Ali məktəb pedaqogikasının predmeti və vəzifələri



Yüklə 67,42 Kb.
səhifə1/4
tarix24.12.2023
ölçüsü67,42 Kb.
#159213
  1   2   3   4
Pedaqogika


  1. Ali məktəb pedaqogikasının predmeti və vəzifələri

Ali məktəb pedaqogikası gələcək mütəxəssislərin peşə-ixtisas hazırlığı, ahəngdar şəxsiyyət kimi formalaşması və tərbiyəsi haqqında elmdir. Onun obyekti ali məktəbdə tələbə gənclərin təlim-tərbiyəsi, ahəngdar şəxsiyyət kimi formalaşması və peşəixtisas hazırlığı prosesidir. Predmeti isə ali məktəbdə pedaqoji prosesin qanunauyğunluqlarını aşkara çıxarmaq, tələbə gənclərin ahəngdar şəxsiyyət kimi tərbiyəsi və peşə-ixtisas hazırlığı məsələlərini öyrənməkdir
Onun həll etdiyi konkret vəzifələri qısaca nəzərdən keçirək: 1. Ali məktəbdə təhsilin məzmununu, mütəxəssisin ümumelmi, ixtisas və peşə hazırlığının optimal nisbətini müəyyənləşdirmək və bu əsasda mütəxəssis hazırlığını modelləşdirmək. 2. Gələcək mütəxəssis üçün zəruri olan bilik, bacarıq və vərdişlərin tələbələr tərəfindən şüurlu və dərindən öyrənilməsinin səmərəli yollarını, yeni mütərəqqi təlim texnologiyalarını və onların tətbiqi şərtlərini müəyyənləşdirmək. 3. Ali məktəbdə tədrisin səmərəli formalarını, onların imkanlarını, təşkili qaydalarını, tələbə müstəqil işinin səmərəliliyinin artırılması yollarını tədqiq etmək. 4. Tələbə gənclərin bir şəxsiyyət-Vətəndaş kimi tərbiyəsi prosesinin mahiyyətini, qanunauyğunluqlarını, məzmun, vasitə, metod və formalarını müəyyənləşdirmək əsasında ali məktəbdə tərbiyə işinin metodikasını təkmilləşdirmək və zənginləşdirmək. 5. Müasir ali məktəb müəlliminin nəzəri cəhətdən əsaslandırılmış modelini işləyib hazırlamaq. 6. Ali məktəbdə ictimai təşkilatların fəaliyyətini, gənc mütəxəssislərin hazırlanması və tərbiyəsində, tələbə özünüidarəsinin inkişafında onların rolunu tədqiq etmək. 7. Ali məktəbə rəhbərlik məsələlərini öyrənmək, idarəetmə strukturlarının optimal forma və metodlarını, pedaqoji əsaslarını müəyyənləşdirmək. 8. Ali təhsil islahatı ilə bağlı aktual problemlərin həll edilməsi

  1. Ali məktəb pedaqogikasının kateqoriyaları

Kateqoriya əşya,proses və hadisənin ən ümumi müddəalarını birləşdirir.
Pedaqogikanın, o cümlədən ali məktəb pedaqogikasının kateqoriyalarına pedaqoji proses, tərbiyə, təhsil, təlim, tədrisetmə, öyrənmə, özünütəhsil, özünütərbiyə, şəxsiyyətin inkişafı və s. daxildir. Onların mahiyyətini qısaca nəzərdən keçirək. Pedaqoji proses daha geniş kateqoriya olub, bir çox kateqoriya və anlayışları (tərbiyə, təhsil, təlim, şəxsiyyətin inkişafı, özünütəhsil, özünütərbiyə və s.) özündə birləşdirir, onların vəhdətini nəzərdə tutur. 1 Tərbiyə – insan şəxsiyyətinin məqsədyönlü, sistemli və planlı şəkildə formalaşması prosesinin idarə edilməsi və onun nəticəsidir. O, iki mənada – geniş və dar mənada işlənir. Geniş (sosial) mənada tərbiyə sosial təcrübənin (əvvəlki nəsillərin əldə etdiyi bilik və bacarıqların, ideya və baxışların) gənc nəslə verilməsi prosesi kimi başa düşülür. Bu halda tərbiyə bioloji, sosial təsirləri, o cümlədən tərbiyə, təhsil və təlimi də özündə birləşdirir. Dar (pedaqoji) mənada tərbiyə dedikdə isə məktəbdə və ailədə verilən tərbiyə (o cümlədən təlim və təhsil) başa düşülür. 2 Özünütərbiyə insanın məqsədyönlü və planlı şəkildə öz üzərində işləməsi, şəxsiyyətini təkmilləşdirməsi prosesidir. Özünütərbiyə tərbiyə ilə paralel getməli, tədricən onu əvəz etməlidir. Tərbiyə prosesi, bir qayda olaraq, yenidəntərbiyə ilə müşayiət olunur. 3 Yenidəntərbiyə insanın şüur, xarakter və davranışında kök salmış mənfi halların, keyfiyyətlərin aradan qaldırılması və müsbət keyfiyyətlərin aşılanması prosesidir. Tərbiyə bir çox yollarla, o cümlədən təhsil və təlim yolu ilə həyata keçirilir. Təhsil insanın sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərə yiyələnməsi, bu zəmində onun dünyagörüşünün formalaşması, tərbiyə və inkişafı prosesi, habelə onun nəticəsidir. 4 Təhsil müxtəlif yollarla – təlim və özünütəhsil yolu ilə (eləcə də onların vəhdəti ilə) əldə edilir. 5 Özünütəhsil insanın öz zehni inkişafı ilə müntəzəm məşğul olması, idrak tələbatlarını ödəməsi prosesidir. Özünütəhsil təlimlə yanaşı getməli, bir-birini tamamlamalıdır. 6 Təlim müəllimin rəhbərliyi altında təhsilalanların sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərə yiyələnməsi prosesidir. Təlim iki fəaliyyət növünə – müəllimin öyrətmə (tədrisetmə) fəaliyyətinə və tələbənin öyrənmə (təhsilalma) fəaliyyətinə, onların vəhdətinə əsaslanır. 7Şəxsiyyətin inkişafı müxtəlif amillərin – daxili və xarici, təbii (irsi), sosial və psixoloji amillərin təsiri ilə insanın şəxsiyyət kimi bir keyfiyyət halından digərinə keçməsi prosesidir. Şəxsiyyətin formalaşması onun inkişafının bir növü olub, əsasən, xarici təsirlərin (mühitin, təlim və tərbiyənin) nəticəsində şəxsiyyətin bütövlükdə, yaxud onun hər hansı bir keyfiyyətinin müəyyən səviyyəyə çatması, tamamlanması prosesidir. Şəxsiyyətin formalaşması məqsədyönlü və kortəbii ola bilər. Ahəngdar şəxsiyyətin formalaşması, hər şeydən əvvəl, məqsədyönlü prosesdir.

3.Amp-nin metadoloji əsasları


Pedaqogikanın metodoloji əsası dedikdə, elmin nüvəsini təşkil edən və onun inkişafına güclü təsir göstərən mühüm fəlsəfi müddəalar, ideya və prinsiplər sistemi başa düşülür
Ali məktəb pedaqogikasının metodoloji müddəaları arasında pedaqoji məsələlərin öyrənilməsinə dialektik yanaşma prinsipi, idrak nəzəriyyəsi (qnoseologiya) ümumi, fundamental səciyyə daşıyır, pedaqoji tədqiqatların strategiyasını müəyyənləşdirməyə kömək göstərir. Dialektik yanaşma prinsipi pedaqoji fakt, hadisə və prosesləri hərtərəfli öyrənməyi, dəyişmə və inkişaf halında götürməyi, onlar arasında qarşılıqlı əlaqələri və daxili ziddiyyətləri aşkara çıxarmağı, inkişafın hərəkətverici qüvvələrini müəyyənləşdirməyi nəzərdə tutur. Pedaqoji tədqiqatda ümumi metodoloji prinsiplə yanaşı, xüsusi metodoloji prinsiplərə də istinad edilir: sistemli-struktur yanaşma prinsipi, fəaliyyət prinsipi, şəxsiyyət baxımından yanaşma prinsipi. Sistemli-struktur yanaşma prinsipi pedaqoji məsələlərin həllinin bütün mümkün vasitə, metod, forma və amillərini qarşılıqlı vəhdətdə, bir tam halında nəzərdə keçirməyi tələb edir. Pedaqoji tədqiqatlarda fəaliyyət prinsipi fəaliyyətin bütövlükdə öyrənilməsini, onun ayrı-ayrı ünsürlərinin (fəaliyyətin məqsədi, motivi, icrası, tənzimlənməsi, nəzarət və nəticələrin təhlili) vəhdətdə götürülməsini nəzərdə tutur. Pedaqoji tədqiqatlarda şəxsiyyət baxımından yanaşma prinsipi şəxsiyyətin pedaqoji prosesdə obyekt və subyekt kimi götürülməsini, onun ahəngdar inkişafını, kollektiv və şəxsiyyətin qarşılıqlı əlaqəsini, təlim-tərbiyə işində şəxsiyyətin tələbat, maraq və daxili fəallığından, şəxsi mövqeyindən çıxış etməyi nəzərdə tutur.
4.Tədqiqat metodları
Tədqiqat metodları dedikdə, nəzəri və ya eksperimental tədqiqatların təşkili yolları başa düşülür
Ən ümumi metod kimi dialektik metoddan istifadə olunur.
Pedaqoji tədqiqatda istifadə olunan konkret elmi metodları 4 qrupa bölmək olar: a) empirik tədqiqat metodları; b) nəzəri tədqiqat metodları; c) empirik-nəzəri tədqiqat metodları; ç) pedaqoji tədqiqatda riyazi – statistik, sosioloji metodlar. Empirik tədqiqat metodları müəyyən faktlar toplamağa xidmət edir. Bu metodlara daxildir: pedaqoji müşahidə, pedaqoji müsahibə, anket sorğusu, pedaqoji konsilium, pedaqoji sənədlərin və fəaliyyət məhsullarının öyrənilməsi metodları. Nəzəri tədqiqat metodları nəzəri mənbələrin öyrənilməsi, təhlili və nəticə çıxarılması məqsədi güdür. Nəzəri tədqiqatlar praktik faktlar səviyyəsində yox, əsasən, pedaqoji anlayışlar səviyyəsində aparılır və pedaqogikanın köklü problemlərinə (məsələn, pedaqoji qanun və prinsiplərin tədqiqi, şəxsiyyətin formalaşması amillərinin öyrənilməsi və s.) həsr olunur. Nəzəri tədqiqat metodlarına daxildir: təhlil və tərkib, induksiya və deduksiya, modelləşdirmə, müqayisəli-tarixi təhlil metodları. Pedaqoji tədqiqatda bəzən empirik-nəzəri metodlar əlaqəli şəkildə tətbiq olunur. Belə metodlara eksperiment, təcrübi-eksperimental iş, sınaq metodları daxildir. Pedaqoji eksperiment müəyyən pedaqoji fərziyyəni yoxlamaq metodudur. Məqsədinə görə pedaqoji eksperimentin bir neçə növü ayırd edilir: müəyyənedici, öyrədici və yoxlayıcı eksperiment. Təşkili formasına görə eksperiment üç cür olur: təbii (adi, təbii şəraitdə keçirilir), laborator (laboratoriya şəraitində keçirilir) və kompleks eksperiment (həm təbii, həm də laborator şəraitdə keçirilir). Eksperimentin səmərəli nəticə verməsi üçün onu başqa metodlarla (müşahidə, müsahibə, anket sorğusu və s.) əlaqələndirmək mühüm şərtdir. Pedaqoji tədqiqatlarda eksperiment metodu ilə yanaşı, təcrübi-eksperimental iş, sınaq metodları da tətbiq olunur. Bu zaman müəyyən proqram (plan) üzrə təcrübə işləri aparılır, onların səmərəliliyi öyrənilir. Pedaqoji tədqiqatlarda yeri gəldikcə riyazi-statistik və sosioloji metodlara da müraciət olunur. Riyazi-statistik metodlar tədqiqatın nəticələrini kəmiyyət baxımın dan tədqiq etməyə imkan verir. Sosioloji metodlar isə pedaqogikanın sosial məsələlərinin (ailə və mühitin təlim-tərbiyə işinə təsiri, kollektiv və fərdin münasibətləri, peşəseçmə və s.) həllində geniş tətbiq olunur. Sosioloji metodlara kütləvi sorğular, intervyu, reytinq, ranqlaşdırma, sosiometrik metodlar (şkala, sosioqramma və s.) daxildir.

Pedaqoji tədqiqatın metodikası tədqiqatın texnologiyasını, bütün mərhələlərini özündə əks etdirir. Tədqiqatın metodikasında, şərti olaraq, üç mərhələni fərqləndirmək olar: - Hazırlıq mərhələsində tədqiqatın nəzəri məsələləri araşdırılır: tədqiqatın obyekti, predmeti (nəyi öyrənmək?), məqsədi (nəyə nail olmaq?), vəzifələri (məqsədə çatmaq ümün hansı işləri görmək lazımdır?), tədqiqatın problemi (həlli tələb olunan məsələ) müəyyən edilir, fərziyyə (problemin həlli yolları) müəyyənləşdirilir. - İcra mərhələsində tədqiqat metodlarının köməyi ilə pedaqoji faktlar toplanıb tədqiq edilir və müvafiq nəticələr çıxarılır. Həmin nəticələr zəruri halda eksperiment və təcrübə ilə yoxlanılır. - Yekun mərhələsində tədqiqat materialları kəmiyyət və keyfiyyət baxımından təhlil olunur, fərziyyənin düzgün olub-olmaması aydınlaşdırılır. Tədqiqat materialları pedaqoji nəzəriyyə əsasında şərh edilir, yeni qanunauyğunluqlar müəyyən olunur.


Azərb-da təhsil sistemi-ölkə daxilində olan bütün təhsil sitemi
Bazis-cəmiyyətin ictimati,iqtisadi əsası
Təhsil qanunu təhsil sisteminin idarəsinin əsasıdır.
Təhsil Qanununda təhsil sisteminin əsas prinsipləri öz əksini tapmışdır. Respublikamızın təhsil sistemi bu prinsiplərə əsaslanır. Həmin prinsipləri qısaca nəzərdən keçirək. 1. Humanistlik prinsipi – insan hüquqları və azadlıqlarının, sağlamlıq və təhlükəsizliyinin, milli və bəşəri dəyərlərin prioritet (üstün) sahə kimi qəbul edilməsini, insanlara münasibətdə tolerantlıq və dözümlülük göstərilməsini nəzərdə tutur. Bu prinsipə görə, təhsil-tərbiyə işinin mərkəzində insan, onun maraq və qabiliyyətləri, inkişafı durmalı, hər şey ona xidmət etməlidir. Necə deyərlər, tələbə (şagird) müəllim üçün yox, müəllim tələbə (şagird) üçündür. Təhsilalanların zehni, mənəvi və s. cəhətdən inkişafına qayğı göstərmək bütövlükdə təhsil sisteminin, hər bir müəllimin başlıca vəzifəsidir. 2. Demokratiklik prinsipi – təhsilalanların azad düşüncə ruhunda tərbiyə edilməsini; təhsilin dövlət və ictimai əsaslarda idarə edilməsini; bu prosesdə təhsilalanların səlahiyyət və azadlıqlarının genişləndirilməsini; təhsil müəssisələrinin muxtariyyatının artırılmasını nəzərdə tutur. Demokratiklik habelə təhsilalanların özünüidarəsinin genişləndirilməsində, vəzifələrin seçki yolu ilə tutulmasında, qərarların təkbaşına yox, kollegial şəkildə qəbul edilməsində, müəllim-tələbə (şagird) münasibətlərinin demokratik üslubda qurulmasında ifadə olunur. 3. Bərabərlik prinsipi – bütün vətəndaşların bərabər şərtlər əsasında təhsil alması üçün imkanlar yaradılmasını və təhsil hüquqlarının təmin edilməsini nəzərdə tutur. 4. Millilik və dünyəvilik prinsipi – milli və bəşəri dəyərlərə əsaslanan dünyəvi təhsil sisteminin yaradılmasında və inkişaf etdirilməsində ifadə olunur. 5. Keyfiyyətlilik prinsipi – təhsilin mövcud standartlara, normalara, habelə cəmiyyətin tələblərinə, dövlətin və şəxsiyyətin maraqlarına uyğun qurulmasını nəzərdə tutur. 6. Səmərəlilik prinsipi – təhsildə və elmi yaradıcılıqda müasir metodlar tətbiq etməklə səmərəli nəticələr əldə etməyi nəzərdə tutur. 7. Fasiləsizlik, vəhdətlik, daimilik prinsipi – təhsilin fasiləsiz olmasında, təhsil pillələri arasında əlaqə, vəhdət gözlənilməsində və təhsilin bütün həyat boyu davam etməsində ifadə olunur. 8. Varislik prinsipi – təhsil sahəsində əldə olunmuş bilik və təcrübənin növbəti nəslə, təhsilin bir pilləsindən digərinə ötürülməsini nəzərdə tutur. 9. Liberallaşma prinsipi – təhsil sahəsinin və təhsil fəaliyyətinin açıqlığını genişləndirməkdə özünü göstərir. Başqa sözlə, təhsil müəssisələri, təhsil prosesi ictimaiyyət üçün açıq olmalı, ictimaiyyət, ayrı-ayrı vətəndaşlar təhsil prosesində, onun problemlərinin həllində yaxından iştirak etmək imkanı qazanmalıdırlar. 10. İnteqrasiya prinsipi – milli təhsil sisteminin dünya təhsil sisteminə səmərəli qovuşmasında, uyğunlaşmasında və qoşulmasında ifadə olunur
Təhsil sisteminin quruluşu təhsil qanununda öz əksini tapmışdır. Qanunda təhsil müəssisələrinin tipləri, hər tipin növləri müəyyən edilmişdir:

  1. Məktəbəqədər təhsil müəssisələri: körpələr evi, körpələr evi – uşaq bağçası, uşaq bağçası, xüsusi uşaq bağçası.

  2. Ümumtəhsil məktəbləri: ibtidai (I-IV siniflər); ümumi orta (V-IX siniflər) və tam orta təhsil (X-XI siniflər) ümumi təhsil pillələrini əhatə edir.

  3. Məktəbdənkanar təhsil müəssisələri: uşaq-gənclər məktəbləri (idman, şahmat və s.), uşaq yaradıcılıq mərkəzləri (texniki, bədii yaradıcılıq, ekoloji tərbiyə, turizm və diyarşünaslıq, estetik tərbiyə mərkəzləri), məktəbdənkənar iş mərkəzləri və s.

  4. İlk peşə-ixtisas təhsili müəssisələri: peşə məktəbləri, peşə liseyləri.

  5. Orta ixtisas təhsili müəssisələri: texnikumlar, kolleclər. Kollec – orta ixtisas proqramları əsasında təhsil xidmətləri göstərən və subbakalavr peşə-ixtisas dərəcəsi vermək hüququ olan təhsil müəssisəsidir.

  6. Ali təhsil müəssisələri: universitetlər, akademiyalar, institutlar və s. Universitet – geniş spektrli, yüksək ixtisaslı mütəxəssislər hazırlayan çoxprofilli aparıcı ali təhsil müəssisəsidir.

Hər şeydən əvvəl, fərd, şəxsiyyət və fərdiyyət anlayışlarını nəzərdən keçirək. Fərd – təbii bioloji varlıqdır, ayrıca götürülmüş insandır. İnsan fərd kimi doğulur, sonradan müxtəlif amillərin təsiri ilə şəxsiyyətə çevrilir.



Yüklə 67,42 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə