Ali Akbar Amneziya (2010)



Yüklə 492,29 Kb.
Pdf görüntüsü
səhifə73/84
tarix21.03.2018
ölçüsü492,29 Kb.
#32857
1   ...   69   70   71   72   73   74   75   76   ...   84

 
145
- Əlbəttə - tez keçib kresloya oturdum. – Elə bilirsən dəli olmuşam? Elə bilirsən danışdıqlarım uydurmadır?  
- Heç özüm də bilmirəm nə fikirləşim – çarəsiz adamlar kimi mızıldanıb, əlləri ilə üzünü örtdü, – Bilmirəm nə deyim.  
- Nəsə de, qurban olum. Səndən başqa məni heç kəs başa düşə bilməz. 
- Yaxşı! – birdən toxtayıb, özündən  əmin halda dedi. – Gəl bir-bir yada salaq. Deyirsən ki... Yox, alınmır. Bayaq 
dediklərindən, rabitəsiz sözlərindən heç nə başa düşmədim. Xahiş edirəm, təzədən başlama! Yadımdadır - park, Şeyla, 
qəza, Sevil, inqilab, Şamaxı. Amma mən heç nə başa düşmədim! Bircə onu bilirəm ki, indi real həyatda olmadığını 
düşünürsən. Düzdür? Deyirsən ki, real həyat bu deyil. Elə bilirsən yuxu görürsən. 
- Yox, elə deyil. Mən deyirəm ki, real həyatın hansı olduğunu bilmirəm, ipin ucunu itirmişəm. Yuxu ilə real həyatın 
sərhədləri silinib mənim üçün. Bilmirəm inqilab baş verib, ya yox. Axı necə ola bilər ki, komadan çıxmağım, Sevillə 
təzədən ailə qurmağım, o boyda hadisələrin hamısı yuxu olsun?! İndi bilmirəm reallıq hardadır – burda, sənin yanında, 
yoxsa inqilabdan sonrakı həyatımda.  
- Bircə  dəqiqə. Mən qəzada ölmüşəm deyirsən? – kinayəsiz, istehzasız soruşdu. Hiss olunur ki, doğrudan da məni 
anlamağa çalışır, başqa məqsədi yoxdur, sözlərimi də  şübhə altına almaq istəmir. Həqiqi dostdan da ancaq bunu 
gözləmək olar. 
- Uzun söhbətdir. Düz deyirsən, bayaq dediklərimdən nəsə anlamaq mümkün deyil. Çətindir, başa düşürəm. Bilmirəm 
hardan, nədən başlayım. Çaşıb qalmışam. 
Gözlərim doldu, ağlamamaq üçün özümü güclə saxlayırdım. Düşdüyüm vəziyyəti Toğrul da görür və hiss edirəm ki, canı 
yanır, mənə səmimi olaraq yardım etmək istəyir. 
- Deyirsən Rəna da , Sənan da ölüblər? – soruşdu. 
- Hə, inqilabda ölüblər. 
Diqqətlə, gözlərini qırpmadan qulaq asırdı.  
- Deməli ölkədə inqilab olub? 
- Hə, iki min onuncu ilin seçkilərindən sonra.  
- Seçkilərə hələ beş ay qalıb – qətiyyətlə, gözlərini gözlərimdən ayırmadan dedi. 
- Xahiş edirəm, elə baxma mənə. Onsuzda bu dəqiqə özümdən qorxuram, özümü tanıya bilmirəm. 
- Bəs necə baxım sənə? Səni başa düşməyə çalışıram, başqa niyyətim yoxdur. İstəyirəm dediklərini anlayım, hiss 
etdiklərini mən də hiss edim. Di gəl ki, alınmır. Rəna da, Sənan da sağdırlar, başa düşürsən?! Görürsən ki, mən də 
sağam. İnqilab filan da olmayıb, çünki dediyim kimi, seçkilərə hələ xeyli vaxt var. İkincisi də ki, bu ölkədə heç vaxt inqilab 
olan deyil. Azər də öz yerində işləyir, on dəqiqə əvvəl onu özün gördün. Sən də Sevillə bir yerdə deyilsən, çünki dünən 
biz səninlə içəndə, mən sənə Zümrüddən danışanda, sən də Sevili çox sevdiyini, onu qaytarmaq istədiyini deyirdin. 
Hətta mən də dedim ki, Zümrüdlə mənim söhbətim yalan olub, sizinki doğru. Yadındadır? Dünən bir yerdəydik səninlə, 
necə ola bilər ki, yadından çıxıb? Heç üstündən iyirmi dörd saat da keçməyib!  İstəyirsən Sənana zəng vuraq. Hə? 
Onunla da danış, gör nə deyir. 
- Zəng vurub neynəyək? Nə eşidəcəm ondan? – elə yazıq sifət aldım ki, Toğrul ürək ağrısı ilə mənə baxıb:  
- Necə yəni nə eşidəcəksən? Onunla da görüş, otur söhbət elə. Hamımız bir yerdə oturaq. Rəna da gəlsin. Hə?  
- İstəyirsən onları da şoka salım? Onsuzda səhər Rənanın evində oyanıb qızı tanımamışam. Özünə də dedim ki, mən 
burda nə gəzirəm, sən bəyəm sağsan? 
- Dünən biz içəndən sonra, sən Rənagilə getdin. İçəcəyik deyə, maşını evdə qoymuşdum. Səni taksiyə mindirib yola 
saldım. 
- Bax görürsən? Dediklərin zərrə qədər də yadımda deyil. İndi onunla görüşüb daha da qorxutmaq istəmirəm. Kim inanar 
mənə? Sənə dediklərimi onlara da desəm, elə bilərlər başıma hava gəlib. 
- Söhbət inanıb inanmamaqdan getmir. Razılaş ki, sənə inanmaq o qədər də asan məsələ deyil. Amma onlar da səni 
sevən, sənə qiymət verən adamlardır. Gəl bir yerdə oturub bu məsələni həll etməyə çalışaq. Bir çıxış yolu tapaq. Nə 
bilim, bəlkə həkimə gedəsən? – son cümləni tərəddüdlə deyib, ehtiyatla mənə baxdı.  
- Həkimə? Ola bilər, niyə də yox. İtirəcəyim nəsə var bəyəm? Sən demişkən, bəlkə köməyi oldu. 
Toğrul sevindi, açıq-aydın hiss olunurdu ki, cavabımdan razı qalıb.  
- Əlbəttə. Yaxşı psixiatr tanıyıram, zəng vuraram lap gedib bu gün görüşərik. – Bir müddət üzümə diqqətlə baxıb susdu. - 
Bilirsən nə fikirləşirəm? Bu gün baş verənlərdən sonra, Azər ölüsü iki həftəlik icazə verər sənə. Dincəlib özünə gələrsən. 
Hə, necə fikirdir? Məzuniyyət götür, get bir az istirahət elə. Elə Rəna ilə bir yerdə harasa gedin. Məsəlçün Zaqatalaya, ya 
da Qaxa. 
- Nə Zaqatala, nə Qax? Sən nə danışırsan? Deyirəm ki, istənilən an təzədən obiri həyatımda oyana bilərəm. Heç 
bilmirəm bir dəqiqə sonra nə baş verəcək.  
- Yaxşı, onda belə danışaq. Bayaq huşunu itirəndə nə oldu? Nə hiss elədin?  


 
146
- Parkda oyanıb, dərhal Sevilə zəng vurdum. Sonra da klinikaya gəldim, buranın Şahin adlı təzə direktoru ilə tanış oldum. 
Axşam da evə qayıtdım - Sevil də, Özgür də evdəydilər. Sevil mənə çay süzmək üçün otaqdan çıxanda söndüm. Sönüb, 
təzədən burda ayıldım. 
- Bəlkə burda bayılandan sonra yuxu görmüsən? 
- Bəs səhər Sevili işə yola salandan sonra, evdən çıxıb parka getməyimə  nə deyirsən? Axı o da dəqiq yadımdadır. 
Parkda oturub yuxuya getmişəm. Gözlərimi açıb görmüşəm ki, Rənanın evindəyəm. Gördüklərimin, yaşadıqlarımın hansı 
yuxudur, hansı reallıq? Görürsən, qayıdırıq yenə  əsas suala. Sevil də deyir “yuxu görmüsən”, sən də deyirsən “yuxu 
görmüsən”. İndi hansınıza inanım?  
- Əlbəttə, mənə görə reallıq sənin indi burada, mənim qarşımda oturmağındır. Mən səndən fərqli olaraq gedib-gəlmirəm, 
paralel dünyalarda yaşamıram. Dünən mənimlə bir yerdə olmusan, srağagün də mənimlə olmusan – sən, mən, Rəna bir 
yerdə Pizza yemişik. 
Hövsələsizlik edib sözünü kəsdim: 
- Bəs gündəliklər necə olsun? 
- Hansı gündəliklər? – tərs-tərs baxıb soruşdu. – İşdə bloknota yazdıqlarını deyirsən? 
- Hə, Sevillə ayrılandan sonra gündəlik tutmağa başlamışdım. Komadan çıxandan sonra Sevil onları mənə verdi. Başa 
düşürsən, komadan sonra bütün yaddaşım silinmişdi. Yaddaşımı bərpa etməkdə bu gündəliklərin mənə çox köməyi oldu.  
- İndi gündəliklər hardadır? 
- Harda olacaq, evdə. 
Fikrə getdi. Sağa-sola baxıb nə deyəcəyini, reaksiyasını müəyyənləşdirməyə çalışırdı və sonda, qorxduğum sözü dedi. 
- Onlara oxumaq olar? İcazə verərsən? 
- Yox – düşünmədən cavab verdim. – Olmaz.  
- Aydındır. Səbəbini də soruşmayacam. 
- Çox sağ ol. İnanıram ki, məndən incimədin. 
- Yox, yox - əllərini bulayıb dedi. – İncimək nədi? Heç olmasa de görüm, Şeylanı öldürdüyünü də yazmısan orda? 
- Gündəliklər, sənə  zəng vurmağımla qurtarır. Yadındadır, biz Sevillə boşanandan sonra o, birinci dəfə bizim evə 
gəlmişdi? Mən də o gedəndən sonra, gecə sənə zəng vurmuşdum?  
- Yadımdadır. Bu söhbət təxminən iki həftə  əvvəl olub. Gecə  gəldim sizə, bir az evdə oturduq, sonra da getdik viski 
içməyə. 
Təlaşla qabağa əyilib soruşdum: 
- Nə haqda danışdıq? 
Toğrul çiyinlərini dartdı. 
- Nə bilim, ordan-burdan danışdıq da. Sevil haqqında filan... – Boğazını arıtlayıb, sıxılaraq dedi. – Demişdin ki, 
sevişmisiniz. Amma inanmırsan ki, bir də sənə qayıtsın. Çox pis olmuşdun. 
- Bəs Şeyla barədə söhbət olmamışdı?  
- Olmuşdu. Şeyla sənə zəng vurub harasa dəvət eləmişdi. Səhər görüşməliydin onunla.  
- Görüşdüm?! 
- Hə, görüşdün. Səhərisi onunla görüşdün, axşam da özün mənə zəng vurub hara getdiyinizi danışdın. Yadında deyil?  
- Nə danışdım? – səsimi ucaldaraq, həyəcandan dodaqlarım əsə-əsə soruşdum. 
Toğrul bayaqkı kimi tutuldu. Gözlərimi açıb ona inqilabdan, hər kəsin ölməyindən danışdığım dəqiqələrdə keçirdiyi qorxu, 
həyəcan hissinin eynisini keçirirdi indi. 
- Nə cavab verdin? Dedin ki, gedib bahalı İtalyan restoranında yemək yemisiniz, şərab içmisiniz. Necə bəyəm? 
- Yalan danışırsan! – ayağa sıçrayıb qışqırdım. – Yalan danışırsan! O gün mən onu öldürdüm. Onun evində, Gənclikdəki 
villasında öldürdüm. Bıçaqla şah damarını kəsdim, sonra da bıçağı ürəyinə soxdum. Sən də mənə cəsədi basdırmağa 
kömək elədin. Onun meyitini Şamaxıya aparıb Samirin həyətində basdırdıq. 
Toğrul, başını təəssüflə bulaya-bulaya mənə qulaq asırdı. Bircə bunu deyə bildi: 
- Sən... sən nə danışırsan?! 
Telefonumun zəngi çaldı. Diksindim. Cihazı cibimdən çıxarıb displeydə Şeylanın adını oxuyanda ürəyim ağzıma gəldi. 
Saralan sifətimi Toğrul da gördü. Udqundu və nədənsə pıçıltı ilə soruşdu: 
- Kimdi? 
- Şeyla. 


Yüklə 492,29 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə