
xatırladır. Kompleksin inşaat tarixi haqqında əlimizdəki plan və fasadlarda bir məlumat
yoxdur. Xan sarayının XVII əsrin sonlarında və ya XVIII əsrin əvvəllərində
tikildiyini ehtimal etmək olar.
Atəşgah.
Memarlıq
cəhətdən olmasa da, qiymətli tarixi abidələrdən biri də
Suraxanıdakı Atəşgah məbədidir. Bina beşbucaqlı həyətin ətrafında tikilmiş
otaqlardan və mərkəzdə yerləşmiş dördbucaqlı, yan tərəfləri açıq,
üstü günbəzli
tikintidən ibarətdir.
Abidənin ümumi planı karvansaralara oxşayır. Atəşgahın əsas hissəsi -
məbədi, həyətin ortasındakı tikintidir. Vaxtilə borular ilə gətirilmiş qaz buradan
bayıra çıxır və daim yanırmış. Məbədin Atəşgah adlanmasının da səbəbi budur. Bu
məbəd Hindistandan gəlmə atəşpərəstlərin məbədi olmuşdur. Hindli kahinlərin
hələ XIX əsrin axırlarına qədər burada ibadətlə məşğul olduqları məlumdur.
Həyəti əhatə edən hücrələrin üzərində hind dilində bir neçə kitabə vardır.
Abidənin inşa tarixini göstərən
heç bir kitabə yoxdursa da, ancaq XVII əsrin
axırlarında və XVIII əsrin əvvəllərində Bakıya gələn səyyahların verdiyi məlumata
və abidədəki bəzi kitabələrə əsasən, Atəşgahın əsas hissəsinin 1713-1720-ci illərdə
tikildiyi mülahizəsi irəli sürülmüşdür.
Atəşgah həyətin ortasındakı od məbədi quruluşuna görə Azərbaycanın
qədim dövrlərə aid atəş ibadətgahları ilə əlaqədardır.
Dostları ilə paylaş: