Ali Akbar Amneziya (2010)



Yüklə 492,29 Kb.
Pdf görüntüsü
səhifə75/84
tarix21.03.2018
ölçüsü492,29 Kb.
#32857
1   ...   71   72   73   74   75   76   77   78   ...   84

 
149
içirəm yuxu deyil! Bayaq gedib qayıtdığım həyatımda heç nə dəyişməyib. O həyatımda Şeylanı da öldürməmişəm, qız 
sağ-salamatdı. Zəng elədi, danışdıq. Əgər o həyatım realdırsa, onda belə çıxır ki, mən qatil deyiləm.  
- Bəs gündəliklər? Bəs bizim indi bir yerdə olmağımız?! Deyirsən ki, inqilab da olmayıb, qəza da olmayıb? 
- ... 
- Niyə susursan?!  
Komodun üstündəki atamın şəkilinə baxdım. 
- Bəlkə  də olmayıb. Bəlkə  də  mən indi illüziyalar aləmində yaşayıram. Sən də, Özgür də  mənim illüziyalarımın 
iştirakçılarısınız. Mən nəyi görmək istəyirəmsə onu görürəm. Qorxuram ki, bir gün yatıb, həmişəlik real həyatımda 
oyanım, bir də bura qayıtmayım. Çox qorxuram, amma həm də istəyirəm ki, belə olsun. Səni, Özgürü itirməkdən, 
inqilabın olmadığını, Milli rejiminin dəyişmədiyini anlayıb sarsılmaqdan qorxuram. Bir yandan da sevinirəm ki, hamı sağ-
salamatdır - bütün əzizlərim, dostlarım yaşayırlar. Hətta Şeylanı da öldürməmişəm. Toğrul dedi ki, sən bizə gələn günün 
səhərisi mən  Şeyla ilə  Gənclikdəki villaya getməmişəm, hansısa  İtalyan restoranında yemək yemişəm. Yəni onu 
öldürməmişəm, cəsədi də  Şamaxıda basdırmamışıq. Rənanın evində oyanıb sənə  zəng vurmuşdum, sənsə mesaj 
yazmışdın mənə. Mesajdan belə çıxırdı ki, sən də Rasimlə bir yerdəsən. Bayaq da mən klinikada olanda Rənadan mesaj 
gəldi.  
Gözlərindən yaşlar axa-axa, dodaqlarını bir-birinə möhkəmcə sıxıb televizoru söndürdü. Çənəsi titrəyərək üzümə baxdı: 
- Hardadı o mesaj? 
Cəld hərəkətlə cib telefonumu divanın belindən götürüb, mesajlar qovluğuna girdim.  
- İndi, bu saat. Göstərəcəm sənə.  
Axırıncı mesaj, dünən Sevilin işdən mənə yazdığı sevgi etirafı idi: “İşdə ürəyim partlayır, səni istəyirəm. Səni çox 
sevirəm. Neynirsən? Darıxmırsan evdə?” 
Həyəcanla telefonda qurdalandığımı görən Sevil:  
- Mən elə bilirdim xoşbəxt günlərimiz hələ qabaqdadır, hər şey düzəlib, heç bir problem qalmayıb – dedi. - Elə bilirdim biz 
artıq bir ailəyik. Sən demə görən günlərim varıymış.  
Telefonu təzədən divanın belinə qoyub: 
- Tapa bilmədim – sınıxmış halda dedim. 
- Əlbəttə tapa bilməyəcəksən, çünki mən sənə mesaj yazmamışam. 
- Sənə bu qədər problem yaratdığıma görə özümə nifrət edirəm. 
- Elə danışma! O nə sözdür?  
- Düz demirəm bəyəm? Sən də, indiki həyatım da çox realdır. İnanmaq olmur ki, bunlar hamısı yuxudur. Amma keçmişim 
də realdır axı! Deyirəm sənə Toğrulu hər dəfə canlı görürəm, yuxudakı kimi yox. Bəs mən nə edim? Hansına inanım, 
harda qərar qılım?  Əgər real həyatım burada deyilsə... səninlə bir yerdə olmadığımı, rejimin də  dəyişmədiyini qəbul 
eləmək çox çətindir. Qorxuram. Sənin də, inqilabın da illüziya olmağınız dəqiqləşərsə məhv olaram!  
- Nə üçün yuxularına yox, bu gününə illüziya deyirsən? Səni başa düşmürəm! - əlinin tərsi ilə gözlərini silib dedi. – 
Bilirəm, yenə deyəcəksən ki, yuxu deyildi. Hə?  
Onu qucaqlayıb bağrıma basdım, saçlarını öpdüm. Deməyə sözüm, verməyə cavabım yox idi. Sevilin gözlərindən axan 
ilıq damcılar çiynimi isladırdı. 
- Qurban olum, sabah mütləq həkimə gedək. Eşidirsən? – başını çiynimdən qaldırıb dedi.– Səhər Özgürü aparıb 
məktəbə qoyaram, sonra evə qayıdaram, yaxşı? Bir yerdə gedərik Əlixanın yanına.  
- Gözlərimi yumub harada oyanacağımı bilmirəm, sənsə deyirsən həkimə gedək. Qurban olum, ağlama. Yaxşı gedərik. 
Onda gərək yatmayım, səhərə qədər oyaq qalım.  
 
*** 
 
Adını çox eşidib, indiyə qədər tanış olmaq fürsəti tapmadığım psixiatr Əlixan Rüstəmzadəni görən kimi tanıdım. Tanıdım 
deyəndə ki, Sahil metrosunun yanında yerləşən xudmani klinikanın qapısı açılıb içəri 35-38 yaşlarında, hündürboy, 
enlikürək, gümüşü saçları olan yaraşıqlı və gülərüz kişi daxil olanda, Əlixanın məhz bu adam ola biləcəyini düşündüm. 
Sevillə  mənə yaxınlaşıb “Deyəsən məni gözləyirsiniz?” soruşan  Əlixan, psixiatrdan çox, Latın Amerikası seriallarında 
ikinci dərəcəli “müsbət adam” rollarını ifa edən aktyorlara oxşayırdı. Mülayim səsi, səmimi və rahat hərəkətləri ilə insana 
ilk görüşdən inam, güvən aşılayan Əlixanın əlini sıxanda, bu günə qədər psixiatriyaya və psixiatrlara bəslədiyim skeptik 
münasibəti xatırlayıb utandım. Gülməli də olsa, artıq ürəyimi ona açmaqdan ötrü səbirsizlənməyə başlamışdım desəm, 
yalan olmaz.  
Sevil, özünə xas olmayan canfəşanlıqla: 


 
150
- Siz allah bağışlayın, səhər tezdən zəng vurub sizi narahat elədik – dedi. - Zöhrab bəy demişdi ki, bir problem olsa sizə 
müraciət edə bilərik. 
Əlixan əlini qaldırıb, gözlərini süzdü və artistik əda ilə: 
- Yox, yox. Narahatçılıq filan yoxdur – dedi və mükəmməl dişlərini fəxrlə bizə göstərərək gülümsədi, - Özü də tez niyə 
olur, saat onun yarısıdır. Mən elə bu vaxtlar işə gəlirəm. Buyurun, - əli ilə koridorun solundakı birinci kabinetə işarə edib, 
özü qabağa düşdü. 
“Etibarlı əllərdə” olduğuma qənaət gətirən Sevil: 
- İşə gecikirəm – pıçıltı ilə dedi. - Çıxandan sonra zəng eləyərsən, yaxşı? – yanağımdan öpüb tələm-tələsik getdi. 
Doktorun ardınca kabinetə keçib pasientlər üçün nəzərdə tutulmuş yumşaq, dəri kresloya əyləşdim.  Əlixan isə 
tələsmədən masasının üstündəki kağız-kuğazı bir kənara topladı, jalüzləri açdı və əyninə ağ  xələtini geyinib qarşımda 
oturdu. İlk dəfə psixiatr qəbuluna düşmüş adam, həm də bir həkim kimi, Əlixanın davranışlarında, danışığında hər şey 
mənə maraqlı görünürdü. 
- Etirazınız yoxdursa, başlayaq – mehribancasına gülümsündü. 
- Buyurun doktor. Mən hazır. 
Söhbətimiz, doktorun məsələyə aidiyyəti olmayan sualları ilə başladı. Daha doğrusu mənə elə  gəlirdi ki, onun verdiyi 
sualların mənim  şikayətimə aidiyyəti yoxdur. Buna baxmayaraq, bütün suallarına səmimi cavablar verib, heç nəyi 
gizlətmədən bütün hadisələri  əvvəldən-sona qədər ona danışdım – komaya düşməyimi, yuxularımı, reallıq hissini 
itirməyimi, keçmişimlə indiki həyatım arasındakı  sərhədlərin silinməsini.  Əlixan isə gümüşü başını arada-bir 
canıyananlıqla endirib-qaldırıraq diqqətlə mənə qulaq asır, qabağındakı kağızda qeydlər aparmağı da unutmurdu. Yarım 
saata yaxın davan edən monoloqumu səbrlə, sona qədər dinlədikdən sonra, “aydındır” deyib ayağa qalxdı və otaqdan 
çıxdı. 
Bir dəqiqə keçməmiş gənc bir qızla geri qayıtdı. Qapının sol tərəfindəki yaşıl şirmanı bir yerdə araladılar. Ensiz, ağ rəngli 
masanın üstündə ensefaloqramma  cihazını gördüm. Onu işə salıb, məni cihazın yanındakı stula əyləşdirdilər. 
Ensefolaqramma cihazını tanıyıram – xəstənin ona qoşulması  əziyyətli işdir. Elə  də oldu. Saçlarımın dibinə gel yaxıb 
elektrodların rezin uclarını başımın müxtəlif yerlərinə pərçim etmək üçün, təxminən on dəqiqəyə yaxın əlləşdilər. Bəzən 
məftillər sözə qulaq asmır, qopub yerə, ya da çiynimə düşürdülər. Sonda min bir zülmlə bütün elektrodları başıma, 
alnıma, gicgahlarıma yapışdırıb cihazın yaşıl düyməsini basdılar. Doktorun iri monitorda baxdığı  əyri-üyrü xətlərdən, 
beyin ritmlərindən başım çıxmır. Yenə də kardioqramma olsaydı, oxuya bilərdim. 
Prosedura bitəndən sonra Əlixan cihazı söndürdü və printerdən çıxan kağızları götürüb diqqətlə oxumağa başladı. 
Üstündən krem və dərman iyi gələn ağ xələtli toppuş tibb bacısı isə, orta irilikdəki döşlərini üzümə beş santimetrə qədər 
yaxınlaşdırıb, elektrodları başımdan ayırırdı. Mən isə, ağlıma kənar fikirlər girməsin deyə, ona yox, ensefolaqramma 
nəticələrini oxuyan Əlixana baxırdım.  
Qız işini bitirib mənə  təbəssüm etdikdən sonra otaqdan çıxdı. Qayıdıb təzədən öz yerimə oturdum. Əlində  qələm 
oynadan Əlixan axırıncı kağızı da oxuyub bitirəndən sonra, qayğılı gözlərini üzümə dikib soruşdu: 
- Deyəsən gecə az yatmısınız. 
- Ümumiyyətlə yatmamışam. Bayaq dedim axı - yata bilmirəm, qorxuram.  
- Başa düşürəm. Lakin yatıb-yatmamaq sizin əlinizdə olmadığı üçün, özünüzü əziyyətə salıb səhərə  qədər oyaq 
qalmağınızın mənası yoxdur.  
- Sizi başa düşmədim doktor. 
- Siz də həkimsiniz, ona görə açıq danışacağam. – Əlixan ensefolaqramma nəticələrini masanın kənarına qoyub, əllərini 
ibtidai sinif şagirdləri kimi stolun üstündə birləşdirdi. – Əslində sizi polisomnoqrafiya testindən keçirməliydim, amma bizim 
klinikada bunun üçün şərait olmadığı üçün, ensefolaqramma ilə kifayətlənməli oldum. Sizinlə söhbətdən sonra, onsuzda 
hər şey mənə aydın oldu. Sizdə ağır, depressiv sindromla müşayiət olunan narkolepsiya var. Bu xəstəlik barədə nəsə 
eşitmisiniz? 
Alnımı qırışdırıb yadıma salmağa çalışdım. 
- Deyəsən eşitmişəm. Hə, eşitmişəm, amma mən bilən çox nadir xəstəlikdir axı. Deyirsiniz o da gəlib məni tapıb? – 
qorxu və həyəcandan mədəmin altı sancmağa başlasa da, birtəhər gülümsəməyə çalışdım.  
Əlixan isə ciddiliyini saxladı: 
- Bəli, belə çıxır ki, tapıb. Düz deyirsiniz, xəstəlik yuxu pozuntuları ilə səciyyələnən, nadir hallarda görülən mərkəzi sinir 
sistemi xəstəliyidir. Bayaq ona görə dedim ki, istəsəniz də yuxunun qarşısını ala bilməzsiniz. Yəni istənilən anda, harada 
olmağınızdan asılı olmayaraq, yuxu sizi qəfil apara bilər. Özü də bu yuxular elə ağır olur ki, adam özünü saxlaya bilmir, 
harda gəldi yatır. Xəstəlik sizdə təzə başlayıb deyə, hələ ki, belə bir hadisə bir-iki dəfə başınıza gəlib. Bir dəfə parkda, bir 
dəfə də dünən evdə. Gecə oyaq qalmısınız, amma bu o demək deyil ki, oyaq qalmaq hər dəfə sizə müyəssər olacaq. 
Sadəcə olaraq bu gecə pristupunuz tutmayıb. Amma elə bax bu dəqiqə, buradaca sönməyəcəyinizə heç kəs zəmanət 
verə bilməz.  
- Bəs yatanda gördüyüm şeylər? Yəni yuxular? Məni ən çox narahat edən onlardır.  


Yüklə 492,29 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə