207
şəklinə salardı. Bir çox hallarda illüstrasiyaları da çəkərdi.
Nəvvabın yaratdığı kitab illüstrasiyaları sırasında ilk növbədə 1864-1865-
ci illərdə yazdığı "Bəhrül həzən" ("Hüznlər dəryası") adlı poetik əsərə çəkdiyi
şəkilləri qeyd etmək olar. Əsər hazırda Azərbaycan Elmlər Akademiyasının
Əlyazmaları İnstitutunda saxlanılır.
Beş ayrı-ayrı kompozisiyada verilmiş bu illüstrasiyalarda vaxtilə Kərbəlada
baş vermiş müsibətlər, müharibə səhnələri, İmam Hüseyn mücahidlərinin şücaətləri
və s. təsvir olunmuşdur. Bu illüstrasiyalar öz üslub xüsusiyyətlərinə görə klassik
miniatür boyakarlığından daha çox Şəki xan sarayının müharibə və ov səhnələrini
təsvir edən frizləri xatırladır. Nəvvabın bu əsərləri
klassik miniatür sənətindən
realist təsvir metoduna keçidi öyrənmək baxımından xüsusi əhəmiyyət kəsb edir.
Nəvvabın geniş mövzuya həsr edilən orijinal kompozisiyalı iki çoxfiqurlu
əsəri də vardır. Hazırda Azərbaycan Dövlət İncəsənət Muzeyində saxlanılan bu
əsərlər, üzərindəki tarixə görə, 1873-cü ildə Şuşada yaradılıb və "Şuşa şəhərində
Aşura" adlanır. Burada müəllif məhərrəm ayında Aşura günündə Şuşada keçirilən dini
ayinləri; şəbih, baş yarmaq, zəncir vurmaq və s. səhnələri maraqlı bir şəkildə təsvir
edə bilmişdir.
Əsərlərin kompozisiya quruluşlarında, orada verilən ayrı süjetlərdə fərqin
olmasına baxmayaraq bu iki şəklə biri o birisinin davamı kimi baxılır. Tutqun, boz
rənglər vəhdətində işlənmiş bu əsərlərin hər birində yüzə yaxın insan və bir neçə at
fiquru vardır. Onların müxtəlif şəkillərdə duruşu, hərəkəti və s. rəssamın
dərin
müşahidəçi olduğunu göstərir.
M.Nəvvab kitab illüstrasiyası və müxtəlif tipli qrafik rəsmlərlə yanaşı, öz
yaradıcılığında portret janrına da müraciət etmişdir. Rəssamın 1902-ci ildə çəkdiyi
"Teymurun portreti" adlı əsəri buna misal ola bilər. Azərbaycan Dövlət İncəsənət
Muzeyində saxlanılan bu əsərdə XIV yüzillikdə yaşamış Orta Asiyanın görkəmli
dövlət xadimi və sərkərdəsi Əmir Teymurun portreti verilmişdir. Qeyd etmək
lazımdır ki, Azərbaycan incəsənətində bu şəxsiyyətin obrazı
ilə biz tez-tez
rastlaşırıq. Ona hətta xalı və tikmə sənəti üzərində də təsadüf edilir.
Nəvvabın açıq-qəhvəyi, çəhrayı rənglərlə və qara tuşla ağ kağız üzərində
çəkdiyi bu portretdə başına daş-qaşlı tac qoyub əyninə qiymətli libas geymiş bir
şəxs təsvir olunmuşdur. Fərdi xüsusiyyət və psixoloji səciyyəsi olmadığından bu
portret konkret bir şəxsin yox, naməlum şahın surəti kimi qəbul olunur. Professionallıq
baxımından portretdə bəzi rəsm xətaları vardır.
M.M.Nəvvabın öz müşahidələri əsasında canlı həyatdan götürüb çəkdiyi əsərlər
xüsusi maraq doğurur. Bu baxımdan rəssamın 1872-ci ildə çəkdiyi "Quşlar" adlı əsəri
xüsusilə əhəmiyyətlidir. Kompozisiyada ağac şaxəsində oturmuş iki quş təsvir
olunmuşdur. Ağacın kağız səthindən ayrılan
həcmli təsviri, şaxənin üstündə oturan
quşların, xüsusən böcəyi tutmaq üçün şığımaqda olan quşun təsviri realistik ifadəliyi
ilə fərqlənir. Şuşa şəhərində anadan olmuş görkəmli şairə, rəssam, bədii tikmə ustası
Xurşidbanu Natəvanın da M.M.Nəvvab kimi yaradıcılığı bu şəhərlə möhkəm bağlı
olmuşdur.