Əli Razi ġəmçizadədir. 1906-cı ildə Tiflisdə Mirzə Cəlil,
Sabir, Əliqulu Qəmküsar və Q.Şərifzadə ilə yaxından tanış olan Əli Razi bundan
sonra "Molla Nəsrəddin" ilə əməkdaşlığa başlayır. Əvvəllər məhəbbət mövzusunda
şeirlər yazan ədib satira yolunu seçir və 1908-ci ildən başlayaraq bu üslubda ədəbi
nümunələr yaradır. Onun "Molla Nəsrəddin"ə ilk gəlişi 1908-ci ildə jurnalın 4-cü
sayında çap etdirdiyi "Arvadlarımız" felyetonu ilə başlayır. Sonra şairin bir-birinin
ardınca "Məşruyətçilər", "İranlılara", "Dürtmələ", "Neyləyir iranlılar" kimi
satiraları məcmuədə dərc edilir.
Cənubi Azərbaycanın Sərab yaxınlığında 1859-cu ildə Dünni kəndində
anadan olan Bayraməli Abbaszadə də jurnalla sıx əməkdaşlıq etmiş, "Mirzə
Gülzar" imzası ilə həcvlər, satirik şeirlər yazmışdır. İrandakı ağır ictimai-siyasi
vəziyyət, kəndlilərin qul kimi yaşamasını öz gözləri ilə görən B.Abbaszadə
Məşrutə inqilabı dövründə Səttərxanla birgə mübarizəyə atılmışdı. Təqiblərdən
yaxa qurtarmaq üçün Şimali Azərbaycana gələn B.Abbaszadə heç bir sənəti
olmadığından hamballıq etmişdir. Onun "Hammal" imzası ilə yazıb-yaratması da
bundan irəli gəlirdi. Millətinin azadlıq istəyini uca tutan "Hammal" bu yolda öz
qələmi ilə mübarizə aparır, "Həllac" şeirində vətən və xalq yolunda ölməyə hazır
olduğunu söyləyirdi.
B.Abbaszadə ilə yanaşı, jurnalın əməkdaşları sırasında Mirzə Əli Möcüz
Şəbüstəri, C.Cabbarlı, Əli Möhzun İrəvani, Müceyri, Süleyman Məlikov kimi
qələm əhli də var idi.
"Molla Nəsrəddin" bu cür istedadlı qələm ustadlarının, sənətkarlarının
yaxından köməyi və Şmerlinq, Rotter, Ə.Əzimzadə, X.Musayev, Ə.Behzad kimi
rəssamların sənətkarlıq qüdrəti sayəsində mövzularını daim əhatəli edir, həyatın
əksər sahələrinə işıq sala bilirdi. Jurnalın karikaturaları satirik yazılar qədər
qüvvətli təsir bağışlayır, məqalələrin geniş açımına xidmət edirdi.
"Molla Nəsrəddin" fəaliyyətə başladığı zaman satirik qrafikasının da
yaranması vacib məsələ kimi dururdu. Bu vacib məsələnin həllində Mirzə Cəlil
böyük çətinliklərlə üzləşdi. Xüsusilə jurnalın Azərbaycanın kənar mühitində nəşrə
başlaması və milli rəssam kadrlarının yoxluğu çətinlikləri daha da artırırdı. Lakin
"Molla Nəsrəddin" redaktorunun axtarışları səmərə verdi.