Allah`ın isimləri



Yüklə 1,04 Mb.
səhifə8/17
tarix02.01.2018
ölçüsü1,04 Mb.
#19309
1   ...   4   5   6   7   8   9   10   11   ...   17

Allah, Ondan başqa ilah yoxdur, Yaşayandır, (bütün yaratdıqlarının) Qəyyumudur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Onun izni olmadan Onun yanında kim havadarlıq edə bilər? O, (məxluqatın) gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, ucadır, uludur. (Bəqərə surəsi, 255)

Ey insanlar! Bir məsəl çəkildi, ona qulaq asın! Şübhəsiz ki, Allah’dan qeyri ibadət etdiyiniz bütlər heç bir milçək də yarada bilməzlər – lap hamısı bunun üçün bir yerə yığışsa belə! Əgər milçək onlardan bir şey götürüb aparsa, onu milçəkdən geri ala bilməzlər. İstəyən də aciz, istənilən də! Allah’ı layiqincə qiymətləndirmədilər. Həqiqətən, Allah yenilməz qüvvət sahibi, qüdrət sahibidir! Allah mələklərdən də elçilər seçər, insanlardan da. Həqiqətən, Allah eşidəndir, görəndir! (Allah) onların önlərindəkini də, arxalarındakını da bilir. Bütün işlər Allah’a qayıdar!

Ey iman gətirənlər! Rüku edin, səcdəyə qapanın; Rəbbinizə ibadət edin və yaxşı işlər görün ki, nicat tapasınız! Allah yolunda layiqincə cihad edin. O, sizi seçdi və dində sizin üçün heç bir çətinlik yeri qoymadı – atanız İbrahimin dini kimi. Allah bundan əvvəl də, bunda da sizə müsəlman adını verdi ki, Peyğəmbər sizə, siz də insanlara şahid olasınız. Elə isə namaz qılın, zəkat verin və Allah’a sığının. (Allah) sizin ixtiyar sahibinizdir. O, nə yaxşı ixtiyar sahibi, necə də gözəl imdada yetəndir! (Həcc surəsi, 73-78)


LƏTİF

Lütf sahibi, lütf edən

Allah Öz qullarına qarşı lütfkardır. O, istədiyinə ruzi verir. O, qüvvətlidir, qüdrətlidir. (Şura surəsi, 19)

Daha əvvəl də dediyimiz kimi, dünyada iki cür insan yaşayır: Allah’a təslim olanlar və Onu inkar edənlər. Allah çoxlu sayda insan yaratmış, ancaq bunlardan çox az qismini Özünə təslim olanlardan etmişdir. Quranda bir çox ayədə insanların çoxunun iman etməyəcəyindən, doğru yola yönəlməyəcəyindən bəhs edilir. Bu insanlar şeytanın yoluna tabe olduqları, Allah’ı unutduqları, vicdanları qəbul etdiyi halda inkar etdikləri üçün cəhənnəm əhli olmağa layiq olmuşlar.

Allah’a təslim olan, Onun razılığı üçün yaşayan insanlar isə dünyada və axirətdə xoşbəxt yaşayırlar. Şübhəsiz, insanların elçilərlə, kitablarla xəbərdar edilmələri və beləliklə, doğru yolu tapmaları Allah’ın lütflərindən biridir. Quranda Allah’ın möminlərə olan lütfü belə bildirilmişdir:

Allah möminlərə, öz aralarından onlara ayələrini oxuyan, onları təmizləyən, onlara kitabı və hikməti öyrədən bir Elçi göndərməklə mərhəmət göstərmişdir. Halbuki, əvvəllər onlar açıq-aydın azğınlıqda idilər. (Ali-İmran surəsi, 164)

Lətif olan Allah mömin qullarına hər cür çətin vəziyyətdə kömək edərək də lütfünü göstərir. Quranda keçmiş qövmlərdən bəhs edilən hekayələrdə Allah’ın səmimi qullarına dəstək olması, onlara lütf etməsi ilə əlaqədar müxtəlif nümunələr verilmişdir. Məsələn, Allah hz. Musanın qövmünü fironun zülmündən qurtarmış və onları yer üzünə varis etmişdir. Bu həqiqət ayələrdə belə bildirilir:



Həqiqətən, firon yer üzündə təkəbbürlük göstərib onun əhalisini zümrələrə bölmüşdü. (Firon) onlardan bir zümrəni zəiflədir, onların oğlan uşaqlarını öldürür, qadınlarını isə sağ buraxırdı. Həqiqətən, o, fitnə-fəsad törədənlərdən idi. Biz istədik ki, həmin yerdə aciz qalanlara mərhəmət göstərək, onları öndə gedənlər və varislər edək. (Qəsəs surəsi, 4-5)

Allah iman edənlərin dünyada tək dostu və vəlisi olduğu kimi, axirətdə də onlara kömək edəcək, pisliklərini yaxşılıqlara çevirəcək və onlara lütf edəcək. Necə ki, möminlərin cənnətdəki ifadələri bu gerçəyi belə bildirir:



Onlar deyəcəklər: “Biz əvvəllər ailəmiz içində olarkən qorxurduq. Allah da bizə mərhəmət göstərdi və bizi qızmar yel əzabından qorudu. Biz əvvəllər Ona dua edirdik. Həqiqətən, O, yaxşılıq edəndir, rəhmlidir!” (Tur surəsi, 26-28)

Məgər yaradan bilməzmi?! O, incəliyinə qədər biləndir. (Mülk surəsi, 14)

Gözlər Onu dərk etmir. O isə gözləri dərk edir. O, Lətifdir, xəbərdardır. (Ənam surəsi, 103)

Məgər Allah’ın göydən yağış yağdırdığını və yer üzünü yaşıllığa bürüdüyünü görmürsənmi? Həqiqətən, Allah lütfkardır, xəbərdardır. (Həcc surəsi, 63)

(Loğman dedi:) “Oğlum! (Gördüyün iş) bir xardal dənəsi ağırlığında olsa da, bir qayanın içində, yaxud göylərdə və ya yerin dibində olsa da, Allah onu aşkar edər. Həqiqətən, Allah Lətifdir, xəbərdardır. (Loğman surəsi, 16)

MAKİR

Tələ quran

Bir zaman kafirlər səni həbs etmək, öldürmək və ya qovmaq üçün sənə qarşı hiylə qururdular. Onlar hiylə işlətdilər, Allah da hiylə işlətdi. Allah hiylə işlədənlərin ən yaxşısıdır. (Ənfal surəsi, 30)

Tarix boyu haqq dinə qarşı hiylə quran inkarçılar öz eqoist istəkləri üçün (iqtidar həvəsi, fərdi mənfəətləri kimi) insanları dindən uzaqlaşdırmağa çalışmış və onları axirətdə: “... Siz bizə Allah’ı inkar etməyi və Ona şəriklər qoşmağı əmr edirdiniz…“ (Səba surəsi, 33) - deyəcəkləri vəziyyətdə qoymuşlar. Ancaq burada diqqət edilməli çox əhəmiyyətli bir nöqtə var, Allah bir ayəsində belə bildirir:



Onlardan əvvəlkilər də hiylə qurdular. Halbuki, bütün hiylələr Allah’a aiddir… (Rəd surəsi, 42)

Yuxarıdakı ayədə ifadə edildiyi kimi, hiylə Allah’a aiddir, buna görə də inkarçıların qurduqları hiyləyə qarşılıq olaraq ən böyük hiyləni quran yenə Allah’dır. Allah “İbrahim” surəsinin 46-cı ayəsində inkarçıların möminlərə qarşı tələ qurmaq istəyərkən içində olduqları çıxılmaz vəziyyətə belə diqqət çəkmişdir:



(Zalımlar) öz hiylələrini qururdular. Halbuki, onların hiyləsi Allah’a bəlli idi. Onların hiyləsi ilə dağlar yerindən tərpənən deyildir. (İbrahim surəsi, 46)

Ayələrdən də göründüyü kimi, möminlərə qarşı qurulan hiyləli tələlərə qarşılıq olaraq Allah qatında mütləq rəhmani, yəni möminləri qorumaq üçün nizam var. Bu, Allah’a görə çox asandır. Allah elçilərini, möminləri hədəf seçən tələlərin hamısını puç edir və tələlərini inkarçıların öz başlarına keçirir. Ayədə buyurulduğu kimi: “...Allah daha tez hiylə qurar...” (Yunis surəsi, 21)

Şübhəsiz, Allah hər hadisəni bir xeyirlə yaradır. Allah inkarçıların bütün bu cəhdləri ilə iman edənləri imtahandan keçirir. Yaratdığı hadisələrdəki xeyir və gözəllikləri görə bilən qullarına yardım edir və bütün bunları onların lehinə çevirir.

Məgər o məmləkətlərin əhalisi əzabımızın onlara gecə yatarkən gəlməyəcəyinə əmin idilərmi? Və ya o məmləkətlərin əhalisi əzabımızın onlara gündüz oynayıb əylənərkən gəlməyəcəyinə arxayın idilərmi? Yaxud Allah’ın onları dolaşdırıb bəla toruna salmayacağına əmin idilərmi? Allah’ın dolaşdırıb bəla toruna salmayacağına özlərinə zərər eləyənlərdən başqa heç kəs arxayın ola bilməz! (Əraf surəsi, 97-99)

Şübhəsiz ki, Allah iman gətirən kəslərdən (kafirlərin əzab-əziyyətini) dəf edər. Allah, həqiqətən, heç bir xaini, nankoru sevməz! (Həcc surəsi, 38)

MALİKİ-YƏVMUD-DİN

Din gününün sahibi

Din gününün Malikidir. (Fatihə surəsi, 3)

İnsanların öldükdən sonra diriləcəkləri, bir yerə yığışaraq hesab verəcəkləri gün din günüdür. O gün insanın başqaları ilə, hətta öz anası, atası, yoldaşı və uşaqları ilə belə maraqlanmağa nə halı, nə fürsəti var. Din gününün şiddəti və fövqəladə qorxusu hər kəsi öz dərdinə salmışdır. Allah o diriliş gününü, digər adı ilə din gününü Quranda belə təsvir edir:



Sən haradan biləydin ki, haqq-hesab günü nədir? Doğrudan da sən haradan biləydin ki, haqq-hesab günü nədir? O gün heç kəs heç kəsə fayda verə bilməz və həmin gün hakimiyyət Allah’a məxsus olacaqdır! (İnfitar surəsi, 17-19)

O gün dünya həyatında insanın ən çox dəyər verdiyi şeylərin Allah’ın əzabı qarşısında heç bir əhəmiyyəti yoxdur. Artıq insanlar arasındakı dünyəvi yaxınlıqların, qohumluqların heç bir mənası qalmayıb. Tək dəyər insanın imanıdır. Heç kim heç kimə kömək edə bilməz. İçində olduğu bu çətin vəziyyətdən onu ancaq Allah qurtara bilər. O da yenə Allah’ın diləməsinə bağlıdır.

İnsan din gününün tək sahibi olan Allah’ın hüzurunda ilk yaradıldığı kimi təkdir. Dünyadakı həyatı ərzində hər etdiyi, hər düşündüyü din günündə qarşısına çıxmışdır. Ən kiçik bir detal belə unudulmamışdır. Allah əzəmət və şanına yaraşan bir mühit yaratmış və yaratdığı qullarını sorğu-suala tutmuşdur. Ancaq kimi diləyərsə, onu rəhməti ilə qurtarar.

İnkarçıların çox böyük peşmanlıq yaşadığı bu gün möminlər şən və sevinclidirlər.



... O gün Allah peyğəmbəri və onunla birlikdə iman edənləri utandırmayacaq... (Təhrim surəsi, 8)

Çünki Allah Quranda elçilərinə və iman edənlərə həm dünya həyatında, həm də şahidlərin (şahidlik üçün) gətiriləcəkləri gün kömək edəcəyini vəd etmişdir.

O günün tək sahibi Allah’dır və əmr Onundur. Ayələrdə belə buyurulur:

Bu, təkcə dəhşətli bir səs olacaq və onlar qəfildən görməyə başlayacaqlar. (Günahkarlar) deyəcəklər: “Vay halımıza! Bu ki, haqq-hesab günüdür!” (Onlara deyiləcək:) “Bu, yalan saydığınız ayırd etmə günüdür!” (Saffat surəsi, 19-21)

O gün yalan hesab edənlərin vay halına! O kəslərin ki, haqq-hesab gününü yalan hesab edirlər. (Amma) bunu həddini aşan günahkardan başqa heç kəs yalan hesab etməz. (Mutəffifin surəsi, 10-12)

Onlar: “Əgər doğru söyləyirsinizsə, bu vəd nə vaxt yerinə yetəcək?” – deyərlər. Onlar bir-biri ilə çənə-boğaz olarkən özlərini saracaq yalnız bir dəhşətli səsə bənddirlər. Artıq nə bir vəsiyyət etməyə iqtidarları olar, nə də ailələrinin yanına qayıda bilərlər! Sur çalınan kimi qəbirlərindən qalxıb sürətlə Rəbbinin hüzuruna axışacaqlar. Onlar deyəcəklər: “Vay halımıza! Bizi yatdığımız yerdən kim qaldırdı? (Onlara deyiləcək:) “Bu, Rəhmanın məxluqata buyurduğu vəddir. Peyğəmbərlər doğru deyirlərmiş!” Yalnız bir dəhşətli səs qopan kimi onlar hamısı qarşımızda hazır duracaqlar. (Yasin surəsi, 48-53)


MALİKÜL-MÜLK

Mülkün əbədi sahibi

De: “Ey mülkün sahibi Allah’ım! Sən istədiyin kəsə mülkü verir və istədiyindən də onu geri alırsan; istədiyin kimsəni yüksəldir və istədiyini də alçaldırsan. Xeyir Sənin əlindədir. Həqiqətən, Sən hər şeyə qadirsən. (Ali-İmran surəsi, 26)

Hal-hazırda, gördüyünüz hər şeyin bir sahibi var. Oturduğunuz kreslo atomlardan meydana gəlib. Bu atomların hər birinin yaradıcısı Allah’dır. Saxsıda açan çiçək Rəbbimizin ona təmin etdiyi imkanlarla (günəş, su və s.) böyüyür. Pəncərədən görünən dəniz və içindəki bütün canlılar Allah dilədiyi üçün ordadırlar.

Hətta öz bədəniniz də sizdən asılı deyil, sizi yaradan Allah’ın idarəsindədir. Bütün üzvləriniz, damarlarınız, sinir sisteminiz, hüceyrələrinizin hər biri Rəbbimizin elminin və üstün ağlının əsərləridir. Bu sayılanların heç biri sizin sahib olmağı düşünüb hazırladığınız, sonra da var etdiyiniz şeylər deyil.

Siz dünyaya gözünüzü açdığınız zaman həm öz bədəninizdəki qüsursuz sistemlə, həm də yaşadığınız dünya ilə və hətta bütün kainatla qarşılaşdınız. Ancaq bundan əvvəl bunların heç birinə sahib deyildiniz və bundan sonra da öz iradənizlə bunlara sahib olmağınız mümkün deyil. Əlbəttə, bu həqiqət bütün insanlara aiddir. Deməli, bütün mülk hər şeyin yaradıcısı və sahibi olan Allah’a məxsusdur.

Bu həqiqətə baxmayaraq, insan bunları unudur və Allah’ın açıq-aşkar varlığını görməzlikdən gəlib əlindəki hər şeyin özünə məxsus olduğunu zənn edir. Bütün acizliyinə baxmayaraq, özünü üstün görən insan təkəbbürlənir və inkar edir. Lakin bu inkar yalnız özünə zərər verir, çünki hz. Musanın söylədiyi kimi: “...Əgər siz və yer üzündə olanların hamısı kafir olsanız, (Allah’a heç bir zərər yetirə bilməzsiniz). Çünki Allah, möhtac deyildir, tərifə layiqdir“. (İbrahim surəsi, 8)

MƏCİD

Şanı böyük və yüksək

Ərşin sahibidir; Məciddir. (Büruc surəsi, 15)

Allah’ın şanı bütün kainatda özünü açıq-aşkar dəlillərlə göstərir. Onun şanının ucalığını tanımayan heç bir insan yoxdur. Onu inkar edənlər, Ona inanmadıqlarını deyənlər belə Onun yaratdıqlarına şahid olduqları üçün gücünü və şanını tanıyıb bilirlər. Ancaq içlərindəki təkəbbürə görə inkar edirlər.

Allah’ın kainatda yaratdığı möhtəşəm gözəlliklər, qüsursuz sistemlər də Onun şanına yaraşan şəkildədir. Səmada tonlarla ağırlıqda su daşıyan buludlar, milyonlarla işıq ili uzaqlıqdakı ulduzlar, böyük səs-küylə və inanılmaz güclə axan şəlalələr, ucsuz-bucaqsız genişlikdəki okeanlar, zirvəsi qarlarla örtülmüş minlərlə metr yüksəklikdəki dağlar, içində bir-birindən fərqli rəngdə və səsdə saysız canlı növləri olan meşələr Allah’ın yaratdığı gözəlliklərdən yalnız bir neçəsidir.

Bir neçə saniyədə bir şəhəri yerlə bir edən zəlzələ, bir anda partlayaraq minlərlə dərəcə istiliyi olan lavalarını boşaldan vulkan, hər şeyi önünə alıb aparan sel, düşdüyü yerə ölüm gətirən ildırım, hər şeyi dağıdan tayfun, yalnız Allah’ın gücünün nümunəsidir. Allah hamısını şanına yaraşan şəkildə yaradıb.

Sadalananlar və burada sadalanmayan milyonlarla nümunə yalnız Allah’ın şanının böyüklüyünün kainatdakı dəlillərindəndir. Allah ayələrdə belə buyurur:

Doğrudan da Rəbbimizin şanı çox yüksəkdir. O, nə zövcə, nə də övlad sahibi olmuşdur. (Cin surəsi, 3)

Onlar dedilər: “Allah’ın əmrinə təəccübmü edirsən? Ey ev əhli! Allah’ın rəhməti və bərəkəti sizin üstünüzdə olsun! Həqiqətən, O, təriflənməyə layiq olandır, Məciddir”. (Hud surəsi, 73)

MƏLCA

Özünə sığınılan

Geri qalmış üç nəfəri də (bağışladı). Hətta yer üzü öz genişliyinə baxmayaraq, onlara dar gəlmiş, ürəkləri sıxılmış və yəqin bilmişdilər ki, Allah’dan, ancaq Onun Özünə sığınmaqdan başqa çarələri yoxdur. Sonra peşman olsunlar deyə onların tövbəsini qəbul etdi. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir. (Tövbə surəsi, 118)

İnsanların hamısı dua etməyə möhtacdır. Dua edən insan qarşısına çıxa biləcək çətin, yaxud asan hər hadisəni kainatın yaradıcısı və hakimi olan Allah’a yönəltmiş, Ona sığınmışdır. Problemləri həll etmənin və ya zərərin qarşısını almanın bütün yollarının Allah’a dayandığını bilmək, bütün işlərdə yalnız Ona sığınmaq qullar üçün böyük güvən qaynağıdır.

Bu sığınma gücü məhdud və sonlu olan insanın sonsuz güc və qüdrət qarşısında acizliyini qəbul edərək ehtiyacını Ondan istəməsi ilə reallaşır. İnsanı yalnız bir damla sudan yaradan, bütün varlıq aləmini yoxdan var edən Allah üçün hər hansı bir adamın çətinliyini, yaxud ehtiyacını aradan qaldırmaq çox asandır. Ondan başqa sığınılacaq heç kim, heç bir məbud yoxdur. Göydə və yerdə nə varsa ehtiyacını Allah’dan istəyir. Allah’dan başqa kömək axtaranların isə öz nəfslərinə belə gücü çatmaz. İstəyən aciz olduğu kimi, özündən istənən də eyni mövqedədir, acizdir. Allah Özündən başqa kömək axtaranların içində olduqları vəziyyəti aşağıdakı ayədə bir nümunə ilə belə açıqlayır:

Ey insanlar! Sizə bir məsəl çəkilir. Onu dinləyin. Şübhəsiz ki, Allah’dan başqa ibadət etdikləriniz bir milçək belə yarada bilməzlər, hətta bunun üçün bir yerə yığışsalar belə. Əgər milçək onlardan bir şey götürüb aparsa, bunu ondan geri ala bilməzlər. (Bunu etmək) istəyən də aciz qalar, istənilən də! (Həcc surəsi, 73)

İnsanların hamısı çətinliyə düşdükləri zaman Allah’dan başqa sığınacaq bir güc olmadığını anlayırlar və Allah’ın yardımını ümid edirlər. Bu həqiqət Quranda belə bildirilmişdir:



De: “Acizanə və gizlicə: “Əgər bizi bundan qurtarsan, əlbəttə ki, şükür edənlərdən olarıq”, – deyə yalvardığınız zaman sizi qurunun və dənizin zülmətlərindən xilas edən kimdir?” (Ənam surəsi, 63)

İnsanın çətin anında yalnız Allah’ı ağlına gətirməsi, əslində, tək sığınacağı varlığın Allah olduğunu bildiyi mənasına da gəlir. Elə isə insan gecikmədən ayədə xəbər verildiyi kimi, Rəbbimizə sığınmalıdır:



Allah tərəfindən qarşısıalınmaz gün gəlməmişdən əvvəl Rəbbinizin çağırışına cavab verin! O gün sizin üçün heç bir sığınacaq olmayacaq və siz inkar edə bilməyəcəksiniz. (Şura surəsi, 47)

Korla görən, iman gətirib yaxşı əməllər edənlərlə pislik edən eyni olmaz. Nə az düşünürsünüz! O, saat mütləq gələcəkdir, ona heç bir şəkk-şübhə yoxdur. Lakin insanların çoxu inanmaz! Rəbbiniz buyurdu: “Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim! Mənə ibadət etməyi təkəbbürlərinə sığışdırmayanlar cəhənnəmə zəlil olaraq girəcəklər! (Mömin (Ğafir) surəsi, 58-60)


MƏLİK

Bütün kainatın sahibi və mütləq hökmdarı

De ki: İnsanların Rəbbinə sığınaram. İnsanların Məlikinə, insanların ilahına; (Nas surəsi, 1-3)

Allah’ın Məlik sifəti Onun var olan hər şeyin sahibi olduğu mənasını verir. Bizim gördüyümüz və görə bilmədiyimiz varlıqların hər birinin yaşadığı aləmlərin yaradıcısı və tək sahibi Allah’dır. Yaşadığımız kainatın əzəli və əbədi hökmdarı da Odur. Bütün ulduzlar, insanlar, heyvanlar və bitkilər, görə bilmədiyimiz aləmlərdə yaşayan cinlər, şeytanlar, mələklər və daha bilmədiyimiz bir çox varlıq Allah’ın əmrinə tabedir. Aləmlərin mülkünü əlində saxlayan və onlardakı fövqəladə nizamı təmin edən yalnız aləmlərin Rəbbi olan Allah’dır.

Sonsuz qüdrət sahibi olan yaradıcımıza tabe olduğunu bilən insanın özünü başıboş görməsi mümkün deyil. Allah hər şeydən xəbərdar, hər şeyə gücü yetən, hər şeyi görən və eşidəndir. Bunu bilən insan özünün Yaradana qarşı məsul olduğunu da bilməlidir. Möminlər də içində olduqları bu nizamın bir sahibinin olduğunu bilir, təbii olaraq etdikləri hər işdə hər şeyə və hər kəsə hakim olan, hər dilədiyini yerinə yetirən Allah’a yönəlirlər. Bu mövzu ilə əlaqədar olaraq Quranda xəbər verilən ayələrdən bir neçəsi belədir:

Haqq hökmdar olan Allah ucadır! Onun vəhyi sənə tamamlanmayınca Quranı oxumağa tələsmə və: “Ey Rəbbim! Elmimi artır!”– de. (Taha surəsi, 114)

Haqq hökmdar Allah ucadır! Ondan başqa heç bir ilah yoxdur. O, şanlı ərşin Rəbbidir. (Muminun surəsi, 116)

O, Özündən başqa heç bir məbud olmayan, hökmran, müqəddəs, pak, təsdiq edən, müşahidə edən, qüdrətli, Qadir, Məğrur Allah’dır. Allah onların Ona şərik qoşduqlarından ucadır. (Həşr surəsi, 23)

Göylərdə və yerdə nə varsa, mülkün hökmdarı, müqəddəs, yenilməz qüvvət, hikmət sahibi olan Allah’ı təqdis edib Onun şəninə təriflər deyər! Ümmi ərəblərə özlərindən peyğəmbər göndərən Odur. Əvvəllər haqq yoldan açıq-aşkar azsalar da, onlara (Allah’ın) ayələrini oxuyar, onları təmizləyər, onlara kitabı və hikməti öyrədər. Özlərindən savayı hələ onlara qoşulmamış başqalarına da (peyğəmbər göndərmişdir) O, yenilməz qüvvət sahibi, hikmət sahibidir! Bu, Allah’ın istədiyinə əta etdiyi mərhəmətdir. Allah çox böyük mərhəmət sahibidir! (Cümə surəsi, 1-4)

Həqiqi hökmdar olan Allah ucadır. Ondan başqa heç bir tanrı yoxdur. O, kərim olan ərşin Rəbbidir! Kim Allah’la yanaşı, başqa bir tanrıya ibadət edərsə - bunun üçün isə onun heç bir dəlili yoxdur – onun cəzasını Rəbbi özü verəcəkdir. Həqiqətən, kafirlər nicat tapmazlar! (Muminun surəsi, 116-117)

MƏTİN

Çox qüdrətli olan

Həqiqətən, Allah ruzi verəndir, qüvvət sahibidir, Mətindir. (Zariyat surəsi, 58)

İnkarçıların ən çox yanıldıqları mövzu Allah’ın varlığı deyil, Allah’ın sifətləridir. Bəziləri Allah’ın hər şeyi əvvəldən yaradıb buraxdığını, daha sonra hadisələrin özbaşına inkişaf etdiyini, bəziləri Allah’ın insanı yaratdığını, lakin heç nədən məsul olmadığını düşünür.

Nəticədə, imansızlığın təməlində Allah’ın varlığını rədd etməklə yanaşı, “Onlar Allah’ın qədrini haqqı ilə təqdir edə bilmədilər...” (Həcc surəsi, 74) ayəsində də ifadə edildiyi kimi, Allah’ı lazım olduğu qədər təqdir edə bilməmək dayanır. Belə ki, dünya həyatında hər cür dəlili görmələrinə baxmayaraq, Allah’ın qüdrətini təqdir edə bilməyən insanların Allah’ın gücünü əsla inkar edə bilməyəcəkləri elə bir gün gələcəkdir ki, o gün Allah’ın əzəmətini, qüdrətini çox böyük şiddətlə hiss edəcəklər. Allah’ın qüvvəti ilə yer üzündəki ən möhkəm dayaqları olan o heybətli, sarsılmaz dağlar yerlərindən tərpədilər, köklərindən sovrular, parça-parça edilər:

Sur bircə dəfə üfürüləcəyi, yer və dağlar qaldırılıb bircə dəfə bir-birinə çırpılacağı zaman –həmin gün vaqiə qopacaq. Göy yarılacaq və həmin gün o, süst olacaqdır. (Haqqə surəsi, 13-16)

O gün meydana gələcək dağılma Allah’ın şanına, qüdrətinə yaraşan şəkildədir. Dünyadakı ən böyük kütlə və ən böyük həyat qaynağı olan okeanlar su kimi qaynayar, alovlanar.

İnsanın bildiyi, alışdığı və sonsuza qədər qalacağını zənn etdiyi bütün varlıqlar və nizamlar kökündən pozulmağa başlayar, darmadağın olar. Milyonlarla ildir varlığını davam etdirən yer və göy onları inşa edən sonsuz güc tərəfindən parça-parça edilər. Yenə milyonlarla ildir işıq saçan, həyat qaynağı olan Günəş söndürülərək gerçək sahibinin qarşısına gətirilər. Beləliklə, hər şeyin üzərində tək və gerçək qüvvət sahibinin Allah olduğu, yeganə hakimiyyətin və gücün də Rəbbimizə aid olduğu bütün aydınlığı ilə ortaya çıxar. Bir ayədə bu həqiqət belə təsvir edilir:

Onlar Allah’ın qədrini haqqı ilə təqdir edə bilmədilər. Halbuki, qiyamət günü yer bütünlüklə Onun ovcunda olacaq, göylər isə Onun əli ilə büküləcəkdir. O, pakdır, müqəddəsdir və onların qoşduqları şəriklərdən ucadır. (Zumər surəsi, 67)

Rəbbimiz qiyamət günü yaşanacaq bu hadisələrlə sonsuz qüdrətini bütün insanlara göstərəcəkdir. Dünya həyatını inkarla keçirənlər o gün Allah’ın sonsuz gücünü dərk edəcəklər. İman edənlər isə bütün həyatları boyu Rəbbimizin rizasını qazanmaq üçün çalışdıqlarının mükafatı olaraq Allah’ın rəhməti ilə qarşılıq görəcəklər. Quranda möminlərin o gün yaşayacağı sevinc belə bildirilir:



O gün bir çox üzlər parlayacaq, güləcək, sevinəcəkdir. (Əbəsə surəsi, 38-39)

Biz həddindən artıq möhkəm olan və insanlara fayda verən dəmiri də nazil etdik ki, Allah (Özünü) görmədən Ona və peyğəmbərlərinə kömək göstərənləri bəlli etsin. Həqiqətən, Allah yenilməz qüvvət sahibi, qüdrət sahibidir! (Hədid surəsi, 25)


MÖVLA

Dost, möminlərin dostu olan, onlara xeyir yolları açan və onları işlərində müvəffəq edən

Xeyr, sizin mövlanız Allah’dır. O, kömək edənlərin ən xeyirlisidir. (Ali-İmran surəsi, 150)

Mömin hər kəsin və hər şeyin yaradılışının Allah’a borclu olduğunu bilir. Özü də daxil olmaqla, bütün varlıqları Allah yaradır və dilədiyi anda yox edib ortadan qaldıra bilər. Çünki hər şeyin gerçək sahibi Allah’dır. Buna görə də möminin yeganə dostu Allah’dır. Onu vəkil etdiyi üçün həyatı boyu hər cür çətinlik və kədərdən də uzaqdır. Hər şeydən əvvəl Rəbbimizin -ən böyük dostunun- köməyi və dəstəyi onunladır. Allah da vəlisi olduğu qulunun üzərinə əminlik (Tövbə surəsi, 26) endirmişdir.

Möminin bu dincliyi hər namazda, hər saleh əməldə, Allah rizası üçün etdiyi kiçik-böyük hər işdə Rəbbimizin özünü gördüyünü və bunların qarşılığını qat-qat verəcəyini bilməsindən qaynaqlanır. Yenə Allah’ın özünü görünməyən ordularla və mələklərlə dəstəklədiyini, qarşısından və arxasından izləyənləri olduğunu və bunların Allah’ın əmri ilə onu qoruduğunu (Rəd surəsi, 11), Onun yolunda aparılan mübarizədə qalib gələnlərin, cənnətlə müjdələnənlərin həmişə möminlər olduğunu bilir. İman edən insan mövlamız olan Allah’ın heç kimi gücü çatdığından çox yükləməyəcəyini də bilir. Qədərə və hər işi idarə edənin Allah olduğuna dəqiq iman edir və beləliklə də yalnız Allah’a təvəkkül edir. Möminlərin yaşadıqları bu ruhi hala Quranda bu ifadə ilə diqqət çəkilmişdir:

De: “Allah’ın bizim üçün yazdığından başqa bizim başımıza heç nə gəlməz. O, bizim Mövlamızdır. Qoy, möminlər Allah’a təvəkkül etsinlər!” (Tövbə surəsi, 51)

Şübhəsiz, Allah’ın dostluğu insanların dostluğuna bənzəməz. O, kimi dost etmişsə, həmin adamı dünyada və axirətdə ən üstün nemətə qovuşdurmuşdur. Hər şeyi yaradan Rəbbimizin yaratdığını Özünə dost etməsi isə çox böyük lütfdür. Ayələrdə belə buyurulur:



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə