TƏSVİRİ SƏNƏT
XIX yüzillik Azərbaycan mədəniyyətinin ən zəngin və parlaq səhifələrindən
biridir.
Bu dövrün səciyyəvi xüsusiyyətlərindən biri mədəniyyətimizin Qərbi
Avropa və Rusiya bədii yaradıcılığının mütərəqqi ənənələrilə əlaqələri və
zənginləşməsi idi. Lakin bu ənənələr heç zaman, kor-koranə surətdə mənim-
sənilməmiş, onlar yerli zəminə söykənərək qədim mədəniyyətimizə uyğun şəkildə
qavranılmışdır. Bu meyillərin təsiri incəsənətin bir çox sahələrində aydın görünür. XIX
yüzillik təsviri sənətində də bu təsir böyük rol oynamışdır.
Yeni meyillərin güclənməsinə bu dövrdə Azərbaycanda olub fəaliyyət göstərmiş
rus, Qərbi Avropa rəssamlarının da (Q.Qaqarin, V.Vereşşakin, Jül Buron və s.) az
təsiri olmamışdır. Yeni meyillər ilk növbədə rəssamların iş üslubunda və təsvir
203
formasında bilinirdi. O dövrün bir sıra görkəmli rəssamları bu gələnlərdən
bəhrələnərək müstəqil iş üslubu, özünəməxsus sənət yolu seçə bilmişdilər.
Azərbaycanın təsviri sənətində realist meyillərin inkişafı o zamankı
rəssamlığımızın ən görkəmli nümayəndələrindən sayılan M.Q.İrəvani, M.M.Nəvvab,
X.Natəvan və başqalarının yaradıcılığında öz əksini tapmışdır.
Mirzə Qədim İrəvani. 1
826-cı ildə İrəvan şəhərində varlı sənətkar ailəsində
anadan olmuşdur. Deyildiyinə görə, onun atası taxta üzərində oyma işləri aparan
istedadlı bir usta imiş. Güman etmək olar ki, Mirzə Qədimin rəssamlığa, bəzək
sənətinə olan ilk həvəsi də atası Məhəmməd Hüseyndən almışdır.
Mirzə Qədimin o zaman Zaqafqaziyanın mədəniyyət mərkəzi sayılan Tiflis
şəhərində təhsili, burada gimnaziyanı bitirməsi gələcək rəssam kimi onun
yaradıcılığına böyük təsir göstərir. Araşdırmalar göstərir ki, Mirzə Qədim 15 yaşında
gimnaziyanı bitirərək İrəvana qayıdır və ömrünün axırınadək, yəni 1875-ci ilə qədər
poçtda teleqrafçı vəzifəsində çalışır. Deyildiyinə görə, Mirzə qədim öz dövrünün təhsilli
adamlarından olmuşdur. O, fars, rus və fransız dillərini mükəmməl bilmişdir. Şərq
musiqi tarixi və nəzəriyyəsi ilə məşğul olmuşdur. Onun evində Şərq, Qərbi Avropa
və rus ədəbiyyatına dair böyük bir kitabxana olduğu haqqında maraqlı məlumatlar var.
Aparılmış elmi araşdırmalar göstərir ki, Mirzə Qədim rəssamlığın bir çox
sahələrində fəaliyyət göstərən sənətkarlarımızdan olmuşdur. O, portret və ornamental
kompozisiyalar sahəsində xüsusilə böyük məharət göstərmişdir. Onun şüşə, dəri,
parça üzərində işlənmiş əsərləri Bakıda Azərbaycan Dövlət İncəsənət Muzeyində,
Tbilisidə Gürcüstan Dövlət İncəsənət Muzeyində və Sankt-Peterburqda Dövlət
Ermitajında nümayiş etdirilir. Mirzə Qədim çox kiçik yaşlarından rəsm çəkməyə
başlamışdır. Onun Bakıda yaşayan qohumlarının verdiyi məlumatlara görə, Mirzə
Qədim ilk əsərlərini şüşə üzərində çəkməyi sevirmiş. Bunlar da əsas etibarilə gənc
qadın portretləri olmuşdur. Gənclik illərində Mirzə Qədim yerli təkəlduzçular üçün
nümunə-ornamental çeşnilər də hazırlayırdı. Zəmanəmizədək qalmış bu tipli çeşni
nümunələri göstərir ki, Mirzə Qədim Azərbaycan ornament sənətini dərindən bilən
sənətkar olmuşdur.
Onun ornamental çeşniləri orijinal kompozisiyası və müxtəlifliyi ilə diqqəti
cəlb edir. Mirzə Qədimin divar boyakarlığı üçün yaratdığı ornamental çeşniləri də
məlumdur. Bu tipli ornamental çeşnilərin əksəriyyətini simmetriya əsasında
qurulmuş, nəbatat və yaxud heyvanat aləmindən götürülmüş motivlər təşkil edirdi.
Canlılar aləmindən götürülmüş motivlər içərisində bülbül, qaranquş, tovuz quşu,
nəbati oraamentlərdə isə ot kolları, qızılgül, nar gülü əsas yer tuturdu.
Bu baxımdan Mirzə Qədimin hazırda Azərbaycan Dövlət İncəsənət
Muzeyində saxlanılan qızılgül şaxəsi üzərində oturan bülbül rəsmi xüsusilə diqqəti
cəlb edir. Bu motiv Mirzə Qədim yaradıcılığında müxtəlif kompozisiya və ayrı-ayrı
materiallar üzərində (şüşə, dəri, parça, kağız) dönə-dönə təkrar olunmuşdur. Bu
motivin rəssamın yaradıcılığında mühüm rol oynaması səbəbsiz olmamışdır.
204
Araşdırmalar göstərir ki, gül ilə bülbül uzaq
keçmişlərdən məhəbbət rəmzi sayılmışdır. Gül və
bülbül vasitəsilə aşiq və məşuqun görüşmələri,
onların bir-birinə olan münasibətləri klassik
şairlərimiz
tərəfındən
dönə-dönə
deyilmiş,
xanəndələr tərəfindən məclislərdə oxunmuşdur.
Mirzə Qədim 25 yaşına çatdıqda artıq tanınmış
rəssam idi. Məlumdur ki, 1850-ci ilin əvvəllərində
ona İrəvandakı Sərdarlar sarayının divar rəsmlərini
bərpa etmək kimi vacib bir iş tapşırılır.
Bu möhtəşəm sarayın keçmiş divar
bəzəklərini bərpa etməklə bərabər Mirzə Qədim
burada bir neçə yeni əsər də yaradır. Rəssamın
Bakıda yaşayan qohumlarının verdiyi məlumata görə,
Mirzə Qədim bu sarayda 2 metr hündürlüyü 1 metr
enində yağlı boya ilə çəkilmiş portret yaradır. Tarixi
sənədlər göstərir ki, 1918-ci ildə saray uçub dağıldığı
zaman Mirzə Qədimin portretləri divardan çıxarılıb
Tiflisə gətirilmişdir. Hazırda Gürcüstan Dövlət
Muzeyində saxlanılan "Sərkərdə", "Fətəli şah"ın
portretləri rəssamın bu saray üçün yaratdığı
əsərlərdəndir.
Bu portretləri Azərbaycan incəsənəti tarixində
yağlı boya ilə çəkilmiş ilk əsərlərdən saymaq olar.
Hazırda Mirzə Qədimin 23 əsəri məlumdur. Onun
sulu boya və qələmlə çəkilmiş 20 ədədi Bakıda
Azərbaycan Dövlət İncəsənət Muzeyində nümayiş
olunur.
Mirzə
Qədimin
əsərlərinin
gözəl
xüsusiyyətlərindən biri ondadır ki, onların
əksəriyyətində müəllifin imzası vardır. Portretlərin
altındakı yazılar daha ətraflıdır. Burada təsvir olunan
şəxsin adı, rütbəsi də verilir.
.
Mirzə Qədim İrəvaninin yaradıcılığına
ətraflı nəzər yetirdikdə onun ən böyük nailiyyətinin
portret janrı sahəsində olduğunu görərik. Hazırda
Azərbaycan Dövlət İncəsənət Muzeyində saxlanılan
"Abbas Mirzə", "Məculla Mirzə", "Gənc qadın",
"Qadın" portretləri bu baxımdan xüsusi maraq
doğurur. Adlarını çəkdiyimiz bu portretlərin həllində
Mirzə Qədim ilk növbədə milli yerli ənənələrə sadiq
qalan bir rəssam kimi çıxış edir. Millilik çəkilən
obrazların bəzəkli geyimlərində, duruşlarında,
205
nisbətən dekorativ ifasında özünü büruzə verir. Lakin bu dekorativlik heç də orta
əsr Azərbaycan miniatürlərində təsadüf edilən şərti dekorativliyə bənzəmir.
Bunların hər birində realist ünsürlər özünü göstərir. Bu da Azərbaycan təsviri
sənətində realizm ənənələrinə doğru atılan ilk addım idi. Bu baxımdan rəs-samın
hazırda Azərbaycan Dövlət İncəsənət Muzeyində saxlanılan "Abbas Mirzə"
portreti xüsusilə qiymətlidir. Rəssamın digər əsərlərində daha çox
ümumiləşdirilmiş gənc qız, sərkərdə və s. obrazlara təsadüf ediriksə, bu əsərdə
konkret tarixi bir şəxsin obrazı təsvir olunmuşdur.
Böyük bir kağız vərəqi üzərində çəkilmiş bu portretdə vüqarla dayanan bir
zadəgan obrazı verilmişdir. Onun başında hündür xəz papaq, əynində yaxası,
qollarının dəstəyi, cibinin ağzı tirmə haşiyəli uzun çuxa vardır. Cibindən qılınc
qınının sümük dəstəyi çıxmışdır.
Abbas Mirzənin itaətkar bir duruşda əlləri sinəsində verilməsi onun çox
güman ki, şah və ya xan hüzurunda duran əyan olduğunu göstərir. Rəssam bu
portretində zahiri əlamət vasitəsilə də olsa insan xarakterini, onun əhval-ruhiyyəsini
açıb göstərməyə çalışmışdır.
Portret sənətkarlıq baxımından da diqqəti cəlb edir. Fiqurda tənasüblər
düzgün qurulmuş, işıq-kölgə prinsiplərindən lazımınca istifadə edilmişdir. Abbas
Mirzənin sifəti, xəz papağı, topa saqqalı xüsusilə dəqiq və canlı işlənmişdir. Bu
portretin bizim üçün qiymətli cəhəti ondan ibarətdir ki, burada biz yalnız rəssamın
rəng çalarlarının zənginliyini deyil, təsvir olunan obyektin həyatiliyini bir də
görürük. Bu portret Mirzə Qədimin dərin müşahidə qabiliyyətinə malik, insan
psixologiyasını açıb göstərən bir rəssam olduğunu təsdiq edir.
Mirzə Qədimin portret sahəsindəki fəaliyyəti, əlbəttə, bununla bitmir.
Onun müxtəlif çağlarda yağlı boya ilə işlənmiş "Fətəli şah", "Sərkərdə", "Dərviş",
"Rəqqasə" adlı portretləri də vardır. Bu portretlər kompozisiyalarının orijinallığı və
dekorativ ifası ilə diqqəti çəksə də, yuxarıda şərhini verdiyimiz əsərlərdən bədii
cəhətdən sönük görünürlər.
Mirzə Qədim tək kətan üzərində yox, qeyd etdiyimiz kimi, həm də dəri və
şüşə üzərində bacarıqla işləyirdi. Onun hazırda Sankt-Peterburq Dövlət Ermitajında
saxlanılan bir əsəri bu baxımdan diqqətəlayiqdir. Bu əsər ilk baxımda orta yüzillik
Şərq əlyazmalarının üz qabığını andırır, əslində isə o, qovluq şəkilli bir hədiyyədir.
Qovluğun içərisində sağda güzgü bənd edilmiş, sol tərəfinə isə bir kişi portreti
çəkilmişdir. Portretin altındakı yazıdan ("General Karvilin üçün") bəlli olur ki,
Mirzə Qədim bu əsərini o vaxtlar Qafqazda olan bir rus generalına hədiyyə
etmişdir.
Bu əsərin maraqlı cəhəti ondadır ki, burada biz milli ornamental
sənətimizin ən gözəl nümunələrindən biri ilə qarşılaşırıq. Ornamental bəzəklər
qovluğun alt və üst qabığında yerləşdirilərək dəbdəbəli bir xalça kompozisiyasını
andırır. Bu ornamental kompozisiyanın ən gözəl hissəsini onun geniş ara sahəsində
yerləşən bəzəklər təşkil edir. Burada şəffaf boyalarla, süsən və qızılgüldən böyük
bir dəstə, onun da üzərində bülbül təsvir edilmişdir. Bu ornamental kompozisiya öz
206
üslub xüsusiyyətinə görə Şəkidə yerləşən Şəkixanovların evinin və keçmiş İrəvan
Sərdarlar sarayının divar bəzəklərini xatırladır. Bundan başqa qovluqda nəsx xəttilə
fars dilində Sədinin şeirlərindən götürülmüş beytlərə və fransız dilində "Qədim bəy
çəkmişdir" sözlərinə də təsadüf edilir.
Mirzə Qədimin yaradıcılığı Azərbaycan təsviri incəsənəti tarixinin çox
maraqlı bir dövrünə düşür.
Yazıqlar olsun ki, onun əsərlərinin böyük bir qisminin itirilməsi və tələf
olması üzündən biz onun yaradıcılığı haqqında dolğun, bitkin təsəvvür yarada
bilmirik. Bununla belə, demək lazımdır ki, Mirzə Qədim İrəvani yaradıcılığı öz
dövrünün incəsənətinə təsir göstərmiş və sənət tariximizdə özünəməxsus yer
qazana bilmişdir. Rəssamın Azərbaycan təsviri sənətinə gətirdiyi yenilik heç zaman
milli zəmində yaradılmış divar rəsmlərimizin, dekorativ və miniatür sənətimizin ən
gözəl gələnəkləri ilə ziddiyyətdə olmamış, əksinə, üzvü birlik yaratmışdır.
Mirzə Qədim İrəvaninin yaradıcılığı üçün səciyyəvi olan xüsusiyyətlər,
yəni orta əsr miniatür sənətinin üslub əlamətləri ilə realist təsvir vasitələrinin
ahəngdarlığı Mir Möhsün Nəvvabın da yaradıcılığında öz əksini tapmışdır.
Dostları ilə paylaş: |