Allah`ın isimləri


Həqiqətən, Allah zərrə qədər də olsa zülm etməz. Əgər (qulun gördüyü iş) yaxşı əməl olarsa, (Allah) bunu artırar və Öz tərəfindən böyük mükafat verər. (Nisa surəsi, 40)



Yüklə 1,04 Mb.
səhifə14/17
tarix02.01.2018
ölçüsü1,04 Mb.
#19309
1   ...   9   10   11   12   13   14   15   16   17

Həqiqətən, Allah zərrə qədər də olsa zülm etməz. Əgər (qulun gördüyü iş) yaxşı əməl olarsa, (Allah) bunu artırar və Öz tərəfindən böyük mükafat verər. (Nisa surəsi, 40)

Bu üstün ədalətinin bir gərəyi olaraq Allah iman edənlərə bənzəri olmayan nemətlərlə dolu sonsuz cənnətləri lütf edəcək. Quranda bütün həyatını Rəbbimizin rizasını qazanmaq üçün keçirən möminlərə bu müjdə belə bildirilir:



İman gətirib saleh əməllər edənlərə müjdə ver ki, onlardan ötrü altından çaylar axan cənnət bağları vardır. Hər dəfə onun meyvələrindən onlara ruzi verildikcə: “Bu ki, əvvəlcə bizə verilən ruzidir!”– deyəcəklər. Halbuki, onlara oxşarı veriləcəkdir. Onlardan ötrü orada pak zövcələr var və onlar orada əbədi qalacaqlar. (Bəqərə surəsi, 25)

SANİ

Sənətçi, sonsuz gözəllikləri sənətinin içində yaradan

Sən dağlara baxıb onları hərəkətsiz durmuş güman edərsən, halbuki onlar bulud keçdiyi kimi keçib gedərlər. (Bu,) hər şeyi kamil şəkildə edən Allah’ın işidir. Şübhəsiz ki, O, etdiklərinizdən xəbərdardır. (Nəml surəsi, 88)

Yer üzündə yaradılan canlı və cansız hər varlıqda üstün ağılın, sonsuz elmin bir çox dəlilinə rast gəlmək mümkündür. Şübhəsiz, bunlar Allah’ın Alim sifətinin təcəllilərindəndir. Ancaq bu varlıqlarda diqqət çəkən çox əhəmiyyətli bir xüsusiyyət daha var: çox incə sənət. Allah’ın Sani sifəti yaratdığı hər şeyə son dərəcə estetik bir görünüş, qüsursuzluq, incə və bənzərsiz bir sənət, uyğunlaşma və dizayn olaraq əks olunur. Məsələn, insan bədənini araşdırsaq, qüsursuz və əskiksiz şəkildə dizayn edildiyini görərik. Bütün orqanlar lazımi yerlərə yerləşdirilmiş, məsələn, gözlərin yeri ilə sinə qəfəsində qorunan ürəyin yeri həm bir çox hikmətə görə təyin olunmuş, həm də gözə ən xoş görünəcək şəkildə yaradılmışdır. İnsan bədəninin xarici görünüşündə simmetriyanı təmin edən qızıl nisbətdən bəhs etmək mümkündür. Necə ki, rəssamlar çəkdikləri şəkillərdə bu qızıl nisbətdən istifadə edirlər. Belə ki, hər insanın ağzı, burnu, gözləri son dərəcə incə nisbətlə lazım olduqları yerə yerləşdirilmişdir. Bədəndəki simmetriya da ilk baxışda hər kəsin diqqətini cəzb edir.

Allah bir-birindən fərqli canlılarda Sani sifətini əks etdirən detallar yaratmışdır. Heç birinin xarici görünüşü bir başqasına bənzəmir. Tropik zonaya məxsus quşun qanadlarında, ya da çiçəyin yarpaqlarında fosforlu rənglər istifadə edilərkən kəpənəyin qanadlarında çox fərqli tonlar yaradılmışdır. Eyni şəkildə, sürünənlə quşun və ya dəniz canlısının görüntüsü də bir-birindən tamam fərqlidir.

Bitkilər aləmində də Allah’ın sonsuz sənətini müşahidə etmək mümkündür. Belə ki, “Yer üzündə sizin üçün yaratdığı müxtəlif rəngli şeyləri də (sizə ram etdi)...” (Nəhl surəsi, 13) ayəsində bildirildiyi kimi, Allah bir-birindən fərqli milyonlarla növ bitki və çiçək yaratmışdır. Hamısının qoxusu, forması, rəngi, simmetriyası fərqlidir. Sadəcə bir çiçəyin, məsələn, bir səhləb çiçəyinin belə, bəlkə, yüzlərlə fərqli görünüşdə, fərqli rəngdə növü var. Eyni şəkildə, hər hansı bir gülün bir-birindən fərqli çoxlu rəngi və bu rənglərin də öz içlərində fərqli tonları var. Şübhəsiz, bu rənglər, tonlar, naxışlar açıq-aşkar bir sənətin nümunəsidir.

Allah bu qədər fərqli görüntüdə, amma hər biri çox estetik olan növləri göstərərək sənətindəki sonsuzluğu insanlara göstərmişdir. Diləsəydi, hər canlı növündən sadəcə bir növ də yarada bilərdi. Lakin bir neçə növ yaradaraq insanları heyrətləndirən sənət meydana gətirmişdir. Əlbəttə, bu sənəti kitab səhifələrində təsvir etmək, əskiksiz olaraq nümayiş etmək mümkün deyil. Çünki insan dünya üzərində başını çevirdiyi hər yerdə bu sənətin nümunələri ilə qarşılaşacaq. Allah qüsursuz yaradandır.

Allah hər bir canlını sudan yaratmışdır. Onlardan bəzisi qarnı üstə sürünür, bəzisi iki ayaq üstündə gəzir, bəzisi də dörd ayaq üstündə gəzir. Allah istədiyini yaradır. Şübhəsiz ki, Allah hər şeyə qadirdir. (Nur surəsi, 45)

Məgər Allah’ın quruda olanları və Öz əmri ilə dənizdə üzən gəmiləri sizə ram etdiyini görmürsənmi? Göyü də Öz izni olmadan yerə düşməsin deyə, O tutub saxlayar. Həqiqətən, Allah insanlara şəfqətlidir, mərhəmətlidir. (Həcc surəsi, 65)
SALAM

Hər cür təhlükələrdən qullarını salamatlığa çıxaran, cənnətdəki qullarına salam edən

O Allah ki, Ondan başqa ilah yoxdur. Məlikdir; Qüddusdur; Salamdır; Mömindir; Mühəymindir; Əzizdir; Cabbardır; Mütəkəbbirdir. Allah şirk qoşduqlarından çox ucadır. (Həşr surəsi, 23)

Allah Özünə inananlara sonsuz cənnəti müjdələmişdir. Ancaq nəzərdən qaçırılan bir həqiqət var ki, iman edənlər yalnız axirətdə deyil, dünyada da gözəl bir həyatla mükafatlandırılmışlar. Allah dünyadakı və axirətdəki bu müjdəni Quranda belə bildirmişdir:



Sizdə olan nemətlər tükənəcək, Allah’ın dərgahında olan nemətlər isə daim qalacaqdır. Səbirli olanlara etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik. Mömin olaraq yaxşı iş görən kişi və qadınlara, əlbəttə, gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq. (Nəhl surəsi, 96-97)

Şübhəsiz, dünyadakı və axirətdəki gözəl həyat qulları üzərində sonsuz şəfqət sahibi olan Allah’ın Salam sifətinin təcəllilərindəndir. Dünyada gözəl həyat yaşayan, Rəbbimizə qulluq edib etdiyi saleh əməllərdən əcr qazanan mömin axirətdə də razı salınmış olaraq cənnətə girəcək. Allah səmimi qullarının axirətdə qarşılaşacaqları mühiti Quranda belə xəbər vermişdir:



Cənnət müttəqilərə yaxınlaşdırılacaq, uzaqda olmayacaqdır. Budur sizə vəd edilən. O, hər bir üz tutan, (Onun əmrinə) riayət edən mərhəmətli (Allah’dan) (Onu) görmədən qorxan və (Allah’a) yönəlmiş qəlblə gələn kimsələr üçündür. Ora sağ-salamat daxil olun! Bu, əbədiyyət günüdür. Orada onlar üçün istədikləri hər şey hazırlanmışdır. Üstəlik, hüzurumuzda bundan da artığı vardır. (Qaf surəsi, 31-35)

Allah’ın Salam sifəti, eyni zamanda, cənnətə qəbul etdiyi qullarına salam verməsi mənasına da gəlir. Allah “Yasin” surəsinin 58-ci ayəsində “Üstəlik, Rəhmli Rəbb: “Salam”, - deyəcək“ şəklində buyuraraq cənnətə girən insanlara salam verəcəyini bildirir. Şübhəsiz, Allah’ın salamı möminlər üçün ola biləcək ən böyük müjdədir. Ayələrdə belə buyurulur:



Biz səni ancaq müjdə verən və xəbərdarlıq edən kimi göndərdik. (Furqan surəsi, 75)

Kora, çolağa, xəstəyə çətinlik yoxdur. Sizin özünüzə də öz evlərinizdə, yaxud atalarınızın evlərində, yaxud analarınızın evlərində, yaxud qardaşlarınızın evlərində, yaxud bacılarınızın evlərində, yaxud əmilərinizin evlərində, yaxud bibilərinizin evlərində, yaxud dayılarınızın evlərində, yaxud xalalarınızın evlərində, yaxud açarları əllərinizdə olan evlərdə, yaxud dostlarınızın evlərində yemək yeməkdən heç bir günah gəlməz. Bir yerdə, yaxud ayrı-ayrılıqda yeməyinizdə də heç bir günah yoxdur. Evlərə daxil olduğunuz zaman özünüzü Allah dərgahından bərəkət və xoşluq diləyən bir salamla salamlayın. Allah ayələri sizə belə izah edir ki, düşünüb daşınasınız! (Nur surəsi, 61)

SƏMİ

Eşidən

Həqiqətən, özlərinə bir dəlil gəlmədən Allah’ın ayələri barəsində mübahisə edənlərin ürəklərində böyüklük iddiasından başqa bir şey yoxdur. Onlar heç vaxt buna çatmayacaqlar. Sən Allah’a sığın! Həqiqətən, O, eşidəndir, görəndir. (Mömin surəsi, 56)

İnsana şah damarından daha yaxın olan Allah həm hər şeyi görən, həm də eşidəndir. Allah kainatdakı hər səsi eşidir. Ucsuz-bucaqsız kosmosda böyük sürətlə irəliləyən qalaktikaların, planetlərin, meteoritlərin səslərini eşitdiyi kimi, mikro aləmdə yaşayan və insanların gözlə əsla görə bilməyəcəyi milyardlarla canlının da səsini eşidir. Çünki Özü bütün bunları yaradandır. Allah torpağın altında yarılan toxumun da, səmada çaxan şimşəyin də, yerə düşən bir yağış damlasının və ya uçan quşun qanad səsini də eşidir. Bu həqiqət “Dedi ki: “Rəbbim göydə və yerdə deyilən sözləri bilir. O, eşidəndir, biləndir!“ (Ənbiya surəsi, 4) ayəsi ilə bizlərə bildirilmişdir. Şübhəsiz, Allah’ın böyüklüyünün və qüdrətinin dəlillərindən biri bütün kainatdakı canlı və cansız bütün səsləri eyni anda eşitməsidir.

Allah yaşayan bütün insanların Özünə gizlicə yönələrək etdikləri bütün duaları eyni anda eşidir və eyni anda qarşılıq verir. Necə ki, bir başqa ayədə: “Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən (onlara) yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm...” (Bəqərə surəsi, 186) -deyə bildirmişdir. Allah qatında zaman və məkan olmadığı, Allah hər an hər yerdə olduğu üçün bu, Ona çox asandır. Eyni zamanda, gizli pıçıltıların, danışıqların da hamısını eşidir.

Allah ürəkləri ürpərərək Özünə dua edənlərin, gizlicə yönəlib dönənlərin səslərini eşitdiyi kimi, üsyan edənlərin, inkar edənlərin də səslərini, qurduqları planların ən həssas nöqtələrini də eşidərək bilir. Onun elmi hər yeri əhatə etmiş, heç bir canlı Ondan gizli bir söz belə deyə bilməmiş və deyə də bilməyəcək. Axirətdə ağzından çıxan hər sözün qarşısına gətirildiyini görüncə bunu daha yaxşı anlayacaq.



De: “Allah’ı qoyub sizə nə bir zərər, nə də bir fayda verə bilməyən şeylərəmi ibadət edirsiniz?” Allah eşidəndir, biləndir. (Maidə surəsi, 76)

Rəbbi onun duasını qəbul etdi və onların hiyləsini ondan uzaq etdi. Həqiqətən, O, eşidəndir, biləndir. (Yusif surəsi, 34)

Göylərdə və yerdə nə varsa, Allah’a məxsusdur. Allah zəngindir, tərifəlayiqdir. Əgər yer üzündəki bütün ağaclar qələm olsaydı, dəniz də (mürəkkəb olub) ardından ona yeddi dəniz də qatılsaydı, yenə də Allah’ın sözləri qurtarmazdı. Həqiqətən, Allah qüdrətlidir, müdrikdir. Sizi yaratmaq və diriltmək ancaq bir adamı yaratmaq və diriltmək kimidir. Həqiqətən, Allah eşidəndir, görəndir. Məgər Allah’ın gecəni gündüzə, gündüzü də gecəyə qatdığını, müəyyən olunmuş vaxtadək hərəkət edən günəşi və ayı ram etdiyini, üstəlik, Allah’ın, nə etdiklərinizdən xəbərdar olduğunu görmürsənmi? (Loğman surəsi, 26-29)

ŞAFİ

Şəfa verən

Xəstələndiyim zaman mənə şəfa verən Odur”. (Şüəra surəsi, 80)

İnsanın acizliyini qavradığı və nə qədər möhtac olduğunu ən çox anladığı zamanlardan biri də xəstə olduğu vaxtlardır. Allah insana bu duyğunu yaşatmaq üçün bir-birindən fərqli yüzlərlə xəstəlik yaratmışdır. Hər xəstəliyin insan üzərində meydana gətirdiyi fiziki və ruhi təsirlər bir-birindən çox fərqlidir. Ancaq hamısı hikmətli yaradılışın dəlilidir. Gözlə belə görülməyən bir virusun insanı tanınmayacaq hala gətirməsi, bədənə girən bir mikrobun, bəzən diaqnozunun qoyula bilməməsi Allah’ın gücünün ən açıq dəlillərindəndir. Elm adamlarının tək bir virusu ortadan qaldırmaq üçün apardıqları təcrübə və araşdırmalar Allah’ın yaratmadakı üstünlüyünü göstərir.

Xəstəliyi verən Allah olduğu üçün bu xəstəliyin keçməsi də ancaq Allah’ın diləməsi ilə olur. Allah dilədiyi təqdirdə Şafi sifəti ilə verdiyi xəstəliyi ortadan qaldırır. Necə ki, Allah diləmədikcə bütün dünyanın həkimləri, ən inkişaf etmiş texnoloji cihazlar, kəşf edilən ən son dərmanlar toplansa, yenə də o adamın xəstəliyinin yaxşılaşması qeyri-mümkündür. İstifadə edilən dərmanların hamısı xəstəliyin yaxşılaşması üçün vəsilədir. Əgər Allah diləyərsə, tətbiq olunan müalicəni vəsilə edərək adamın yaxşılaşmasına izn verər. Necə ki, Allah diləmədikcə çox sadə görünən xəstəlik də adamın ölümünə səbəb ola bilər.

Bu vəziyyətdə insanın vəzifəsi öz acizliyinin yanında Rəbbimizin sonsuz gücünü görmək və çətinlik çəkdiyi hər an Ondan kömək diləməkdir. Mömin bilməlidir ki, heç vaxt Allah’dan başqa köməkçi və vəli tapa bilməyəcək. Hz. Əyyub bu mövzuda Quranda nümunə göstərilən, Allah’a təslimiyyəti ilə təriflənən elçidir. Hz. Əyyubun şeytan tərəfindən özünə toxundurulan çətinlik qarşısında göstərdiyi gözəl əxlaq, səbir və təvəkkül bütün möminlərə nümunə olmuşdur. Mövzu ilə əlaqədar ayədə belə buyurulur:

Əyyubu da (yada sal!) Bir zaman o, Rəbbinə yalvarıb demişdi: “Mənə, həqiqətən də bəla düçar olubdur. Sən rəhmlilərin ən rəhmlisisən!” (Ənbiya surəsi, 83)

Bu çağırışın ardından Allah onun duasını eşitmiş və onu bu çətinlikdən qurtarmışdır. Hz. Əyyub isə səbir etmənin və yalnız Allah’a yönəlib dönmənin böyük əcrini almışdır.



O, həm dirildir, həm də öldürür. Siz yalnız Ona qaytarılacaqsınız. Ey insanlar! Rəbbinizdən sizə bir öyüd-nəsihət, kökslərdə olana bir şəfa, möminlərə doğru yolu göstərən rəhbər və mərhəmət gəlmişdir. De: “(Bunlar) Allah’ın lütfü və mərhəməti sayəsindədir!” Qoy, onlar sevinsinlər. Bu ki, onların yığdıqlarından daha xeyirlidir. (Yunis surəsi 56-58)

Rəbbin bal arısına belə təlqin etdi: “Dağlarda, ağaclarda və (insanların) düzəltdikləri çardaqlarda özünə pətəklər hör. Sonra bütün meyvələrdən ye və Rəbbinin asanlaşdırdığı yollarla get”. (O arıların) qarınlarından tərkibində insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxır. Həqiqətən, bunda düşünən adamlar üçün dəlillər vardır. (Nəhl surəsi, 68-69)

ŞƏFİ

Şəfaətçi

Yoxsa onlar Allah’dan qeyrilərinimi özlərinə şəfaətçi etdilər? De: “Əgər onlar heç bir şeyə malik deyillərsə və heç bir şey anlamırlarsa, bəs necə olsun?” De: “Şəfaət bütünlüklə Allah’a məxsusdur. Göylərin və yerin hökmranlığı da Ona məxsusdur. Sonra siz Ona qaytarılacaqsınız”. (Zumər surəsi, 43-44)

Allah’a şərik qoşaraq iman edənlər Onun hüzura gətirildikləri zaman mütləq bir şəfaətçinin şəfaətinə sığınacaqlarını və o şəfaətçinin özlərinə kömək edəcəyini zənn edirlər. İnanclarına görə, bu şəfaətçi bəzən onların günahlarını öz boynuna götürəcək, bəzən də onları müdafiə edəcək. Buna görə, dünya həyatında daima bu şəfaətçini razı etməyə çalışır, daim onu zikr edirlər. Halbuki, bu onların zənnidir və əsla baş verməyəcək. Allah bir çox ayəsində hesab günündə -Allah’ın diləməsi xaricində- heç kimin heç kimə şəfaət edə bilməyəcəyini bildirmişdir. Bu ayələrdən biri belədir:



Dinlərini oyun və əyləncə sayanları və dünya həyatının aldatdığı şəxsləri tərk et. Bununla xatırlat ki, heç kəs qazandıqlarına görə özünü məhvə məhkum etməsin. Allah’dan başqa onun nə bir hamisi, nə də bir havadarı olacaqdır. O, nə cür fidyə versə də, ondan qəbul olunmayacaq. (Ənam surəsi, 70)

O gün heç kim heç kimlə dost deyil, heç kim də bir başqasının günahını yüklənməz. Allah ancaq Özündən məmnun olduğu adamın şəfaət edə biləcəyini söyləyir. Bu adam da yalnız doğrunu söyləyəcək. İnkar edənlər üçün o gün nə köməkçi, nə də şəfaətçi var. Heç kim başqasının əvəzinə heç nə ödəyə bilməz. O gün heç bir dəstək, heç bir alış-veriş və heç bir şəfaət yoxdur. Heç bir insanın Allah’dan başqa vəlisi və şəfaətçisi də yoxdur...



Göyləri, yeri və onların arasındakıları altı gündə yaradan, sonra da ərşə ucalan Allah’dır. Sizin Ondan başqa nə bir haminiz, nə də bir şəfaətçiniz vardır. Məgər düşünərək ibrət götürməyəcəksiniz? (Səcdə surəsi, 4)

O gün insanlar heç bir yana meyil etmədən carçının arxasınca yeriyəcəklər. Ər-Rəhmanın qarşısında səslər kəsiləcək və sən yalnız pıçıltı eşidəcəksən. O gün ər-Rəhmanın izn verdiyi və söz deməsinə razı olduğu şəxslərdən başqa heç kimin şəfaəti fayda verməyəcəkdir. Allah onların gələcəyini də, keçmişini də bilir. Onların elmi isə Onu ehtiva edə bilməz! (O gün) üzlər (əbədi) yaşayan, (yaradılanların) Qəyyumu (olan Allah) qarşısında zəlil bir görkəm alacaq. Günaha batanlar isə ziyana uğrayacaqlar. Mömin olub yaxşı işlər görən şəxslər isə nə haqsızlıqdan, nə də naqislikdən qorxacaqlar. (Taha surəsi 108-112)

Onun qarşısında, izn verdiyi kəslərdən başqa heç kimin şəfaəti fayda verməz. Nəhayət, (mələklərin) qəlbindən qorxu keçib getdikdə onlar: “Rəbbiniz nə buyurdu?”­– deyə soruşarlar, digərləri isə: “Haqqı (buyurdu)! O, ucadır, böyükdür!”– deyə cavab verərlər. (Səba surəsi, 23)

ŞARİH

Açan

Məgər Allah’ın köksünü İslam üçün açdığı və Rəbbinin nura yönəltdiyi şəxs (kafirlə eyni ola bilərmi)? Qəlbi Allah’ın zikrinə qarşı sərt olanların vay halına! Onlar, həqiqətən, azğınlıq içindədirlər. (Zumər surəsi, 22)

Allah’ın və axirətin varlığı açıq-aşkardır. Ancaq buna baxmayaraq, insanların çoxu iman etmir. Həqiqi imanın ürəyə yerləşməsi isə ancaq yuxarıdakı ayədə bildirildiyi kimi, Allah’ın insanın köksünü İslam üçün açması ilə mümkündür. Belə ki, iman Allah’ın insana verdiyi ən böyük nemətdir. Allah’ın səmimi qulları üzərindəki fəzli və rəhməti olmasa, heç birinin qurtulması mümkün olmazdı. Allah insanları yaradarkən onlara pisliyə yönəldən nəfsi vermiş, lakin bununla bərabər, nəfsə də fücurunu (sərhəd tanımaz günah və pisliyi) və ondan çəkinməyi ilham edərək səmimi qullarının doğru yola çatmalarını təmin etmişdir.

Adamın vicdanı vasitəsi ilə çatdığı bu doğru yol, əlbəttə, səmimi imana sahib insanlara verilən bir nemətdir. Allah başqa ayələrdə bu neməti belə xəbər verir:

Lakin Allah sizə imanı sevdirmiş, onu qəlbinizə gözəl göstərmiş, sizdə küfrə, günaha və asi olmağa qarşı nifrət oyatmışdır. Doğru yolda olanlar da bunlardır. Bunlar Allah’ın lütfü və neməti sayəsindədir. (Hucurat surəsi, 7-8)

Bütün dəlillərə baxmayaraq, necə yaradıldığını unudaraq inkara sapanların vəziyyəti isə fərqlidir. Allah vicdanından istifadə etməyən, nəfsinə uyan bu insanların ürəklərini İslama açmayacaq. Allah’ın bu şəxslər üçün Quranda verdiyi hökm belədir:



Həqiqətən, kafirləri qorxutsan da, qorxutmasan da, onlar üçün fərqi yoxdur, iman gətirməzlər. Allah onların qəlblərini və qulaqlarını möhürləmiş, gözlərinə də pərdə çəkmişdir. Onlar üçün böyük bir əzab vardır. (Bəqərə surəsi, 6-7)

Nəfsinin istəyini ilahiləşdirən şəxsi gördünmü? Allah elmi sayəsində onu azğınlığa saldı, qulağını və qəlbini möhürlədi, gözünə də pərdə çəkdi. Allah’dan başqa kim onu doğru yola yönəldə bilər? Məgər düşünüb anlamırsınız? (Casiyə surəsi, 23)

Məgər Biz sənin üçün köksünü açmadıqmı? Yükünü səndən götürmədikmi? (Onlar) belini bükürdü. Biz adını sənə görə ucaltmadıqmı? Sözsüz ki, hər çətinliyin ardınca asanlıq gəlir. Həqiqətən, hər çətinliyin ardınca asanlıq gəlir. (İşlərini) qurtaran kimi (Allah yolunda) çalış! Rəbbinə üz tut! (İnşirah surəsi 1-8)

Allah kimi doğru yola yönəltmək istəsə, onun köksünü İslam üçün açar, kimi azdırmaq istəsə, onun köksünü, sanki o, göyə çıxırmış kimi daraldar və sıxıntılı edər. Allah iman gətirməyənləri beləcə rəzalətə salar. (Ənam surəsi, 125)

ŞƏHİD

Şahid olan, hər zaman və hər yerdə hazır olan

De: “Mənimlə sizin aranızda Allah’ın şahid olması yetər. Həqiqətən, O, qullarından xəbərdardır, görəndir”. (İsra surəsi, 96)

Allah əzəli və əbədidir. Mütləq olan tək varlıqdır. Zamana və məkana tabe deyil. Buna görə də keçmiş və gələcək anlayışları Allah qatında eynidir. Allah keçmişdə olan bütün hadisələri də, gələcəkdə baş verəcək hadisələri də bilir. Kainatın ilk yaradıldığı andan etibarən, yox olacağı qiyamət gününə qədərki son ana qədər hər şeyə şahiddir.

Yaşanan hər hadisəni, söylənən hər sözü bilir. Allah qatında gizli olan heç nə yoxdur. Onun üçün gündüzün işıqlığı da, gecənin qaranlığı da birdir. Allah gecənin qaranlığında gizlənənlərin, bir yerə yığışaraq pıçıldaşanların bütün danışıqlarına da şahiddir. Cahil olan insan gecə qaranlığının günahlarını gizləyəcəyinə, heç kimin görməyəcəyinə və bilməyəcəyinə inanır. Halbuki, Allah insana hər an, hər yerdə şahiddir. Tək olanda da, milyardlarla insanın arasında olanda da insanın vəziyyəti Allah qatında eynidir. Quranda bu vəziyyət belə xəbər verilir:

Məgər Allah’ın göylərdə və yerdə olan hər şeyi bildiyini görmürsən? Üç nəfərin arasında gedən elə bir xəlvəti söhbət yoxdur ki, (onların) dördüncüsü, beş nəfərin də altıncısı O olmasın. İstər bundan az, istərsə də çox olsunlar – harada olursa olsunlar, (Allah) onların yanındadır. Sonra qiyamət günü onlara nə etdiklərini xəbər verəcəkdir. Allah hər şeyi bilir. (Mücadilə surəsi, 7)

Allah bütün insanların hər an, hər saniyə ürəklərindəki niyyətə, ağıllarından keçən hər düşüncəyə şahiddir. Dünyada insanların yaşadıqları hər hadisəyə şahid olan Allah hesab günündə onlara əməllərinin tam qarşılığını əskiksiz verəcək. Allah’ın özünü görməyəcəyini, danışıqlarını eşitməyəcəyini zənn edənlər və gizli günahlarının qarşılarına heç vaxt çıxmayacağını düşünənlər qiyamət günündə nə qədər yanıldıqlarını anlayacaqlar. Çünki Allah insanın doğulduğu andan son nəfəsini verdiyi ölüm anına qədər yaşadığı hər hadisəyə bütün detalları ilə şahid olmuşdur. “O gün Allah onların hamısını dirildəcək və etdikləri əməlləri onlara xəbər verəcəkdir. Allah onları hesaba almış, onlar isə unutmuşlar. Allah hər şeyə şahiddir” (Mücadilə surəsi, 6) ayəsi ilə bildirdiyi kimi, insanın işlədiyi hər əməl axirətdə tam qarşılığını görəcək. Ayələrdə belə buyurulur:



Sən hansı bir işdə olsan, Qurandan nə oxusan, siz nə iş görsəniz, başınız ona qarışarkən Biz sizə şahid olarıq. Yerdə və göydə zərrə qədər bir şey Rəbbindən gizli qalmaz. Bundan daha kiçiyi və daha böyüyü yoxdur ki, açıq-aydın yazıda olmasın. (Yunis surəsi, 61)

Fəqət Allah sənə nazil etdiyinə şahiddir. O, bu (Quranı) Öz elmi ilə nazil etmişdir. Mələklər də şahiddirlər. Şahid olaraq Allah kifayətdir. (Nisa surəsi, 166)

Onlara vəd etdiyimiz (əzabın) bəzisini sənə göstərsək və yaxud da (göstərmədən öncə) səni öldürsək, yenə də onların dönüşü Bizədir. Həm də Allah onların nə etdiklərinə şahiddir. (Yunis surəsi, 46)

(Quranın) haqq olduğu onlara aydın olana qədər, Biz dəlillərimizi onlara həm kainatda, həm də onların özlərində mütləq göstərəcəyik. Məgər Rəbbinin hər şeyə şahid olması kifayət deyil? (Fussilət surəsi, 53)

ŞƏKUR

Öz razılığı üçün edilən yaxşı işlərə daha gözəli ilə qarşılıq verən

Əgər Allah’a gözəl bir borc versəniz, O, bunu sizin üçün qat-qat artırar və sizi bağışlayar. Allah şükürün əvəzini verəndir, Həlimdir. (Təğabun surəsi, 17)

Şübhəsiz, Allah yer üzündə insanlara saysız nemət vermiş və bunların qarşılığında da yalnız şükür etmələrini əmr etmişdir. Allah “İbrahim” surəsinin 7-ci ayəsində şükürün əhəmiyyətinə belə diqqət çəkir: “O zaman Rəbbiniz bildirmişdi: “Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıraram, yox əgər nankorluq etsəniz, (bilin ki,) Mənim əzabım şiddətlidir”.

Əlbəttə, Allah’dan gələn bütün nemətlərə əvəz olaraq şükür etməyən insanın mükafatı axirətdə əskiksiz veriləcək. Bu, Allah’ın sonsuz ədalətinin təcəllisidir. Ancaq Allah qullarına qarşı çox şəfqətli və mərhəmətlidir. Allah başqa bir ayəsində belə hökm etmişdir:

Həqiqətən, Allah zərrə qədər də olsa zülm etməz. Əgər yaxşı əməl olarsa, bunu artırar və Öz tərəfindən böyük mükafat verər. (Nisa surəsi, 40)

Yuxarıdakı ayədə də göründüyü kimi, Allah nankorluq edəni əzabla cəzalandıracaq, ancaq yaxşılıq edənlərin əcrini də qat-qat artıracaq. Kim Allah üçün xeyir iş görsə, hesab günündə daha gözəli ilə qarşılığını alacaq. Kim Allah üçün savab iş görsə, hesab günündə daha yaxşısı ilə qarşılaşacaq.



İman gətirib yaxşı işlər görən qullarına Allah’ın müjdə verdiyi (nemət) budur. De: “Mən sizdən bunun əvəzində qohumluq sevgisindən başqa bir şey istəmirəm”. Kim bir yaxşılıq etsə, onun savabını artırarıq. Həqiqətən, Allah bağışlayandır, şükürün əvəzini verəndir. (Şura surəsi, 23)

(Allah) onlara mükafatlarını tam olaraq versin, üstəlik də onlara Öz lütfünü artırsın. Həqiqətən, O, bağışlayandır, şükürün əvəzini verəndir. (Fatir surəsi, 30)

Onlar deyəcəklər: “Qəm-qüssəni bizdən uzaq edən Allah’a həmd olsun! Həqiqətən, Rəbbimiz bağışlayandır, şükürün əvəzini verəndir. (Fatir surəsi, 34)

De: “Həqiqətən, Rəbbim istədiyinin ruzisini bol edər, (istədiyininkini də) azaldar. Lakin insanların çoxu (bunu) bilmir”. Sizi bizə yaxınlaşdıra biləcək nə var-dövlətiniz, nə də oğul-uşağınızdır. Ancaq iman gətirib yaxşı işlər görənlər istisnadır. Məhz onların mükafatları etdikləri əməllərə görə qat-qat artırılacaq və onlar (cənnətdəki) mənzillərində asudə yaşayacaqlar. (Səba surəsi, 36-37)

Kimdir o şəxs ki, Allah’a gözəl bir borc versin, O da onun üçün bunu qat-qat artırsın? Onun üçün çox dəyərli bir mükafat da vardır. O gün sən mömin kişilərin və mömin qadınların nurunun onların önlərindən və sağ tərəflərindən yayıldığını görəcəksən. (Onlara:) “Bu gün sizin müjdəniz (ağacları) altından çaylar axan cənnət bağlarıdır. Siz orada əbədi qalacaqsınız!”– (deyiləcək.) Bu, böyük uğurdur. (Hədid surəsi, 11-12)

Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə