Ali Akbar Amneziya (2010)



Yüklə 492,29 Kb.
Pdf görüntüsü
səhifə51/84
tarix21.03.2018
ölçüsü492,29 Kb.
#32857
1   ...   47   48   49   50   51   52   53   54   ...   84

 
101
- Nə deyir? 
Gözlərimi ağır-ağır qaldırıb Toğrula baxdım. İndi onu daha yaxşı başa düşürdüm. Başına gələn başmaqçı olar. Düzdür, 
situasiyalarımız mahiyyət etibarilə oxşar olsa da, təfərrüatlarda xeyli fərqlənir - Zümrüd Toğrulun zəifliyindən istifadə 
edərək onu barmağına dolayır. Özü də onunla yatmır.  Şeyla isə  mənim güclü ya da zəif xarakterli olmağımla 
maraqlanmır. O, öz şərtlərini diqtə edir. İmkanlarına, gücünə arxalanaraq mənə təzyiq göstərir. Şıltaq, eyni zamanda bir-
iki kitab oxumaqla, özünü dahi sanan ağıldan kəm qadın - bu lap böyük faciədir. 
Axı onun Avropada təhsil alması da, dəb xətrinə atılmış addımdır. Görünür ki, tərbiyəsizdir. Uşaqlıqdan “yox” sözü 
eşitməyib.  İndi isə diqqətə ehtiyacı var. Bəlkə  də... Görəsən bunun əvvəlki kişisi kim olub? Çox varlı, imkanlı, öz 
çevrəsinin adamı olub yəqin. Deməli Şeyla mənimlə yataraq ondan intiqam alır. 
Qənirə Millinin hansı əxlaqın sahibi olduğunu, ölkəni necə idarə etdiyini Şeylanın davranışlarını müşahidə edərək başa 
düşmək olar. Eyni əxlaqdadırlar – Zümrüd, Şeyla, Qənirə Milli. Şeylanın malik olduğu imkanlar Zümrüddə  də olsaydı, 
bəlkə Toğrul indi ya dəlixanaya düşmüşdü, ya da ümumiyyətlə yaşamırdı. 
- Heç nə. Nə deyəcək. – dedim. – Söhbət elədik elə-belə. 
- Həəə. Ürəyimi çəkmə! 
- Dedim bundan sonra aramızda heç nə ola bilməz. 
- O nə dedi? 
- Dedi ki, olacaq. 
Toğrul özünü kresloya buraxdı. Dirsəklərini dizlərinə qoyub əllərini birləşdirdi, qabağa əyildi. 
- Nə danışırsan?! Bəs indi necə olacaq? 
- Bilmirəm, sən də üstümə gəlmə - əsəbi halda qışqırıb ayağa sıçradım. – Qəhbə əl çəkmir məndən.  
Telefon zəngi ilə diksindim. O idi zəng edən. Toğrula baxdım: 
- Cavab ver də. Gör nə deyir. 
Telefonu əlacsız açdım.  
- Alo. 
- Eşidirəm – dedim. 
- Məsələ  həll olundu. Uşağın məktəbdə heç bir problemi olmayacaq. Qənirə Millini söyməsin,  şeirləri  əzbərləməsə  də 
olar – Şaqqanaq çəkdi. – Eşitdin? Nə isə, sabahkı planı unutma. 
Telefonu xələtimin cibinə atdım. 
- Nə deyir? – Toğrul həyəcanla soruşdu. 
- Deyir məsələ həll olunub.  
Gözlərini qıyıb dala çəkildi, kresloya söykəndi: 
- Nə məsələ? 
- Özgürün məsələsi.  
- O hardan bilir? 
- Mən danışdım ona. Amma kömək istəmək üçün yox, rejimi söymək üçün yaxşı fürsət düşmüşdü, danışdım. O da 
atasının aparatından məktəbə zəng vurdurtdurub, tapşırtdırıb uşağı. Zəng eləmişdi bunu xəbər versin. İndi minnətliyəm 
onun yanında. Əşşi nə isə. Yəqin Özgür üçün buna dəyər.  
 


 
102
Qovuşma 
 
 
 
Əlbəttə, Özgür üçün, oğlum üçün buna dəyər. Seçim qarşısında qalsam, övlad sınağından çıxa bilməyəcəyimdən zərrə 
qədər şübhəm yoxdur. Tərəzinin bir gözünə Özgürü, obiri gözünə qürurumu qoysalar, heç düşünmədən oğluma doğru 
yüyürəcəyəm. Çünki Özgürümün bircə damla göz yaşına tab gətirə bilmərəm. Edəcəyim bu seçimdən ötrü utanmadığım, 
xəcalət çəkmədiyim kimi, özümü ləyaqətsiz, bişərəf də saymıram.  Əsl ləyaqətsiz, bişərəf olan – opponentlərini övlad 
sınağına çəkən bu eybəcər sistemdir, mən yox. İndi nə edək ki, aclığa, işgəncələrə, təhqirlərə dözə bilənlər, ailələrinin 
alçaldılmasına dözə bilmirlər? Kitablarda, böyük amallar uğuruna gözünü qırpmadan ailəsindən keçən ideya 
adamlarından, qəhrəmanlardan, inqilabçılardan bəhs edilir. Bu ibtidailik çatmır mənə. Neçənci əsrdə yaşayırıq bəyəm? 
Dünyanın bu vaxtında övladı, ailəni, sağlamlığı  fəda etməyə  məcbur qalmaq olarmı? Kimsə deyə bilər ki, elə rejimin 
uzunömürlü olmasının səbəblərindən biri də ailəmizə, övladımıza olan bağlılığımızdır; onların təhlükəsizliyinin bizim üçün 
hər  şeyin fövqündə dayanmasıdır. Razı olmağına razıyam, amma insanın öz yaxınına bunca bağlı olmasında heç bir 
faciə, anormallıq da görmürəm.  
Bilmirəm, bəlkə də görməliyəm. Bəlkə də bu gün, məhz buna hazır olmalıyıq. 
İslam Millinin öldüyü, o ümid dolu, bol illüziyalı günlər, sanki dünən yaşanıbmış kimi yadımdadır. İnsanı yandıran odur ki, 
hakimi-mütləqin ölümündən sonra, onun yerinə arvadının taxta keçəcəyini, kraliça olacağını deyən üç-beş adama da lağ 
edirdik ki, bu mümkün deyil. “Müasir dünya, Qərb buna icazə verməz” deyirdik. Hətta “xalq icazə verməz”. “Bizim 
zəmanəmizdə monarxiya qurmaq mümkün deyil”.  
Nə oldu bəs? 
Bu günün pəncərəsindən dünənə boylanıb baxanda, hər şey necə də gülməli görünür. 
Kraliça taxta oturan kimi ritorikamız da dəyişdi: “Qərb nefti demokratiyadan üstün tutdu”, “Azərbaycanda demokratiyanın 
qurulmasına imkan verməyən Rusiya ilə  İrandır”, “Amerika bizi satdı”... Yəni təsəllini, özümüzdən başqa hər kəsi 
günahlandırmaqda tapırdıq. 
Hə, xalqdan da incimişdik axı. Çox nahaq. Adolf Hitler almanları qadına oxşadırdı: “Alman xalqı da, alman qadını kimi 
güc qarşısında baş əyir”. Deməli, xalq elə hər yerdə xalq imiş. Başqa tərəfdən, meydanlara tökülən, 131 nəfər qurban 
verən, işgəncələrə  məruz qalan da bu xalq olmadımı? “Evində otur Qənirə!”  şüarları ilə meydanlara axışan izdiham, 
Qənirənin belə bir müqavimət qarşısında sınacağına, doğrudan da evinə qapanacağına sadəlövhcəsinə inanırdı. 
Düşünürdü ki, ərindən qalan milyardlarla sərvətə malik olan bu qadına prezidentlik kürsüsü heç lazım da deyil.  
Milyardları olan Qənirə isə nəinki getmədi, xalqın üzərinə güllə yağdırdı.  
Belə bir rejimə bundan artıq necə müqavimət göstərilə bilərdi? Mümkün olan hər şey edilmədimi? Ola bilsin edilmədi. Ola 
bilsin hardasa ciddi, bağışlanmaz səhvlər buraxıldı. Etiraf edək ki, bəzilərimiz, uzun illər ölkədə “nəyin pis, nəyin yaxşı” 
olduğuna təkbaşına qərar verən  İslam Millinin ölümündən sonra “yeni eranın başlayacağına” inanmaq kimi qəflətə 
düşmüşdük! Qənirənin prezident kürsüsünü zəbt etməsi bizə  zəif ehtimal kimi göründüyündən, buna hazır deyildik. 
Hətta, Qənirə dövlət başçısı postunu işğal edəndən sonra da, boş  xəyallara qapılıb quruluşun liberallaşacağına ümid 
bəsləyənlərimiz oldu. 
Bu gün isə Qənirə elə bir rejim qurub ki, ərinə rəhmət oxutdurur. Ölkə məqsədyönlü şəkildə uçuruma sürüklənir. Düzdür, 
sürüklənmə prosesi əvvəl-əvvəl neftə bulaşaraq getdiyi üçün, bir çoxumuz bunun ağrısını gec duyurduq. Son iki ildə isə 
geriləmə, tənəzzül,  şəxsiyyətə  pərəstiş lap kulminasiyaya çatdığından, ölkənin uçurumun astanasında dayandığını 
görməyən, bilməyən, başa düşməyən qalmayıb. 
Bir yandansa Milli avtoritarizminin quduzlaşmasının, xalqın əks-reaksiyasına səbəb olacağına dair ümidlərimizi yenidən 
cücərtməkdədir. Sənan da ümidlidir, Araz da, Rəna da. Elə  mən də. Axı son ölən ümiddir, necə ümidlənməyək? Bizi 
yaşadan, doyuzduran, nəfəs aldıran ümidlərimiz deyilmi? 20 ildir Azərbaycanın üzərindən çəkilməyən zil qara buludu 
dağıtmaq ümidimiz var və biz, bu ümidimizi sevirik. Bu, elə bir buluddur ki, içimizə nüfuz edərək, “mən”imizin ən dərin, ən 
ucqar köşələrinə sirayət edib; belə çalışqan, istedadlı, bacarıqlı bir milləti zəlil günə qoyub, əxlaqsızlaşdırıb; rüşvətdən, 
xəyanətdən, yaltaqlıqdan, şərəfsizlikdən başqa ona heç bir seçim haqqı tanımayıb, alternativ göstərməyib; sındırıb, əzib, 
alçaldıb, özü kimi acgöz, doyumsuz, xain edib; reqressi alın yazısına çevirib, taleyinin çarxını tərsinə döndərib, əlindən 
hər şeyini, o cümlədən sabaha olan inamını da alıb. 
Elmar Hüseynov qətlə yetirilməmişdən əvvəl “Müasir Mariya Antuanetta” məqaləsində yazmışdı ki, “Tunelin sonunda işıq 
görünmür, ölkə zülmət içində çapalayır. Bu yol aydınlığa yox, alatorandan zülmətə aparır”.  
Öldürdülər onu. Azərbaycandan qat-qat işıqlı, komfortlu, rahat və təhlükəsiz yerə - torpağın altına göndərdilər. Dedilər 
“get, oradakı tunelin sonunda işıq taparsan”. Onun itkisi ilə barışmaq çətin olsa da, Elmarın öz işığını tapdığını  qəbul 
etməliyəm. Çünki Elmar ümidini büsbütün itirmişdi. Hamımız vaxtaşırı ümidimizi itirmirikmi? Ona görə itiririk ki, 
mübarizəyə labüd, uzunmüddətli bir proses kimi baxa bilmirik, nəticəni daha çox arzulayırıq. Mübarizə  nəticəyə 
hesablanmamalıdır demirəm. Əksinə, nəticəni görmək həvəsi, prosesin əsas təkanverici qüvvəsidir. Amma prosesin özü 
mənim üçün daha vacibdir. Özünə hörmət qoyan, ləyaqəti olan hər bir kəs bu prosesə qoşulmalıdır. “Onsuzda nəticəsi 
olmayacaq” deməməlidir. Belə biqeyrət bəhanəni dilə gətirməkdənsə, susmaq yaxşıdır. 


Yüklə 492,29 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə