Allah`ın isimləri


QADİR İstədiyini istədiyi kimi etməyə gücü çatan



Yüklə 1,04 Mb.
səhifə7/17
tarix02.01.2018
ölçüsü1,04 Mb.
#19309
1   2   3   4   5   6   7   8   9   10   ...   17

QADİR

İstədiyini istədiyi kimi etməyə gücü çatan

Yer üzünü qupquru görməyin də Onun dəlillərindəndir. Biz yerin üzərinə su endirdikdə o, hərəkətə gəlib qabarır. Şübhəsiz ki, onu dirildən, ölüləri də hökmən dirildəcəkdir. Həqiqətən, O, hər şeyə qadirdir. (Fussilət surəsi, 39)

Quranın bir çox ayəsində bildirildiyi kimi, reallaşan hər hadisə Allah’ın elmi daxilindədir və Onun: “Ol”, - deməsi ilə yaranır. Yer üzündə hər bir yarpağın budaqdan qopub düşməyi Onun icazəsi ilədir, yenə heç bir dişi Onun icazəsi olmadan hamilə qalmaz və heç bir canlı Ondan xəbərsiz doğulmaz. Kainatda reallaşan hər hadisə ancaq Onun diləməsi ilə baş verir. O, iman etməyən bir qövmün yerinə dərhal yenisini gətirməyə qadirdir. Dilədiyinə tayı-bərabəri olmayan mülk verər, dilədiyindən bütün mülkünü alar. İman etməyən qövmə əzab heç gözləmədikləri anda və heç gözləmədikləri şəkildə gələr. Allah diləyərsə, yer üzünün bütün bərəkətini alar, onu qurudar və üzərində həyata dair heç bir iz buraxmaz. Göylərdə və yerdə Allah’ı aciz buraxacaq heç bir qüvvət yoxdur. O, istədiyini istədiyi şəkildə etməyə qadirdir. Allah’ın sonsuz güc və qüdrəti ayələrdə belə bildirilir:



Məgər onlar yer üzündə gəzib-dolaşıb özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görmürlərmi? Onlar ki bunlardan daha qüvvətli idilər. Göylərdə və yerdə Allah’dan qaçıb xilas ola biləcək heç bir şey yoxdur. Həqiqətən, O, biləndir və Qadirdir. (Fatir surəsi, 44)

And içirəm məşriqlərin və məğriblərin Rəbbinə! Biz doğrudan da, qüdrətə malikik ki, – (onları) daha yaxşıları ilə əvəz edə bilərik. (Bunda) qarşımıza çıxa bilən tapılmaz. (Məaric surəsi, 40-41)

Rəbbimiz inkar edən bir qövmə əzab verdiyi kimi, mömin qullarına da dilədiyi rəhməti verməyə qadirdir. Quranda Allah’ın gücünün hər şeyə çatdığına dair müxtəlif nümunələr verilmişdir. Allah həmişə iman edən qullarına kömək etmiş, ən çətin və qurtuluşun imkansız göründüyü vaxtlarda belə Qadir ismini təcəlli etdirib onlara çıxış yolu göstərmişdir. Hz. İbrahimi oddan, hz. Yusifi quyudan, hz. Yunisi balığın qarnından xilas etmişdir. Allah, eyni şəkildə, zövcəsi qısır və özü də yaşlı olduğu halda, hz. Zəkəriyyaya uşaq ehsan edib gücünün hər şeyə çatdığını insanlara göstərmişdir. Tarix boyunca Allah bütün elçilərini və iman edənləri dəstəkləmiş, təvəkkül və səbirlərinə qarşılıq onlara rəhm etmişdir.



KAFİ

Varlığı varlıqların bütün ehtiyaclarına kifayət edən

Məgər Allah Öz bəndəsinə kifayət deyilmi?! Onlar isə səni Ondan qeyriləri ilə qorxudurlar. Allah’ın yoldan çıxartdığı kimsəyə heç kəs yol göstərə bilməz. (Zumər surəsi, 36)

Allah’a tam yəqinliklə iman etməyən insanların qorxduqları bir çox hadisə və varlıqlar var. Bəziləri insanlardan gələcək zərərlərdən qorxur, bəziləri təbiət hadisələrindən, bəziləri isə mal-dövlətini, sevdiklərini itirməkdən...

Halbuki, Allah yəqinliklə iman edən insanlara Quranda belə buyurur:

Əgər yəqinliklə inanırsınızsa, (bilin ki, Allah) göylərin, yerin və onların arasında olanların Rəbbidir. Ondan başqa məbud yoxdur. O, həm dirildir, həm də öldürür. O, həm sizin Rəbbiniz, həm də əcdadlarınızın Rəbbidir. (Duxan surəsi, 7-8)

Ayələrdə də bildirildiyi kimi, göylərdə və yerdə tək ilah Allah’dır. Möminlər bilir ki, Ondan başqa heç bir varlıq özlərinə zərər və ya fayda verməyə qadir deyildir. Əgər çətinliklə qarşılaşsalar, Allah’a yönəlir və Onun özlərinə kömək edəcəyini, dualarına qarşılıq verəcəyini bilirlər. Allah’dan başqasından kömək, fayda ummurlar. Çünki yer üzündə tək güc sahibi olan Odur və heç bir varlığın Onun diləməsi xaricində zərər və ya fayda vermə qabiliyyəti yoxdur.

Buna görə də, həqiqətən, iman edən insan yalnızca Allah’dan kömək istəyir, yalnızca Allah’dan qorxur. Necə ki, yuxarıdakı ayələrdə xəbər verilən “Məgər Allah Öz bəndəsinə kifayət deyilmi?” şəklindəki sualdan sonrakı ayələr belə davam edir:

Allah’ın doğru yola yönəltdiyi kimsəni də azdıran olmaz. Məgər Allah qüdrətli, intiqam almağa qadir deyilmi? Əgər sən onlardan: “Göyləri və yeri kim yaratmışdır?”– deyə soruşsan, onlar mütləq: “Allah!”– deyəcəklər. De: “Bir deyin görək, əgər Allah mənə bir zərər toxundurmaq istəsə, sizin Allah’dan başqa ibadət etdikləriniz Onun zərərini aradan qaldıra bilərlərmi? Ya da O, mənə bir mərhəmət göstərmək istəsə, onlar Onun mərhəmətinin qarşısını ala bilərlərmi?” De: “Mənə Allah yetər. Təvəkkül edənlər yalnız Ona təvəkkül edirlər!” (Zumər surəsi, 37-38)

 ...De: “Əgər Allah sizə bir zərər yetirmək və ya bir xeyir vermək istəsə, Onun (edəcəyi işin) qarşısını kim ala bilər?” Xeyr, Allah sizin nə etdiyinizdən xəbərdardır. (Fəth surəsi, 11)



QƏHHAR

Qəhr edən, hər şeyə istədiyini edəcək surətdə qalib və hakim olan

O gün yer başqa bir yerlə, göylər də (başqa göylərlə) əvəz olunacaq (və insanlar) tək olan, qalib gələn Allah’ın hüzurunda duracaqlar. (İbrahim surəsi, 48)

Allah insanların çətinliklərini aradan qaldırma gücünə və onların ürəklərinə fərahlıq verməyə necə qadir isə onları böyük bir əzabla qəhr etməyə də qadirdir. Quranda Allah’ın Öz qatından göndərdiyi əzablarla həlak olmuş qövmlərdən nümunələr verilir. Bu insanlar haqq dindən üz çevirdikləri və Allah’a baş qaldırdıqları üçün səhər vaxtı heç şüurunda belə olmadan böyük bir fəlakətlə yox edilmişlər. Allah inkar edən qövmlərin üzərinə evlərini yerlə bir edən qasırğalar göndərmiş, palçıqdan daşlar yağdırmışdır. Xəbərdar etdiyi insanların yaşadıqları şəhərləri yerlə-yeksan edən leysanlar yağdırmışdır. Torpağın altını üstünə çevirən zəlzələləri üstlərinə göndərmiş, yalnız bir səslə hamısını yerin dibinə keçirmişdir. Açıq-aydın göründüyü kimi, Allah’ın bir insanı qəhr etməsi heç nə ilə müqayisə edilə bilməz.

Lakin bütün bu saydıqlarımız Allah’ın dünya həyatında insanlara verdiyi əzablardır və onları etdiklərindən ötəri dünyada yaşayarkən qəhr etməsidir. Amma insanın əsl əzabla qəhr edilməsi cəhənnəmdədir. Allah’ın sonsuz rəhmətinə qarşılıq olaraq Onun qədrini təqdir edə bilməyən və nankorluq edən insanlar axirətdə cəhənnəm əzabı ilə qarşılaşacaqlar. Dünyada işlədikləri günahların tam qarşılığı axirətdə özlərinə veriləcək.

Allah inkarçıları cəhənnəmə atmaqla daha əvvəl heç qarşılaşmadıqları əzabla cəzalandıracaq, cəhənnəm odu ilə yanan dərilərini yeniləri ilə dəyişdirəcək və onların üzərinə oddan divarlar hörəcək. Belə ki, insanın dünyada çəkdiyi əzablar cəhənnəmdə qarşılaşdıqlarının yanında çox yüngül olacaq. Necə ki, Quranda cəhənnəmə girən insanların Allah’dan özlərini öldürməsi və əzabdan qurtarması üçün yalvardıqları xəbər verilir.

Allah dünya həyatında Özündən üz çevirənləri cəhənnəmdə sonsuz gücü ilə qəhr edəcək. Allah’ın bu vədi ayələrdə belə xəbər verilir:

O Öz qulları üzərində mütləq hakimiyyət sahibidir. O, müdrikdir, xəbərdardır. (Ənam surəsi, 18)

De: “Göylərin və yerin Rəbbi kimdir?” De: “Allah’dır!” De: “Siz Onu qoyub özlərinə nə bir fayda, nə də bir zərər verməyə qadir olmayanlarımı özünüzə dost tutursunuz?” De: “Korla görən eyni ola bilərmi? Yaxud zülmətlə nur eyni ola bilərmi?” Yoxsa onlar Allah’a, Onun yaratdığı kimi yaradan şəriklər tapdılar və (bu) yaradılış onlara bənzər göründü? De: “Hər şeyi yaradan Allah’dır. O, təkdir, qalib gələndir”. (Rəd surəsi, 16)

O gün (insanlar) (yer üzünə) çıxacaq və onların heç bir şeyi Allah’dan gizli qalmayacaqdır. (Allah deyəcək:) “Bu gün hökm kimə məxsusdur? Tək olan, qalib gələn Allah’a!” (Mömin surəsi, 16)

Allah qəhr edici sifətini inkara davam edən və axirətə qədər iman etməyən kəslərə yönəldir. Yoxsa Allah bütün qullarına qarşı sonsuz bağışlayıcı və mərhəmətli olandır. Səmimi şəkildə tövbə etdikdə Allah qullarının bütün günahlarını bağışlayır. İman edən qullarına dünya və axirətdə yardım edir, onları rəhməti ilə dəstəkləyir. Allah Quranda səmimi qullarına əzab vermədiyini və möminlərin üzərindəki ehsanını belə bildirir:



Əgər siz şükür etsəniz və iman gətirsəniz, Allah sizə nə üçün əzab versin ki, Allah şükürə qiymət verəndir, biləndir! (Nisa surəsi, 147)

QƏYYUM

İdarə edib qüvvədə saxlayan

Allah, Ondan başqa ilah yoxdur, yaşayandır, Qəyyumdur. (Ali-İmran surəsi, 2)

Bəzi insanlar kainatdakı qüsursuz sistemin bir dəfə yaradıldığını və bundan sonra da özbaşına buraxıldığını düşünürlər. Bu səhv düşüncə həmişə deyilməsə də, insanların şüur altına hakim olan ümumi fikirdir. Bu düşüncə özlərini Allah’a qarşı məsul saymayan, Allah’ın əmrlərinə tabe olmağı qəbul etməyən insanlar arasında bir növ qaçış yoludur. Belə düşündükləri zaman Rəbbimizə qarşı olan məsuliyyətlərinin azalacağını düşünürlər.

Ancaq varlığın təməlində o qədər incə və həssas detallarla nizamlanmış qanunlar, səbəblər var ki, hər an üstün bir gücün idarəsi olmadan fəaliyyətlərini davam etdirmələri mümkün deyil. Görən, eşidən və görüb-eşitdiklərindən bəsirətlə nəticə çıxarmağı bacaran insanlar bu böyük həqiqəti dərhal görürlər. Necə ki, “Fatir” surəsinin 41-ci ayəsində Allah göyləri və yeri Özünün saxladığını belə bildirir:

Həqiqətən, Allah göyləri və yeri zaval tapmasınlar deyə, tutub saxlayır. Əgər öz mehvərindən çıxsalar, Ondan başqa onları heç kəs tutub saxlaya bilməz. Doğrudan da, (Allah) həlimdir, bağışlayandır! (Fatir surəsi, 41)

Yuxarıdakı ayədən də göründüyü kimi, kainatı Allah yaratmışdır və onu hər an nəzarəti altında saxlayır. Kainatdakı həssas tarazlıqların, fövqəladə incəliklərlə dizayn edilmiş sistemlərin davam etməsi Allah’ın idarəsi ilə mümkündür. O diləməzsə, heç nə varlığını davam etdirə bilməz. Allah yoxdan var etdiyi kainatı Qəyyum sifəti ilə qoruyub saxlayır. Bu həqiqəti xəbər verən ayələr belədir:



Allah, Ondan başqa ilah yoxdur, yaşayandır, Qəyyumdur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Onun izni olmadan Onun yanında kim havadarlıq edə bilər? O, (məxluqatın) gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, ucadır, uludur. (Bəqərə surəsi, 255)

(O gün) üzlər yaşayan, (yaradılanların) Qəyyumu qarşısında zəlil bir görkəm alacaq. Günaha batanlar isə ziyana uğrayacaqlar. (Taha surəsi, 111)

Biz göyü qüdrətimizlə yaratdıq və Biz onu genişləndirməkdəyik. Yeri də Biz döşədik. Döşəyənlər necə də gözəldir! Biz hər şeydən cüt-cüt yaratdıq. Bəlkə, bir düşünüb ibrət alasınız! “Allah’a tərəf qaçın! Mən sizi Ondan açıq-aşkar qorxudan bir Peyğəmbərəm! Allah’la yanaşı başqa bir tanrı qəbul etməyin. Mən sizi Ondan açıq-aşkar qorxudan bir Peyğəmbərəm!” (Zariyat surəsi 47-51)


QARİB

Yaxın olan

Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm. Qoy onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər. (Bəqərə surəsi, 186)

Allah’ı haqqı ilə tanımayanlar və Quran ayələrindən uzaq yaşayanlar, Allah’ın varlığı haqqında çox səthi və az məlumata sahibdirlər. Bunlardan: “Yeri və göyləri yaradan kimdir?” - deyə soruşduqda: “Allah’dır”, - deyirlər. Lakin insanı ən incə detalına qədər planlayıb, ən gözəl surətdə yaradan Allah’ın göylərdə olduğunu və özlərindən çox uzaqda olduğunu zənn edirlər. Halbuki, Allah qatından göndərdiyi ayələrlə Özünü qullarına tanıdır. İnsana nə qədər yaxın olduğunu “Qaf” surəsinin 16-cı ayəsində belə bildirir:



İnsanı Biz yaratdıq və nəfsinin ona nəyi vəsvəsə etdiyini də bilirik. Biz ona şah damarından da yaxınıq. (Qaf surəsi, 16)

Belə ki, iki adam danışarkən üçüncüsü Allah’dır, üç adam danışarkən dördüncüsü Allah’dır. İnsan pıçıldasa da, Allah onu eşidir, yerindən tərpənsə belə, onu görür. Allah adamın içindən keçən hər düşüncəni bilir. O, yatarkən də, yeriyərkən də, danışarkən də Allah onun yanındadır. O, bütün bunları edərkən Allah’ı görə bilmir, lakin Allah onu görür.



... Elə isə ondan bağışlanma diləyin, sonra da Ona tövbə edin. Şübhəsiz ki, Rəbbim yaxındır, cavab verəndir. (Hud surəsi, 61)

De: “Əgər mən (haqq) yoldan çıxsam, öz əleyhimə çıxmış olaram. Yox, əgər doğru yolla gedirəmsə, bu da Rəbbimin mənə nazil etdiyi vəhyə görədir. Həqiqətən, O, eşidəndir, yaxındır”. (Səba surəsi, 50)

QASİM

Paylaşdıran, ruziləri, nemətləri ədalət, hikmət

və rəhmət içində bölüb hamıya nəsibini verən

Sənin Rəbbinin mərhəmətini onlarmı bölüşdürürlər? Biz dünya həyatında onların dolanışıqlarını aralarında bölüşdürdük. Biri digərini öz yanına işçi götürsün deyə, bəzilərinin dərəcələrini digərlərindən üstün etdik. Sənin Rəbbinin mərhəməti onların yığdıqlarından daha xeyirlidir. (Zuxruf surəsi, 32)

Amazonda yüz illərlə yıxılmadan dayanan ağaclar, şimal qütbündə hər tərəfi buzlarla əhatə olunmuş adada yaşayan pinqvin dəstəsi, səhrada 30 il heç tərpənmədən dayanan kaktus, yağış meşələrində daşıdıqları yarpaqlardan istehsal etdikləri göbələklərlə bəslənən qarışqalar və bunlar kimi milyonlarla il həyatlarını davam etdirən canlılar dəstəsi...

Yuxarıda sadalanan və sadalanması mümkün olmayan canlıların hamısı yaşamaq üçün qidalanmağa möhtacdır. Bəzisinin həddən artıq suya ehtiyacı olur, bəzisi illərlə heç su içmir, biri istini sevərkən, digəri istidə yaşaya bilmir. Bununla yanaşı, hamısının bir yerdə yaşaması üçün bir çox şərtin eyni anda olması vacibdir. Bütün bu canlıları yaradan Allah hər birinin ehtiyaclarını ayrı-ayrı yaratmışdır.

Allah 100 illərlə meşədə olan ağacı, burada adı çəkilən və ya çəkilməyən bütün canlıları qidalandırır və qoruyur. Bununla yanaşı, hamısına eyni torpaqla ruzi verir. Torpağın içindəki bütün mineralları, göydən endirdiyi yağışı canlılar arasında bərabər paylaşdırır.

Allah yaratdığı hər şeyin ehtiyacını qarşılaması və yaratdığı canlılar arasında rəhmətini paylaşdırması ilə sonsuz şəfqətini, mərhəmətini göstərir. Əlbəttə, insan da bu canlılar arasındadır. Allah insanın yaşaması üçün növbənöv nemətlər yaratmış, ehtiyacı olan hər şeyi özünə vermişdir. Necə ki, bu əhəmiyyətli həqiqətə Quranda belə diqqət çəkilir:

O, sizə istədiyiniz hər şeydən vermişdir. Əgər Allah’ın nemətlərini sayacaq olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalım, çox nankordur. (İbrahim surəsi, 34)

Yer üzündə elə bir canlı yoxdur ki, onun ruzisini Allah verməsin. (Allah) onların qərar tutduqları yeri də, qorunub saxlanıldıqları yeri də bilir. (Bunların) hamısı açıq-aydın yazıdadır. (Hud surəsi, 6)

Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? (Allah) iki məşriqin və iki məğribin Rəbbidir. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? O, qarşı-qarşıya gələn iki dənizi bir-birinə qovuşdurdu. Onların arasında maneə vardır, onu keçə bilməzlər. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? Onlardan mirvari və mərcan çıxır. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? Dənizdə dağlar kimi, yelkənləri qaldırılmış halda üzən gəmilər də Onundur. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? (Yer) üzündə olan hər kəs ölümə məhkumdur. Ancaq Rəbbinin əzəmətli və kəramətli üzü əbədidir. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? Göylərdə və yerdə olan hər kəs Ondan diləyir. O, hər gün bir işdədir. (Rəhman surəsi, 16-29)

QAVİ
Çox güclü olan

(Bunların əməli) firon nəslinin və onlardan əvvəlkilərin əməlinə bənzəyir. Onlar Allah’ın ayələrini inkar etdilər, Allah da onları günahlarına görə yaxaladı. Şübhəsiz ki, Allah qüvvətlidir, cəzalandırması da şiddətlidir. (Ənfal surəsi, 52)

Tarix boyu Allah müxtəlif qövmlərə elçilər göndərmiş, onların vasitəsi ilə insanlara yönəlməli olduqları doğru yolu bildirmişdir. Göndərilən elçilər də tək ilahın Allah olduğunu, yalnız Allah’dan qorxub çəkinməli və əmrlərini yerinə yetirməli olduqlarını qövmlərinə təbliğ etmişlər. Ancaq “Bu, ona görə idi ki, elçiləri onlara açıq-aydın dəlillər gətirdikləri halda, onlar inkar edirdilər. Buna görə də Allah onları (əzabla) yaxaladı. Həqiqətən, O, qüvvətlidir, cəzası da şiddətlidir“ (Mömin surəsi, 22) ayəsində bildirildiyi üzrə qövmlərin çoxu inkar etmiş, elçiləri yalanlamış və Allah’ın əzabına düçar olmuşlar.

Hər dövrdə Allah’ın göndərdiyi elçiləri inkar edən, onlara mümkün olduğu qədər çətinlik yaratmağa çalışan inkarçılar Allah’ın əzabını görənə qədər bu hərəkətlərindən imtina etməmişlər. Onlar yer üzündə iqtidar, güc və sərvət sahibi olduqlarını düşündükləri üçün özlərini haqlı görmüş, təkəbbürlənmişlər. Halbuki, unutduqları çox əhəmiyyətli bir gerçək var: Allah ən böyük güc sahibidir.

Bu əhəmiyyətli gerçəyi qavramayan inkarçılar həmişə təkəbbürlənmişlər. Allah dilərsə, bütün mallarının bir fırtına ilə yox olacağını, şiddətli bir yağışla əkinlərinin məhv ediləcəyini, bir mikrobla bütün yaxınlarının ölə biləcəyini və bunun kimi bir çox səbəbi görməzlikdən gəlmişlər. Nəticədə, yer üzündə də, ölümdən sonra axirətdə də Allah’ın əzabı ilə üz-üzə gəlmişlər. Allah inkarçılara Quranda belə səslənir:



İnsanlardan elələri də vardır ki, Allah’dan qeyrilərini (Ona) tay tutur, onları da Allah’ı sevdikləri kimi sevirlər. İman gətirənlərin isə Allah’a olan sevgisi daha güclüdür. Kaş zülm edənlər əzabı gördükləri zaman bütün qüdrət və qüvvətin Allah’a məxsus olduğunu və Allah’ın şiddətli əzab verdiyini görəydilər. (Bəqərə surəsi, 165)

Onlar Allah’ı lazımınca qiymətləndirmədilər. Şübhəsiz ki, Allah qüvvətlidir, qüdrətlidir! (Həcc surəsi, 74)

Allah kafirləri qəzəbli olduqları halda geri qaytardı və onlar heç bir xeyrə nail olmadılar. Döyüşdə Allah möminlərə kifayət etdi. Allah qüvvətlidir, qüdrətlidir. (Əhzab surəsi, 25)

Allah Özünün üstün əxlaqını, ucalığını və böyüklüyünü gərəyi kimi təqdir edən qullarına qarşı isə sonsuz rəhmət sahibi olandır. Quranda möminlərin Allahın rəhməti ilə müjdələndikləri belə bildirilir:



İman gətirib yaxşı işlər görənlərin Rəbbi iman gətirdiklərinə görə hidayətə qovuşdurar. Nəim cənnətlərində onların (köşkləri) altından çaylar axar. Onların oradakı duası “Pərvərdigara! Sən paksan, müqəddəssən!”, orada salamlaşması “Salam!”, duası: “Həmd olsun aləmlərin Rəbbi Allah’a!” sözləridir. (Yunis surəsi, 9-10)


KƏBİR

Çox böyük

(Allah) qeybi və aşkarı biləndir, böyükdür, ucadır. (Rəd surəsi, 9)

Allah kainatdakı bütün canlıları öz idarəsi altında saxlayır; torpağın içinə atılan minlərlə toxumun nə vaxt cücərəcəyini, bir quyruqlu ulduzun dünyanın neçə kilometr uzaqlığından keçəcəyini, hansı canlının nə vaxt doğulacağını və nə vaxt öləcəyini, atomun nüvəsinin ətrafında fasiləsiz olaraq fırlanan elektronların orbitlərini və burada saya bilməyəcəyimiz hər şeyi bilir. Allah sonsuz böyüklüyü ilə yer üzündə yaşayan bütün insanların ağlından keçən düşüncələrə, hamısının şüur altına, gördükləri işlərindəki niyyətlərinə də hakimdir.

Allah hamısının qədərini (qismətini) ən incə detalına qədər təyin edir. Qeybin elmi yalnız Allah’a məxsusdur. Allah’ın sonsuz ağlını, elmini, bağışlamasını, mərhəmətini və əzabını insanın qavraması qeyri-mümkündür. Allah dilədiyi hər şeyi yaratmağa qadirdir.

Heç kim Onun qərarlarına kiçik bir müdaxilə belə edə bilməz. Allah kainatdakı hər hansı bir canlı üçün zərər diləyərsə, onu heç kim qaldıra bilməz, rəhmət dilədiyində də Onun rəhmətinə heç kim mane ola bilməz.

İnsanın vəzifəsi isə sadəcə bu cür böyük gücün qarşısında hörmət dolu bir qorxu ilə səcdə etmək, hər şeyin hakimi olan Rəbbimizə sığınıb özünə mərhəmət etməsini istəməkdir. Çünki Allah mərhəmət etməzsə, insanın qurtulması mümkün deyil. Allah’ın böyüklüyü və Ondan başqa ilah olmadığı ayələrdə belə xəbər verilir:

Bu, belədir. Çünki Allah Haqdır. Ondan başqa yalvardıqları isə batildir. Həqiqətən, Allah ucadır, böyükdür. (Həcc surəsi, 62)

Bu, belədir. Çünki Allah Haqdır. Ondan başqa ibadət etdikləri isə batil (bütlərdir). Həqiqətən, Allah ən ucadır, ən böyükdür. (Loğman surəsi, 30)

Onun hüzurunda, izn verdiyi kimsələr istisna olmaqla, heç kəsin şəfaəti fayda verməz. Nəhayət, ürəklərindən o qorxu çıxınca onlar: “Rəbbiniz nə buyurdu?” – deyə soruşar, o biriləri də: “Haqqı. O, ucadır, böyükdür!” – deyə cavab verərlər. De: “Göylərdə və yerdən sizə ruzi verən kimdir?” De: “Allah’dır! Elə isə doğru yolda olan, yaxud açıq-aydın azan bizik, yoxsa siz?” De: “Siz bizim etdiyimiz günahlar barəsində sorğu-sual olunmayacaqsınız, biz də sizin etdiyiniz günahlar barəsində sorğu-sual olunmayacağıq! De: “Rəbbimiz bizi toplayacaq və aramızda ədalətlə hökm edəcəkdir. Ədalətlə hökm edən, bilən ancaq Odur!” De: “Ona qoşduğunuz şərikləri bir mənə göstərin. Xeyr. Yenilməz qüvvət, hikmət sahibi ancaq O Allah’dır! (Səba surəsi, 23-27)


KƏRİM

Kərəmi bol olan, comərd olan

... Kim şükür etsə, yalnız özü üçün şükür edər; kim nankor olsa, həqiqətən, Rəbbim möhtac deyildir, kərəm sahibidir! (Nəml surəsi, 40)

Allah kainatı ən incə detalına qədər yaratmış və Öz sifətləri ilə şəkilləndirmişdir. Var olan hər şey Ondandır. Bütün gözəlliklər, incəliklər Onun ağlının təcəlliləridir. Digər bütün varlıqlar kimi insanlar da Onun diləməsi ilə yer üzünə gəlirlər. Ana bətnində bir tikə ət parçası olan insan doğulur, böyüyür, gözəl simaya sahib olur və beləliklə, Allah’ın yaratma sənətini əks etdirir. Necə ki, ayələrdə insanın üstünlüyü belə bildirilmişdir:



Ey insan! Səni Kərim olan Rəbbinə qarşı aldadan nədir? O Rəbbin ki, səni yaratdı, düzəldib qaydaya saldı. Sənə Özü istədiyi surətdə biçim verdi. (İnfitar surəsi, 6-8)

Ancaq bəzi insanlar düşünmə qabiliyyətinə sahib olduqları halda, bu cür mükəmməl təşkil edilmiş dünyaya necə gəldiklərini, ətraflarındakı saysız neməti kimin verdiyini düşünmürlər. Quranda bu insanlar üçün belə deyilir:



İnsanın elə bir dövrü olub keçmişdir ki, o, xatırlanmağa layiq bir şey olmamışdır! Həqiqətən, Biz insanı qarışıq bir nütfədən yaratdıq. Biz onu imtahana çəkəcəyik. Biz onu eşidən, görən yaratdıq. Biz ona haqq yolu göstərdik. İstər minnətdar olsun, istər nankor. (İnsan surəsi, 1-3)

Özünə verilmiş qabiliyyətdən istifadə edən və görüb-düşünən insan isə özünü kimin yaratdığını, özünün əldə edə bilməyəcəyi saysız neməti ona kimin verdiyini, hiss etmə, düşünmə qabiliyyətlərinə necə sahib olduğunu düşünür. Bunları düşünən insanın qarşısına çıxan gerçək budur: Onu var edən və əsla gücünün çatmayacağı üstün nemətləri bağışlayan, son dərəcə comərd bir yaradıcı var. Bu yaradıcı göyün və yerin Rəbbi olan Allah’dır və Quranda insanlara belə buyurur:



Yoxdan yaradan Rəbbinin adı ilə oxu! O, insanı laxtalanmış qandan yaratdı. Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir! O Rəbbin ki, qələmlə (yazmağı) öyrətdi. İnsana bilmədiklərini öyrətdi. Xeyr, insan azğınlıq edər, Özünün dövlətli olduğunu gördüyü üçün! Axı sənin axır dönüşün Rəbbinədir! (Ələq surəsi, 1-8)

Yuxarıdakı ayələrdən də göründüyü kimi, insanın özünü yaradan ən böyük kərəm sahibi olan Allah’a qarşı vəzifəsi şükür etməkdir. Allah insana saysız nemətlər vermiş və qarşısında da yalnız Özünə qulluq etməsini, təkəbbür etməməsini istəmişdir. Bu, Allah’ın səmimi qullarının sahib olduqları əxlaqdır. Onlar da dünyada göstərdikləri bu fəzilətli davranışlarının qarşılığını axirətdə daha gözəli ilə alacaqlar.



Əgər Allah’ın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir! (Nəhl surəsi, 18)

Sizə istədiyiniz şeylərin hamısından vermişdir. Əgər Allah’ın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalım, həm də çox nankordur. (İbrahim surəsi, 34)

QUDDÜS

Səhvdən, qəflətdən və hər cür əskiklikdən çox uzaq, çox təmiz

Göylərdə və yerdə olanların hamısı Məlik, Quddüs, Əziz, Hakim olan Allah’ı təsbeh edər. (Cümə surəsi, 1)

Allah yerdə, göydə, kosmosda, torpağın altında olan hər şeyin, qısası mikro və makro aləmlərdəki hər şeyin tək yaradıcısıdır. İnsanın gözünü çevirib ətrafına baxdığı zaman gördüyü və görmədiyi hər yerdə olan nizam, qanunlar, sabit quruluş tamamilə Allah’a aiddir. “Həqiqətən, Allah göyləri və yeri zaval tapmasınlar deyə, tutub saxlayır. Əgər öz mehvərindən çıxsalar, Ondan başqa onları heç kəs tutub saxlaya bilməz...“ (Fatir surəsi, 41) ayəsi ilə bildirildiyi kimi, var olan bütün sistemi təşkil edən və qoruyan Odur.

Allah’ın yaratdığı aciz insanlar səhv edir, unudur, qəflətə düşürlər. Eyni zamanda, həm bədəni, həm ruhi cəhətdən son dərəcə əskik və acizdirlər. Ömürləri boyu bədənlərinə baxmaq, yaşamaq üçün ona davamlı qulluq etmək məcburiyyətindədirlər. Bir az çox işləsələr, bir neçə gün yuxusuz və ya bir gün susuz qalsalar, çox aciz vəziyyətə düşürlər. Ancaq hər şeyin yaradıcısı və ən gözəl adların sahibi olan Allah bütün əskikliklərdən münəzzəhdir. Allah’ın sonsuz gücü, ucalığı, ağlı və sərhədsiz elmi Quranda insanlara bildirilmişdir. Bir ayədə Allah belə buyurur:


Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə