Allah`ın isimləri



Yüklə 1,04 Mb.
səhifə5/17
tarix02.01.2018
ölçüsü1,04 Mb.
#19309
1   2   3   4   5   6   7   8   9   ...   17

Çünki peyğəmbərləri onlara açıq-aşkar möcüzələr gətirir, onlar isə: “Məgər bizi doğru yola bir insanmı salacaqdır?!” – deyərək inkar edir və üz döndərirlər. Allah’ın ehtiyacı yoxdur. Allah heç bir şeyə möhtac deyildir. O, şükürə layiqdir! (Təğabun surəsi, 6)

Bu inkarçı və təkəbbürlü insanların unutduqları, ya da qavraya bilmədikləri həqiqət göylərin, yerin və bu ikisi arasında olan hər şeyin xəzinələrinin gerçək sahibinin Allah olduğudur. Allah bu həqiqəti Quranda belə bildirmişdir:



Göylərdə və yerdə nə varsa, Allah’a məxsusdur. Biz sizdən əvvəl kitab verilənlərə də, sizə də Allah’dan qorxmanızı tövsiyə etdik. Əgər Allah’ı inkar etsəniz belə, göylərdə və yerdə nə varsa, Allah’ındır. Allah ehtiyacsızdır, şükür olunmağa layiqdir. (Nisa surəsi, 131)

Ayələrdə xəbər verilən bu şəxslər mal sahibi olduqları üçün böyüklənmiş, Allah’a ibadət etməkdən və özlərinə haqqı gətirən elçilərdən üz çevirmişlər. Quranda inkarçıların bu davranışlarına qarşılıq hz. Musanın sözləri nümunə verilərək belə buyurulur:



Musa dedi: “Əgər siz və bütün yer üzündə olanlar nankorluq etsəniz, (bununla Allah’a heç bir zərər yetirə bilməzsiniz). Çünki Allah möhtac deyildir. Tərifə layiqdir!” (İbrahim surəsi, 8)

Qurandakı bir çox ayədə xəbər verildiyi kimi, Allah güc və zənginliyin gerçək sahibidir. O, heç kimə və heç nəyə möhtac deyildir, ancaq hər şey Ona möhtacdır. Bu gerçək bir ayədə belə bildirilir:



Məgər onlar yer üzündə dolaşıb özlərindən əvvəlkilərin axırının necə olduğunu görmürlərmi? Halbuki, onlar bunlardan daha qüvvətli idilər. Göylərdə və yerdə Allah’ı aciz edə biləcək heç bir şey yoxdur. Həqiqətən, O, biləndir, qadirdir! (Fatir surəsi, 44)

Çünki peyğəmbərləri onlara açıq-aşkar möcüzələr gətirir, onlar isə: “Məgər bizi doğru yola bir insanmı salacaqdır?!” – deyərək inkar edir və üz döndərirlər. Allah’ın ehtiyacı yoxdur. Allah heç bir şeyə möhtac deyildir. O, şükürə layiqdir! (Təğabun surəsi, 6)

Cihad edən ancaq özü üçün cihad edər. Allah aləmlərə əsla möhtac deyildir. (Ənkəbut surəsi, 6)

XƏBİR

Hər şeyin iç üzündən,

gizli tərəflərindən xəbərdar olan

Ey iman edənlər, Allah’dan qorxun. Hər kəs sabah üçün nəyi təqdim etdiyinə baxsın. Allah’dan qorxun. Heç şübhəsiz Allah, etdiklərinizdən xəbərdardır. (Həşr surəsi, 18)

İnsan zaman və məkana tabe olan varlıqdır. Başqa bir nəfərdən xəbər almadıqca ancaq öz olduğu yerdə (məkanda) və zamanda baş verən hadisələrdən xəbərdar ola bilər. Olduğu zaman və məkanın xaricinə çıxaraq hadisələri qiymətləndirməsi əsla mümkün deyil. Bu da insanın ən böyük acizliklərindən biridir.

Halbuki, insanı yaradan Allah zaman və məkanın da yaradıcısıdır, bu səbəbdən də bunlardan asılı deyil. Zamandan və məkandan münəzzəh olan Allah təbii ki, kainatda baş verən hər hadisədən də xəbərdardır. Belə ki, içində yaşadığımız Südyolu qalaktikasından milyonlarla işıq ili uzaqlıqda olan qalaktikada neçə ulduz olduğundan, hansı səma cisminin hansı orbiti izlədiyindən, torpağın altından yerin üstünə çıxmağa çalışan cücərmiş toxumdan da xəbərdardır... Bundan başqa, Allah bu ana qədər yaşamış, bu an yaşayan və bundan sonra da yaşayacaq bütün insanların həyatlarının hər saniyəsindən də xəbərdardır.

Kimin nə vaxt, harada doğulduğu və öldüyü, həyatı boyunca nələr etdiyi, hansı məqsədlər üçün çalışacağı, hətta nə vaxt güldüyü, nə vaxt ağladığı kimi bütün detalların elmi də Onun qatındadır. Çünki O, hər şeyin yaradıcısıdır. Üstəlik, bu insanların hər an gördükləri işlərlə yanaşı, ürəklərindən keçirdikləri də Allah’dan gizli qalmır. Allah insanların içlərindən keçirdikləri, niyyət edib tətbiq etdikləri, gizlicə hazırladıqları hər şeydən xəbərdardır.



Allah tərəfindən bəxş olunmuş mal-dövləti sərf etməyə xəsislik edənlər heç də bunu özləri üçün xeyirli hesab etməsinlər. Xeyr, bu, onlar üçün zərərlidir. Onların xəsislik etdikləri şey qiyamət günü boyunlarına dolanacaqdır. Göylərin və yerin mirası Allah’a məxsusdur. Allah hər bir əməlinizdən xəbərdardır! (Ali-İmran surəsi, 180)

Gözlər Onu dərk etməz. O, gözləri dərk edər. O, lətifdir, xəbərdardır! (Ənam surəsi, 103)

Ölməz, həmişə diri olana bel bağla və Onu həmd-səna ilə təqdis et. (Allah’ın) Öz bəndələrinin günahlarından xəbərdar olması kifayət edər. (Furqan surəsi, 58)

Qiyamət saatının məlumatı, şübhəsiz, Allah’ın qatındadır. Yağışı yağdırar; rəhmlərdə olanı bilər. Heç kim sabah nə qazanacağını bilməz. Heç kim də hansı yerdə öləcəyini bilməz. Heç şübhəsiz, Allah biləndir, xəbərdardır. (Loğman surəsi, 34)

Oğlum! (Gördüyün iş) bir xardal dənəsi ağırlığında olsa da, bir qayanın içində, yaxud göylərdə və ya yerin dibində olsa da, Allah onu aşkar edər. Həqiqətən, Allah Lətifdir, xəbərdardır. (Loğman surəsi, 16)



O, göylərdə və yerdə olanları da, sizin gizlində və aşkar da nə etdiyinizi də bilir. Allah ürəklərdə olanları biləndir! (Təğabun surəsi, 4)


HADİ

Hidayət lütf edən, doğru yola aparan

Və elm verilən kəslər də bilsinlər ki, haqq sənin Rəbbindəndir. Artıq ona inansınlar və ürəkləri ondan arxayın olsun. Şübhəsiz ki, Allah iman gətirənləri doğru yola yönəldər! (Həcc surəsi, 54)

Yer üzündə iki cür insan var: Allah’ın gücünü bilib təqdir edənlər və Allah’ın gücünü tanımayıb buna görə də təqdir edə bilməyənlər.

İkinci qrupdakı insanlar normal həyat yaşayır və ölürlər. Həyatları ərzində nə üçün yaşadıqlarını, onları kimin yaratdığını, özlərini yaradan Allah’a qarşı hər hansı bir məsuliyyətlərinin olub-olmadığını və ya özləri ilə birlikdə bütün kainatı yoxdan var edən Rəbbimizin sonsuz gücünü düşünmək istəmirlər. Onların ağlını məşğul edən mövzular, ümumiyyətlə, necə təhsil alacaqları, iş yerində yaxşı bir mövqeyə gəlmək üçün nə etməli olduqları, uşaqlarını necə böyüdəcəkləri kimi gündəlik həyatla əlaqədar mövzulardır. Əlbəttə ki, bunların hamısı təbii istəklərdir və düşünülməlidir. Ətraflarındakı çox insan kimi beş-on il yaşayıb sona çatdırdıqları həyatlarını bu mövzuları özlərinə məqsəd edərək keçirirlər. Bu zaman dünyada və bütün kainatda var olan saysız möcüzələri görə bilmirlər. Üstəlik, görsələr də, üzərində düşünmək istəmirlər.

Birinci qrup olaraq bəhs etdiyimiz Allah’ın varlığının dəlillərini və mütləq gücünü tanıyıb təqdir edən insanlar isə bundan tam fərqli həyat yaşayırlar. Vicdanları güclü olduğu üçün ətraflarını heyranlıqla müşahidə edir, gördükləri detalları yaradanın Rəbbimiz olduğunu bilirlər. Buna görə də kainatın yaradıcısı, üstün güc sahibi Allah’a qarşı məsuliyyətlərinin də şüurundadırlar. Həyatlarını Allah’ın məmnuniyyətini qazanacaqları işlər görərək, Onun tövsiyə etdiyi həyatı yaşayaraq və ən əhəmiyyətlisi də öldükdən sonra Ona hesab verəcəklərini bilərək keçirirlər.

Bu birinci qrup Allah’ın hidayət verdiyi insanlardır. Dünya üzərindəki sayları hər zaman çox az olub, amma doğru olan yol onlarınkıdır. Allah hidayətə çatmış olanlarla inkar edənlər arasındakı fərqi ayələrində belə xəbər verir:

O kəslər ki, sənə nazil olana və səndən əvvəl nazil olanlara iman gətirir, axirətə də yəqinliklə inanırlar. Onlar öz Rəbbindən (gələn) doğru yoldadırlar. Məhz onlar nicat tapanlardır. Həqiqətən, kafirləri qorxutsan da, qorxutmasan da, onlar üçün fərqi yoxdur, iman gətirməzlər. Allah onların qəlblərini və qulaqlarını möhürləmiş, gözlərinə də pərdə çəkmişdir. Onlar üçün böyük bir əzab vardır. (Bəqərə surəsi, 4-7)

Şübhəsiz, bu insanlardan olmaq Allah’dan verilən çox böyük bir nemətdir. Çünki O, diləməzsə, hidayət verəcək, doğru yola çatdıracaq heç kim yoxdur:



Gerçək budur ki, sən sevdiyini hidayətə çatdıra bilməzsən, ancaq Allah dilədiyini hidayətə çatdırar; O, hidayətə çatacaq olanları daha yaxşı biləndir. (Qəsəs surəsi, 56)

O kəslər ki, qeybə iman gətirir, namaz qılır və Bizim onlara verdiyimiz ruzidən xərcləyirlər; O kəslər ki, sənə nazil olana və səndən əvvəl nazil olanlara iman gətirir, axirətə də yəqinliklə inanırlar. Onlar öz Rəbbindən (gələn) doğru yoldadırlar. Məhz onlar nicat tapanlardır. Həqiqətən, kafirləri qorxutsan da, qorxutmasan da, onlar üçün fərqi yoxdur, iman gətirməzlər. (Bəqərə surəsi, 3-6)
HAFİD

Alçaldan

O alçaldacaq, ucaldacaqdır. (Vaqiə surəsi, 3)

Hər insan müəyyən bir zəka səviyyəsi, görmə, düşünmə və düşündüklərindən nəticə çıxarma qabiliyyətinə malikdir. Məsələn, insan öz bədəninin quruluşundakı qüsursuzluğa baxdıqda mükəmməl bir dizayn görür. Bu dizaynın detallarındakı ağıl əlamətlərini düşündükdə bütün bunları planlayan, hazırlayan və var edənin olduğunu dərk edir.

Ancaq, şübhəsiz, bu sayılanlar sahib olduqları qabiliyyətləri istifadə edən insanlara aiddir. Bir də qarşılaşdıqları hadisələr üzərində heç düşünməyən insanlar vardır ki, bunlar yer üzündəki insanların əksəriyyətini təşkil edirlər. Daha əvvəl də ifadə etdiyimiz kimi, bu insanlar dünyaya gəlir, böyüyür, hər kəs kimi normal bir həyat yaşayır və ölürlər. Halbuki, Allah Quranda düşünüb nəticə çıxaranları tərifləmiş, digərlərini isə alçaldacağını bildirmişdir. Ayələrdə belə buyurulur:

O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allah’ı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür (və deyirlər:) “Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi odun əzabından qoru! Ey Rəbbimiz! Sən oda saldığın kəsi rüsvay edərsən. Zalımların köməkçiləri olmaz. (Ali-İmran surəsi, 191-192)

Düşünüb nəticə çıxaranlar Allah’ın ucaltdığı insanlardır. Bu insanlar Allah’a qul olmaq üçün əmrləri tam olaraq yerinə yetirir və bu xüsusiyyətləri ilə digərlərindən tamamilə fərqlənirlər. Digər qrup (düşünməyən insanlar) isə insani qabiliyyətlərə sahib olmalarına baxmayaraq, bunlardan istifadə etmir və sadə həyat yaşayırlar. Heyvan kimi fiziki ehtiyaclarını təmin edəcəkləri həyatı seçirlər. Bu insanlar da Allah’ın yaratdığı, ancaq vicdanlarından istifadə etmədikləri, düşünmədikləri və adi yaşayışı seçdikləri üçün alçaltdığı şəxslərdir. Bu şəxslərlə əlaqədar Quranda belə bir nümunə verilir:



Kafirlərin məsəli çığırtı və bağırtıdan başqa bir şey anlamayanları haylayanın məsəlinə bənzəyir. Onlar kar, lal və kordurlar, anlamazlar. (Bəqərə surəsi, 171)

Özlərinə qoyulan qadağanı pozduqları zaman Biz onlara: “Mənfur meymunlar olun!”– dedik. O zaman Rəbbin onlara qiyamət gününədək ən ağır əzab verəcək kimsələr göndərəcəyini bildirdi. Doğrudan da sənin Rəbbin tez cəza verəndir. Həqiqətən də O, bağışlayandır, rəhmlidir. Biz onları yer üzündə ümmətlərə böldük. İçərilərində həm əməlisaleh olanlar, həm də belə olmayanlar vardır. Biz onları yaxşılıq və pisliklə sınadıq ki, bəlkə dönələr. (Əraf surəsi, 166-168)

Özlərini öyənləri görmürsənmi? Xeyr! Allah istədiyini tərifləyər və onlara xurma çərdəyindəki tel qədər haqsızlıq edilməz. (Nisa surəsi, 49)


HAFİZ

Qoruyan, nəzarət edən, mühafizə edən

Əgər üz çevirsəniz, mənə əmr olunanı sizə çatdırdım. Rəbbim yerinizə başqa bir camaat gətirər və siz də Ona heç bir zərər yetirə bilməzsiniz. Şübhəsiz ki, Rəbbim hər şeyi hifz edir. (Hud surəsi, 57)

Bu gün elm adamlarının çoxu kainatın yoxdan var olması mövzusunda ortaq fikirdədirlər. Çünki əllərindəki bütün dəlillər bu gerçəyə işarə edir. Kainatın yoxdan yaranması əsnasında ortaya çıxan atomlarla, bu gün canlı-cansız hər şeyi meydana gətirən atomların bir-birləri ilə eyni olduğunu da elm ortaya qoyur. Kainatın ilk yaradılış anında nə qədər atom varsa, hazırda da o qədər atom var. Ancaq bir fərqlə: yoxdan yaranma anında böyük bir sürətlə ətrafa dağılan atomlar bu gün ulduzları, dünyanı, atmosferdəki havanı, yer üzündəki suyu, torpağı və hətta sizin bədəninizi meydana gətirirlər. Üstəlik, bunu elə qüsursuz bir şəkildə təşkil edirlər ki, hər bir atoma hakim olan yaradıcı gücün varlığı dəqiq şəkildə özünü göstərir. Çünki bir nizamın varlığı onu yaradanın varlığını zəruri edir.

Bu nöqtədə qarşımıza bu həqiqət çıxır: ortada heç bir şey yox ikən maddəni yaradan və qüsursuz bir nizam meydana gətirən Allah, əlbəttə ki, bu nizamın meydana gəlməsindəki hər mərhələdən də xəbərdardır. Çünki belə kompleks sistemin tək bir anının belə idarəsiz meydana gəlməsi mümkün deyil.

Budur, bu həqiqət bizə kainatdakı sistemi təşkil edən, var edən Allah’ın sonsuz elmini göstərir. O, hər şeyi yoxdan var etmiş və qüsursuz bir nizam qurmuşdur. Hələ də bu nizamı müşahidə edir və qoruyur. Necə ki: “Həqiqətən, sənin Rəbbin nəzarət edir“ (Fəcr surəsi, 14) ayəsi Allah’ın kainat üzərindəki davamlı qorumasını bizlərə bildirir.



Həqiqətən, Biz yerin onlardan nəyi alıb əskiltdiyini bilirik. Bizdə qoruyan bir kitab (Lövhi-məhfuz) vardır. (Qaf surəsi, 4)

Halbuki, o, bu insanlar üzərində ixtiyar sahibi deyildi. Biz ancaq axirətə inananla ona şəkk gətirən kimsələri ayırd etmək üçün belə bir fürsət verdik. Sənin Rəbbin hər şeyi mühafizə edəndir. (Səba surəsi, 21)

Allah’dan başqası ilə dostluq edənlərə Allah Özü nəzarət edir. Sən onların mühafizəçisi deyilsən. (Şura surəsi, 6)

Allah’ın əmri ilə insanın həm önündə, həm də arxasında daim onunla birlikdə olub onu qoruyan mələklər vardır. Həqiqətən də insanlar nəfslərində olanı dəyişmədikcə Allah da onlarda olanı dəyişməz. Əgər Allah hər hansı bir camaata pislik etmək istəsə, heç nə onun qarşısını ala bilməz. Onların Ondan başqa ixtiyar sahibi yoxdur. (Rəd surəsi, 11)

Həqiqətən də Allah ilə olan əhdlərini və andlarını ucuz qiymətə satan kəslər üçün axirətdə heç bir pay yoxdur. Allah onları danışdırmayacaq, qiyamət günü onların üzünə baxmayacaq və onları təmizə çıxarmayacaqdır. Onlar üçün üzücü bir əzab vardır. (Ali-imran surəsi, 77)

HAKİM

Hökm edən, haqqı yerinə yetirən

(De:) “Allah bu kitabı sizə təfərrüatı ilə nazil etdiyi halda, mən Ondan başqasınımı hakim qəbul etməliyəm?” Kitab verdiklərimiz bilirlər ki, o, həqiqətən, sənin Rəbbin tərəfindən nazil edilmişdir. Odur ki, şübhə edənlərdən olma. (Ənam surəsi, 114)

Allah insanları yaratmış, yaxşılıq edənlərlə pislik edənləri ayırmaq üçün imtahan yeri olan dünyaya yerləşdirmişdir. Bundan başqa, insanlara elçilər göndərmiş və elçilərinə də doğrunu səhvdən ayırmalarını təmin edəcək hökmləri olan kitablar vermişdir. İnsanlıq tarixi boyunca bütün elçilər göndərildikləri qövmləri Allah’ın əmr etdiyi hökmləri olan bu haqq kitablarla xəbərdar edib qorxutmuşlar, onları doğru yola çağırmışlar.

Ancaq zaman içində elçilərin gətirdiyi kitablar insanlar tərəfindən təhrif edilmiş, Allah’ın göndərdiyi hökmlər inkarçı sistemlərin öz mənfəətlərini qoruyan səhv hökmlərlə dəyişdirilmişdir. Lakin Allah insanlara yenə özlərini doğru yola çatdıracaq bir rəhbər olaraq Quranı endirmiş və “Şübhəsiz ki, zikri Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq“ (Hicr surəsi, 9) ayəsi ilə içindəki hökmləri qiyamətə qədər qoruyacağını vəd etmişdir.

Əlbəttə, Quran insanın qarşılaşacağı hər hadisədə doğru olanı tapmaq, doğruya çatmaq üçün müraciət edəcəyi yeganə qaynaqdır. Çünki Quran Allah’ın hökmlərini ehtiva edən tək haqq kitabdır və Allah’ın göndərdiyi bu kitaba tabe olanlar, Allah’ın əmrlərinə itaət edənlər doğru yolu tapanlardır. Dünyada Allah’ın hökmləri ilə hökm edənlər, Onun əmrlərinə itaət edənlər, əlbəttə, axirətdə də qazanc içində olacaqlar.



HƏKİM

Hikmət sahibi, sağlam, möhkəm olan

O, yaradan, yoxdan var edən, surət verən Allahdır. Ən gözəl adlar ancaq Ona məxsusdur. Göylərdə və yerdə nə varsa Onu təqdis edib şəninə təriflər deyər. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!

Daha əvvəl də üzərində dayandığımız kimi, insanın çevrəsində gördüyü hər şey yaradılışın açıq dəlillərini göstərir. Kainatda müəyyən bir istiqamətdə hərəkət edən qalaktikalar, Günəşin ətrafında müəyyən orbitdə dövr edən dünya, canlıların vücudlarındakı -hələ yeni kəşf edilən- mürəkkəb sistemlər və gözlə görülməyən mikro aləmdə meydana gələn hadisələr... Şübhəsiz, insanların elmi sahədəki inkişaflarla biliyi artdıqca kainatdakı ən kiçikdən ən böyüyə qədər hər bir xüsusiyyətin nə qədər incə hesablarla var edilməsi də artıq dəqiqləşir.

Bu gün əldə olunan elmi səviyyə ilə bu həqiqət ortaya çıxmışdır: kainatın yoxdan var olduğu ilk andan bu yana bütün hadisələr müəyyən bir plan daxilində baş vermişdir. Belə ki, bu planın nəticəsində üzərindəki bütün canlılarla birlikdə dünya yaranmışdır. Ağıl sahibi bir varlıq olan insan da yer üzündə yerini almışdır. Əlbəttə, bu durumda insanın üzərinə düşən öz varlığı üçün ən uyğun olan şərtlərin nizam içində yaradıldığının fərqində olmaq, kainatın əmələgəlmə mərhələlərindəki hikmətləri qavramaqdır.

İnsan özünə verilən bu qədər nemət qarşısında unutmamalıdır ki, hər şeyin müəyyən bir yaradılış məqsədi və hikməti vardır. Özünün rahat yaşaya bildiyi bir qalaktika yaradılmışdır. Sadəcə bu mövzu üzərində düşünmək belə Allah’ın hər şeyi sonsuz bir hikmətlə yaratdığını görmək üçün kafidir. Ayələrdə belə buyurulur:



Onlar: “Sən paksan, müqəddəssən! Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik. bilən Sən, hikmət sahibi Sənsən”, - dedilər. (Bəqərə surəsi, 32)

Mömin kişilərlə mömin qadınlar bir-birinə dostdurlar. Onlar yaxşı işlər görməyi əmr edər, pis işləri yasaq edər, namaz qılıb zəkat verər, Allah’a və Peyğəmbərinə itaət edərlər. Allah, əlbəttə ki, onlara rəhm edəcəkdir. Allah, həqiqətən, yenilməz qüvvət sahibi, hikmət sahibidir! (Tövbə surəsi 71)

Həqiqətən, Rəbbin onları bir yerə yığacaq. O, hikmət sahibidir, biləndir! (Hicr surəsi 25)

Yenilməz qüvvət, hikmət sahibi olan Allah sənə və səndən əvvəlkilərə belə vəhy edir! Göylərdə və yerdə nə varsa Onundur! O, ucadır, uludur! Göylər az qala bir-birinin üstündən çatlayıb dağılsın. Mələklər də Rəbbini həmd-səna ilə təqdis edər və yerdəkilərin bağışlanmasını diləyərlər. Bilin ki, Allah, həqiqətən, bağışlayandır, rəhm edəndir! Allah’dan başqasını dost tutanlar üzərində Allah Özü nəzarətçidir. Sən onlara zamin deyilsən! (Şura surəsi, 3-6)

Özlərindən savayı hələ onlara qoşulmamış başqalarına da (peyğəmbər göndərmişdir) O, yenilməz qüvvət sahibi, hikmət sahibidir! (Cümə surəsi, 3)

HAQQ

Varlığı heç dəyişmədən dayanan

Bu, belədir. Çünki Allah Haqdır. Ondan başqa ibadət etdikləri isə batil (bütlərdir). Həqiqətən, Allah ən ucadır, ən böyükdür. (Loğman surəsi, 30)

Zaman və məkan canlı-cansız hər şey kimi yaradılmış anlayışlardır. Zaman və məkanın heç olmadığı bir anda yoxdan bir maddə aləmi yaradılmış və bu aləmin daxilində zaman-məkan anlayışları meydana gəlmişdir. Belə ki, zaman içində geriyə getdiyimizdə bir sərhədlə qarşılaşırıq və bu sərhədin gerisinə əsla gedə bilmirik. Bir hadisə üçün istifadə edə biləcəyimiz ən qədim ifadə kainatın yaradılış anıdır. Hətta bu gün elm sahələrində təsbit edilən sərhəd kainatın yaradılma anından etibarən 10-43 saniyədir. Bu zaman dilimindən əvvəl nə vaxt, nə də məkan təyin edilmir.

Bu an qarşımıza zamanın və məkanın olmadığı vaxt çıxır. İnsanın tabe olduğu bu iki anlayış müəyyən bir anda yaradılmış olduqlarına görə bu yaradılışdan əvvəl bir zamansızlıq və məkansızlıq mövcud idi. Bizim əsla xaricinə çıxa bilmədiyimiz bu anlayışları yaradan onların xaricində olan Allah’dır.

Allah zamandan və məkandan münəzzəhdir və dolayısilə, varlığı hər zaman mövcuddur, əsla dəyişməz. Tək gerçək varlıq Odur, Onun Şəxsi xaricində hər şey ancaq Onun: “Ol”, -deməsi ilə var olmuşdur. Allah’ın Şəxsi xaricində hər şey ölümlüdür və yox olacaqdır. Quranda da bildirildiyi kimi, Haqq olan yalnız Odur.



Haqq Hökmdar olan Allah ucadır! Onun (ayələrinin) vəhyi sənə tamamlanmayınca Quranı oxumağa tələsmə və: “Ey Rəbbim! Elmimi artır!”– de. (Taha surəsi, 114)

Bunun səbəbi Allah’ın Haqq olmasındadır. O, ölüləri dirildir və hər şeyə qadirdir. (Həcc surəsi, 6)

Belə hallarda kömək etmək ancaq Haqq olan Allah’a məxsusdur. Ən yaxşı mükafat verən və ən gözəl aqibət nəsib edən Odur. (Kəhf surəsi, 44)

Allah hər şeyin xaliqidir. O, hər şeyə vəkildir! Göylərin və yerin açarları Onun əlindədir. Allah’ın ayələrini inkar edənlər – məhz onlar ziyana uğrayanlardır! De: “Ey cahillər! Mənə Allah’dan başqasınamı ibadət etməyi əmr edirsiniz?” Sənə və səndən əvvəlkilərə belə vəhy olunmuşdur: “Əgər (Allah’a) şərik qoşsan, bütün əməlin puça çıxacaq və mütləq ziyan çəkənlərdən olacaqsan! Xeyr, yalnız Allah’a ibadət et və şükür edənlərdən ol!” Allah’ı lazımınca qiymətləndirmədilər. Halbuki, qiyamət günü yer bütünlüklə Onun ovcunun içində olacaq, göylər isə Onun sağ əli ilə büküləcəkdir. (Allah Ona) aid etdikləri sifətlərdən tamamilə uzaq və ucadır! Sur çalınacaq, Allah’ın göylərdə və yerdə olan istədiyi kimsələrdən başqa, dərhal hamı yıxılıb öləcək. Sonra bir daha çalınan kimi onlar qalxıb (Allah’ın əmrinə) müntəzir olacaqlar! (Zumər surəsi, 62-68)

XALİQ

Hər şeyin varlığını və varlığı boyunca

görüb-keçirəcəyi halları, hadisələri təsbit və

təyin edən və ona görə yaradan, yoxdan var edən

Allah hər bir canlını sudan yaratmışdır. Onlardan bəzisi qarnı üstə sürünür, bəzisi iki ayaq üstündə gəzir, bəzisi də dörd ayaq üstündə gəzir. Allah istədiyini yaradır. Şübhəsiz ki, Allah hər şeyə qadirdir. (Nur surəsi, 45)

Arı pətəyindəki bütün arılar vəzifələrini qüsursuz yerinə yetirirlər. İşçi arılar şanın istehsalında işləyir, şanı havalandıraraq temperaturunu həmişə sabit saxlayır, şana çiçəklərdən yığdıqları qidaları gətirirlər. Kraliça arı isə şanın içində qalaraq nəslin davamını təmin edir. Ağcaqanad yumurtadan çıxdığı an yetkin halına heç bənzəmir. Ağcaqanad sürfəsi inkişafını tamamlayana qədər 4 dəfə dərisini dəyişdirir. Sürfə dövrünün sonuna yaxın dərisi açılır və yetkin ağcaqanad sürfənin içindən suya dəymədən çıxır.

Yuxarıda bəhs etdiyimiz canlılar yer üzündə yaşayan saysız canlıdan sadəcə ikisidir. Digər canlılarda olduğu kimi, bu canlıların da doğumlarını, həyatlarını və ölümlərini Allah təyin etmişdir. Bu canlılar yaradıldıqları andan etibarən Allah’ın təsbit etdiyi, uyğun hesab etdiyi və əmr etdiyi şəkildə həyatlarını davam etdirirlər. Əsla Allah’ın özləri üçün təqdir etdiyi vəzifənin xaricinə çıxmırlar. Səhralarda +50 dərəcədə yaşayan kərtənkələlər də, qütblərdə -50 dərəcədə yaşayan pinqvinlər də, dənizin minlərlə metr altında yaşayan süngərlər də eyni vəziyyətdədir. Hamısı həyatlarını Allah’ın təsbit etdiyi şəkildə yaşayırlar. Onlardan əvvəlki nəsillər də eyni şəkildə yaşamışdır, sonrakı nəsillər də eyni şəkildə yaşayacaqlar. Çünki Allah canlıların hamısı üçün bir həyat forması seçmişdir.

Nəticə olaraq, kainatdakı heç bir canlının öz həyat tərzini təyin etmə haqqı yoxdur. Bütün canlıları Allah yaratmış və bu şəkildə həyatlarını təqdir etmişdir. Onlar da qeydsiz-şərtsiz bu hökmə boyun əymişlər.

İnsan da kainatın kiçik bir hissəsidir. Allah insanı bir damla sudan yaratmış və həyat tərzini təqdir etmişdir. Heç bir insan öz qərarı ilə həyatda yaşayacağı müddəti təyin edə bilməz, yaşlanmağı və ölümü gecikdirə bilməz, acizliklərindən xilas ola bilməz. Bütün bunları təyin edən, dilədiyi şəkildə yaradan Allah’dır. Allah’ın gücünün bənzərsizliyi və hər şeyi hakimiyyəti altında saxladığı ayələrdə belə xəbər verilir:

O, göyləri və yeri icad edəndir. Onun zövcəsi olmadığı halda övladı necə ola bilər? Hər şeyi O xəlq etmişdir. O, hər şeyi bilir. (Ənam surəsi, 101)

De: “Göylərin və yerin Rəbbi kimdir?” De: “Allah’dır!” De: “Siz Onu qoyub özlərinə nə bir fayda, nə də bir zərər verməyə qadir olmayanlarımı özünüzə dost tutursunuz?” De: “Korla görən eyni ola bilərmi? Yaxud zülmətlə nur eyni ola bilərmi?” Yoxsa onlar Allah’a, Onun yaratdığı kimi yaradan şəriklər tapdılar və yaradılış onlara bənzər göründü? De: “Hər şeyi yaradan Allah’dır. O, təkdir, qalib gələndir”. (Rəd surəsi, 16)


Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə