Allah`ın isimləri



Yüklə 1,04 Mb.
səhifə9/17
tarix02.01.2018
ölçüsü1,04 Mb.
#19309
1   ...   5   6   7   8   9   10   11   12   ...   17

Allah yolunda lazımınca cihad edin. O, sizi seçdi və atanız İbrahimin dinində olduğu kimi, bu dində də sizin üçün heç bir çətinlik yaratmadı. Peyğəmbər sizə, siz də insanlara şahid olasınız deyə, Allah həm əvvəl, həm də bu (kitabda) sizi müsəlman adlandırdı. Elə isə namaz qılın, zəkat verin və Allah’a möhkəm sarılın. O, sizin Mövlanızdır. O, nə gözəl Mövla, nə gözəl yardımçıdır! (Həcc surəsi, 78)

... Ey Rəbbimiz, unutsaq və ya xəta etsək, bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkilərə yüklədiyin kimi, bizə də ağır yük yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi daşımağa bizi vadar etmə! Bizi əfv et, bizi bağışla və bizə rəhm et! Sən bizim Mövlamızsan! Kafirləri məğlub etməkdə bizə yardım et!” (Bəqərə surəsi, 286)



Sonra onlar Allah’a – özlərinin həqiqi himayədarına qaytarılacaqlar. Hökm yalnız Ona məxsusdur və O, ən tez haqq-hesab çəkəndir. (Ənam surəsi, 62)

Əgər onlar üz döndərsələr, bilin ki, Allah sizin Mövlanızdır. O, nə gözəl Mövla, nə gözəl yardımçıdır! (Ənfal surəsi, 40)

MÜƏXXİR / MÜQƏDDİM

İstədiyini yubadan, istədiyini irəli keçirən, tezləşdirən

Əgər Allah insanları hər etdikləri zülmə görə cəzalandırsaydı, yer üzündə heç bir canlını (sağ) qoymazdı. Lakin (Allah) onlara müəyyən vaxta qədər möhlət verir. Onların əcəlinin çatdığı an bircə saat belə nə yubanar, nə də tezləşə bilər. (Nəhl surəsi, 61)

Allah dilədiyi hadisəni təxirə salıb yubadan, dilədiyini də önə alıb irəli keçirəndir. Hər şeyin tək yaradıcısı olduğu üçün kainat üzərindəki hər cür canlı və cansız varlıq üzərində dilədiyini etməyə qadirdir. Dünya üzərində reallaşan hər hadisənin zamanı Allah qatında əvvəldən təsbit edilmişdir. Bütün varlıqların gerçək sahibi olan Allah bu varlıqların həyatlarındakı bütün hadisələri öz zamanı ilə təyin edib. Günü, saatı, hətta saniyəsi gəldiyi an reallaşmalı olan hadisə mütləq reallaşır. Bu reallaşan hadisə ancaq Allah’ın diləməsi ilə olur. Ondan başqa heç kim hər hansı bir hadisəni tezləşdirə və ya təxirə sala bilməz. Necə ki, bu həqiqətə Quranda belə diqqət çəkilir:



Hər ümmətin bir əcəli vardır. Onların əcəli gəldiyi zaman bircə saat belə nə yubanar, nə də qabağa keçə bilərlər. (Əraf surəsi, 34)

Hadisələrin təyin edilən vaxtlarını Allah’dan başqa heç kim bilmir. Allah’ın təqdir etdiyi an gəlmədən bir yarpaq belə düşə bilməz. Var olan hər şey doğduğu andan ölənə qədər bu ilahi qanuna tabedir. Heç kimin Allah’ın özü üçün təyin etdiyi vaxtın xaricinə çıxmağa, heç bir hadisəni təxirə salmağa, ya da önə çəkməyə gücü çatmaz. Ancaq Allah təqdir edərsə, dilədiyini təxirə salar, dilədiyini də qabağa keçirər. Allah ayələrində bunu belə bildirir:



Zalımların etdikləri əməllərdən Allah’ın xəbərsiz olduğunu sanma. (Allah) sadəcə onları gözlərin bərələ qalacağı günə saxlayır. (İbrahim surəsi, 42)

Heç bir ümmət öz əcəlini nə qabaqlaya bilər, nə də yubada bilər. (Hicr surəsi, 5)

Bu vəziyyətdə Allah’a iman edən bir qulun vəzifəsi Allah’ın nəyi irəli çəkdiyini, nəyi təxirə saldığını araşdırmadan Ona yaxınlaşmağa çalışmaq, Allah’ın özünə verdiklərindən tam razı olmaqdır. Çünki ayələrdə də bildirildiyi kimi, insan tələskəndir (İsra surəsi, 11). Bəzən bir hadisənin dərhal reallaşmasını istəyir, bəzən də bir hadisənin dərhal bitməsini istəyir. Amma insan üçün ən xeyirli olanı bilən, təsbit edən Allah’dır. İnsanın xeyirli gördüyü bir şey özü üçün şər ola bilər. Buna görə də mömin üçün əhəmiyyətli olan Allah’ın təqdir etdiyi hadisələrdən tamamilə razı olmaqdır.



Məgər onlar yer üzündə dolaşıb özlərindən əvvəlkilərin axırının necə olduğunu görmürlərmi? Halbuki, onlar bunlardan daha qüvvətli idilər. Göylərdə və yerdə Allah’ı aciz edə biləcək heç bir şey yoxdur. Həqiqətən, O, biləndir, qadirdir! Əgər Allah insanları etdikləri günahlara görə cəzalandırsaydı, (Yer) üzündə bir nəfəri belə (sağ) qoymazdı. Lakin Allah onları müəyyən bir vaxta qədər gecikdirər. Nəhayət, onların vaxtı gəlib çatdıqda, artıq şübhəsiz, Allah öz bəndələrini görəndir! (Fatir surəsi, 44-45)

MÜƏZZİB

Əzablandıran

O gün heç kəs Onun verdiyi əzab (kimi) əzab verə bilməz və heç kəs Onun buxovladığı (kimi) buxovlaya bilməz. (Fəcr surəsi, 25-26)

Ətraflarındakı bütün dəlillərə baxmayaraq, Allah’a iman etməyən, Onun böyüklüyünü, qüdrətini tanımamaq üçün müqavimət göstərən insanlar, şübhəsiz, böyük bir əzaba da layiqdirlər. Çünki Allah insanı yaratmış, yer üzünə yerləşdirmiş və orada ehtiyacı olan hər şeyi özünə vermişdir. Ancaq Allah’ın verdiyi bütün bu nemətlərə baxmayaraq, bəzi insanlar inkar edirlər. Hətta bir qismi azğınlıqla Allah’a iman edən möminlərə kin bəsləyir, Allah’ın dininə maneə törətməyə çalışırlar. Əlbəttə, Allah bu insanlara layiq olduqları qarşılığı dünyada da, axirətdə də verəcək.

Allah dünyadakı hökmünü elçiləri vasitəsilə yerinə yetirir. Buna görə, inkar edənlərə daddırdığı dünya əzabının bir qismi də elçilərinin vasitəsi ilə olmuşdur. Allah elçiləri vasitəsi ilə inkarçıların öncüllərini əzablandırdığını ayələrində belə bildirir:

Əgər münafiqlər, qəlblərində mərəz olanlar və Mədinədə qəsdən yalan şayiələr yayanlar (bu pis əməllərinə) son qoymasalar, şübhəsiz ki, səni onların üstünə qaldırarıq. Sonra onlar səninlə ancaq az bir müddət orada qonşu ola bilərlər. (Əhzab surəsi, 60)

Allah’ın öncə gəlib-getmişlər haqqında qayda-qanunu belədir. Sən Allah’ın qoyduğu qayda-qanunda əsla dəyişiklik görməzsən! (Əhzab surəsi, 62)

İnkarçıların axirətdə qarşılaşacaqları əzab isə sonsuza qədər davam edəcək qorxunc bir əzabdır. Allah orada insanı həm fiziki, həm də psixoloji cəhətdən əzablandıracaq çox müxtəlif üsullar yaradıb. Çünki Allah yaratdığı qullarının zəifliklərini ən yaxşı biləndir və bu zəifliklərə görə ən çox əzabı da yenə Allah verəcək. Müəzzib olan Allah axirətdə inkarçılara verəcəyi əzabı Quranda bir çox ayə ilə bildirmişdir. Ayələrdə belə buyurulur:



Fasiqlərə gəldikdə isə onların sığınacağı yer od olacaqdır. Hər dəfə onlar oradan çıxmaq istədikdə yenidən ora qaytarılacaq və onlara: “Yalan saydığınız odun əzabını dadın!”– deyiləcəkdir. Ən böyük əzabdan əvvəl Biz onlara mütləq kiçik əzabdan daddıracağıq ki, bəlkə (doğru yola) qayıtsınlar. (Səcdə surəsi, 20-21)

Qullarıma xəbər ver ki, Mən bağışlayanam, rəhmliyəm. Əzabım isə üzücü əzabdır. (Hicr surəsi, 49-50)

Onlardan öncəkilər də hiylə qurmuşdular. Sonra Allah onların tikililərini özülündən dağıtdı, tavanları başlarına uçdu və əzab onlara gözləmədikləri yerdən gəldi. (Nəhl surəsi, 26)

Ancaq unutmaq olmaz ki, Allah dünya həyatında insan üçün saysız-hesabsız fürsətlər yaradır. Hər insanın ölənə qədər tövbə etmə, Allah’ın rəhmətinə sığınma imkanı vardır. Belə bir vəziyyətdə həyatı boyu nə qədər xəta etmiş olsa da, insan Allah’ın diləməsi ilə Rəbbimizi çox əsirgəyən və çox bağışlayan görər. Allah səmimi tövbə edənləri Quranda sonsuz rəhməti ilə belə müjdələyir:



Lakin hər kəs gördüyü haqsız işdən sonra tövbə edib özünü düzəltsə, Allah onun tövbəsini qəbul edər. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir! (Maidə surəsi, 39)

Şübhəsiz ki, Mən həm də tövbə edib iman gətirəni yaxşı işlər görüb, sonra da doğru yolu tutanı çox bağışlayanam! (Taha surəsi, 82)

MÜHİT

Əhatə edən

Doğrudan da onlar öz Rəbbi ilə qarşılaşacaqlarına şübhə edirlər. Həqiqətən, O, hər şeyi əhatə edir. (Fussilət surəsi, 54)

Dindən uzaq yaşayan insanlar gizli şəkildə etdikləri saxtakarlıqları, söylədikləri yalanları qarşılarındakı insanların bilmədiyini düşündükləri üçün içlərində qəribə bir həyəcan hiss edirlər. Etdiklərini çox böyük bir qazanc olaraq görür, hətta bundan ötəri ağılsızlıqla təkəbbürlənirlər. Halbuki, bütün saxtakar hərəkətlər şəxsin öz əleyhinədir. Belə ki, inkar edən adam zərərdə olduğunun fərqində belə deyil. Lakin düşünmədiyi bir nöqtə daha var: hər şeyin üzərində şahid olan, eşidən, görən Allah özünü hər tərəfdən əhatə edir.

İnkarçılar Allah’ı etdiklərindən xəbərsiz sanırlar. Bu həqiqət aşağıdakı ayədə belə bildirilir:

Onlar (öz günahlarını) insanlardan gizlədir, Allah’dan isə gizlətmirlər. Halbuki, onlar (Allah’ın) razı qalmadığı sözləri gecələr xəlvətdə söylədikləri vaxt belə, O, onların yanında olur. Allah onların nə etdiklərini əhatə edir. (Nisa surəsi, 108)

Heç bir düşüncə, heç bir pıçıltı Allah’dan gizli qalmaz. O, bütün insanların ürəklərində olanı bilir, onlara şah damarlarından daha yaxındır. Allah insanları və etdiklərini əhatə etdiyi kimi, bütün kainatı da əhatə etmişdir. Onun hakim olmadığı varlıq yoxdur. Allah cinlərin və mələklərin olduğu və daha bilmədiyimiz aləmləri də yaradan və elmi ilə əhatə edəndir. “Ali-İmran” surəsində bu həqiqətə belə diqqət çəkilir:



Sizə bir uğur nəsib olsa, onları kədərləndirər. Sizə bir fəlakət üz verdikdə isə, buna fərəhlənərlər. Əgər səbir etsəniz və (Allah’dan) qorxsanız, onların qurduğu hiylə sizi ziyana sala bilməz. Həqiqətən, Allah onların etdiklərini əhatə edir. (Ali-İmran surəsi, 120)

Allah’ın məscidlərində Onun adının çəkilməsinə maneçilik törədənlərdən və onların xarab edilməsinə çalışanlardan daha zalım kim ola bilər? Halbuki onlar oraya ancaq qorxa-qorxa girməli idilər. Onları dünyada rüsvayçılıq, axirətdə isə böyük əzab gözləyir! Şərq də, qərb də Allah’ındır: hansı tərəfə yönəlsəniz Allah oradadır. Şübhəsiz ki, Allah genişdir, biləndir! Dedilər: “Allah övlad götürmüşdür”. Allah pak və müqəddəsdir. Bəli, göylərdə və yerdə nə varsa, hamısı Ona məxsusdur, hamısı Onun itaətindədir! Göyləri və yeri icad edən Odur. Bir işin yaranmasını istədiyi zaman, ona yalnız: “Ol!” –deyər, o da olar. (Bəqərə surəsi, 114-117)

Sizə bir mənfəət yetişəndə onlar qəmgin olur, sizə bir zərər toxunanda isə ona sevinirlər. Əgər səbir edib özünüzü qorusanız, onların hiyləsi sizə heç bir zərər yetirməz. Şübhəsiz ki, Allah onların nə etdiklərini biləndir. (Ali-İmran surəsi, 120)

MÜBKİ / MÜDHİK

Ağladan / güldürən

Güldürən də, ağladan da Odur! (Nəcm surəsi, 43)

Mömin yaşadığı hər şeyi Allah’ın yaratdığını bilir və buna görə də hər cür hadisə qarşısında Allah’dan razıdır. Ən böyük çətinliyi belə təvəkküllə qarşılayır. Dünyaya aid hər şeyin müvəqqəti olduğunu bildiyi üçün bunların itkisindən kədərlənmir. Çünki bilir ki, bu dünyada əlindən çıxan hər şey gözəl əxlaq göstərdiyi üçün axirətdə özünə qat-qat artığı ilə geri veriləcək. Üstəlik, Allah inananlara dünyada da ən gözəl həyatı vəd etmişdir.

İnkar edənlər üçün isə vəziyyət belə deyil. Onlar yalnız dünya həyatını özlərinə məqsəd edir və yaşadıqları bütün hadisələri, qarşılaşdıqları bütün insanları Allah’dan müstəqil olaraq qiymətləndirdikləri üçün ruhən sıxıntı yaşayırlar. Daima ətrafdakı insanları razı etmək, dünyəvi istəklərinə qovuşmaq üçün çalışmağın yaratdığı qorxu və təlaş içindədirlər. Allah’ı özlərinə dost və yardımçı etmədikləri üçün hər şeyi özləri düşünməli, həll etməlidirlər. Amma heç nəyə gücləri çatmır. Yalnız Allah’a təvəkkülə və imana görə yaradılmış olan insanın təbii olaraq nə ruhu, nə də bədəni bu yükü qaldıra bilər. Belə ki, ağlamaq, kədər, çətinlik də bu zaman ortaya çıxır. Çünki bu insanlar Allah’dan üz çevirməklə ən böyük zülmü işləyirlər. Allah bu şəxslərə həm dünyada, həm də axirətdə bəla verəcəyini bu şəkildə xəbər verir:

Elə isə qazandıqlarının cəzası olaraq az gülsünlər, çox ağlasınlar. (Tövbə surəsi, 82)

Bu, yuxarıda da ifadə etdiyimiz kimi, Allah’ın inkarçılara təqdir etdiyi bəladır. Ağlayacaqları hər hadisəni, hər səbəbi Allah yaradır və vaxtını da o təyin edir.

Allah inkarçıları ağladarkən mömin qullarına Öz qatından sevinc, rahatlıq və dinclik verir, üzlərini daima güldürür. Onların vəlisi və dostu olduğu üçün hüznü və pisliyi onlardan uzaqlaşdırır. Çətinliklə qarşılaşsalar belə, onlara səbir və güc verir, sevinclərini azaltmır. Möminlər ancaq səcdədə ikən Rəbbimizin böyüklüyü qarşısında bəslədikləri sevgi dolu qorxudan ötrü ağlayırlar. Bunun xaricində Allah diləmədikcə heç bir hadisə onları ağlada bilməz. Allah’ın onlar üçün hökmü dünyada da, axirətdə də şadlıqdır. Möminlərin məmnuniyyəti ayələrdə belə bildirilir:

İman gətirib yaxşı işlər görənlərə gəlincə isə onlar cənnət bağçalarında şadlıq içində olacaqlar. (Rum surəsi, 15)

Həqiqətən də cənnət əhli həmin gün nemətlər işində kef çəkəcək. (Yasin surəsi, 55)

Ey qullarım! Həmin gün sizə qorxu yoxdur və siz heç kədərlənməyəcəksiniz də. Siz ayələrimizə iman gətirib müsəlman olmusunuz. Siz də, zövcələriniz də fərəhlə cənnətə daxil olun! (Zuxruf surəsi, 68-70)

Şübhəsiz ki, müttəqilər cənnət bağlarında və nemət içində yaşayacaqlar. Rəbbinin onlara bəxş etdiyinə sevinəcəklər. Rəbbi onları cəhənnəm əzabından xilas etmişdir. (Tur surəsi, 17-18)

Şübhəsiz, inkarçılarla möminlər axirətdə bir-birlərindən üzlərindəki ifadə ilə də ayrılacaqlar. Allah möminlərlə inkarçılar arasındakı ayrı-seçkiliyi ayələrdə belə bildirir:



O gün (neçə-neçə) üzlər parlayacaq, güləcək və fərəhlənəcəkdir. O gün (neçə-neçə) üzlərə toz-torpaq hopacaq, onları zülmət bürüyəcəkdir. Məhz onlardır kafirlər, günahkarlar! (Əbəsə surəsi, 38-42)

MÜVƏFFİ

Əhdini yerinə yetirən, hər şeyin qarşılığını tam verən, ödəyən

Onların nəyə ibadət etdiklərinə şübhə etmə. Onlar da atalarının əvvəllər ibadət etdiyi kimi ibadət edirlər. Şübhəsiz ki, Biz onların cəzasını əskiltmədən tam verəcəyik. (Hud surəsi, 109)

İnsanın ömrü boyu hər etdiyi əməl, hər düşündüyü Allah qatında yazılır. Ən kiçik detal belə unudulmur. Ayəyə görə “... (Gördüyün iş) bir xardal dənəsi ağırlığında olsa da, bir qayanın içində, yaxud göylərdə və ya yerin dibində olsa da, Allah onu aşkar edər. Həqiqətən, Allah Lətifdir, xəbərdardır”. (Loğman surəsi, 16)

Hesab günü gəldiyi zaman hamı öz əməllərini görəcək və buna uyğun da əvəz alacaq. Allah Quranda belə bildirir:

O gün insanlar əməllərinin onlara göstərilməsi üçün dəstə-dəstə gələcəklər. Zərrə qədər yaxşılıq edən (əvəzini) alacaqdır. Zərrə qədər pislik edən də (əvəzini) alacaqdır. (Zəlzələ surəsi, 6-8)

O gün kitablardakı əməllər hesab günü üçün xüsusi olaraq hazırlanmış həssas tərəzilərdə ölçüləcək. Allah’ın ədaləti qarşısında heç kimə zərrə qədər haqsızlıq edilməyəcək:



Biz qiyamət günü ədalət tərəziləri ilə haqq-hesab çəkəcəyik. Heç kimə hər hansı bir şeydə ədalətsizlik edilməyəcəkdir. (Görülmüş iş) bir xardal dənəsi mislində olsa belə, onu gətirib qoyacağıq. Biz haqqı araşdırmağa bəs edərik. (Ənbiya surəsi, 47)

Dünyada işlənən hər əməl, ən kiçik detallar belə əskik qalmadan bu tərəziyə qoyulacaq. Veriləcək qarşılıq bu həssas tərəzinin ağır tərəfinə görə olacaq:



(O gün) kimin tərəziləri ağır gələrsə, xoşbəxt güzəran sürəcək. Kimin tərəziləri yüngül gələrsə, məskəni Haviyə olacaqdır. Sən haradan biləsən ki, o nədir? O, çox qızmar bir oddur! (Qariə surəsi, 6-11)

Beləliklə, Allah öz ədaləti ilə hamının işlədiyi əməllərin qarşılığını tam olaraq verəcək. Digər tərəfdən, Allah insanların dualarına və əməllərinə bu dünyada da qarşılıq verir. Bu, möminlər üçün böyük lütf ikən, inkarçılar üçün isə qorxulu tələdir. Allah ayələrində bu aldanışı belə bildirir:



Kim dünya həyatını və onun bərbəzəyini istəyirsə, onlara əməllərinin əvəzini orada tam verərik və onlar orada zərər çəkməzlər. Onlar axirətdə özləri üçün oddan başqa heç bir şeyi olmayan kimsələrdir. Onların dünyada gördükləri işlər boşa çıxar və tutduqları əməllər puç olar. (Hud surəsi, 15-16)

Yoxsa elə güman edirsiniz ki, Allah içərinizdə cihad edənləri, Allah’dan, Onun Peyğəmbərindən və möminlərdən başqasını özlərinə dost tutanları ayırd etməmiş siz sərbəst buraxılacaqsınız? Allah nə etdiklərinizdən xəbərdardır! Müşriklər küfr etdikləri barədə öz-özlərinə şahid olduqları halda, Allah’ın məscidlərini təmir etmək onlara layiq olmaz. Onların əməlləri puça çıxmışdır. Onlar cəhənnəmdə (əbədi qalacaqlar). (Tövbə surəsi, 16-17)

MÜHSİ

Sonsuz da olsa, hər şeyin sayını bilən

(Allah) onları hesablamış və bir-bir saymışdır. (Məryəm surəsi, 94)

O, yaratdığını bilməzmi?” (Mülk surəsi, 14) ayəsində bildirildiyi kimi, Allah kainatda yaratdığı hər şeyi ən incə detalına qədər bilir, bütün canlılara hakimdir. Çünki onların hər birini rənglərinə, formalarına, görünüşlərinə, xüsusiyyətlərinə qədər Allah yaratmışdır. Yaratdığı canlı və cansız varlıqların sayını da dəqiq təyin edib. Şübhəsiz, bu, insanın əsla sahib ola bilməyəcəyi, gücü çatmayacağı bir elmdir və yalnız aləmlərin Rəbbi olan Allah’a məxsusdur.

Allah kosmosun dərinliklərində neçə ədəd planet və neçə ədəd meteorit olduğunu, ulduzların sayını, atomun nüvəsinin ətrafında dönən elektronların sayını bilir. Dünyada olan ağacların hamısında neçə yarpaq olduğunu və hər yarpaqda nə qədər atom olduğunu da bilir. Allah yerin daxilində və səthində nə qədər qum dənəciyinin olduğunu, yağan yağış damcılarının, dünyadakı bütün dənizlərin dibində yaşayan balıqların sayını bilir. Yer üzündə neçə milyard bitki və heyvan növünün olduğunu da dəqiqliklə yenə Özü bilir. Yer üzündə hz. Adəmdən bəri yaşayan, bu an yaşayan və qiyamətə qədər də yaşayacaq insanların sayını da yalnız Allah bilir...

Allah insanların bütün işlərini və düşündüklərini əskiksiz bilir və din günündə bunları onlara xəbər verəcək. Edilən hər əməl, ən kiçik detallar belə əskik qalmadan din günündə ortaya gətirilir. Allah bu həqiqəti bir ayədə belə xəbər verir:



O gün Allah onların hamısını dirildəcək və etdikləri əməlləri onlara xəbər verəcəkdir. Allah onları hesaba almış, onlar isə unutmuşlar. Allah hər şeyə şahiddir. (Mücadilə surəsi, 6)

MÜHSİN

Lütfkar

... De: “Şübhəsiz ki, doğru yol Allah’ın haqq yoludur!” De: “Şübhəsiz ki, lütf Allah’ın əlindədir və onu istədiyinə verir! Allah əhatə edəndir, biləndir”. O, Öz mərhəmətini istədiyi kəsə məxsus edir. Allah böyük lütf sahibidir. (Ali-İmran surəsi, 73-74)

Həm mükafat və şövq qaynağı, həm də qarşılıqsız lütf və lütfkarlığın nümunəsi olaraq saleh qullarına dünyada nemət və gözəllik verməsi Allah’ın dəyişməz qanunudur.

Zənginlik, ehtişam və gözəllik cənnətin ən əsas xüsusiyyətlərindən olduğu üçün Allah sevdiyi qullarına cənnəti xatırladacaq, onların cənnətə olan arzu və həyəcanlarını artıracaq nemətlərin və mühitlərin bənzərlərini bu dünyada da yaradır. İnkarçıların əbədi əzabları necə ki, daha bu dünyada ikən başlayırsa, saleh möminlər üçün vəd edilən əbədi gözəlliklər də özlərinə dünyadakı həyatlarında göstərilməyə başlayır.

Allah Özündən bağışlanma diləyən, tövbə edən saleh möminləri cənnətlə yanaşı, dünyada da gözəl şəkildə faydalandıracağını və onlara lütf edəcəyini bir çox ayəsində bildirmişdir. Bir ayədə belə buyurulur:



Həm də Rəbbinizdən bağışlanma diləyəsiniz, sonra da tövbə edəsiniz ki, O, sizə müəyyən olunmuş vaxtadək gözəl gün-güzəran nəsib etsin və hər fəzilət sahibinə Öz lütfündən versin. Əgər üz çevirsəniz, (bilin ki), mən sizə üz verəcək əzəmətli günün əzabından qorxuram. (Hud surəsi, 3)

Mömin özünü yaradan uca Allah’ın böyüklüyünün şüurunda olmasından, Onun əmr və qadağalarına riayət etməsindən, Onun insanlar üçün seçib bəyəndiyi dinini yaşamasından və ən əhəmiyyətlisi ölümdən sonraya böyük ümid bəsləməsindən ötrü daim Allah’ın köməyi və lütfkarlığı ilə qarşılaşır. Allah bütün etdiklərinə ən gözəli ilə cavab verir. Çünki Allah Özü üçün edilən heç bir lütfkarlığı qarşılıqsız buraxmır. Ayələrdə belə buyurulur:



Yaxşılığın əvəzi ancaq yaxşılıq deyildirmi? (Rəhman surəsi, 60)

Allah’a qarşı yalan uyduranların qiyamət günü barədə fikirləri nədir? Həqiqətən, Allah insanlara qarşı lütfkardır, lakin onların çoxu şükür etmir. (Yunis surəsi, 60)

Allah onları, etdikləri əməllərin ən gözəli ilə mükafatlandırsın deyə xərclədikləri elə bir kiçik və ya böyük məsrəf, keçdikləri elə bir vadi yoxdur ki, onlara (savab) yazılmasın. (Tövbə surəsi, 121)

Mallarını Allah yolunda xərcləyənlərin məsəli yeddi sünbül verən bir toxumun məsəlinə bənzəyir ki, sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah dilədiyi kimsənin (mükafatını) artırar. Allah əhatə edəndir, biləndir. (Bəqərə surəsi, 261)

Şeytan sizi yoxsulluqla qorxudur və yaramaz işlər görməyi əmr edir. Allah isə sizə Öz tərəfindən bağışlanma və mərhəmət olunacağını vəd edir. Allah əhatə edəndir, biləndir. (Bəqərə surəsi, 268)

Allah’a iftira yaxanların qiyamət günü barəsindəki zənləri nədən ibarətdir? Allah insanlara qarşı mərhəmətlidir, lakin onların əksəriyyəti şükür etməz! (Yunis surəsi, 60)

MÜHYİ

Can, sağlamlıq verən, dirildən, yaşadan

O, həm dirildir, həm də öldürür. Siz yalnız Ona qaytarılacaqsınız. (Yunis surəsi, 56)

Bir varlığa can vermək, onu yoxdan yaratmaq və onun həyatını davam etdirməsi üçün uyğun şərait yaratmaq, yalnız sonsuz güc sahibi Allah’a məxsus olan xüsusiyyətdir.

Allah gözlə görülməyəcək qədər kiçik bir yumurta ilə spermanı birləşdirir. Sperma yumurtanın içinə girən kimi yumurtanın ətrafı pərdə ilə örtülür və həyat başlayır. Allah bu kiçik hüceyrəni əvvəl iki, sonra dörd hissəyə bölür, bu bölünmə sürətlə davam edir. Beləliklə, ananın qarnında möcüzəvi bir həyat başlayır. Eyni hüceyrələr bir müddət sonra fərqliləşərək həm beyni, həm sinir sistemini, həm də sərt sümükləri və qığırdaqları meydana gətirir. Beləliklə, Allah doqquz ay ərzində yoxdan görən, eşidən, danışan və düşünən insanı yaradır. Ona can bağışlayır. Bir canlının yaranma mərhələlərində baş verən bu möcüzəvi hadisələri bir yumurta ilə spermanın bacara bilməyəcəyi aydındır. Onları birləşdirən və ana qarnındakı körpəni doqquz ay ərzində qoruyaraq böyüdən yalnız Allah’dır. Bu, ilk yaradılış və ilk diriltmədir.

İnsan dünyaya gəldikdən sonra onun yaşamasına izn verən də Allah’dır. Sonra bütün insanlara qədərlərində bir ölüm günü təyin etmişdir. Bu ölüm gününə qədər də onları müəyyən bir müddət dünya həyatında saxlayaraq sınayır. Təyin edilən müddət gəldiyi zaman isə insanların canını alır və dünyada işlədikləri əməllərin əvəzini vermək üçün daha əvvəl yoxdan var etdiyi kimi, ölümdən sonra təkrar dirildir. Şübhəsiz, bu, sonsuz gücə sahib olan Allah üçün çox asan işdir.

Ancaq insanların bir qismi bu dirilişdən xəbərsizdirlər:

O, Bizə bir məsəl çəkdi, lakin yaradılışını unutdu. O dedi: “Çürümüş sümükləri kim dirildə bilər?” (Yasin surəsi, 78)

Əlbəttə, insanların qəflətdə olduqları, inkar etdikləri bu həqiqəti Allah vəd edir və onların gətirdiyi misalın ən hikmətli cavabını Quranda belə verir:



De: “Onları ilk dəfə yaradan Özü onları dirildəcəkdir. O, hər bir məxluquna yaxşı bələddir. (Yasin surəsi, 79)

Dirildən də, öldürən də Odur. Gecə ilə gündüzün bir-birini əvəz etməsi Ona aiddir. Məgər anlamırsınız? (Muminun surəsi, 80)

Sən Allah’ın mərhəmətinin izlərinə bax ki, yeri öldükdən sonra necə dirildir. Şübhəsiz ki, O, ölüləri də mütləq dirildəcəkdir. O, hər şeyə qadirdir. (Rum surəsi, 50)

Yer üzünü qupquru görməyin də Onun dəlillərindəndir. Biz yerin üzərinə su endirdikdə o, hərəkətə gəlib qabarır. Şübhəsiz ki, onu dirildən ölüləri də hökmən dirildəcəkdir. Həqiqətən, O, hər şeyə qadirdir. (Fussilət surəsi, 39)

(Allah) ölüdən diri, diridən də ölü çıxardır, öləndən sonra torpağı dirildir. Siz də belə çıxardılacaqsınız.

Sizi torpaqdan yaratması, sonra da sizin bir insan olub yer üzünə yayılmağınız Onun qüdrət əlamətlərindəndir. (Rum surəsi, 19-20)

MÜQƏLLİB

Çevirən (ürəkləri)

Biz onların ürəklərini və gözlərini, ilkin inanmadıqları kimi tərsinə çevirərik və onları tüğyanları içində çaşmış kimi gəzər bir vəziyyətdə tərk edərik. (Ənam surəsi, 110)

İnsan Allah’ın özü üçün seçib bəyəndiyi dinini öyrənmədən və onu yaşamadan Allah’ı haqqı ilə tanıya bilməz, yaradılış məqsədini qavraya bilməz. Həyatın, ölümün, axirətin, cənnətin, cəhənnəmin, şeytanın və mələklərin nə üçün yaradıldığını da tam mənası ilə qavramaya bilməz. Milyardlarla canlının yaşadığı kainatın yaradılışındakı hikmətləri düşünməz. Bu insan ömrü boyu qəflət içində yaşayıb, yenə qəflət içində ölər. Ancaq Allah insanın ürəyinə iman verdiyi təqdirdə bütün bu sualların cavabını tapar. Beləliklə, Allah daha əvvəl Özünə inanmayan insanın ürəyini çevirərək səmimi edə bilər. Əvvəldən din haqqında mənfi düşünən insan artıq müsbət düşünməyə, Onun əmrlərindən üz çevirən insan bunları dəqiq şəkildə tətbiq etməyə başlayar. Allah’ı heç zikr etmədiyi halda, davamlı Onu xatırlamağa, heç şükür etmədiyi halda, davamlı şükür etməyə başlayar. Daha əvvəl Allah’ın varlığının dəlillərini, Onun bağışladığı nemətləri, şəfqətini və mərhəmətini heç dərk etmədiyi halda, artıq bunları açıq bir şüurla dərk edər. Belə ki, iman edən adam sanki yuxudan oyanar. Çünki Allah onun ürəyinə imanı yerləşdirmiş və küfrdən çevirmişdir.

Göründüyü kimi, imanı insana ancaq Allah verir və dilədiyi anda da geri alır. İnsanın imanlı olması isə ürəyinin Allah’ın ayələrinə qarşı yumşalmasına bağlıdır. Ancaq Allah’a təslim olanlar hidayət tapar.

İnkarçılar iman etmədikləri üçün ətraflarındakı böyük gerçəkləri görə bilmirlər. Bütün kainat Allah’ın varlığının açıq-aşkar dəlilləri ilə doludur, amma inkar edənlər bunu dərk etmirlər. Allah bununla əlaqədar olaraq bir çox ayədə inkarçıların ürəkləri üzərində qavramalarına mane olan bir pərdə olduğunu bildirir. Bir ayədə belə buyurulur:



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə